SUMQAYIT 25 İL ƏVVƏL — fevralın 28-dən 29-na kecən gecə

 

(əvvəli qəzetin ötən nömrəsində)

Moskvada tammetrajlı film çəkmək üçün kifayət qədər materil topladıq. Sumqayıta qayıdıb onun üzərində işlədik, bir sözlə, filmi tam hazır vəziyyətə gətirdik. “Sumqayıtın əks-sədası” sənədli filmi hazır idi. Lakin onu efirə buraxmaq istəmirdilər. Səbəb bu idi ki, guya, biz sifarişli film çəkərək Heydər Əliyevi təbliğ etmişik. Buna baxmayaraq sənədli film bir dəfə AzTV kanalı vasitəsilə göstərildi. Sonra onun Moskvada premyerası oldu. Xarici jurnalistlər qarşısında brifinq keçirildi. Ermənilərin məkirli və çirkin siyasətini dəqiq faktla, dəlil və sübutlarla ifşa etməyə çalışdıq.

Bu film Ermənistanda geniş əks-səda doğurdu. Ermənistanın kütləvi informasiya vasitələrində , telekanallarında filmin əsas qayəsini və onun müəlliflərini kəskin tənqid atəşinə tutdular. Guya, Sumqayıtda ermənilərə qarşı “genosid” olmuşdur. Sözsüz ki, bütün bunlar ağ yalan idi.

Erməni millətçiləri Rusiyanın hərbi-sənaye kompleksinin və Müdafiə Nazirliyinin yaxından iştirakı ilə Laçın və Şuşanı işğal etdilər. Ermənilər BMT-nin qəbul etdiyi qətnamələrə məhəl qoymadılar.  Davudla belə qərara gəldik ki, birinci filmdə çatışmayan faktları əldə etmək üçün filmin ikinci hissəsini çəkək. Yenə də dövlət və hüqüq-mühafizə orqanları işimizə mane olmaq istədilər. “Ocaq” studiyası da maddi imkansızlıq üzündən, demək olar ki, fəaliyyət göstərmirdi. Davudla təcili olaraq “Sumqayıt Dİ EM” kino-kompaniyasını yaratdıq. Bu işdə Sumqayıt superfosfat və kompressorlar zavodlarının sabiq direktorları Rövşən Sərdarlı və Elman Qazıyev maddi cəhətdən bizə kömək etdilər.

Çəkilişləri Moskvada, Sankt-Peterburqda aparası olduq. Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi M.Qorbaçovdan, Mərkəzi Komitənin katibi, Siyasi Büronun üzvü Yeqor Liqaçovdan, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, Siyasi Büronun üzvü Anatoli Lukyanovdan, Mərkəzi Komitənin katibi, Siyasi Büronun üzvü Aleksandr Yakovlevdən, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Siyasi Büronun üzvü Vladimir Kryuçkovdan, SSRİ Müdafiə naziri, Siyasi Büronun üzvü Dmitri Yazovdan, Akademik Saxarovun köməkçisi Zubovdan, “ORT” telekanalının əməkdaşı Anfiserovdan, LDP-nin sədri Vladimir Jirinovskidən və  başqalarından müsahibələr almağa nail olduq. Sumqayıtda baş verən hadisələr, 20 Yanvar, Xocalı ilə bağlı bir çox mətləblərə aydınlıq gətirildi.

Onu da qeyd etmək istəyirəm ki, çəkilişlərimizə hər vəchlə  maneçilik törətmək istəyirdilər. Moskvada Azərbaycan nümayəndəliyində yerləşən mehmanxanada qaldığımız otaqda Rusiyanın əks-kəşfiyyat orqanı tərəfindən axtarış aparıldı, kasetləri müsadirə etmək istəyirdilər. Biz işimizi əvvəlcədən ehtiyatlı tutmuşduq. Kasetlərin nüsxələrini çoxaltdıq. Orijinalları isə mən özümlə götürüb Moskvada yaşayan bacımgildə gizlətdim. Moskvada maşın kirayə etmişdik. Onun sürücüsünü tutdular, guya, sərxoş halda maşını idarə edirmiş. Videokameramızı alıb sındırdılar. Hər yana xəbər etdik, xeyri olmadı. Nə yaxşı ki, gözəl insanlar varmış. Moskvada yaşayan bir azərbaycanlı iş adamının (adının  çəkilməsini özü istəmir — E.M.) çəkilişlərimiz haqqında xəbəri var idi, bu hadisəni  eşidəndə öz kamerasını gətirib bizə verdi.

Bununla belə, yenə işləməyə bizə imkan vermirdilər. Rusiyanın federal təhlükəsizlik xidməti bizə təzyiqlər göstərməyə başladı, guya,  Moskvada antirusiya haqqında sənədli materiallar toplayırıq və tezliklə Moskvanı tərk etməliyik. Bizə 24 saat vaxt verildi. Moskvanın tərk etməyə məcbur olduq. Lakin iyirmi gündən sonra yenidən Moskvaya qayıtdıq. Həmin vaxtlar Moskvada, demək olar ki, hərcmərclik baş alıb gedirdi, təhlükəsizlik orqanlarından rütbəli zabitlər istefa verir, sonra isə xarici jurnalistlərə qarşısında çıxış edərək “KQB”-nin sirlərini açırdılar. Bu işdə Bakatin daha çox canfəşanlıq göstərdi. O, Amerika səfirliyinə sovet kəşfiyyatçıları tərəfindən telefon danışıqlarına necə qulaq asdıqları haqqında sxemi təqdim etdi. Bu, xəyanət kimi qarşılandı. Bütün hüquq-mühafizə, təhlükəsizlik orqanları, ictimai birliklər və partiyalar Bakatinin bu hərəkətini satqınlıq kimi qiymətləndirməyə başladılar. Kütləvi informasiya vasitələrində geniş materiallar dərc olundu. Moskvadakı xaos və anarxiya bizim üçün xeyirli ili. Baş qarışdığından istədiyimiz işlə məşğul olmağa başladıq. Kifayət qədər material topladıq, lazım olan adamlarla görüşdük. Suallarımıza aydın və konkret cavablar aldıq. Bu, bizim uğurumuz idi. Aldığımız müsahibələrdən bir neçəsini oxuculara təqdim etmək istəyirik:

SSRİ Baş Prokurorunun sabiq müavini, Dövlət Dumasının üzvü, komitə sədri İlyuxin söhbət zamanı qeyd etdi ki, Dağlıq Qarabağ və Sumqayıtda baş verən hadisələrdə Qorbaçovun böyük təqsiri vardır. Çünki o, dolayısı yolla erməniləri dəstəkləyirdi.

İlyuxin Qorbaçovun zəif və cəsarətsiz bir ölkə rəhbəri olduğunu qeyd etdi. Bildirdi ki, onun Kommunist Partiyasına rəhbər seçilməsində iri dövlətlərin köməyi olmuşdur və SSRİ-nin dağıdılmasında ona lazımi təlimatlar vermişdilər. Qorbaçov da “yenidənqurma” siyasəti adı altında böyük bir imperiyanın bünövrəsini laxlatmağa başladı. Hansı respublikaya səfər edirdisə, xalq ondan ölkədə baş verən özbaşınalığa, korrupsiyaya, cinayətkarlığa qarşı ciddi mübarizə aparmağı tələb edirdi. O isə bunun müqabilində cavab verirdi ki, “proses” artıq başlanıb, demokratik institutlar fəaliyyətdədir, ölkədə aşkarlıq elan edilib və bütün problemlər tədricən aradan qaldırılacaqdır. Bununla Qorbaçov  hamını aldadır, yalan vədlər verir, özü isə İngiltərənin, ABŞ-ın göstərişlərini yerinə yetirirdi.

SSRİ-nin dağılması iri dövlətlərin əl-qolunu açırdı, onlar dünyaya ağalıq etmək iddiasında idilər. Bu işdə Qorbaçovdan məharətlə istifadə etdilər. İngiltərənin sabiq Baş naziri Marqaret Tetçer SSRİ dağılandan sonra Nyu-Yorkda konqresmenlər qarşısında çıxışında demişdi ki, “SSRİ-nin iqtisadiyyatı sürətlə inkişaf edir, dünya bazarlarını ələ keçirirdi. Soyuq müharibə heç bir səmərə vermədiyindən Sovetlər ölkəsinin iqtisadiyyatını dağıtmaq lazım idi. Bu işdə bizə Qorbaçov kömək etdi”.

Beləliklə, ölkədə tədricən iqtisadiyyatda tənəzzül başlandı. SSRİ Xalq Deputatları Sovetinin qurultayında xarici kəşfiyyat orqanları tərəfindən satın alınmış Sobçak, Afanasyev, Papov, Stankeviç, Burlatski, Korotiç, Şatalin və başqaları yüksək tribunadan çıxış edərək ölkə iqtisadiyyatında aparılan siyasəti kəskin tənqid etməyə başladılar. Onların bu çıxışları yerlərdə antisovet mövqe tutan ziyalılar tərəfindən rəğbətlə qarşılanırdı. Onlar da bunun müqabilində zavod və fabriklərdə çalışan fəhlələr qarşısında geniş təbliğat aparmağa başladılar, onları tətilə, mitinqlərə səslədilər. Beləliklə ölkədə böyük hərcmərclik, xaos yarandı. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü Yeqor Liqaçov “Zaqadka Qorbaçova” kitabında yazırdı: Biz, Siyasi Büronun üzvləri bu haqda Qorbaçova dəfələrlə demişdik ki, bu proseslərin qarşısı alınsın. O isə, cavabında deyirdi ki, bu, fəhlələrin Konstitusiya hüquqlarıdır, ölkədə demokratiya elan etmişik, onu boğa bilmərik".  

İlyuxin Qorbaçov haqqında danışanda daha sonra dedi ki, o, Stavropol Vilayətində çalışanda onun ləqəbi vardı —  “Mişka v konverte”. Ona rüşvəti konvertdə gətirib verirdilər. Belə bir insan böyük bir dövlətə rəhbərlik edə bilməzdi. O, təkamül yolunu seçmək əvəzinə, tənəzzül yolunu seçdi və böyük Sovetlər ölkəsini dağıtdı, Kommunist Partiyasını ləğv etdi.

Bütün hadisələr isə Dağlıq Qarabağdan başlandı. Ermənilər “yenidənqurma” siyasətindən tarixi şans kimi istifadə etmək niyyətində idilər. Həm də onların soydaşları Şaxnazarov, Aqanbekyan, Sitaryan Qorbaçovun siyasi, iqtisadi və planlaşdırma məsələləri üzrə köməkçiləri idilər və ona təsir edə bilirdilər. Dağlıq Qarabağın alınmasının mümkünsüzlüyünü görən erməni millətçiləri və onların xaricdə yaşayan havadarları Sumqayıtda qan tökdülər. Ssenari dövlət təhlükəsizlik orqanları və hərbi-sənaye kompleksi tərəfindən hazırlanmışdı. 

Əlbəttə, bu işdə təkcə DTK-nı  günahlandırmaq olmaz. Bu qanlı aksiyanın yaranmasında Qorbaçovu satın almış Qərb dövlətlərinin kəşfiyyat orqanlarının əməyini də qeyd etmək lazımdır. Axı, onları təkcə Sumqayıt yox, böyük imperiyanın necə dağılması prosesi daha çox maraqlandırırdı.

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sabiq sədri V.Kryuçkovdan müsahibə almaq olduqca çətin oldu. Bizi bir neçə dəfə onun ofisindən qovdular. Telefonlarımıza cavab vermədilər. Lakin  inadımızdan dönmürdük. Bir gün Kryuçkov kommunistlərin hansısa toplantısına gedəndə onun dalınca düşdük. Zalda ondan müsahibə istədik. Bizi tərs-tərs süzüb dedi: “Sizin ölkə xəritədə nöqtə boydadır, mən isə belə ölkələrə müsahibə vermirəm”. Onun bu təhqiramiz sözləri bizə bərk toxundu. Rəhmətlik Davud İmanovun inadkarlığı olmasaydı, yəqin ki, müsahibəni ala bilməyəcəkdik. Kryuçkov zala daxil olanda Davud İmanov onun arxasınca qışqırdı:

-Yoldaş Kryuçkov, sizi provakator adlandırırlar, bu doğrudurmu?

O, ayaq saxladı, tərs-tərs bizi süzüb soruşdu: -Kim?

-Aleksandr Yakovlev. Sizin “Sovetskaya Rossiya” qəzetində “Posol bedı” məqalənizi oxumuş və bəyənmişik. Biz SSRİ tərəfdarıyıq. (Davud bunu yalan söylədi. İşimizin xətri üçün ). Yakovlevdən müsahibə almışıq. O, SSRİ -nin dağılmasında sizi günahlandırır və sizi provakator adlandırır. Amma biz bilirik ki, bu, ağ yalandır. O, sizə böhtan atır.

Kryuçkov hirsli-hirsli dedi:

-Qoşun kameralarınızı.

Çəkiliş qrupumuz hazır vəziyyətə gəldi. O, dedi: “SSRİ-nin dağılmasında üç şəxsin böyük rolu olmuşdur: M.Qorbaçov, A.Yakovlev və E.Şevardnadze. Onlar amerikalıların ssenarisi əsasında böyük bir imperiyanı dağıtmağa nail oldular. Biz bunun qarşısını ala bilərdik. Ölkədə fövqalədə vəziyyətin yaranması ideyası ortaya çıxanda biz Krıma, Forosa Qorbaçovun yanına getdik, ölkədə olan ağır və vəziyyəti ona çatdırdıq. O, bizi dinlədikdən sonra dedi ki, gedin edin. Bir həftədən sonra isə SSRİ Ali Sovetinin sessiyasını çağırın, məsələni deputatların iştirakı ilə müzakirə edək. Moskvaya qayıtdıq. Hər şeyi götür-qoy etdikdən sonra fövqıladə vəziyyət elan etdik. SSRİ Ali Sovetinin sədri A.Lukyanov televiziya vasitəsilə çıxış edlərək elan etdi ki, sessiya avqust ayının 26-na çağrılır, Həmin vaxta kimi SSRİ Nazirlər Sovetinin sədri Popov ölkədə olan vəziyyət haqqında məruzə hazırlayar. Sessiyada Qorbaçovun özü iştirak edəcək və məsələni birlikdə müzakirə edəcəyik.

(ardı var)

Eyruz MƏMMƏDOV, əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında