Azərbaycanın dünya birliyində sabit inkişaf edən ölkələr sırasına qoşulması düşmən dairələri ciddi narahat edir. Onlar ölkəmizdə qarşıdurma, çaxnaşma və müxtəlif təxribatlar törətmək üçün min oyundan çıxırlar.
Antiazərbaycan qruplar öz məkrli niyyətlərini həyata keçirmək üçün hakimiyyəti qeyri - konstitusion yollarla ələ keçirmək istəyən radikal müxalifət nümayəndələrindən istifadə etməyə çalışır, həmçinin heç bir ictimai - faydalı əməklə məşğul olmaq istəməyən, tüfeyli həyat tərzi keçirən bəzi gəncləri qabağa verirlər. Belə ünsürlər vasitəsilə xalqla hakimiyyət arasında qarşıdurma yaratmaq istəyən düşmən dairələr arasında bəzi beynəlxalq təşkilatların olması təəccüb doğurur. Axı, həmin təşkilatlar özlərini dünyada insan hüquq və azadlıqlarının müdafiəçisi və demokratiyanın inkişafına yardımçı kimi göstərirlər. Belə təşkilatların ikili standart nümayiş etdirmələri artıq hamıya məlumdur. Ona görə də ikiüzlü və riyakar siyasət yürüdən beynəlxalq qurumlar özləri - özlərini ifşa edirlər.
Martın 10 - da bir qrup gəncin qeyri - qanuni aksiya keçirmək cəhdinin ABŞ - ın Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyi tərəfindən maliyyələşdirilməsi artıq öz təsdiqini tapdı. Qurumun Bakı nümayəndiliyinin rəhbəri Aleks Qriqoryevsin son 3 ildə müxalifət nümayəndələrinə - həmin müxalifətə ki, hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək istəyir - öz hesabından 2 milyon dollar vəsait ayırması heç bir demokratik norma və prinsiplərə uyğun gəlmir. Azərbaycanda böyük tələfatlara səbəb olacaq təxribatlar törətmək istəyən müxalifətyönlü “NİDA” təşkilatının da A. Qriqoryevs tərəfindən maliyyələşdirildiyi məlum oldu. Məlumat üçün qeyd edək ki, “NİDA” təşkilatının üzvlərindən çoxlu sayda silah - sursat, partlayıcı maddələr və digər qadağan olunmuş əşyalar tutulmuşdur. Həbs olunan gənclər də onların maliyyə mənbəyinin məhz ABŞ - ın Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin olduğunu etiraf etmişlər.
Ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində çaşqınlıq yaratmaq istəyən beynəlxalaq təşkilatlar sırasına “Amnisty İnternational”, “Human Rights Watch”, “Avropada Sabitlik Təşəbbüsü” və digərlərini də daxil etmək olar. İkili standartlardan, ara qarışdırmaqdan və yalan məlumatlar yaymaqdan əl çəkə bilməyən bu təşkilatların əməlləri onları insan hüquq və azadlıqlarının müdafiəçisindən çox, insanların hüquqlarını bilərəkdən pozan qurum kimi tanıdır. Əsasən tüfeyli həyat tərzi keçirən bəzi gənclərlə, hakimiyyət hərisliyində olan AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbərlə, satqın və reneqat Eldar Namazovla əməkdaşlıq yaradan bu riyakar qurumlar Azərbaycanın sürətli inkişafından, beynəlxalq miqyasda reytinqinin artmasından ciddi təşviş keçirir, bu yüksəlişin qarşısını almaq üçün öz məkrli niyyətlərini belə xəyanətkarlar vasitəsilə həyata keçirməyə cəhd edirlər.
ABŞ - ın Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs Moldovadakı “Twitter inqilabını” Azərbaycanda “Facebook inqilabı” kimi reallaşdırmaq istəyir. Ancaq unudur ki, Azərbaycanda “Prezident - Xalq” vəhdətini heç bir qüvvə poza bilməz. Onun aldadıb yoldan çıxardığı tüfeyli həyat sürən şəxslər isə azdır. Belə tufeylilərlə heç nəyə nail olmaq mümkün deyil. Onlar beş - on manat alıb qışqırıb - bağırmaqla işlərini bitmiş hesab edirlər.
Bir sıra beynəlxalq təşkilatların ikili mövqedən çıxış etmələri və öz məkrli niyyətlərini həyata keçirmək cəhdləri ölkəmizin vətənpərvər gənclərinin hiddətinə səbəb olmuşdir. Onlar etiraz səslərini qaldırmaqla həmin təşkilatlardan beynəlxalq hüquq normalarına zidd hərəkətlərinə son qoymağı tələb etmişlər. Heç bir ölkənin və beynəlxalq təşkilatın Azərbaycanın daxili işlərinə qarışmasına hüququ çatmır və bizim ölkəmizlə təzyiq yolu ilə danışmaq qeyri-mümkündür.
“Milli Demokratiya İnstitutunun Azərbaycanın daxili işlərinə müdaxiləsi, siyasi tərəf kimi çıxış etməsi nə onların üzərinə götürdüyü öhdəliklərlə, nə də beynəlxalq hüquq konvensiyaları ilə bir araya sığır”. Bu fikri bizimlə söhbətində “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı səsləndirdi.
İctimai Birliyin sədri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu dövlət gənclər siyasətindən danışaraq, bu siyasətin mahiyyətində ölkə gəncliyinin özünü müxtəlif istiqamətlərdə realizə edə bilməsi üçün münbit şəraitin yaradılması istəyi dayandığını söylədi. O, söhbətinə davam edərək dedi: “Tam əminliklə demək olar ki, Azərbaycanda aparılan gənclər siyasətinin məntiqi yekunu olaraq gənclərin özünü təsdiq etməsi, təhsil, karyera imkanlarına yiyələnməsi imkanları yaranıb və bu, ölkə gəncliyinin qarşısında yeni imkanlar açır. Xüsusən “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Gənclər Proqramının qəbul olunması, cənab Prezidentin Azərbaycan gəncliyinə olan böyük diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilə bilər”.
F.Şahbazlı beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinə diqqət çəkərək, ölkəmizdə hakimiyyətin mənbəyinin xalq olduğunu, Azərbaycan iqtidarının yalnız Azərbaycan cəmiyyəti qarşısında hesabat verdiyini diqqətə çatdırdı. O, Azərbaycanın Baş prokurorunun Milli Demokratiya İnstitutu ilə bağlı ABŞ səfirliyinə müraciət etməsinə də toxundu. F.Şahbazlı dedi ki, Milli Demokratiya İnstitutu və digər beynəlxalq təşkilatların ölkədə aranı qatmaq cəhdləri, Azərbaycandakı əlaltılarından çirkin məqsədlər üçün istifadə etməsi öz hüquqi qiymətini almalıdır: “Biz ilk dəfə deyil ki, beynəlxalq təşkilatların bu cür qərəzli münasibəti ilə rastlaşırıq. Milli Demokratiya İnstitutunun ölkənin daxili işlərinə bu şəkildə müdaxiləsi, siyasi tərəf kimi çıxış etməsi nə onların üzərinə götürdüyü öhdəliklərlə, nə də beynəlxalq hüquq konvensiyaları ilə bir araya sığır. Təbii, Azərbaycanın siyasi və iqtisadi baxımdan artan qüdrəti, regionun lider dövlətinə çevrilməsi bəzi siyasi dairələri narahat edir və onlar hər vəchlə beynəlxalq miqyasda ölkəmizi gözdən salmağa çalışırlar. Lakin təcrübədən bilirik ki, bu cür təzyiqlər heç zaman keçərli olmayıb və bundan sonra da keçərli olmayacaq. Milli Demokratiya İnstitutu və digər beynəlxalq təşkilatların ölkədə aranı qatmaq cəhdləri, Azərbaycandakı əlaltılarından çirkin məqsədlər üçün istifadə etməsi öz hüquqi qiymətini almalıdır. Bu mənada Baş prokuror Zakir Qaralovun məsələ ilə bağlı ABŞ səfirliyinə müraciət etməsini alqışlayırıq. Nəhayət, dünyanı öz inhisarına almaq istəyən qərb dairələri başa düşməlidirlər ki, hər bir ölkənin qanunlarına hörmətlə yanaşmaq lazımdır”.
Respublikamızda ictimai asayişi pozmaq istəyən, qeyri - qanuni aksiyalar keçirməyə cəhd edən radikal müxalifətin və xarici düşmənlərimizin təhriki ilə təxribatlar törətməyə çalışan bir qrup gəncin qanunla cəzalandırılması guya insan hüquq və azadlığının qorunması ilə məşğul olan riyakar beynəlxalq təşkilatların əlinə sanki fürsət verib. Düşmənlərimizə dəstək verən İctimai Palata da qanunla cəzalandırılan, öz təqsirlərini səmimi etiraf edən bir qrup gənci gah “siyasi məhbus”, gah da “vicdan məhbusu” adlandıraraq yenidən su bulandırmağa çalışır.
Ölkəmizdə təhlükəli təxribatlar törətməyə çalışan “NİDA” təşkilatının bəzi üzvlərinin həbsindən danışan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı dedi ki, heç bir gəncin həbsə düşməsini arzu etməsələr də, hüquqi dövlətdə yaşadığımızdan hər kəs törətdiyi əmələ görə məsuliyyət daşıyır: “Biz də istəməzdik ki, gənclər təxribatçı fəaliyyətlə məşğul olsunlar, qanunsuz əməllərə yol versinlər. Bu mənada onların hərəkətlərindən təəssüfləndiyimizi bildiririk. Nəzərə almaq lazımdır ki, müxalifətçilik əlavə üstünlük deyil və bu, kiməsə əsas verə bilməz ki, siyasi mövqeyindən istifadə edib, özünü toxunulmaz hiss edərək, istədiyi addımı ata bilsin. “NİDA”çıların həbsinin heç bir siyasi motivi yoxdur və hər kəs əmin ola bilər ki, məsələyə hüquqi müstəvidə yanaşılacaq”.
Gənclik böyük qüvvədir. Milli dövlətçiliyimizin, müstəqilliyimizin qorunub saxlanılmasında gəncliyə böyük ümidlər bəslənilir. Bu sahədə mükəmməl hüquqi bazanın yaradılması, gənclərin ölkənin ümumi sosial - iqtisadi inkişaf prosesinə yaxından cəlb olunması, onların milli vətənpərvərlik ruhunda tərbiyəsi, fəal, sağlam Azərbaycan gəncliyinin formalaşması və inkişafında mühüm rol oynayıb. İstər xarici düşmənlərimiz, istərsə də onların əlində alətə çevrilmiş İctimai Palata, AXCP, Müsavat Partiyası, reneqat Eldarın “EL”i və digərləri heç nəyə nail ola bilməyəcəklər. Çünki onların əsas ideyaları hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirməkdir. Çox yaxşı bilirlər ki, azad, ədalətli, şəffaf və demokratik şeçkilərdə həmişə biabırcasına məğlub olublar. İndi də onları növbəti biabırçılıq gözləyir.
Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.