Gənc müstəqil Azərbaycan dövlətinin son on ildə qazandığı çoxsaylı siyasi uğurlar dünyanın bütün ölkələrində və beynəlxalq təşkilatların hamısında maraqla qarşılanır və təqdir olunur. Xüsusən ölkəmizin istənilən beynəlxalq tədbir üçün açıq elan olunması rəsmi Bakıya beynəlxalq aləmdə daha böyük nüfuz qazandırır. Əcnəbi ekspertlər səmimi şəkildə etiraf edirlər ki, artıq Azərbaycanda dünya əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilmədiyi bir il qeydə alınmır.
Bu tədbirlər təkcə sosial-iqtisadi və ya ictimai-siyasi məzmunlu mövzuları əhatə etmir. Azərbaycan paytaxtı və ölkəmizin bütün şəhər və rayonları cəmiyyət həyatının istənilən sahəsinə həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsində özünəməxsus təcrübə qazanıb və öz ənənəsini formalaşdırıb. Bu baxımdan martın 18-də başlayıb 19-da uğurla başa çatan “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” adlı beynəlxalq Bakı Konfransının əhəmiyyəti daha yüksək qiymətləndirilir. Azərbaycan hökumətinin, BMT-nin və İSESCO-nun təşkilatçılığı ilə ərsəyə gələn bu layihənin bilavasitə Bakıda reallaşdırılmasının özü də bir rəmzi məna kəsb edirdi. Çünki hələ Amerika Birləşmiş Ştatlarında törədilmiş məlum 11 sentyabr terror hadisəsindən dərhal sonra yaradılmış beynəlxalq antiterror koalisiyasının ən fəal üzvlərindən birinə çevrilmiş Azərbaycan dövləti son illər bu sahədə öz tərəfdaşlarını və müttəfiqlərini məmnun edən çoxsaylı layihələrə müəlliflik etmişdir. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfransdakı nitqində də bu barədə əhatəli faktlar və arqumentlər səsləndirilmişdir.
Dövlət başçımızın bütün beynəlxalq tədbirlərin tribunasından çıxış edərkən formalaşdırdığı ənənə bu konfransda da özünü göstərdi. Belə ki, cənab İlham Əliyev istənilən beynəlxalq tədbirdəki nitqinin əvvəlində mütləq ölkəmizin yeganə və ən ağrılı problemi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin respublikamıza və beynəlxalq aləmə vurduğu ziyandan söz açır. Adıçəkilən konfransda da belə oldu: “Fikrimcə, terrorçuluğa qarşı konfransın Azərbaycanda keçirilməsi böyük rəmzi xarakter daşıyır. Çünki Azərbaycan keçmişdə beynəlxalq terrorçuluqdan əziyyət çəkib və eyni zamanda, hazırda ölkəmiz terrorçuluğun dünya səviyyəsində qarşısının alınmasına böyük töhfə verir. Təəssüf ki, ölkəmiz 1990-cı illərin əvvəllərində erməni terror təşkilatlarının törətdiyi terror aktlarının hədəfinə çevrilmişdi. Azərbaycan vətəndaşlarına qarşı çoxlu sayda terror aktları törədilmişdir, 2 min günahsız insan qətlə yetirilmiş və təxminən bir o qədər də insan xəsarət almışdır. Azərbaycan təcavüzdən, işğaldan əziyyət çəkir. Bildiyiniz kimi, bir çox hallarda bu hadisələr təcavüzkar separatçılıqla müşayiət olunurdu. Azərbaycana qarşı təcavüzkar separatçılıq aktları və terror hücumları ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizinin işğalı ilə nəticələndi. Həmçinin, Azərbaycan etnik təmizləmə siyasətinə məruz qaldı, bir milyondan artıq azərbaycanlı doğma yurd-yuvalarından didərgin düşdü.”
Dövlət başçımız Bakıda keçirilən konfransda beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələrinin də iştirakını nəzərə alaraq respublikamızın və xalqımızın üzləşdiyi problemlərin həlli prosesində mövcud olan ikili standartları da yada saldı: “Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə və təhlükəsizliyə ən böyük hədələrdən biridir. Bu, dünyada ən böyük ədalətsizliklərdən biridir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir. ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, NATO və digər beynəlxalq təşkilatlar da qətnamə və qərarlar qəbul etmişlər. Təəssüf ki, bütün bu qətnamələr kağız üzərində qalır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri iyirmi ildən artıqdır ki, işğal atındadır.
Artıq qeyd etdiyim kimi, bu məsələ beynəlxalq, həmçinin regional sabitliyə və təhlükəsizliyə ən böyük hədə yaradır. Bu məsələ beynəlxalq hüquq normaları, Helsinki Yekun Aktı əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır. Biz münaqişənin dinc yolla həllinə göstərdiyimiz səyləri davam etdiririk. Lakin əfsuslar olsun ki, Ermənistan “status-kvo”nun mümkün qədər uzun müddət saxlanmasına və bacardığı qədər münaqişənin dondurulmasına çalışır. Lakin bu, mümkün olmayacaqdır. Çünki dünya dəyişir, regional tarazlıq dəyişir. Azərbaycan siyasi və iqtisadi inkişaf baxımından güclənir, Azərbaycanın qlobal miqyasda oynadığı rol artır. Buna görə mən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna mümkün qədər tez nail olmaq istəyirik. Çalışırıq ki, bunu sülh yolu ilə edək." Bundan başqa. Ermənilər və onların beynəlxalq aləmdəki havadarları hələ yüz il əvvəl, Osmanlı dövlətinin ərazisində baş verdiyi söylənilən, fəqət, nə özlərinin, nə də başqa kiminsə əlindəki faktlarla təsdiq olunmayan bir “soyqırımı” barədə vay-şivən qaldırır, beynəlxalq aləmi çaşdırmağa çalışırlar. Bütün bunlar az imiş kimi öz xarici havadarlarının dəstəyi ilə heç bir əsası olmayan “soyqırımı”nın yüz illiyinin qeyd olunmasına da hazırlaşırlar. Ancaq onların özlərinin cəmi 20 il əvvəl törətdiyi və bütün dünyanın şahidlik etdiyi Xocalı soyqırımı barədə səsləndirilən fikirlərə məhəl qoymaq istəmirlər. Halbuki, Ermənistanın indiki dövlət başçısı Serj Sarkisyan öz siyasi müxaliflərinin ittihamlarını cavablandırarkən dəfələrlə iyrənc etiraflar etmişdir: “ Mən Qarabağı Azərbaycandan alanda, Xocalını öz qanında boğanda siz harada idiniz?” Məhz bu məqamları əsas götürən Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın tribunasından dünya ictimaiyyətinə üzünü tutaraq demişdir: “Xalqımız XX əsrin ən böyük faciələrindən birini - Xocalı soyqırımını yaşamışdır. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Xocalı şəhərinin sakinlərinə hücum etmişlər. Belə bir vəhşi hücumun nəticəsində 613 günahsız vətəndaş qətlə yetirilmişdir. Onların arasında 100-dən artıq qadın, 63 uşaq olmuşdur. Artıq dörd ölkənin parlamenti Xocalı faciəsini rəsmən soyqırımı kimi tanımışdır. Xocalı hadisələrinin soyqırımı kimi tanınması prosesi digər ölkələrdə də gedir.”
Yeri gəlmişkən, bu gün terror tərəfdarları və terrorçular dünyada qəbul edilməsi qətiyyən mümkün olmayan iyrənc bir ənənə formalaşdırmağa çalışırlar. Onlar əsaslandırmağa çalışırlar ki, guya terror hadisələri arasında ədalətli və ya ədalətsiz hadisələr vardır. Azərbaycan Prezidentinin bu məsələyə münasibəti daha konkret və daha aydındır: “ Səbəblərindən asılı olmayaraq, terrorçuluğa haqq qazandırılması haqqında söhbət belə gedə bilməz. Terror aktlarının kimə qarşı törədilməsindən asılı olmayaraq, terror təşkilatları arasında fərq qoyulmamalıdır. Buna görə, hesab edirəm ki, səylərin geniş şəkildə birləşdirilməsi və terrorçuluğa qarşı hərtərəfli əməkdaşlığın aparılması bu mübarizədə bizə yardımçı olacaq və uğurumuzu təmin edəcəkdir.”
Son zamanlar dünyanın mütərəqqi düşüncəli insanları, görkəmli siyasətçilər, yaradıcı ziyalılar və xüsusən, humanitar təşkilatlar həyəcan siqnalı səsləndirirlər ki, alimlərin xoş məramla əldə etdikləri elmi nailiyyətlərin terrorçuların və seperatçıların əlində silaha çevrilməsinin qarşısı alınmalıdır. Bu məsələyə aid məxsusi beynəlxalq tədbirlər keçirilir, elmi layihələr ərsəyə gəlir və sairə. Azərbaycan Prezidenti İlham Əliyev adıçəkilən konfransda həmin məsələyə artıq üçüncü dəfə münasibət bildirərək söyləmişdir: “Əfsuslar olsun ki, müasir texnologiyalar bədniyyətli insanlar tərəfindən də istifadə olunur. Hesab edirəm ki, səylərin səfərbər olunması terrorçuluğa qarşı mübarizənin aparılmasında və onun qarşısının alınmasında ən səmərəli alətlərdən biri ola bilər. Terrorçuluq beynəlxalq ictimaiyyətə, ölkələrin ərazi bütövlüyünə, iqtisadi, demokratik inkişafa təhlükədir. Fikrimcə, belə bir mühüm məsələnin qlobal gündəlikdə saxlanması addım-addım səylərimizi gücləndirməkdə və bu mübarizədə bizə kömək edəcəkdir. Azərbaycan əlindən gələni edir ki, beynəlxalq ictimaiyyət bu məsələni daim diqqət mərkəzində saxlasın. Bu konfransın Bakıda keçirilməsi bu cür nümunələrdən biridir”.
Yeri gəlmişkən, respublikamız terrorizmə qarşı mübarizəni sözdə deyil, işdə dəstəklədiyini bir neçə mühüm addımla sübuta yetirmişdir. Əgər Ermənistan bütün beynəlxalq konvensiyalara qoşularaq terrorçuluğu və separatçılığı öz əməli fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi saxlayırsa, Azərbaycan bu sahədəki fəaliyyətini bütün dünya üçün açıq elan edir və fərdi nümunələr formalaşdırır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasında ötən ilin mayında ilk sədrliyini terrorçuluğa qarşı mübarizənin aparılması mövzusuna həsr etmişdir. “2012-ci ilin may ayında Azərbaycan tariximizdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Biz terrorçuluğa qarşı mübarizə üzrə aparılan müzakirələri açıq elan etdik. Biz bu mövzunu gündəlikdə olan bütün digər məsələlər siyahısından seçdik. Çünki hesab etdik ki, diqqətin məhz bu mövzuya yönəldilməsi daha vacibdir.
Terrorçuluğa qarşı təsirli və çox fədakar mübarizə olmadan biz qarşımızda duran məsələlərdən heç birini həll edə bilməyəcəyik."
Ermənilər özlərinin terrorçuluq əməllərini ört-basdır etmək, xüsusən uydurma soyqırımı barədə xülyalarını reallaşdırmaq üçün beş-on məsuliyyətsiz adamı başlarına toplayır və həmin adamların fikirlərini beynəlxalq ictimaiyyətin qənaəti kimi qələmə verməyə çalışırlar. Çox təəssüf ki, bəzən buna nail olmağı da bacarırlar. Əslində isə beynəlxalq ictimaiyyətin harada olduğunu, necə fəaliyyət göstərdiyini biz daha yaxşı bilirik. Həmin məqama dövlət başçımızın fikirləri əsasında diqqət yetirək: “Bu gün Azərbaycana 50-dən artıq ölkənin, beynəlxalq təşkilatların nümayəndələri və ekspertləri gəliblər. Beynəlxalq ictimaiyyət məhz budur. Budur, bizim belə mühüm beynəlxalq məsələyə münasibətimiz. Bu, bizim töhfəmizdir. Fikrimcə, əlbəttə ki, biz bu məsələyə müxtəlif baxış bucaqlarından yanaşmalıyıq. Biz terrorçuluğa qarşı mübarizəyə verdiyimiz praktiki töhfəmizi gücləndirməliyik. Azərbaycan terrorçuluğa qarşı beynəlxalq səviyyədə aparılan mübarizəyə əlindən gələn töhfəni verir və hətta bundan artığını da edir. Biz bu məsələni hər zaman gündəliyimizdə saxlamalıyıq, müxtəlif beynəlxalq forumlarda qaldırmalıyıq. Eyni zamanda, terrorçuluğun yaranmasına xidmət edən şəraitlərin aradan qaldırılması üçün mümkün mexanizmlərdən istifadə etməliyik. Biz terror təşkilatlarının fəaliyyət dairələrini daraltmalıyıq. Biz insanların, xüsusən də təhsili olmayanların terror təşkilatları tərəfindən öz sıralarına cəlb edilməsi üçün şərait yarada biləcək boşluqların doldurulması istiqamətində birgə işləməliyik”.
Ölkəmizin ev sahibliyi etdiyi növbəti beynəlxalq tədbirin əhəmiyyəti barədə dünyanın əksər kütləvi informasiya vasitələri əhatəli fikirlər səsləndirib, xəbərlər yayıblar. Həmin fikirlərin hamısı bizim üçün əhəmiyyətlidir. Çünki onların hamısında bir Azərbaycan həqiqəti vardır. Biz isə öz fikirlərimizi cənab dövlət başçısının nitqindən seçdiyimiz başqa bir həqiqətlə tamamlamaq istəyirik: “Azərbaycanda son illərdə həyata keçirdiyimiz siyasətdə biz, əlbəttə ki, müstəqilliyimizi möhkəmləndirməyə, hüquq-mühafizə orqanlarının gücləndirilməsinə səylər göstərmişik. Biz Azərbaycanın daxilində praktiki olaraq bütün potensial terror hədələrini aradan qaldırmışıq. Buna görə də biz hazırda sərhəd infrastrukturunun gücləndirilməsinə böyük sərmayə yatırırıq.
Artıq qeyd etdiyim kimi, heç bir ölkə bu təhlükədən 100 faiz sığortalana bilməz. Bu, xüsusən də ada olmayan, qonşuların əhatəsində olan və sülh şəraitinin o qədər də mövcud olmadığı regionda yerləşən ölkələrə aiddir. Buna görə də sərhəd infrastrukturuna sərmayənin qoyuluşu, təsirli sərhəd nəzarəti bizim üçün regionumuzda terrorçuluğa qarşı mübarizədə bir nömrəli məsələdir. Çünki ölkəmizdə narahatlıq doğura biləcək terrorçuluğun daxili ocaqları yoxdur”.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.