Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun sürətlə artması antiazərbaycan dairələri ciddi narahat edir
Azərbaycan artıq nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirildiyi mərkəzə çevrilib. Ölkəmizə belə yüksək etimad göstərilməsi onun iqtisadi gücünün getdikcə artmasından və dünya birliyində söz sahibinə çevrilməsindən irəli gəlir. Davos - Dünya İqtisadi Forumunda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən Bakıya gəlmiş nümayəndələr Azərbaycanın sürətli inkişafını yüksək qiymətləndirmiş, beynəlxalq aləmdə reytinqinin artdığını xüsusi vurğulamışlar. Davos Forumunun icraçı direktoru Klaus Şvab tədbirin təşkilində dəstəyinə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Azərbaycanın sürətlə inkişaf edən ölkə olduğunu deyən K. Şvab qeyd edib ki, ölkənin coğrafi mövqeyindən, yüksək təhsil almış işçi potensialından bu regionda birgə istifadə etmək olar. O, həmçinin Azərbaycanın maliyyə, bank, tikinti sektorunun inkişaf etdiyini də diqqətə çatdırıb.
2015 - ci ildə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi də ölkəmizin iqtisadi qüdrətinin artmasının məntiqi nəticəsidir. Belə mötəbər idman yarışının ilk dəfə Azərbaycanda keçirilməsi hər birimizdə qürur hissi yaradır. Azərbaycan artıq mötəbər tədbirlər keçirilməsinə qadir dövlət olduğunu dəfələrlə təsdiqləyib.
Respublikamızın sürətli inkişafı, dünya birliyinə inteqrasiyası və beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmlənməsi ilə heç cür barışa bilməyən xarici düşmənlərimiz prezident seçkiləri ərəfəsində könül bulandırmağa cəhd edir, bununla da diqqəti ölkəmizə cəlb etmək istəyirlər. Bir qrup gəncin qeyri - qanuni aksiyalar keçirməklə qarşıdurma yaratmaq cəhdinin də xarici düşmənlərimiz tərəfindən təşkil edildiyi artıq öz təsdiqini tapdı. Bu gün qondarma İctimai Palatanın, reneqat Eldar Namazovun, kinorejissor Rüsrtəm İbrahimbəyovun və ölkəmiz haqqında böhtanlar yağdıranların xarici düşmənlərimiz tərəfindən maliyyələşdirilməsi və həmin dairələrin əlində alətə çevrilmələri artıq hamıya bəllidir. Prezident seçkiləri ərəfəsində yaranmış fürsətdən istifadə edərək öz şəxsi büdcələrini çirkli pullar hesabına artırmaq istəyən milli xəyanətkarlar indi erməni lobbisinin sifarişlərini can - başla yerinə yetirməyə başlayıblar.
Ölkəmizin inkişafını gözü götürməyən dairələrin seçki ilində daha da fəallaşması heç də təsadüfi deyil. Azərbaycan demokratik, obyektiv, şəffaf, azad və ədalətli seçki keçirməyə qadir olduğunu dəfələrlə sübut edib. Bu il prezident seçkilərinin də mütəşşəkilliklə başa çatacağına heç bir şübhə ola bilməz. Təbii ki, ölkəmizin dünya birliyindəki nüfuzunun getdikcə artması və demokratik ölkə kimi tanınması bəzi dairələri və ikili mövqe nümayiş etdirən qurumları çox ciddi narahat edib. Ona görə də həmin qurumlar öz təxribat maşınlarını işə salaraq ölkə daxilində qarşıdurma yaratmağa çalışırlar. Onlar öz çirkin niyyətlərini həyata keçirmək üçün iqtidardan incik düşmüş, nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılmış və hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək istəyən dağıdıcı müxalifətdən bir alət kimi istifadə edirlər. ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin radikal müxalifət təşkilatlarını maliyyələşdirməsi faktı artıq öz təsdiqini tapdı. Bu qurumun əməkdaşlarının gənclərin martın 10 - da keçirdikləri qeyri - qanuni aksiyalarda iştirak etməsi həmin təşkilatın Azərbaycanda ictimai - siyasi sabitliyin pozulması məqsədini güdən prosesin həm təşkilatçısı, həm də icraçısı olduğunu əyani səkildə sübut edir. Ölkəmizdə araqarışdırmaqla məşğul olan və bəzi xarici dairələrin tapşırıqlarını yerinə yetirən radikal müxalifət ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin “səxavətindən” kifayət qədər faydalanıb.
Adlarını insan hüquq və azadlıqlarının, həmçinin demokratiyanın inkişafının yardımçısı qoyan “Amnisty İnternational”, “Human Rights Watch”, “Avropada Sabitlik Təşəbbüsü” və ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin ölkədə ictimai - siyasi sabitliyi pozmaq cəhdləri ictimaiyyət nümayəndələrinin hiddətinə səbəb olub. Bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün halına salınmasını və torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını görməməzliyə vuran belə üzdəniraq demokratlar Azərbaycanda çaxnaşma və qarşıdurma yaratmaq üçün külli miqdarda vəsait sərf edirlər. Daim ikili standart nümayiş etdirən beynəlxalq təşkilatlar oğrunu, xuliqanı, Vətən xainini “siyasi məhbus” adlandıraraq özlərini, guya, onların hüquqlarını qorumaqla məşğul olan kimi göstərirlər. Əslində isə bu yolla növbəti çirkin niyyətlərini reallaşdırmaq istəyirlər.
“Amnisty İnternational”, “Human Rights Watch”, “Avropada Sabitlik Təşəbbüsü” və ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyi kimi beynəlxalq təşkilatların “qəhrəmanları” , əsasən, ölkəmiz haqqında yalan məlumatlar yayanlar, həmçinin hakimiyyət əleyhinə şər və böhtanlar yağdıran, donosbazlıq edənlərdir. Martın 10 - da İctimai Palatanın təşkilatçılığı ilə, əsasən, AXCP və Müsavat Partiyasının gənclərindən ibarət olan dəstənin keçirdiyi qeyri - qanuni aksiya zamanı ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin nümayiş etdirdiyi mövqe də bunu təsdiqləyir. Bakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin maliyyələşdirdiyi müxalifətyönümlü “Nida” adlı təşkilatın fəallarının ölkəmizdə təhlükəli təxribatlar törətməsinin qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vaxtında alındı. Əgər bu təşkilatın nümayəndələrinin təxribat planları baş tutsaydı, kim bilir, neçə nəfər dinc insan dünyasını dəyişəcəkdi. Radikal müxalifətin yalan vədlərinə aldanan bir qrup xəyanətkar gənc zərərsizləşdirildi.
Reneqat Eldar Namzovun yaratdığı “EL” hərəkatının dəbdəbəli ofisdə yerləşdirilməsi də xarici düşmənlərimizin çirkli pullarının “məhsuludur”. Bu qurumun muzdlu nümayəndələri neçə vaxtdır ki, regionlarda dolaşaraq özlərinə tərəfdar axtarırlar. Ancaq özləri xislətdə olan satqın və xəyanərkar tapa bilməyiblər. Xarici ağalarının yanına üzüqara qayıtmamaq üçün AXCP və Müsavat Partiyasının yerli təşkilatlarından bir neçəsini “EL” hərəkatının üzvü kimi təqdim ediblər. Onların rayonlara səfərləri zamanı görüşdükləri şəxslərin hamısı köhnə simalar olmuşdur. Təşkilatın adı yeni olsa da, üzvləri cəmiyyətdə tüfeyli, ictimai faydalı əməklə məşğul olmaq istəməyən, müftə yollarla pul qazanmağa adət etmiş köhnə ünsürlərdir.
Göründüyü kimi, reneqat Eldar Namazovun rəhbəri olduğu “EL” hərəkatına qoşulan yoxdur. Çünki onun satqın və xəyanətkar olması artıq hamıya bəllidir. Bizim xalqın yaxşı bir el məsəli var: “Dostunu göstər, sənin kim olduğunu deyim”. İndi Eldar Namazovun sözünə inanıb onun ərtafına toplaşanlar da özü əqidədə olan buqələmunlardır. Belə satqın və xəyanərkarlar vətənpərvər insanların qəlbinə yol tapa bilməzlər. Çünki cəmiyyətimiz onların iç üzünə yaxşı bələddir, keçmiş əməllərindən xəbərdardır və indi hansı məqsədlərlə meydana atıldıqlarını, düşmənlərimizin sifarişlərini yerinə yetirdiklərini çox yaxşı bilir. Antimilli niyyətli Eldar Namazovun erməni lobbisinin əlində oyuncağa çevrilməsi göz önündədir. Onun satqınçılığı və antiazərbaycan mövqeyi, bəd əməlləri, çirkin niyyətləri ortadadır. Belə adamların ideyaları heç vaxt reallığa çevrilə bilməz. Çünki mayasında məkr, şəxsi qərəzçilik, satqınçılıq var.
E.Namazovun istəkləri Azərbaycan xalqının, milli dövlətçiliyimizin əleyhinədir. Hər bir ideyanın təməlində onu irəli sürənin şəxsiyyəti, əməli, keçmişi və gələcək məqsədi durur. Məqsəd məkrli, keçmiş bəlli, əməl çirklidirsə, bu ideyalar kimsə tərəfindən qəbul edilə bilməz.. Rüstəm İbrahimbəyovun, Eldar Namazovun və onun dəstəsinin xalqın adından danışmağa haqları yoxdur. Çünki onlar belə əməl sahibidirlər.
Müxtəlif mənbələrdən verilən məlumatlara görə, Moskvada yaradılmış Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi, ermənilərin yaxın dostu Söyün Sadıqovun nümayəndəsinin çox tez - tez “El” hərəkatının qərargahında göründüyü bildirilir. Bu yaxınlarda “EL” hərəkatının aldığı dəbdəbəli ofisin də pulunun Söyün Sadıqov tərəfindən ödənildiyi deyilir. Azərbaycandan və azərbaycançılıqdan uzaq olan, Rusiyada “zavallı” ermənilərin problemlərinin aradan qaldırılması ilə məşğul olan, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın taleyi ilə bir dəfə də maraqlanmayan Söyün Sadıqov prezident seçkiləri ərəfəsində ölkəmizdə çaşqınlıq və hakimiyyətlə xalq arasında qarşıdurma yaratmaq üçün reneqat Eldar Namazova konkret tapşırıqlar verib. Söyün Sadıqovla “Ziyalılar Forumu” və “El” hərəkatı arasında vasitəçilik rolunda isə kinodramaturq Rüstəm İbrahimbəyov çıxış edir. Görünür, erməni lobbisinin və Söyün Sadıqovun ötürdüyü çirkli pullardan Rüstəm İbrahimbəyova da pay düşüb. Yoxsa, yaşının bu çağında “poçtalyonluq” etməzdi.
Sosial bazası olmayan dağıdıcı müxalifət partiyaların başçılarının və funksionerlərinin regionlarda özlərinə tərəfdaş axtarmaları və əhali ilə hakimiyyət arasında süni narazılıq yaratmaq cəhdləri həmişəki kimi yenə də iflasa uğrayır. Dağıdıcı müxalifətin xalqı hakimiyyətə etimadsızlıq göstərmək çağırışına səs verən olmayıb. Çünki insanlar Azərbaycanın maraqları ilə üst - üstə düşən təkliflərə “hə” deyir və Prezident İlham Əliyevin ərtafında sıx birləşdiklərini nümayiş etdirirlər. Axı dövlətimizin başçısının həyata keçirdiyi siyasi xətt dünya miqyasında da qəbul edilir.
Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalının Azərbaycan Prezidenti İlham Əliyevi dünyada “İlin adamı” elan etməsi heç də təsadüfi deyil. Dövlətimizin başçısı “İlin adamı” mükafatına son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, “Azərspace” ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülüb.
Prezident seçkiləri ərəfəsində Azərbaycan Prezidentinin “İlin adamı” elan edilməsi müxalifətin bütün ümidlərini alt - üst etdi. Ancaq neyləsinlər ki, vərdiş etdikləri antimilli, antiazərbaycan və satqınlıq mövqelərindən əl çəkə bilmirlər.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.