Müsavat Partiyası “El” hərəkatını oğurluqda ittiham edir

 

 

Təbii ki, “siyasi cırtdan”ın oğurladığı şeylər də cırtdanboy olmalıdır

Beləliklə, siyasət aləminə böyük iddialarla, yelnən, selnən gələn “El” hərəkatı indi özü bir  acizanə yel həyatı yaşayır. Necə ki, yelin bir istiqaməti olmur, bunlar da bax eləcə gah şimaldan əsirlər, gah da ...şimala. Yəni əməlləri kimi sözləri də gah bir istiqamətdədir, gah da digər.  Hörmətli oxucuların yadında olar.  Unudublarsa, “Modern.az” saytının arxivinə baxsınlar. Hələ martın 12- də “El” funksionerləri aləmə car çəkirdilər ki, İsa Qəmbər, Əli Kərimli və Lalə Şövkət  “El” hərəkatına gəlirlər.  Təbii ki, verdikləri bütün vədlər kimi bu xəbər də yalan oldu. Rüsvayçılıq bununla bitsəydi nə vardı ki? Sonradan məlum oldu ki, nəinki həmin adamlar “El”ə getmirlər, əksinə, “El”in onların düşərgəsindən oğurladıqlarını da geriyə qaytarmağa başlayıblar.

Söhbət “El”in Müsavatdan oğurladıqlarından gedəndə bəzi adamlar elə bilmişdilər ki, bu partiyanın qərargahından hansısa inventar yoxa çıxıb. Ancaq Müsavatın divan üzvü İkram İsrafilin özləri demiş “rəsmi tədbirdə” səsləndirdiyi fikirlər sübut etdi ki, söhbət başqa oğurluqdan gedir.  Sən demə  “ölkənin bütün fəal gəncləri “El”in ətrafında birləşəcək” deyən reneqatlar sonradan öz ətraflarında hansısa ağıllı-başlı bir gənci görməyəndə  Müsavatın və Xalq Cəbhəsinin elektoratından oğurluq etməyə başlayıblarmış.  Çox kövrək məqamdır. Adamın yazığı gəlir. Bir nəfəri də qazanc bilənlər başqa düşərgədən – bir nəfəri göydə axtaranlardan oğurluq edirlər. Bu zaman  Eynulla Fətullayevin “El” hərəkatı haqqında dediyi  bir fikir yada düşür: “El” hərəkatı siyasi cırtdandır.”  Onlar bu cırtdanlıqlarını  həddən artıq elektoratsız qalmış partiyalardan oğurluq etməkləri ilə sübut etmiş oldular. Martın əvvəlində yekəxana-yekəxana vəd verənlərə indi yekə-yekə suallar verilir: Hanı sizin ətrafınıza toplaşan gənclər?  Unutmayın ki, indiki gəncləri elnən, yelnən, fitnə-felnən aldatmaq mümkün deyil.

Yeri gəlmişkən, bəzi müxalif qruplaşmaların gəncləri aldatmaq cəhdlərini ölkənin soyuq başla düşünən insanlarının hamısı pisləyir. Məsələn, Ədalət Partiyasının sədri İlyas İsmayılov həmin məsələyə münasibət bildirərkən deyib: “Gəncləri qabağa verib icazəsiz mitinqlərə çıxarmaq, onların həbsinə bais olmaq müxalifətçilik, fəallıq deyil. Bu, kimlərəsə xoş görünmək, hesabat vermək üçün “stəkanda fırtına” yaratmaq cəhdidir”. Cənclərlə bağlı söhbət düşmüşkən bir məsələni də xüsusilə vurğulamaq zərurəti var. Belə ki, bu gün müxalifətdəki köhnə simalar yeniliyi qəbul edə bilmədiyinə görə həm yeni texnologiyaların tətbiqindən imtina edirlər, həm də gənclərin fikrini eşitməkdən.  Bu adamlar üçün gənclər ancaq və ancaq  icazəsiz aksiyaya çıxarmaq, qanun pozuntuları törətmək, asayişi pozmaq və nəhayət, həbs olunmaq üçün, yəni bir alət kimi  lazımdır. Elə isə müasir düşüncəli, yetkin gənc nə üçün müxalifətin arxasınca sürünməlidir?  Müsavatın, AXCP-nin, “El” hərəkatının və İctimai Palatanın elektoratsız qalmasının əsas səbəbi də elə budur.

“El”in siyasi meydanda əliboş qaldığını indi bu dərnəyə üzv olanlardan başqa hamı görür və etiraf edir. Başlayanda milyarderlərin dəstəyindən bəhrələnəcəklərini, “Ziyalılar Forumu”nun bütün qüvvələrini öz ətrafına cəlb edəcəklərini söyləyən Eldar Namazov və Rüstəm İbrahimbəyov sözün həqiqi mənasında cəmi bir aydan sonra meydanda tək qalıblar. “Yeni Müsavat”ın daimi yazarı Hikmət Hacızadə “El” haqqında verilən vədlərin yalana çıxmasından məyus olaraq, ya da həmin qurumun lazımsız vaxtda lazımsız yerdə peyda olmasını qınayaraq yazır: “El” hərəkatı elan olunanda bəyan etmişdi ki, bütün “demokratik qüvvələrin” birliyinə  nail olacaq, xalqı qaldıracaq, ölkədə sivil yolla hakimiyyət dəyişikliyinə nail olacaq. Hanı hərəkat, hanı birləşmə, hanı xalq? Onların hərəkətində ardıcıllıq yoxdur. 20 nəfər bir araya gəlib niyyətlərini açıqlayıblar. Bu hərəkat deyil, bir klubdur”. “El”çilər nəinki müxalifəti bir araya gətirə bilmədilər, hətta Milli Şura dedikləri qurumun formalaşdırılmasında da hansısa bir razılığa gələ bilmirlər. Əslində bu, mümkün olacaq bir iş də deyil. Çünki hansısa bir qrup, təşkilat, qurum yaradılırsa, deməli, onun rəhbəri də olmalıdır. Bəs bu rəhbər hansı siyasi partiyanın təmsilçisi olacaq? Çox ağır sualdır. Çünki bizim müxalifətdə Milli Şura adıyla yaradılacaq quruma rəhbərlik etmək istəməyən bir adam tapmaq qətyiyyən mümkün deyil. Bu düşərgədə hamı prezidentliyə vahid namizəd olmaq istəyir, hamı Milli Şuranın sədri seçilmək istəyir, hamı hamının rəhbəri olmağa çalışır. Ona görə də birinin sözü o birinin boğazından keçmir. Məhz bu səbəbdən Milli Şura deyilən qurumun formalaşdırılması bizim müxalifətlik deyil.

Reneqat Eldar Namazovun dəstəsində olan Rafiq Əliyev Milli Şuranın yaradılmasının ləngiməsi barədə danışarkən deyib: “Bu şuranın yaradılması niyyəti uğursuzluğa düçar olur. İddialar müxtəlif qurumların ortaq məxrəcə gəlməsinə imkan vermir”. Pənah Hüseyn isə düşərgənin bu məsələdə gecikdiyindən narahatdır: “Yaxın dövrdə bu sahədə real addımlar atılmayacaqsa, Milli Şura ideyası öz aktuallığını itirəcək”. Sən demə, Pənah bəy bu düşərgədə nəyinsə aktual olaraq qalacağına hələ də inanırmış. Azərbaycan Demokrat Partiyasında isə Milli Şura deyilən şeyin gələcəyinə çox şübhə ilə baxırlar. ADP  sədri Sərdar Cəlaloğlu sual verir: “Eldar Namazov həm “Ziyalılar forumu”nun üzvü kimi,  Milli Şuranın formalaşdırılmasını həyata keçirəcək, həm də bu qurum digər siyasi birliklər üçün üstqurum olacaq? Bu ideyanın inkişaf tendensiyası böyük şübhə yaradır”.

Bax belə. 1993-cü ilin yayından sonra xalqın heç bir inamını qazana bilməyən, bütün seçkilərdə uduzan, fəqət öz məğlubiyyətini etiraf etməyi bacarmayan Azərbaycan müxalifəti növbəti seçki ərəfəsində də yüz cür dona girməklə, dəridən-qabıqdan çıxmaqla nəyəsə nail olmaq istəyir. Amma gecdir. Bu adamlar etiraf etməlidirlər ki, onların qatarı artıq çoxdan keçib.  Çünki birdəlik məlum olub ki, azərbaycan müxalifəti sırf antiazərbaycan qüvvələrin əlində oyuncaqdır. İndi  onların qazana biləcəkləri yeganə uğur hardansa, kimdənsə alacaqları və aldıqları qrant olacaq.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında