Prezident seçkiləri yaxınlaşdıqca radikal müxalifət düşərgəsində narahatçılıq daha da artır. Xalq arasında nüfuzu və sosial bazası olmayan dağıdıcı müxalifətin ciddi təşviş keçirməsi səbəbsiz deyil. Bu gün onların qarşılarına qoyduqları məqsəd Azərbaycanın inkişafını gözü götürməyən dairələrin və əsas işi ölkəmizdə qarşıdurma və çaşqınlıq yaratmaq istəyən erməni lobbisinin verdiyi çirkli pulları mitinq və digər aksiyalar “keçirməyə” sərf etmək, sonra isə gerisini alaraq mənimsəməkdir.
Ona görə də radikal müxalifət nümayəndələri bu bazarlıqda “qaz vurub, qazan doldurmaq” üçün yeni yollar axtarır, “seçicilərlə görüş” adı ilə aldıqları qrantları özününküləşdirmək üçün canfəşanlıq edirlər. Bir qədər əvvəl “İctimai Palata” adlı qondarma qurumun bir qrup gənci aldadaraq qeyri - qanuni aksiyalara təhrik etmək cəhdi baş tutmadığından “yerlərdə görüş keçirməyi” və bu yolla xarici himayədarlarına sosial bazalarının olmasını sübut etmək fikrinə düşüblər.
Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Lənkəran səfəri” və “Cənub bölgəsindəki seçicilərlə görüş” şousu baş tutmayandan sonra AXCP rəhbərliyi regionlarda görüş keçirmək adı ilə daha inandırıcı “ssenari” hazırlamaq barədə fikirləşirdi. Bu ərəfədə Əli Kərimlinin doğulduğu Saatlı rayonunun Azadkənd kəndində qohumlarından birinin uşağına ad günü keçirmək xəbəri sanki AXCP sədri üçün göydəndüşmə fürsət olub. O, dərhal müavinləri Həsən Kərimovla Gözəl Bayramlını və bir də partiyanın mətbuat xidmətinin nümayəndəsini yanına çağıraraq onları təlimatlandırıb və qohumunun uşağının ad günündə iştirak etmək üçün təcili Saatlı rayonunun Azadkənd kəndinə göndərib. Onlara tapşırıb ki, ad gününə gələn adamların toplaşdığı məslicdə partiyanın prezident seçkilərinə hazırlığından danışsınlar və Əli Kərimlinin prezidentliyə namizədliyini irəli sürsünlər. Sonra da regionlarda “ictimaiyyət nümayəndələri”nin AXCP sədrinin prezidentliyə namizədliyini dəstəkləməsi barədəki “tutarlı faktı” ortaya qoysunlar.
Adi kənd uşağının ad günündən siyasi məqsədlər üçün istifadə edən, kiçik yaşlı məktəblinin adından yararlanmağı planlaşdıran AXCP rəhbərliyi qabaqcadan öz qohumuna xəbər göndərir ki, nə qədər bacarırsa, qonşu kəndlərdən də bir - iki nəfəri uşağının ad gününə dəvət etsin.
Ə. Kərimli güman edirdi ki, AXCP - nin yerlərdəki “fəallarla möhtəşəm görüşü” üçün yaxşı fürsət yaranıb.
AXCP sədrinin müavinlərinin də qatıldığı ad günü mərasiminə onların gözlədiklərindən xeyli az adam toplaşıb. Əksəriyyəti Əli Kərimlinin yaxın qohumlarından ibarət olan tədbir iştirakçılarının sən demə, “möhtəşəm görüş” şousundan xəbərləri yox imiş. Ad günündə çıxış edən Gözəl Bayramlı bir dəfə də olsun səbəbkarın adını çəkməyib. O, Müsavat Partiyasının başqanı İsa Qəmbərin İctimai Palatanın adından spekulyasiya etdiyini deyib. AXCP sədrinin müavini müxalifətin bir neçə yerə parçalanmasının əsas səbəbkarının elə İsa Qəmbər olduğunu bidirib. Deyib ki, onun heç kimin yanında nüfuzu qalmayıb. Artıq bəzi xarici qüvvələr də Əli Kərimliyə dəstək verirlər. İsa Qəmbərin namizədliyini ərafında olan 5- 10 nəfərdən başqa heç kim qəbul etməyəcək. Müsavat Partiyası İctimai Palataya arxadan zərbə vurub. Onlar Əli Kərimlinin paxıllığını çəkirlər və partiyanı parçalamaq üçün məqam axtarırlar.
Ə.Kərimlinin müavini xarici qüvvələr deyəndə çox güman ki, Azərbaycanın inkişafını gözü götürməyən və ölkəmizdə qarşıdurma yaratmaq üçün külli miqdarda çirkli pullar xərcləyən düşmənlərimizi nəzərdə tutur. Axı, həmin düşmən dairələrin ən yaxın dostları elə dağıdıcı müxalifət partiyalarıdır.
Mərasimə toplaşanlara elə gəlib ki, sanki hansısa bir mitinqdədirlər. AXCP sədrinin digər müavini Həsən Kərimov danışanda isə Əli Kərimlinin qohumlarından 10 nəfəri onun sözünü kəsərək ad gününü tərk edib və narazı halda deyiblər ki, bizi bura ad gününə çağırmısınız, yoxsa mitinqə? Uşağın atası nə qədər çalışsa da, mərasimi tərk edənləri geri qaytara bilməyib. Hətta “ad günündə” iştirak edən Əli Kərimlinin atası da onları səsləsə də geri qayıdan olmayıb. Kənd sakinləri ad günü adı ilə kəndə gəlmiş AXCP fünksionerlərindən kəndi təcili tərk etmələrini tələb ediblər. Narazı sakinlər arasında Əli Kərimlinin yaxın qohumları da olub. AXCP sədrinin müavinləri tələm - tələsik şəkil çəkdirərək guya regionda “möhtəşəm görüş” keçirmələri barədə görüntü yaratmaq istəyiblər. Sonradan özləri də dərk etmədən həmin “möhtəşəm görüş”də yüz nəfərə yaxın AXCP fəalının iştirak etdiyini yazıblar. Ancaq özləri tərəfindən yayılan şəkillərə diqqətlə baxdıqda “möhtəşəm görüş”də neçə nəfərin iştirak etdiyi açıq - aydın görünür. Hələ bu şəkillər ad günü başlamazdan əvvəl çəkilib.
Nəzərə alsaq ki, Azərbaycanda 4 milyondan artıq seçici var və onlardan cəbhəçilərin dedikəri kimi, tutaq ki, yüz nəfəri Əli Kərimlini dəstəkləyir, bunu sosial baza adlandırmaq gülünc deyilmi? Rüstəm İbrahimbəyovun himayədarlığı ilə siyasi meydanda görünmək istəyən reneqat Eldar Namazov isə həmin yüz nəfəri öz tərəfinə çəkmək üçün min bir hiylə fikirləşib. Siyasətdə naşı olan buqələmun Eldar Namazov ictimai - faydalı əməklə məşğul olmayan bir qrup adamı başına cəm edən kimi qrant verənlərdən bir ətək pul qoparır. Bu gün Əli Kərimlinin, İsa Qəmbərin və reneqat Eldar Namazovun tərəfdarlarını nəzərdən keçirdikdə onların əksəriyyətinin eyni simalar olduğu açıq şəkildə özünü büruzə verir. Görəsən, bu yüz nəfər prezidentliyə hansı namizədin - Əli Kərimlinin, İsa Qəmbərin və reneqat Eldar Namazovun sosial bazasıdır? Bunu sosial baza adlandırmaq olarmı?
Biz demokratik ölkədə yaşayırıq. Azərbaycanın demokratik prinsiplərin inkişafına xüsusi önəm verməsi artıq dünya birliyi tərəfindən də qəbul edilir. Belə olmasaydı, ölkəmiz mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üçün mərkəzə çevrilməzdi. Elə bu günlərdə öz işini başa vurmuş “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq” mövzusunda Dünya İqtisadi Forumun (Davos Forumu) Bakıda keçirilməsi də ölkəmizə beynəlxalq səviyyədə etimad göstərilməsindən xəbər verir. Buna qədər isə çoxlu sayda belə tədbirlərin keçirilməsi Azərbaycanın dünya birliyinin layiqli üzvlərindən birinə çevrilməsinin nəticəsidir. Forumun iştirakçısı olan əcnəbi qonaqlar Azərbaycanın sürətli yüksəlişindən , ölkədə demokratik proseslərin inkişafına diqqət yetirilməsindən, beynəlxalq səviyyəli tədbirlərin yüksək səviyyədə keçirilməsindən və digər sahələrdən məmnunluqla danışmışlar. Ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması və bu sahənin daim dövlətin diqqət mərkəzində saxlanılması da beynəlxalq aləmdə yüksək dəyərləndirilən amillərdəndir. Azərbaycan qanunlarına uyğun olaraq hər bir vətəndaş, hər bir siyasi partiya nümayəndəsi prezident, parlament və bələdiyyə seçkilərində iştirak edə bilər və namizədliyini irəli sürə bilər. Həyatda tutduğu mövqeyindən və siyasi fəaliyyətindən asılı olmayaraq hər bir namizəd bərabər hüquqlara malikdir. Təəssüf ki, isa qəmbərlər, əli kərimlilər, eldar namazovlar və bu xislətdə olan digər dağıdıcı müxalifət nümayəndələri isə yaradılmış demokratik şəraitdən öz məqsədləri üçün istifadə edirlər. Hələ seçkilərə xeyli vaxt qalsa da, onlar prezidentliyə namizəd kimi görüş keçirir, müxtəlif şoular təşkil etməklə gündəmə gəlmək istəyirlər. AXCP üzvləri də Saatlı rayonunun Azadkənd kəndində adi kənd uşağının ad gününü “partiya fəalları ilə möhtəşəm görüş” kimi qələmə verməklə diqqəti özlərinə cəlb etmək istəyirlər. Görəsən, radikal müxalifət siyasi qüvvə kimi iflasa uğradığını dərk edirmi?!
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.