İsa Qəmbər Seçki Məcəlləsindən bixəbərdir

 

 

 

 

Azərbaycanda keçiriləcək prezident seçkilərinə  hələ 6 aya yaxın vaxt qalıb. Ona görə də prezidentliyə namizədlərin müəyyənləşdirilməsi, qeydə alınması və seçicilərlə görüşlər keçirilməsinə start verilməsinin zamanı yetişməyib. Bütün bunlar Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyənləşdirilib. Bu sənədin VI bölməsi “Azərbaycan Respublikası Prezidentinin Seçkiləri” adlanır.

Seçki Məcəlləsinin  bu bölməsində 177 -ci maddədən 209-cu maddəyə qədər  prezident seçkilərinə hazırlıq, namizədlərin irəli sürülməsi, qeydə alınması, seçkilərin keçirilməsi və digər tələblər açıq - aydın əks olunub. Prezidentliyə namizədlərin qeydə alınmasından sonra onların seçicilərlə görüşməsi, belə görüşlərin keçirilməsi üçün müvafiq yerlərin ayrılması qanunla tənzimlənir. Təbii ki, bu prosedurların həyata keçirilməsinə hələ xeyli  vaxt var. Bir daha xatırladaq ki, bütün bunlar qanunla müəyyənləşdirilir.

Son vaxtlar bəzi müxalifət nümayəndələri özlərini prezidentliyə namizəd adlandıraraq  regionlarda seçicilərlə görüş keçirmək sevdasına düşüblər. Necə deyərlər, “başlayıblar qızmağa yay gəlməmiş”. Belələri hələ də dərk etmək istəmirlər ki, prezidentliyə namizədlər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alındıqdan sonra onlar seçicilərlə görüş keçirə bilərlər.

Müsavat Partiyasının başqanı İsa Qəmbər də  unudub ki, tez yanan, tez sönər. İ.Qəmbərin bir qədər əvvəl “prezdentliyə namizəd” kimi Lənkəran rayonuna səfərini, yəqin ki, unutmuş olmazsınız. Onun bu səfəri hansısa şou - biznes müğənnisinin konsert səfərinə bənzəyirdi.İ.Qəmbəri  müşayiət edən muzdlu təəssübkeşlərin, bir çoxunun isə “xalturaçı” taksi sürücülərinin olduğu maşın karvanının  yol boyu çıxardıqları oyunlar barəsində artıq ictimaiyyət nümayəndələri məlumatlıdırlar. Müsavat rəhbərinə  hələ o vaxt seçki kampaniyasının  başlamaması başa salınsa da, bunun qanunla tənzimləndiyi xatırladılsa da o, bütün bunlara məhəl qoymamış, sonda isə beynəlxalq təşkilatlara müraciət edərək onun “seçicilərlə görüşünə” süni əngəllər yaradılması barədə hay - həşir salmışdır.

Azərbaycanda dana oğrularını, narkotik maddə alverçilərini və xuliqanları “siyasi məhbus”  kimi tanıyan bir sıra ermənipərəst  beynəlxalq təşkilatlar da  İsa Qəmbərin bu müraciətinin əhəmiyyətinə varmadan  dərhal ölkəmizdə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı hesabat hazırlayıb seşki ərəfəsində  çaxnaşma yaratmaq istəyirlər. Təbii ki, belə ermənipərəst dairələr öz məkrli niyyətlərini həyata keçirə bilməyəcəklər. Hətta isa qəmbərlər, əli  kərimlilər, eldar namazovlar, rüstəm ibrahimbəyovlar və digər xəyanətkarlar nə qədər donosbazlıq, satqınçılıq etsələr də buna nail ola bilməyəcəklər. Çünki ölkəmizdə demokratik proseslərin inkişafı daim diqqət mərkəzindədir və seçkilərin keçirilməsi  qanunla tənzimlənir. “Yay gəlməmiş qızmağa başlayanların” indidən özlərini prezidentliyə namizəd kimi təqdim etmələri ya onların Seçki Məcəlləsindən bixəbər olmalarından, ya da bilərəkdən qanunlara hörmətsizlik etmələrindən irəli gəlir. Hər iki halda haqsız olan bu adamların özlərini  haqlı kimi göstərmək cəhdləri isə ikrah doğurur.

Regionlarda yaşayanlar prezident seçkilərinə və seçicilərlə görüşə hələ xeyli vaxt qaldığını çox yaxşı bilirlər. Ona görə də İsa Qəmbərin “prezidentliyə namizəd” kimi onlarla görüşə gəlməsinə ciddi etirazlarını bildirdilər. Yaxşı bilirdilər ki, bu “görüşün” arxasında hansısa bir təxribat, ara qarışdırmaq və hakimiyyətin  ünvanına yersiz ittihamlar durub. Ona görə də İsa Qəmbərə “zəhmət çəkib rayonlara gəlməsin” mesajı göndərildi. Əlləri ətəyindən uzun qalmış Müsavat rəhbəri “seçicilərlə möhtəşəm görüşünü” elə partiyanın qərargahında keçirdi. Cəmi 50-60 nəfərlə  “möhtəşəm görüşünü” keçirən İsa Qəmbərə ünvanlanmış bir sual onu çaşbaş salıb. Gənclərdən biri   İsa Qəmbərdən  soruşub ki,  “Hakimiyyətə gəlsəniz Qarabağ problemini necə həll edəcəksiniz?”

Əslində, bu sualı verən gənc İ.Qəmbərə demək istəyirdi ki, hakimiyyətdə olduğunuz qısa müddət ərzində Azərbaycanın ərazisini hərraca qoydunuz. Hakimiyyətdə birinciliyi ələ keçirmək uğrunda vətəndaş müharibəsinə qədər gəlib çıxdınız. Bir-birinizi şərləyib sıradan çıxarmaq üçün  kəndlərimizi, rayonlarımızı ermənilərə peşkəş etdiniz. İndi də bunun acısını çəkirik. Sonra da dövləti idarə edə bilmədiyinizi açıq şəkildə ortaya qoydunuz və xalqı yuxuya verib gecə ikən hərəniz bir tərəfə qaçdınız.

Ölkədə əmin - amanlıq, davamlı ictmai-siyasi sabitlik yaradıldıqdan sonra yenidən hakimiyyətə gəlmək iddiasına düşmüsünüz. Axı, sizin bu xalqa, bu ölkəyə vurduğunuz ağır zərbənin fəsadları indi-indi aradan qaldırılır. Ölkəmizin imicinə beynəlxalq aləmdə vurduğunuz sarsıdıcı zərbələrin təsiri hələ də özünü büruzə verir. Bu qüsurların aradan qaldırılmasına  müxtəlif vasitələrlə mane olmağa çalışırsınız. Bütün bunlardan sonra hakimiyyətə gəlib hansı işləri görmək istəyirsiniz? Bu abadlığı, quruculuğu, səliqə - sahmanı yenidən dağıtmaq, talan etmək  həvəsinəmi düşmüsünüz?

İsa Qəmbər həmin gəncin sualına verdiyi cavabda da təsdiqləyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında  bu gün dünya ölkələrinin və nüfuzlu beynəlxalq təşkilatların da dəstək verdiyi Prezident İlham Əliyevin siyasi xətti  ən düzgün variantdır. İ.Qəmbərin  “münaqişənin sülh yolu ilə həlli imkanları bitməyib” cavabnı ölkə başçısı dəfələrlə səsləndirib.  Bu gün hər birimizə çox yaxşı məlumdur ki, Prezident İlham Əliyev Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına çalışır. Ölkə başçısı bu fikrini dəfələrlə  ən yüksək tribunalardan səsləndirib. Bəli, hələ ki, sülh variantı  tükənməyib. Əgər  sülh variantı tükənərsə,  Azərbaycanın  işğal altında olan ərazilərini  azad etməyə  qadir olan güclü və qüdrətli ordumuz var.

Söz yox ki, İsa Qəmbər və onun tərəfdarları Milli Ordumuzu gözdən salmaq üçün min hiylə və yalana,  iftiraya, böhtana əl atırlar. Elə bir qrup qeyri - yetkin gənci də qərargahlarına yığmaqda əsas  məqsədi  hakimiyyət əleyhinə böhtanlar yağdırmaq, Milli Ordunu gözdən salmaqla gəncləri hərbi xidmətdən yayındırmaq idi. O, orduda ölüm hallarından danışaraq gənclərdə qorxu, xof, hərbi xidmətə nifrət oyatmaq istəyib. Azərbaycanda hakimiyyəti dəyişmək mərhələsinin gənclərdən asılı olduğunu deyərək onları qeyri - qanuni aksiyalara çağırıb və  “Xalqın hakimiyyətə gəlməsinin yolu mübarizədən keçir” - deyib.

Özünün gənclik illərini “nümunə” göstərən İsa Qəmbər meydanlarda şəhidlər vermələrindən danışıb. Nədənsə 1992 - ci ildə hakimiyyətə xarici ölkələrin dəstəyi ilə, tank üstündə gəldiklərini xatırlatmayıb. Yaxud 20 Yanvar qırğını zamanı gizləndiklərini deməyib. Vəzifə hərisliyində olan belələri unudurlar ki, şəhidlik zirvəsinə Vətən, torpaq uğrunda mübarizə aparanlar qalxırlar. Müsavat başqanının dediyi “şəhidlik” isə vəzifə, kreslo davası üstündə olur. O, odlu silahlarla, partlayıcı maddələrlə və digər sursatla silahlanaraq ölkədə təxribatlar törətməyə hazırlaşan   NİDA təşkilatının  həbs edilmiş 4 üzvünü az qala “Milli Qəhrəman” səviyyəsinə qaldıraraq ətrafına topladıqları gənclərə onları nümunə göstərmişdir. Bununla da gənclərin beynini zəhərləyərək onları hakimiyyətə qarşı qeyri - sivil mübarizəyə təhrik etmişdir.

İsa Qəmbər özü də təsdiqləyib ki, Müsavat Partiyasının  seçki  platforması yoxdur. Onun deməsinə görə,  hələlik partiyanın başbilənləri seçki platforması  üzərində işləyirlər. Fikir verin, seçki platforması olmayan “prezidentliyə namizəd” seçicilərlə görüş keçirir. Heç olmasa, özü də düşünməlidir ki, seçicilər qarşısına konkret proqramla çıxmalıdır. Onsuz da radikal müxalifətin “seçki platforması” hamıya bəllidir: qeyri - qanuni aksiyalar keçirmək, hər addımbaşı indiki iqtidarın ünvanına böhtanlar yağdırmaq, ermənipərəst beynəlxalq təşkilatlara Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması barədə “faktlar” ötürmək, törətdiyi  konkret cinayət əməlinə görə həbs olunanlara “siyasi məhbus” və “vicdan məhbusu” donu geyindirmək və    qeyri - konstitusion yolla hakimiyyətə gəlmək.

Bu arzuda olan qondarma  “EL” hərəkatının rəhbəri reneqat Eldar Namazov, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, ermənipərəst dairələrdən qrant almaq üçün həmin qruplarla dağıdıcı müxalifət arasında poçtalyonluq edən Rüstəm İbrahimbəyov  insanlara yalan vədlər verərək aldatmaqdan da çəkinmirlər. İsa Qəmbər  bu günlərdə Cəbrayıl rayonundan olan 30 -  40 nəfər məcburi köçkünü aldadaraq  Müsavatın qərargahına  yığmış, adını da “seçicilərlə möhtəşəm görüş” qoymuşdur. O,  prezident olarsa, məcburi köçkünləri öz doğma torpaqlarına qaytaracağını vəd edib. Məgər onların ata - baba torpaqlarının işğal olunmasının zəmini AXC - Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti dövründə qoyulmadımı? O vaxt ermənilərə verdiklərini indi necə alacaqlar?

Son vaxtlar radikal müxalifət “möhtəşəm görüş” ifadəsindən çox tez - tez istifadə edir. Elə AXCP sədrinin müavinləri  də bu yaxınlarda Saatlı rayonunun Azadkənd kəndində bir uşağın ad günündə iştirak etmələrini seçicilərlə  “möhtəşəm görüş” kimi qələmə vermişdilər. Reneqat Eldar Namazovun dəstəsi də kiminsə evində toplaşaraq yeyib-içdiklərini “möhtəşəm görüş” keçirmələri kimi xalqa sırımaq istəyir.

Prezident seçkisinə hazırlığa rəsmi şəkildə start verilmədiyi halda, özlərini prezidentliyə namizəd elan edərək “seçicilərlə görüşə” başlayanlara yalnız bir ad vermək olar: Seçki Məcəlləsindən bixəbər zavallılar.

Əliqismət BƏDƏLOV,

“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında