Tarixin ironiyası: “erməni soyqırımı”

 

 

 

 

Bu gün dünya siyasətində belə bir praktika vardır: Tarixdə baş verən bir sıra hadisələr müxtəlif siyasi qütblərin oyun predmeti kimi istifadə edilməkdədir. Bəzi dövlətlər, xüsusilə böyük iqtisadi və hərbi potensiala malik ölkələr öz mənafelərindən çıxış edərək onlara heç bir aidiyyatı olmayan məsələlərə müdaxilə edir, tarixi hadisələri birtərəfli təhlil edərək xalqların daxili işlərinə qarışır, özlərinin vaxtilə kütləvi qırğınlarda iştirak etməsini bir kənara qoyub dünyada mövqe qazanmaq üçün rəqiblərinin üzərində dominantlığı  hər cür vasitə ilə qoruyub saxlamaq istəyirlər. Bunun üçün  onların işinə  ən çox yarayan “kart”lardan biri də qondarma erməni soyqırımı iddialarıdır.

Bu gün Türk dünyasını təhdid edən bu “soyqırımı” iddiaları təməl prinsiplərini terrorçuluq üzərində quran, separatizm və terrorizmi dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistanın ideoloji mahiyyət etibarilə əsas silahına çevrilmişdir.

Qondarma erməni soyqırımı XX əsrin əvvəllərində, daha dəqiq desək, 1915-ci ildə Osmanlı imperiyası ərazisində yaşayan ermənilərin sistemli və kütləvi şəkildə məhv edilməsini irəli sürən iddiadır. Guya ermənilər birinci dünya müharibəsi illərində indiki Türkiyənin sələfi Osmanlı dövlətinin rəhbər adamlarının xüsusi göstərişlərinə əsasən məqsədyönlü olaraq qətlə yetirilmiş və bu “genosid” nəticəsində 1,5 milyon erməni öldürülmüşdür. Bəs tarix bizlərə bu barədə hansı həqiqətləri pıçıldayır? “Erməni soyqırımı” kimi iddia edilən bu hadisələrin gerçək mahiyyəti əslində necədir? Elə isə bu olayların baş verdiyi tarixə nəzər salaq.

 Erməni üsyanları və onu doğuran səbəblər

XIX əsrin sonlarında Osmanlı imperiyası ərazisində bir sıra üsyanlar baş qaldırdı. Bu dövrdə beynəlxalq  münasibətlərin kəskinləşməyə doğru getməsi, Avropa dövlətlərinin, xüsusilə çar Rusiyasının Osmanlıya qarşı yürütdüyü düşmənçilik siyasətinin nəticəsi olaraq Balkan, Yaxın Şərq və Şərqi Anadoluda türklərə qarşı üsyanlar alovlanmağa başladı. Balkanda serblərin, bolqarların, Anadoluda ermənilərin, Ərəbistanda, Suriyada, İraqda isə ingilislərin təşviqi ilə ərəblərin hökumət əleyhinə çıxışları baş qaldırdı. Çar Rusiyasının Osmanlıya qarşı ərazi iddiaları həm müharibə ilə, həm də ermənilərə, serblərə və yunanlara  verilən siyasi dəstəklə müşahidə olunurdu. Ermənilərin əsrlər boyu türklərlə qonşu və bir sərhəd daxilində yaşayaraq “sadiq” və “məzlum” imic formalaşdırmaları türklərin onlara qarşı səmimi münasibət sərgiləməsi ilə seçilirdi. Sonda bu inanılmış seçim ermənilərin lehinə türklərin isə əleyhinə işlədi. Belə ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni şovinist ideoloqları və kilsə xadimləri rus-türk, daha sonra I Dünya Müharibəsində Osmanlıya arxadan zərbə vurmaq, kütləvi üsyanlara başlamaq, dinc əhaliyə divan tutmaq, ölkə ərazisində xaos və iğtişaşlar törətmək, hakimiyyəti onların muxtariyyətini və müstəqil dövlətini tanımağa məcbur etmək yolunu tutdular. Bu işdə ermənilərə Qərb dövlətlərinin, xüsusilə çar Rusiyasının maddi və mənəvi dəstəyinin böyük rolu oldu. Hələ, 1876-cı ilin dekabrın 6-da İstanbuldakı erməni patriarxının ingilis səfiri Eliota göndərdiyi məktubda yazılır: “...əgər Avropanın bu işə müdaxiləsi və diqqət göstərməsi iğtişaş və üsyan qaldırmaq tələb edirsə, bunu etməkdə heç bir çətin iş yoxdur”. Onun mövqeyi bu işə ermənilərin hələ uzun illərdən bəri hazır olduğunu və özlərinin bu məsələyə qəsdən “qol qoyduğu”nu açıq-aşkar sübut edir. Bunu 28 mart 1894-cü il tarixində İstanbuldakı ingilis səfiri Currie öz ölkəsinin xarici işlər nazirliyinə göndərdiyi məktubunda da təsdiqləyir. O yazır: “ Erməni iğtişaşçılarının hədəfi qarşıqlıqlar yaradaraq, Osmanlıları buna cavab verməyə təhrik etmək və beləcə xarici ölkələrin məsələyə münasibətini təmin etməkdir”. Beləcə üsyanların ilk közərtisi Musa bəy olayı adı ilə tarixə düşmüş hadisədən başlayır. Gəlin, silsilə ilə erməni üsyanlarının I Dünya müharibəsindən öncəki tarixinə qısa nəzər yetirək.

Musa bəy hadisəsi

Bu hadisə bilavasitə Türkiyə ermənilərinin təhlükəsizliyi, xristianlıq təəssübkeşliyini qabartmaq  məqsədilə başlayır. Guya Mutkili olan Musa bəy haqqında irəli sürülən şikayətlər bu narazılıqların yaranmasına və ermənilərin fəryad qoparmasına səbəb olmuşdur. Ermənilər iddia edirdilər ki, “ Musa bəy bir sıra talanlar və işgəncələrdə təşkilatçı qismində iştirak etmiş, ancaq haqqında ölçü götürülməmiş və şikayətlərə hökumət tərəfindən baxılmamışdır. Xüsusilə Muş şəhərindən olan bir rahibin Gülzar adlı qardaşı qızının qaçırılaraq Musa bəyin evinə gətirilməsi, onun namusuna təcavüz edilməsi, sonra eyni halın Musa bəyin qardaşı tərəfindən edilməsi, İslamı zorla qəbul etdirmək cəhdi və nəhayət Musanın qıza verdiyi işgəncələr Gülzarın  Muş şəhərində yaşayan bir qrup erməni ilə İstanbula şikayətçi qismində gəlməsinə səbəb olmuşdur. Bu qız da daxil olmaqla 58 nəfər erməni baş nazirliyə şikayət etmiş, lakin müsbət cavab almamışdır. Əslində isə bundan ötrü Musa bəyin İstanbula çağırılması faktı vardır. İstanbula mühakimə olunmaq üçün çağırılan Musa bəy xarici mətbuat nümayəndələrinin gözü qarşısında 60-dan çox şahid dindirmələri əsasında sorğu-sual edildikdən sonra tutarlı heç bir fakt olmadığına görə günahsız elan edilmişdir”. Bununla belə Musa bəy hadisəsi ermənilər üçün güclü bir təbliğat mənbəyinə çevrilə bilmişdir. Erməni qızı olan Gülzarın və əmisi rahibin şəkilləri çəkilərək Avropanın bütün mətbuat qurumlarına göndərilmişdir. Məqsəd keşişin “namusunun tapdalanmasını” əsas gətirərək xristian təəssübkeşliyindən yararlanmaq olmuşdur.

Ərzurum hadisəsi

Ərzurum üsyanı, 20 iyun 1890-cı ildə baş vermişdir. Həmin vaxt vali olan Samih Paşaya və digər bəzi məsul şəxslərə, ermənilərin Rusiyadan silah-sursat gətirdikləri və bu tədarükləri Sanasaryan məktəbində, kilsələrdə saxladıqları xəbəri verilmişdir. İyul ayı ərzində polislər kilsələrdə araşdırma aparmaq istəmiş, lakin ermənilər daha əvvəl bu yoxlamadan xəbərdar olduqları üçün dirəniş göstərmişlər. İlk əmirdən sonra komitəçi ermənilər, hadisə yerinə gələn əsgərlərə atəş açmış və nəticədə 3 hərbçini və bir polisi qətlə yetirmişlər. Yalnız ermənilər zərərsizləşdiriləndən sonra kilsədə axtarışlar davam etdirilmişdir.

Qumqapı təxribatı

Erməni komitələrinin təbliğat və təşviqat üçün istifadə etdikləri ən mühüm hadisələrdən biri də, şübhəsiz ki, Qumqapı təxribatıdır. Türkiyənin məşhur tarixçisi Əsəd Uras yazır ki, 1890-cı il  iyul ayının 15-də hnçaklılar tərəfindən Qumqapıda silahlı təxribatın təşkil olunması üçün iki erməni seçilir. Hadisə günü teleqraf xətləri kəsilir və “Hnçakın” bildirişləri erməni kütləsinin arasında paylanılır. Ermənilər kilsədə dini ayin icra edən keşişi onlarla saraya getməyə məcbur edirlər. Keşiş Aşıkyan qaçaraq monastra sığınır. Silahlı erməni quldurları monastrı tuturlar, lakin monastrda yığılan silahlar partlayır və məbəd yerlə-yeksan olur. Keşiş Aşıkyan məcbur edilərək saraya aparılır. Sarayın qarşısına toplaşmaq istəyən erməni kütləsi və terrorçu hnçaklılar “Yaşasın ermənilər, Yaşasın müstəqil Ermənistan” şüarları səsləndirirlər. Türk əsgərləri və polisi bu qeyri-qanuni toplantını dağıtmaq üçün əraziyə gəlir və ermənilər onlara atəş açırlar. Bu təxribatın ideya müəlliflərindən və təşkilatçılarından olmuş H.Cangulyan atəş açmaqlarını belə nəql edir: “Bizimkilər vəhşi bir şəkildə əsgərlərə  dayanmadan atəş açırlar, əskərlər isə silahlıları həbs etməyə cəhd edirdilər. 6-7 əsgər ağır yaralı olaraq yerə sərildi. 10 -a qədər əsgərin isə yarası yüngül idi. Özümüz isə iki nəfər itirdik”.

Zeytun üsyanı

1895- ci ilin iyulunda Zeytun bölgəsində “Hnçak” terror təşkilatı ermənilərin üsyanını təşkil edir. Başında Nazarbekov qardaşlarının dayandığı “Hnçak” terror təşkilatının beş fəalı Zeytuna gələrək erməniləri üsyana sövq etmiş və ingilislərin bu üsyanda onlara dəstək olacaqlarını bildirmişlər. Əsəd Uras yazır: “16 sentyabr 1895-ci ildə 100 nəfərlik quldur qrup “Qaranlıq dərədə” toplaşaraq üsyana qalxırlar.  Bütün teleqraf xətləri kəsilir, iki min silahsız və dörd min silahlı erməni bölgənin bütün yerlərində iğtişaşlar törədirlər. Bölgənin valisi, 50 əsgər və ümumilikdə 600 nəfər əsir götürülür. Əsirlər erməni qadınları tərəfindən öldürülür. Komandan Rəmzi Paşa yalnız kömək göndəriləndən sonra üsyanı yenidən  Zeytuna sıxışdırır. Modern silahlardan istifadə edən erməni asilərini zərərsizləşdirmək çətin olsa da türk qoşunları ərazini təmizləyirlər. Silahlı üsyançıları məhv etməyə az qalmış İstanbuldakı Avropa ölkələri səfirlikləri müdaxilə etmiş və hərəkat dayandırılmışdır." Tarixçi Kamran Gürün qeyd edir ki, üsyandan sonra elçilər Hələb şəhərindəki konsulluqlarını bu üsyançıların xilası üçün səfərbər edirlər. Altı dövlətin konsulu 1896-cı ildə Zeytuna gəlir və 28 yanvarda “barışıq” yaradılır. Barışığın şərtlərinə görə silahlar təhvil verilir, Hnçakın təxribat qrupu fevralın 13-də ölkədən çıxarılır və 12 martda Marselə qaçır. Bu dəfə də partiya bu qanlı təşviqatı ilə erməniləri üsyana sövq etməklə onlarda “Böyük Ermənistan” quracaqlarına inam yaratmış lakin nəticədə məğlub olmuş və xeyli erməni, kürd və türk qətlə yetirilmişdir.

Birinci Sasun üsyanı

1890-cı ildə Mehran Damadyan adlı bir Hnçak üzvü üç ilə qədər təbliğat apardıqdan sonra Sasun ermənilərinin xəbər verməsindən sonra mühakimə edilmək üçün İstanbula aparılmış lakin sonra sərbəst buraxılmışdır. Sonrakı üsyan isə sırf əcnəbi dövlətlərin müdaxiləsini reallaşdırmaq məqsədilə “Hnçak” komitəsində hazırlanmış və Murad Boyaçıyan vasitəsilə başlanılmışdır. Ə. Uras yazır ki, Murad Sasuna getmək üçün əvvəlcə Qafqazdan keçərək “Daşnaksütyun” komitəsindən dəstək alır. Sasuna çatdıqda isə ətrafına erməniləri toplayaraq üsyan planını onlarla bölüşür. Təqribən 3000-ə yaxın silahlı erməni  Antaq dağına sığınaraq dinc türk qəsəbələrinə və kəndlərinə amansız hücuma keçirlər. Qadın-uşaq, cavan-qoca bilinmədən yüzlərlə insan qətlə yetirilir. Erməni quldurları türklərlə yanaşı kürdlərin bölgədə öz nüfuzu ilə tanınan əşirətlərinə hücum edərək, onları kütləvi tələfata uğradırlar. Əsir düşən bütün müsəlmanların dini inancları təhqir olunur. Xeyli qadın erməni təcavüzünün qurbanı olur. Qətllər xüsusi amansızlıqla həyata keçirilir. Hücum etdikləri dinc əhalinin bütün əmlakı qarət edildikdən sonra yandırılır. Erməni quldurları eyni zamanda Muş şəhərinə də hücum edib oranı işğal etmək istəyirlər. Lakin Muşda yerləşən türk qarnizonu bunun qarşısını alır. Hücuma məruz qalmış müsəlman əhali xaçı öpməyə və xristianlığı qəbul etməyə məcbur edilir. Bunu rədd edənlər isə amansızlıqla öldürülür.

Tarixən törətdikləri vəhşilikləri yalanlarla pərdələməyə adət edən ermənilər Sasun hadisələrində də hər şeyi türklərin üstünə atmağa cəhd göstərdilər. Bu barədə Amerikalı tədqiqatçı Samuel Uins ermənilərlə bağlı yazdığı kitabında qeyd edir: Britaniyalı kapitan Norman 19 sentyabr 1895-ci ildə qəbul edilərək Adana regionunda yaşayan ermənilərə ünvanlanmış erməni manifestinə istinadla məruzə edir. Manifestdə yazılır: “Ermənilər, döyüş üçün silahlanın! Gəlin, qılınclarımızı sıyıraq və düşmənin üstünə atılaq!” Norman deyirdi ki, Britaniya jurnalistləri “ermənilər tərəfindən ələ salınıb”. O əlavə edirdi ki, “öz uşaqlarını Antaq Dağındakı (Sasun) qayadan atmaları və namuslarını qorumaq üçün onların arxasınca özlərini də atdıqları haqqında erməni analarının dedikləri tamamilə əfsanədir”. Kapitan əhalinin içərisində ermənilərin sayı haqda sual verir və deyir ki, onlar “öz qurbanlarının sayını artırdıqları kimi hər şeyi şişirdirlər”

Bunu ermənilərin qaldırdığı məsələləri qiymətləndirmək üçün Osmanlı hökumətinin 1894-cü ildə Sasun Təhqiqat Komissiyasının gəldiyi nəticələrdən də görmək mümkündür. Müsəlman üzvləri ilə birlikdə komissiyada ingilis, fransız və ruslar da var idi. Komissiya belə qərara gəldi ki, bir-birinə hücum edən ermənilər də, türklər də eyni dərəcədə günahkardır. Buna baxmayaraq, Britaniya nümayəndəsi ayrıca hesabat hazırladı. O, qeyd edirdi ki, “ermənilərin türk əsgərləri tərəfindən kütləvi qırılması, xüsusilə erməni qadınlarının Qeliquzandakı kilsədə doğranması və Talaridəki qadın monastrının dağıdılması haqqında yaydığı xəbərlərin heç bir əsası yoxdur”.

İngiltərənin Vandakı konsulu Holvard Sasuna vəziyyəti öyrənmək üçün getmək istəyir. Lakin Osmanlı hökuməti səfiri bu üsyanın təşviqatçılardan biri kimi gördüyü üçün getməsinə izn vermir. Çox keçmir ki, hökumətə təzyiq nəticəsində Rusiya, İngiltərə, Fransanın konsulları Ərzurumda toplaşaraq məsələni müzakirə edirlər. Xüsusi komissiya yaradılır. Altı ay gərgin araşdırmaların nəticəsində 108 toplantı keçirilmiş, 190-dan artıq şahid dindirilmişdir. 23 avqustda üsyanın əsas başçısı Murad həbs edilmişdir. Bu üsyanın ermənilər üçün böyük əhəmiyyəti var idi. Onlara görə, Sasunda qopacaq bir üsyan dalğası Avropaya qəti hərəkətə keçmək üçün fürsət verəcəkdir. Bununla da erməni xülyaları təmin olunacaqdı. Gərgin döyüşlər və itkilərdən sonra üsyan yatırılır. Bu hadisə barədə Amerikanın “Nyu-York Herald” qəzeti yazırdı: “Komissiya müəyyən etmişdir ki, Osmanlı hökuməti asilərə qarşı ordu göndərməklə ən qanuni haqqından istifadə etmişdir. Bu əsgərlər qanlı çarpışmalardan sonra  erməniləri yenə biliblər.  Quldurlar dinc əhaliyə divan tutmuş. Müsəlman olanlar öldürülmüş, təhqir və qarət olunmuşdur. Bir çox müsəlmanlar gözləri oyularaq, qulaqları kəsilərək ən alçaqcasına həqarətlər edilərək xristianlığı qəbul etməyə və xaçı öpməyə məcbur edilmişdir.

Türklər tərəfindən qadınlara, uşaqlara, ahıllara, əlillərə İslami və insani hökümlərə uyğun davranılmışdır. Ölən ermənilər təslim olmağı qəbul etməyən və ölkənin qanuni hakimiyyətinə qarşı vuruşanlardır.

Van üsyanı

Van üsyanı 1895-ci il iyun ayının 15-də başlamışdır. Altı il Vanda, sonra isə Ərzurumda Rusiyanın konsulu olmuş general Mayevski xatirələrində yazır: “1895-ci ildə Van ixtilalçıları Avropanın diqqətini erməni məsələsinə çəkmək üçün geniş bir hərəkata başlayır və varlı ermənilərə maliyyə yardımı göstərmək üçün ölüm təhdidlərinə söykənən məktublar göndərilir. Van ixtilal komitəsi tərəfindən bəzi cinayətlər həyata keçirilir. Bunların içində ən önəmli cinayət yanvarın 6-da ermənilərin ən böyük bayram günü, nüfuzlu din xadimi keşiş Boqosun öldürülməsidir. Bahar fəslində üsyan hazırlıqları daha da sürətlənmiş, şəhərin yaxınlarında öldürülüb vücudları parçalanan insanlardan bəhs edilməyə başlanmışdı. Təxribatçılar isə bu kimi cinayətlərə qarşı təqib və dərin axtarış aparılmadığını görüb daha da cəsarətlənirlər.  Onların ayağı yer aldıqca müsəlmanların da səbri azalırdı”.

Vilayət raportlarında xüsusilə Vana göndərilmiş qoşun birliyinin komandiri Səadətdin paşanın raportunda üsyan başlayandan bitənədək  418 müsəlman ilə yanaşı 1715 erməninin həyatını itirdiyi, 363 müsəlman və 71 erməninin yaralandığı bildirilmişdir. Osmanlıdakı ingilis baş konsulu Viliams da üsyan barədə diqqətçəkən fikirlər bildirmişdir. Diplomat qeyd edir ki, “Daşnaqların Vanda 400-ə qədər mənsubu var və sayının  50 -ni keçdiyini sanmadığım  hnçaklılarla birlikdə onlar öz dindaşlarını terror törətməyə məcbur edir və öz çılğınlıqlarıyla müsəlman xalqı da onlara qarşı təhrik edir və islahatların aparılmasına imkan vermirlər. Əgər bunlar susdurula bilsə bölgənin əmin-amanlığını əngəlləyən ən böyük maneənin ortadan qalxacağına əminəm”. Raportdan da göründüyü kimi, ermənilərin itkiləri saxtalaşdırılmamış, əksinə, olduğu kimi bütün təfsilatı ilə təqdim olunmuşdur. Raport ermənilərin I Van üsyanında  kifayət qədər türk vətəndaşını öldürdüyünü və buna görə də dövlət qoşunları ilə qarşıdurmada özlərinin də itkilər verdiyini açıq-aydın sübut edir.

(ardı var)

Anar TURAN,

 “ Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında