Azərbaycan xalqı dünya tarixinə neçə-neçə böyük mütəfəkkirlərlə yanaşı, Cavanşir, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai kimi müdrik dövlət xadimləri də bəxş etmişdir. Əsrlər keçdikdən sonra XX yüzillikdə xalqımız daha bir qüdrətli şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Vaşinqton, Cəvahirləl Nehru kimi nadir tarixli simaları sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu.
Zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya gələn, sonsuz maneələrdən, çətinliklərdən keçərək Yer kürəsinin altıda bir hissəsini əhatə edən SSRİ adlanan nəhəng dövlətin rəhbərlərindən biri səviyyəsinə yüksələn Heydər Əliyev, həm də Azərbaycan tarixinə xilaskar kimi daxil oldu.
Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmiş dahi şəxsiyyətdir. Ən çətin anda, ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergi, qabiliyyətdir.
O, sözün həqiqi mənasında, böyük azərbaycanlıdır. Azərbaycan xalqının misilsiz təəssübkeşi, XX əsrin 90-cı illərində yenidən müstəqilliyə qovuşmuş dövlətciliyimizin xilaskarıdır. Həm də müasir Azərbaycanın qurucusudur.
Heydər Əliyevin doğma xalqına həsr olunmuş ömür yolunu aşağıdakı dövrlərə bölmək olar. Birinci dövr XX əsrin 40-cı illərindən 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəlməsinə qədərki illəri əhatə edir. Hüquq-mühafizə orqanlarında fəaliyyətə başlayan Heydər Əliyev son dərəcə ağır maneələri və çətinlikləri dəf edərək, Azərbaycanda SSRİ-nin əsas dayağı olan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəldi. Onun gərgin, səmərəli və çox çətin şəraitdə göstərdiyi məqsədyönlü fəaliyyəti nəticəsində ilk dəfə olaraq xalqımızın övladları təhlükəsizlik orqanlarında geniş surətdə işə cəlb olunmağa başladı. O zaman ulu öndər xalqımızın vətənpərvər oğullarını, milli əhval- ruhiyyəli ziyalılarını təqiblərdən qorudu və bununla, əslində, milli oyanışımızın başında durdu. İkincisi ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövrüdür. 1969-1982-ci illəri əhatə edən bu dövr müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması, doğma xalqa həsr olunmuş çoxsahəli fəaliyyətlə yaddaşlarda qalmışdır.
Ulu öndər həmin illərdə min cür maneələri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən xüsusi qərarlar qəbul etməsinə nail oldu.
Heydər Əliyevin dərindən düşünülmüş uzaqgörən planları və yorulmaz fəaliyyəti sayəsində ötən əsrin 70-ci illərində respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsal sahələri yaradıldı. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Həmin illərin Azərbaycanı nəhəng tikinti meydanını xatırladırdı. Həmin dövrdə əldə olunan ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılmasına nail olması idi. Buna görə də XX yüzilliyin 90-cı illərində böyük Sovetlər Birliyi parçalanarkən məhz Heydər Əliyevin uzaqgörən, gərgin, səmərəli və cəsarətli dövlətçilik fəaliyyəti nəticəsində Azərbaycan müstəqil yaşamağa tamamilə hazır idi.
1982-1987-ci illərdəki dövlətçilik fəaliyyətini əks etdirən üçüncü dövr dahi şəxsiyyətin Sov. İKP MK siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi yüksək vəzifə və geniş səlahiyyətlər əldə etməsi idi. Bu dövrdə Heydər Əliyev sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçilik istedadının qarşısını almağa qadir deyildir. Böyük idarəçilik səriştəsinə malik olan Heydər Əliyev az müddət içərisində nüfuz sahibi oldu. Həmin dövrdə Heydər Əliyev Siyasi Büroda bütün sovet dövlətini idarə etməyə və onu tənəzzüldən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi. Onun bu qabiliyyətini görən ermənipərəst Qorbaçov Heydər Əliyevi SSRİ rəhbərliyindən uzaqlaşdırdı. Bu, əslində, həmin dövrdə xalqımıza vurulan ən ağır zərbə idi.
1987-1990-cı illəri əhatə edən dövr Heydər Əliyevin Vətən yolunda mücadiləsi dövrüdür. Həyatının bütün dövrlərində olduğu kimi, Heydər Əliyev həmin illərdə də doğma xalqı üçün yaşamış, Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaqdan ötrü bütün qüvvəsini sərf etmişdir. Lakin o zaman Azərbaycana başçılıq edən səriştəsiz rəhbərlərin Moskva qarşısındakı mütiliyi və xəyanətkar siyasəti nəticəsində Azərbaycan xalqı bu dövrdə öz böyük oğlunun zəka potensialından məhrum edilmişdi.
1990-1993-cü illəri əhatə edən dövr Heydər Əliyevin Azərbaycan naminə mübarizə yolunda xüsusi yer tutur. Həmin vaxt Azərbaycanın müstəqilliyi təhlükə altında idi. Vətənin ümid çırağı yalnız Heydər Əliyev idi. 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi. 1990-cı il iyun ayının 20-də Bakıya gələn, lakin o vaxtkı rəhbərlik tərəfindən qısqanclıqla qarşılanan Heydər Əliyev 2 gün sonra Naxçıvana getməli oldu. Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsinə o zaman milli müstəqilliyimizin ilk addımları da məhz Naxçıvanda atıldı. Muxtar Respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması, Naxçıvan Ali Sovetinin Milli Məclis adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilməsi və qaldırılması, Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması SSRİ-nin saxlanılması barədə referendumdan imtina edilməsi, 1990-cı ilin 19-20 yanvar faciəsinə siyasi qiymət verilməsi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi barədə tarixi qərarlar çıxarılması, Yeni Azərbaycan Partiyasının yaradılması, ulu öndərin Azərbaycanın xilası naminə, xalqın tələbi və istəyi ilə Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi dahi siyasətçinin böyük siyasətə qaydışının əsasını qoydu.
1992-ci ilin noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müasir taleyində mühüm rol oynayan Yeni Azərbaycan Partiyası yaradıldı. Bütün varlığı, fəaliyyəti ilə xalqa bağlı olan böyük dövlət xadimi Heydər Əliyev partiyanın sədri seçildi.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də işə Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabr ayının 3-də Azərbaycan Respublikası Prezidenti seçildi.
Heydər Əliyevin respublika rəhbərliyinə bu böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi. Müdrik rəhbərin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlərlə cəbhə xəttində atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Bununla da respublika ərazisində sabit, normal həyat bərqərar oldu. Heydər Əliyevin həyatı və fəaliyyəti öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin nümunəsi kimi daim yaşayacaq. Biz bu gün böyük iftixar, qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir. Ümummilli liderimizin bir kəlamı hər bir qiymətləndirmədə meyar olmalıdır: “Heç vaxt fikirləşməyin ki, Vətən sizə nə verib. Həmişə öz-özünüzdən soruşun ki, siz Vətən üçün nə etmisiniz?”
Fakt budur ki, Heydər Əliyev bütün fəal həyatı boyu belə bir məfkurə ilə yaşadı, Vətəni, xalqı üçün nə mümkündürsə etdi, müstəqil Azərbaycan dövlətini qurdu. O, çıxışlarının birində demişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.
Heydər Əliyev respublikamızın davamlı inkişafı istiqamətində böyük islahatlara başladı və bu islahatları uğurla həyata keçirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın aparıcı ölkələrinin böyük neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu. Milli neft strategiyası və Qədim İpək Yolunun bərpası konsepsiyası ulu öndərimizin yalnız öz xalqı üçün deyil, həm də onun bəşəri xidmətlərindəndir.
(ardı var)
Varaşil MƏMMƏDOV,
əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.