Atalar “Elin gözü tərəzidir” deyəndə onu nəzərdə tuturdular ki, insanlar fırıldaqçını, ikiüzlünü, reneqatı elə ilk görüşdən yaxşı tanıyırlar. Yəni, bu ifadədəki el sözünün Eldar Namazovun yaratdığı “El”ə dəxli yoxdur. Doğrudur , məsələyə bir qədər də dərindən baxsaq, bu məsəlin “El”ə olmasa da, Eldara dəxli olduğunun fərqinə vararıq. Belə ki, camaat Eldar Namazovun nə yuvanın quşu olduğunu artıq çoxdan bilir.
O ki qaldı politoloq Cümşüd Nuriyevin verdiyi proqnozun özünü əlüstü doğrultması məsələsinə, deməliyik ki, Cümşüd müəllim bu fikri səsləndirəndə yeni qitə kəşf etməmişdi, sadəcə, milyonlarla insana məlum olan bir həqiqəti dilə gətirmişdi. Fərq onda idi ki, bu həqiqəti yaxşı bilən Ziyalılar Forumunun digər üzvləri onu söyləməyə cəsarət tapmasalar da Cümşüd Nuriyev belə bir addımı atdı. Politoloqun fikrincə, siyasi müxalifəti təmsil edən hər bir kəsin və hər bir qurumun konkret məramı və mövqeyi olmalıdır. Xüsusən ölkə və xalq üçün mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilində. Eldar Namazovun isə özünün məramı məlum olmadığı kimi onun yaratdığı “El” təşkilatının da mövqeyi bəlli deyil. Hələ heç kəs bilmir ki, bu qurum prezident seçkilərində kimi dəstəkləyəcək. Yaxud prezident seçkilərinə qədər hansı dona girəcəklər.
Bu zaman biz bir məqamı da yadda saxlamalıyıq. Belə ki Cümşüd Nuriyev həmin fikri söyləyəndə – yəni Eldar Namazovun agent olması barədə xalqı xəbərdar edəndə kiminsə tərəfində dayanmaq və ya Eldar Namazova düşmənçilik etmək məqsədi daşımırdı. O, sadəcə Ziyalılar Forumu deyilən qurumun taleyindən narahatlıq ifadə edirdi. Necə ki, etdi. APA agentliyinin hələ fevralın 21-də yaydığı məlumatda göstərilirdi ki, Cümşüd Nuriyev öz fikirlərini bu şəkildə ifadə edib: “Eldar Namazov “El” hərəkatını gündəmə gətirməklə birmənalı şəkildə Ziyalılar Forumunu məhv elədi. Namazovun “El” hərəkatına daxil olması müəyyən qüvvələrin layihəsi idi. Bu layihə çox gözəl şəkildə həyata keçirildi”... “Ziyalılar Forumu ən böyük səhvi orada buraxdı ki, Əkrəm Əylislinin əsərini oxumadan bəyəndi” – deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, forum üzvləri də bəyan etdilər ki, əsəri oxumadan müsbət fikir səsləndiriblər: “Ondan sonra ziyalılar hərəkatında çat yarandı”.
Bəs bu çat kimə sərf edirdi, bu düşmənçiliyin arxasında kim dayanırdı, müxalifət düşərgəsinin yenicə yaradılmış qurumunun dağıdılması kimə lazım idi və Eldar Namazovu kim ortaya gətirmişdi? Bu sualların cavabını hələ ötən ilin dekabrında Azərbaycan müxalifətinin imkanlarını qiymətləndirən Rəsul Quliyevin cavablarında tapmaq mümkündür. Rəsul Quliyev bildirirdi: “İsa Qəmbər və Əli Kərimlinin heç bir seçkidə qalib gəlmək potensialı yoxdur, onların Azərbaycanın həyatında dəyişikliyə nail olmaq imkanları sıfır dərəcəsindədir. Bu insanların hansı məqsədə qulluq etdiklərini özlərindən başqa heç kim bilmir”. Okeanın o tayından göndərilən bu mesajın həqiqət olduğunu hamı bilirdi. O cümlədən ermənilərin Bakıdan getməsini özünün faciəsi kimi qəbul edən Rüstəm İbrahimbəyov da. Ona görə də Rüstəm İbrahimbəyov yeni ssenarilər üzərində işləməli oldu. Çünki müxalif düşərgənin heç bir nümayəndəsinin seçkidə qalib gəlmək şansı yoxdursa, onda xalq yenə də Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcək. Bu prosesi əngəlləmək isə nəinki Rüstəm İbrahimbəyovluq deyildi, hətta belə bir qüvvənin mövcud olması da mümkün deyil. Bəs çıxış yolu nədir? Əlbəttə, aranı qarışdırmağa cəhd eləmək, suyu bulandırmaq. Suyu bulandırmaq üçün isə yeni yol seçilməli idi. Bu missiyanın indiyədək müxalifətdə olub bütün seçkilərdə özünü rüsvay eləmiş adamlardan birinə həvalə edilməsi heç bir səmərə verə bilməzdi. Ona görə də ortaya yeni fiqur atılmalı idi. Ara qarışdırmaq üçün ortaya atılan fiqurun isə beynəlxalq aləmdə hamı tərəfindən qəbul edilən bir adı var : agent.
Cümşüd Nuriyevin fikrincə, müəyyən qüvvələr həmin missiyanı bilavasitə Eldar Namazova həvalə etmişdilər. Bu texnologiya Azərbaycanda Eldar Namazov vasitəsilə həyata keçirilib: “Eldar Namazov “El” hərəkatına daxil olmuş super gizli agentdir... Ziyalılar Forumunun üzvləri başa düşməlidirlər ki, onlar doğrudan da siyasətçi deyillər. Çünki, siyasətçi olan kimsə bu siyasi texnologiyadan xəbərdar olmalı, vaxtında müəyyən etməli idi ki kimin məqsədi nədir". Doğrudur, müxalifətin bir hissəsi əvvəlcə Eldar Namazovun səmimiyyətinə inanmışdı. Sonra çox adam çox şeyi başa düşdü. Gördülər ki, Eldar Namazov müxalifəti içərisindən parçalamaq iddiasındadır. O, elə iqtidarda təmsil olunanda da bu prinsiplərdən bəhrələnməyə çalışmış və özünü birdəfəlik bədbəxt eləmişdi. Doğrudur, o zaman heç nəyə nail ola bilməmişdi, ancaq müxalifəti parçalamaqla öz maraqlarını qoruyub saxlamağı bacardı. Nə idi bu maraqlar?
Məqsəd o idi ki, Azərbaycan müxalifətində kimsənin sözü kimsənin boğazından keçməsin, bu düşərgə prezidentliyə öz namizədini verə bilməsin və ancaq iqtidarın namizədinin iştirakı ilə keçirilmiş prezident seçkisinə görə Azərbaycan beynəlxalq aləmdə qınaq ünvanına çevrilsin. Guya bu nəticəyə görə Azərbaycana olan beynəlxaq inam və etimad azala bilər. Daha agent necə olur? Əsl agent xislətidir. Namazov bu xislətlə hər seçkidə özünü Azərbaycanın gələcək rəhbəri kimi təqdim etməyə çalışan Rəsul Quliyevin planlarını da pozur, özünün agent həmkarı - vaxtilə Viktor Polyaniçkonun himayədarlığı ilə ərsəyə gəlmiş İsa Qəmbərin də. Bir tərəfdən də indiki iqtidarın beynəlxalq aləmdə gündən-günə artan nüfuzuna xələl gətirmək üçün dəridən- qabıqdan çıxır. Ancaq o dərk edə bilmir ki, Rəsul Quliyev, İsa Qəmbər , Əli Kərimli və başqa siyasətçilərlə münasibətdə nəyəsə nail ola bilsə də, daha doğrusu, kimə kələk gələ bilsə də, iqtidarla münasibətlərdə heç nəyə nail ola bilməyəcək. Çünki xalq onun iqtidarda təmsil olunanda ortaya qoyduğu xain və satqın mövqeyindən çox yaxşı xəbərdardır. Bir sözlə, Eldar Namazov iqtidardan qovulanda reneqat damğası qazanmışdı, müxalifətdən isə agent adiyla kənarlaşdırılacaq. Məşhur məsəldə deyildiyi kimi, heç kəs çörəyi qulağına yemir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.