Ermənistan siyasi böhran məngənəsində

 

 

 

Ermənistanda fevralın 18-də keçirilən prezident seçkilərindən sonra vəziyyət xeyli gərginləşmişdir. Mərkəzi Seçki Komissiyasının yekun məlumatına əsasən, seçkidə 58,64 faiz səs toplamış Serj Sarkisyan qalib gəlmişdir. Lakin keçən seçkilərdəki kimi kütləvi saxtakarlıq faktları ilə müşayiət olunan Sarkisyanın seçilməsini bu dəfə də qeyri-legitim hesab edən müxalif qüvvələr  küşələrə axışmış və kütləvi etirazlara start vermişlər.

 Bu dəfə müxalifətə Levon Ter Petrosyandan fərqli olaraq, prezident seçkilərində 36,74  faiz səs toplamış “İrs” partiyasının lideri Raffi Ovannisyan başçılıq edir. Aprelin 8-də yeni prezident seçilmiş S.Sarkisyanın andiçmə mərasimi keçirilmişdir. Təbii ki, seçkinin qanunsuz olduğunu və səslərin Sarkisyanın xeyrinə saxtalaşdırıldığını bildirən R.Ovannisyan nəticələri tanımadığını nəinki öz bəyanatı və tərəfdarlarının etirazı ilə təsdiqlədi, həmçinin özü də İrəvanın “Azadlıq” meydanında ermənilər qarşısında and içib. Ovanissyanın alternativ andiçməsi artıq o deməkdir ki, Ermənistanda ikili hakimiyyətin ilk işartıları görünməkdədir. R.Ovanissyan öz tədbirini “Yeni Ermənistanın andiçmə mərasimi” adlandırmışdır. Ermənilərin əksəriyyəti artıq Serjin istefasını tələb edir. Şüarlardan da bu aydındır: Serj rədd ol! Bəs bu iki şəxsin–həm Ermənistanın prezidenti S. Sarkisyanın, həm də müxalifət lideri R. Ovanissyanın siyasi portretləri bu iddialara nə dərəcədə uyğundur? Gəlin, qısaca nəzər salaq.

Serj Sarkisyan 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olmuşdur. O, 1989-cu ildən 1993-cü ilə kimi separatçı “Dağlıq Qarabağ Respublikası”nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri olub. 1995-1996-cı illərdə əvvəlcə Dövlət Təhlükəsizliyi Departamentinin başçısı, daha sonra milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. Növbəti 3 ildə isə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri, 2000-2007-ci illərdə yenidən müdafiə naziri işləyib. 4 aprel 2007-ci ildən 19 fevral 2008-ci ilə qədər baş nazir, 2008-ci il fevralın 19-dan isə Ermənistan Respublikasının prezidentidir. Ermənistanda əhali seçkilərin saxtalaşdırılmasına görə kütləvi mitinqlərə başlayır. 2008-ci il martın 1-də səkkiz nəfərin, bəzi mənbələrə görə isə 20-yə qədər insanın öldürülməsi ilə nəticələnən etiraz mitinqindən və 20 günlük fövqəladə vəziyyətdən sonra aprel ayından prezident kimi fəalliyyətə başlayıb. Onun karyera fəaliyyətini qısaca olaraq uşaq qatili kimi xarakterizə etsək, daha doğru olardı. Çünki 1992-ci ilin feralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilən dəhşətli qətliamda Sarkisyan birbaşa iştirak etmişdir. O, soyqırmı törədən qüvvələrə rəhbərlik edib, yüzlərlə insanın ölüm əmrini verib. Bü səbəbdən Serj Sarkisyan Avropa İnsan Haqları Məhkəməsinə verilmişdir.  Hətta, bu barədə məşhur jurnalist Tomas de Vaal özünün “Qara bağ” əsərində  yazır: “Xocalı soyqırımı haqqında nə düşünürsüz”,– sualına Sarkisyan belə cavab verib: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq.” (Bax mənbə: Black garden: Armenia and Azerbaijan through peace and war. New York: New York University Press.2003. səh. 172)

Raffi Ovannisyan isə 1959- cu ildə Kaliforniyanın Fresno şəhərində Richard və Armenouhi Ovanisyanların ailəsində anadan olub. 1977-ci il Berkli Kaliforniya Universitetinin politologiya fakültəsində təhsil almağa başlayıb. 1979-cu ildə Kaliforniya Universitetinin Ermənistan tarixi fakültəsinə keçib. 1980-82-ci illərdə Fletçer İnstitutunda təhsil alıb. Həmin illərdə Taft Universitetində Ermənistan tarixi fənni üzrə dərslər verib. 1990-cı ildə ABŞ -dan Ermənistana köçüb və burada siyasi fəaliyyətə başlayıb. 1991-1992-ci illərdə Ermənistanın ilk xarici işlər naziri olub. 2002-ci ildə “İrs” partiyasının əsasını qoyub. 2007-ci və 2012-ci illərdə keçirilən parlament seçkilərində qalib gəlib və Ermənistan parlamentinin üzvü seçilib. 14 yanvar 2013-cü il tarixində Ermənistanın prezident seçkilərinə namizədliyini irəli sürüb. Sonuncu seçkilərdə isə 7 namizəd arasında ikinci olub.

Əslində, kənardan Raffi Ovanisyanın siyasi portreti Sarkisyandan daha cəlbedici görünsə də, bu, onun ədalətli siyasi xarakterinin olduğuna dəlalət etmir. Sarkisyan kimi o da işğalçı siyasəti dəstəkləyən şəxsdir. Ümumiyyətlə, ABŞ-da yaşamış və siyasi fəaliyyətə qoşulmuş bir ermənidən hansısa sivil və ədalətli qərar gözləmək düzgün olmazdı. ABŞ erməni terrorizminin və lobbiçiliyin əsas “yuva”larından olduğu üçün orada formalaşan bir ermənidən ümümbəşəri dəyərlərə xidmət edən hansısa fəaliyyəti inandırıcı deyil. Yadınızdadırsa, ötən il, Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının işində iştirak edən Ermənistan “İrs” partiyasının sədri Raffi Ovannisyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ziddiyyətli fikirləri söyləmişdi. O, çıxışında münaqişə ilə bağlı işğal terminindən istifadə etməyin düzgün olmadığını demişdi.  Deməli, erməni partiya lideri hələ də anlamır ki, onun dövləti işğalçıdır, Azərbaycanın 20 faiz torpağını işğal etmiş və milyondan artıq vətəndaşını qaçqına çevirmişdir. Beynəlxalq hüquq anlayışından bixəbər olan Raffini də mahiyyət etibarilə Serjin nisbətən “mədəni” forması adlandırmaq daha doğru olardı. Bütövlükdə isə bu iki şəxsin siyasi portretində həm öz xalqına, həm də digər xalqlara münasibət heç də yaxşı deyil. Bu da onu göstərir ki, əgər Serjin yerinə Raffi gəlsə də nə erməni xalqının, nə də qonşu dövlətlərin pozulan hüquqları qaytarılacaq.

Artıq iki gündür ki, Ermənistan müxalifətinin lideri öz tərəfdarları ilə İrəvan küçələrini zəbt edib. Erməni mətbuatının bildirdiyinə görə, mitinq iştirakçılarına konstitusiya paylanıb. Onlar hakimiyyətin xalqa qaytarılması prosesinin simvolu olaraq konstitusiyaya and içiblər. Raffi mitinqçiləri konstitusiyanı qaldıraraq onun ardınca andın mətnini təkrar etməyə çağırıb: “Mən Ermənistan vətəndaşı, inam və vətən naminə mövcud hakimiyyətlə hər cür əlaqəni kəsərək bəyan edirəm ki, saxtakar hakimiyyəti, yalançı qanunları və qanunsuz əmrləri tanımıram, satılmıram, təslim olmuram...” Daha sonra Raffi Ovanissyan yenidən Serj Sarkissyanı və katalikos II Qaregini saat 18.00-da Azadlıq meydanına gəlməyə və erməni xalqından üzr istəməyə çağırıb. O, çıxışında hər iki şəxsi riyakarlıqda ittiham edərək onları tanımadığını bəyan edib. Mitinq iştirakçıları isə Prezident İqamətgahının qarşısına getməyi təklif edib və məqsədlərinə çatmaq üçün hər şeyə hazır olduqlarını bildiriblər. “Armenia Today” saytı artıq Ermənistan Amerika Universitetinin yanına əsgərlərlə dolu avtobusların gətirildiyi barədə məlumat yayıb. Bundan əvvəl də “RİA Novosti”nin verdiyi məlumata görə, polislə etirazçılar arasında bir neçə toqquşma qeydə alınmışdı. Hətta “İrs” partiyasının sədr müavini Armen Martirosyan da qarşıdurma zamanı xəsarət almışdır. Reallıq isə budur ki, əgər mitinqlərdə Ermənistan əhalisinin 95 faizi iştirak etsə belə, S.Sarkisyan öz saxtakarlığını etiraf etmək istəməyəcək və hadisələr belə davam edərsə o,  ötən seçkidə olduğu kimi, öz xalqına qarşı yenə də silah  tətbiq edəcək.

Ümumiyyətlə, Ermənistanda prezident seçkilərində terror artıq ənənə halını almışdır. Son dövrlərdə Ermənistanda bir dəfə də olsun insan tələfatı ilə nəticələnməyən seçki keçirilməyib. Bu başabəla ölkə kriminallaşmış cəmiyyətdən və dövlət aparatından ibarətdir. Cinayətkar rejimə qarşı mübarizə aparmağı hədəf götürən şəxslər ya P. Ayrikyan kimi güllələnir, yaxud da L.Ter Petrosyan kimi neytrallaşdırılır.

Anar TURAN,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında