Prezident İlham ƏLİYEV: Heç vaxt Azərbaycan öz torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir

 

 

 

 

 

Aparılan uğurlu xarici siyasət nəticəsində təcavüzkar Ermənistan bölgədə

həyata keçirilən qlobal əhəmiyyətli bütün layihələrdən kənarda saxlanılır

Müstəqil xarici siyasət həyata keçirən Azərbaycan Respublikası dünyada  etibarlı tərəfdaş kimi tanınır, Cənubi Qafqaz regionunun lider dövləti kimi qəbul edilir. Həqiqətən də ölkəmiz bir çox sahələrdə olduğu kimi iqtisadi-siyasi cəhətdən də regionun ən güclü ölkəsidir.

Təkcə onu demək kifayətdir ki, Azərbaycanın dövlət büdcəsi Cənubi Qafqaz dövlətlərinin ümumi büdcəsinin 76 faizini, respublikamızın iqtisadiyyatı bölgə iqtisadiyyatının 80 faizini təşkil edir. Ölkəmizin bütün dövlətlərlə iqtisadi-siyasi münasibətlərini bərabərhüquqlu, qarşılıqlı əməkdaşlıq çərçivəsində qurması və daxildə lazımi islahatları vaxtında aparması, sürətli iqtisadi inkişafa indekslənmiş mühüm əhəmiyyətə malik inkişaf proqramları həyata keçirməsi daha böyük nailiyyətlər qazanacağımıza zəmanət verir. Artıq heç kəs şübhə etmir ki, bu sürətlə inkişaf edən Azərbaycan yaxın illərdə daha da güclü dövlətə çevriləcək, onun səsi beynəlxalq arenada daha da gur eşidiləcək. 

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, son 21 ildə  ölkəmizin qazandığı böyük nailiyyətlərin təməlində iqtisadi müstəqillik dayanır. Əgər iqtisadi müstəqilliyimizi qoruyub saxlaya bilməsəydik, istər-istəməz, siyasi arenada  imkanlarımız daha da məhdud ola bilərdi. Bu gün Azərbaycan yalnız öz imkanları ilə inkişaf edir. Daxili və xarici siyasətini ancaq özünün müəyyənləşdirdiyi meyarlar çərçivəsində qurur. Dünyanın aparıcı beynəlxalq maliyyə və iqtisadi qurumları da ölkəmizin iqtisadi yüksəlişini  yüksək qiymətləndirir. Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Günümüzün reallığı budur ki, Avropanın aparıcı dövlətlərinin bir neçəsi böhranla üzləşdiyinə görə onların kredit reytinqləri beynəlxalq reytinq agentlikləri tərəfindən aşağı salınır, Azərbaycanın kredit reytinqləri isə artırılır. Nüfuzlu “Standard & Poor’s”, “Fitch” və “Moody’s” beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq görülən ilk ölkə də məhz Azərbaycandır. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, ölkəmizdə aparılan düşünülmüş siyasi və iqtisadi islahatlar öz bəhrəsini verməkdədir.

Beynəlxalq maliyyəyə qurumlarının, reytinq agentliklərinin Azərbaycanı ön plana çıxarmalarının əsaslı səbəbləri vardır. Belə ki, 2003-cü ildən bəri ölkəmizdə ümumi daxili məhsul üç dəfə artmışdır. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 50 milyard dollara çatmaqdadır. Yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalmışdır. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil etmiş və xarici ticarət dövriyyəsi 6,4 dəfə artmışdır. Sənayeləşmə siyasəti başlıca prioritetlərdən olan ölkəmizdə 2003-cü ildən bəri sənaye istehsalı 2,6 dəfə artmış və kompleks tədbirlər hesabına yaxın illərdə bu artımın daha da yüksələcəyi gözlənilir. Ölkədə həyata keçirilən infrastruktur layihələri də kifayət qədər çoxdur. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinə və bu sahənin inkişafına görə artıq ölkəmiz öncül yerlərdədir. Bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır və beləliklə, növbəti dəfə Cənubi Qafqazda bir ilkə imza atmış və dünyada öz peyki olan sayılı ölkələr sırasına yüksəlmişdir. Bu, tarixi hadisədir və Azərbaycanın ümumi inkişafını mühüm  göstəricilərindən biridir. 

“Odlar yurdu” Azərbaycan necə deyərlər, enerji ölkəsidir. Yəni, bizim dost və  tərəfdaş ölkələrlə ikitərəfli əsasda əlaqələrimizin inkişafında həm də neft-qaz amili mühüm rol oynayır.  Sevindirici haldır ki,  bu gün respublikamız dünya miqyasında qlobal enerji bazarında ciddi rola malik olan bir ölkə kimi artıq özünü təsdiqləyib. Bəzi Avropa ölkələrinin enerji balanslarında Azərbaycanın enerji daşıyıcıları 30-35 faiz təşkil edir. Bu o deməkdir ki,  biz bu baxımdan bir neçə Avropa ölkəsinin enerji təhlükəsizliyində bilavasitə iştirak edirik. Əgər bizim zəngin qaz resurslarımızı da buna əlavə etsək, deməli, irəli sürülmüş layihələri uğurla, vaxtında icra etsək, Azərbaycan onilliklər bundan sonra Avropanın, bölgənin, dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində əvəzolunmaz rol oynayacaqdır. Əlbəttə bu, bizim həm iqtisadi, həm siyasi çəkimizi artıracaqdır.

Onu da deyək ki, Cənubi Qafqaz regionunda həyata keçirilən qlobal əhəmiyyətli enerji-nəqliyyat layihlərinin təşəbbüskarı da Azərbaycandır. Ölkəmiz əfsanə hesab olunan Bakı — Tbilisi — Ceyhan neft boru kəməri, Bakı — Supsa, ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin tikintisi və bərpası layihələrinin təşəbbüskarı olmuşdur, Bakı — Tbilisi — Ərzurum qaz boru kəmərini reallaşdırmışdır.  Rəsmi Bakı London ilə Şanxayı birləşdirəcək Bakı — Tbilisi — Qars dəmiryol xətti layihəsinin həyata keçirilməsi üçün səylərini əsirgəmir. Ölkəmizin artan maliyyə imkanları ona bu layihənin reallaşması üçün əlavə vəsaitin ayrılmasını və bu məqsədlə qonşu Gürcüstana lazımi miqdarda kredit verilməsini təmin etdi. Azərbaycan bununla Cənubi Qafqaz regionunu Avropa və Asiyanın həm nəqliyyat, həm də enerj dəhlizinə çevirir, bölgənin iqtisadi yüksəlişi, regional əməkdaşlıqların dərinləşməsi işinə misilsiz töhfələr verir.  Ölkəmizin apardığı uğurlu xarici siyasət nəticəsində Ermənistan kimi təcavüzkar bir dövlət  qlobal əhəmiyyətə malik bütün layihələrdən təcrid edilib. Azərbaycan Prezidenti İlham Əliyev torpaqlarımızı işğal edən bir dövlətin bundan belə də təcrid vəziyyətində qalacağını vurğulayıb: “Biz bölgədə söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulsun. Biz onları təcrid etmişik, bunu gizlətmirik. Gələcəkdə təcridetmə siyasətimiz davam etdirilməlidir. Bu, öz bəhrəsini verir. Əgər məsələni sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar doğrudan da istəyirlər ki, bölgədə sülh olsun, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Çünki əks təqdirdə məsələnin başqa yolla həll edilməsi istisna deyildir. Biz bunu heç vaxt istisna etməmişik. Beynəlxalq hüquq bu haqqı bizə verir. Sadəcə olaraq, Azərbaycanın sülhsevər siyasəti, bölgədə gedən proseslərə artan məsuliyyəti və Azərbaycanın bölgədə artıq sabitləşdirici amil kimi çıxış etməsi bizi bu radikal addımlardan hələ ki, çəkindirir. Ona görə məsələnin tezliklə həlli hər tərəfin marağında olmalıdır”.

Azərbaycanın dövlət başçısının qeyd etdiyi kimi, regionda baş verən bəzi son hadisələr onu göstərir ki, bizim maraqlarımızı nəzərə almadan bölgədə siyasi-iqtisadi təşəbbüslər icra edilə bilməz. Biz ən böyük sınaqlardan üzüağ çıxmışıq. Hətta bizim mövqeyimizi, necə deyərlər, bölüşməyən və əks mövqedə olan böyük qüvvələr vahid bir mövqe nümayiş etdirərkən, Azərbaycanın mövqeyi imkan vermədi ki, bölgədə bizim maraqlarımıza zidd olan hər hansı bir hadisə baş versin. Yəni, biz təkbaşına mübarizəyə nəinki hazırıq, bu mübarizəni aparırıq, özümüzü dünyada təsdiq edirik, gələcəyimizi özümüz müəyyən edirik. Ermənistan isə aydın məsələdir ki, xarici yardım olmadan ümumiyyətlə, heç bir gələcəyi olmayan ölkədir. Hər il Ermənistanı  ən azı 100 min adam tərk edir. Onlar ölkədə yaranmış gərgin sosial-iqtisadi çətinliklərdən təngə gələrək oradan qaçmaq məcburiyyətində qalırlar.  Gələcəkdə regionda gedən proseslər o vəziyyətə gətirib çıxara bilər ki, Ermənistan seçim qarşısında qalar.  O da ola bilər ki, gələcəkdə rəsmi İrəvanın heç seçim imkanı da qalmaz.  Ona görə də ermənilərin və onların havadarlarının xeyrinədir ki, əsassız iddialardan əl çəksinlər, özlərinə məxsus olmayan torpaqları işğaldan azad edərək rədd olub getsinlər.

Məhz o zaman bölgədə sülh, əməkdaşlıq mühiti tam formalaşa bilər. Məhz o zaman Ermənistan da regional layihələrə və  digər məsələlərə qoşula bilər.

Rəsmi İrəvan bu gün də Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirir. Əgər biz bu məsələyə tarixi cəhətdən yanaşsaq, heç kimdə şübhə olmaz ki, bu məsələ ədalətli həllini tapacaqdır və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Çünki beynəlxalq hüquq da daxil edilməklə bütün faktlar, meyarlar  belə deməyə əsas verir ki, bu məsələnin başqa həlli yolu ola bilməz. Prezident İlham Əliyevin vurğuladığı kimi, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaqdır. Heç vaxt Azərbaycan öz torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Erməni dövləti tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə - bütün bunlar bizim tarixi torpaqlarımızdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən İrəvanı Ermənistana bağışlamaq da heç kimin yadından çıxmayıbdır. Yəni, bu tarixi həqiqətdir. İkinci dəfə Azərbaycan torpağında qondarma erməni dövləti yaradıla bilməz. Bu, heç vaxt olmayacaqdır. Ancaq Azərbaycan çalışır ki, məsələ tezliklə öz həllini tapsın. Problemin bizim xeyrimizə həll ediləcəyinə xalqımızın heç bir şübhəsi yoxdur. Dövlət başçımız qətiyyətlə bəyan etmişdir: “Hələ ki, biz diplomatik yollara üstünlük veririk. Bununla bərabər, öz gücümüzü artırırıq... Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Azərbaycanla rəqabət aparmaq üçün onların nə imkanı, nə insan resursları, nə iradəsi, nə də gücü vardır. Azərbaycan bu gün güclü dövlətdir. Həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən, bütün cəhətlərdən. Azərbaycan öz gücünü göstərir və göstərəcəkdir”.

  Keçən il  Azərbaycanın regionda və dünyada aparıcı dövlətlər sırasına yüksəldiyini sübut edən dörd mühüm hadisə baş verdi: Azərbaycan keçən ilin fevral ayında dünyanın qabaqcıl ölkələrinin iştirak etdiyi Böyük İyirmilik Ölkələrinin Meksikada keçirilən tədbirində,  mart ayında isə Koreya Respublikasının paytaxtı Seul şəhərində təşkil olunan Nüvə Təhlükəsizliyi üzrə Zirvə Toplantısında təmsil olundu, respublikamız dünyanın 155 dövlətinin dəstəyi ilə seçildiyi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başladı və may ayında mötəbər quruma sədrlik etdi, Avropanın enerji təminatında mühüm rol oynayacaq TANAP layihəsinin həyata keçirilməsinə dair müqavilə imzalandı. Söhbət regional və qlobal layihələrdən düşmüşkən qeyd etmək yerinə düşər ki, TANAP  layihəsinin təşəbbüskarı da Azərbaycandır.  Ən böyük maliyyə yükünü, bütün texniki riskləri Azərbaycan öz üzərinə götürmüşdür. Bu, bir daha onu göstərir ki, biz  bölgədə icra edilən bütün mühüm layihələrin təşəbbüskarı kimi çıxış edirik. Bizim bu sahədəki liderliyimiz gözəl nəticələrə gətirib çıxarıb. Təsadüfi deyildir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış sənədlərdə Azərbaycan enerji təhlükəsizliyi sahəsində çox önəmli və həlledici tərəfdaş kimi göstərilir.

 TANAP layihəsi regional çərçivədə artıq qəbul edilir.  Bu gün Azərbaycan tərəfdaş ölkələrlə bu layihənin icra edilməsi üçün konkret tədbirlər görür və 2013-cü ildə əlavə tədbirlər görüləcəkdir. Bu layihənin icrası bizim uzunmüddətli inkişafımızı təmin edəcəkdir. Yuxarıda qeyd etdiyimiz  Bakı - Tbilisi — Ceyhan neft kəmərinin layihəsinin reallaşması Azərbaycanın inkişafına, regional inteqrasiyaya, inkişafa, etimad və tərəfdaşlığa hansı səviyyədə müsbət töhfələr vermişdisə,  TANAP layihəsi də bundan sonra onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını eyni dərəcədə təmin etmək, regionda əməkdaşlığı dərinləşdirmək üçün çox ciddi bir vasitə olacaqdır.

Ümumilikdə qeyd edə bilərik ki, mühüm geostrateji məkanda yerləşən ölkəmizin həyata keçirdiyi uğurlu xarici siyasət dünya düzümünün müsbət meyarlar fonunda formalaşmasına özünün müsbət təsirini göstərməkdədir.  Azərbaycanın yürütdüyü siyasət region dövlətlərinin üst-üstə düşən və hər kəsin maraqlarının uzlaşdırılmasını,  uğurlu qarşılıqlı əməkdaşlığın qurulmasını, bununla da sülhün, sabitliyin, təhlükəsizliyin möhkəmlənməsini və regional inkişafın sürətlənməsini  təmin etmişdir.  Bu gün beynəlxalq aləmdə nüfuzu durmadan artan Azərbaycan Respublikası strateji müttəfiqləri ilə əlaqələrini genişləndirir, özünün milli maraqlarını ön planda tutaraq bölgə dövlətləri ilə qarşılıqlı əməkdaşlığı müasir dövrün tələbləri çərçivəsində daim inkişaf etdirir, bu zaman elmi əsaslara söykənən tarazlı xarici siyasətin həyata keçirilməsinə, mehriban qonşuluq münasibətlərinin qurulmasına xüsusi önəm verir. Təcavüzkar Ermənistan isə Azərbaycan kimi qüdrətli və eyni zamanda etibarlı bir tərəfdaşdan və bir çox digər mənfəətlərdən məhrum qalıb. Və torpaqlarımızı işğaldan azad etməyənədək bu vəziyyətdə yaşamağa məhkum ediləcək.

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında