Mühüm geostrateji məkanda yerləşən, yeraltı və yerüstü sərvətlərlə zəngin olan ölkəmiz tarix boyu imperiya xislətli dövlətlərin diqqət mərkəzində olmuşdur. Azərbaycanı işğal etmək və onu daim öz nəzarətində saxlamaq istəyən həmin dövlətlər müxtəlif iyrənc vasitələrə əl atmış, bu məsələdə xəstə təxəyyülə malik ermənilərdən bir dəyənək kimi istifadə etmişlər. Daxilimizdəki satqın, xəyanətkar qüvvələr də həmişə əldə etdikləri çox kiçik faydaların müqabilində imperiya maraqlarının girovuna çevrilərək xalqımızın müsibətlərlə üz-üzə qalmasına səbəb olmuşlar. Tariximizi öyrənməklə və ən əsası ondan dərs götürməklə gələcəkdə baş verə biləcək bütün xoşagəlməz hadisələrin qarşısını almaq mümkündür. Bu mənada 1993-cü il aprelin 2-si Azərbaycan xalqı üçün növbəti kədərli bir tarix olmaqla yanaşı, həm də ibrətamizdir.
Üç əsrdir ki, Azərbaycan “erməniləşdirilməyə” çalışılır və tarixin müxtəlif mərhələlərində Suriyada, Türkiyədə, İranda, İraqda yaşayan ermənilərin “Odlar yurdu”nda məskunlaşdırılması siyasəti həyata keçirilmişdir. Doğrudur, bütün bunların nəticəsində düşmənlərimiz Qərbi Azərbaycan torpaqları üzərində Ermənistan adlı forpost dövlət yarada bildilər. Ancaq əsas məqsədlərinə çata, ölkəmizi bütövlüklə əldə edə bilmədilər. Azərbaycanın müstəqillik əldə etdiyini gördükdə isə quduzlaşmış erməni vandallarını hər cür silah-sursatla təmin edərək, torpaqlarımızın işğal edilməsinə həvəsləndirdilər. Ermənilər öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımları törətdilər, torpaqlarımızı qəsb etdilər, etnik təmizləmələr apardılar. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsizliyi, korafəhimliyi nəticəsində 1993-cü il mart ayının sonu-aprel ayının əvvəllərində Ermənistan Silahlı Qüvvələri Qafqazın zümrüd qaşı hesab olunan Kəlbəcər rayonunu işğal etdilər. Bu qanlı cinayət Azərbaycan xalqına qarşı aparılan soyqırımının növbəti mərhələsini təşkil edirdi.
Onu da deyək ki, Kəlbəcər işğal olunmazdan təqribən bir il əvvəl, yəni 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə erməni faşistləri rayonun Ağdaban kəndində Xocalıdan sonra ikinci soyqırımı hadisəsi törətmişdilər. Azərbaycanlıları öz doğma torpaqlarından qovub çıxarmaq məqsədi ilə Kəlbəcər rayonunun 130 evdən ibarət olan Ağdaban və Çayqovuşan kəndlərini yandırdılar, 779 nəfər dinc əhaliyə qanlı divan tutdular, 32 nəfər mülki və hərbi şəxsi qətlə yetirdilər. Onların 8 nəfəri 90-100 yaşlı qocalar, 2 nəfəri azyaşlı uşaq, 7-si qadın idi. Kənddən 5 nəfər girov aparılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdi. 7 nəfər qarı və qoca kişi diri-diri odda yandırılmışdı. Erməni qəsbkarları Ağdabana hücum zamanı 8 yaşlı Alıyeva Ülviyyə Camal qızının atasını onun gözləri qarşısında gülləliyib, özünü isə quyuda diri-diri basdırmışdılar. Bu, bizə 2011-ci ilin martın 8-də Ermənistan silahlı qüvvələrinin snayperçisinin qətlə yetirdiyi Ağdam rayonunun Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlovu, Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində ermənilərin uşaq oyuncağı içərisində yerləşdirdikləri partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olan azyaşlı Şahmalıyeva Aygün Zirəddin qızı və onlarla digər qətlə yetirilən azyaşlıları xatırlatmırmı? Görün, yırtıcı xislətli vəhşi terrorçular nə qədər azğınlaşıblar ki, məsum uşaqlara da işgəncə verməklə qətlə yetirməkdən həzz alırlar. Həm də elə bir vaxtda ki, bu dövrdə insanın dəyəri, onun yaşamaq hüququ, azadlığının qorunması kimi məsələlər diqqət mərkəzində saxlanılır, ön planda tutulur, uşaqlara, onların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. ABŞ, Avropa Birliyi kimi demokratiya, insan hüquq və azadlıqlarından dəm vuran dövlətlər, qurumlar, müəyyən beynəlxalq təşkilatlar, guya, ölkələrə, təşkilatlara, hətta ayrı-ayrı insanlara qiymət verərkən qeyd olunan meyarları əsas götürdüklərini iddia edirlər. Ancaq təəssüf ki, real həyatda, ən azından Ermənistan və erməni terrorçularının timsalında bunun tam tərsini görürük.
Ağdaban faciəsindən də böyük “zövq” alan erməni vandalları Azərbaycanın daxilində baş qaldıran xaosdan, anarxiyadan, özbaşınalıqdan istifadə edərək daha çox qətllər törətmək, daha çox torpaq işğal etmək üçün hücumlarını davam etdirdilər. Yuxarıda qeyd etdiyimiz kimi, 1993-cü il mart ayının 27-dən - aprelin 2-dək 50 min nəfərdən çox əhalisi və 1936 kvadratkilometr ərazisi olan Kəlbəcər rayonunu, o cümlədən 10 min nəfərə yaxın əhalisi olan Kəlbəcər şəhərini, dünya şöhrətli İstisu kurortunu, 130 kəndi işğal etdilər. Ümummiyyətlə, erməni təcavücü nəticəsində ilkin hesabalamalara görə, rayona o vaxtkı qiymətlərlə 761 milyon ABŞ dolları və ya hazırkı qiymətlərlə təxminən 2 milyard 280 milyon manat dəyərində maddi ziyan dəymişdir. Kəlbəcərin işğalı zamanı 220 mülki vətəndaş qətlə yetirilmiş, 125 nəfər itkin düşmüş və ya girov götürülmüş, ümumiyyətlə, rayon üzrə 511 nəfər vətəndaş şəhid olmuşdur. Bunların 265 nəfəri hərbçilər, 246 nəfəri mülki vətəndaşlardır. İtkin düşmüş mülki vətəndaşlardan 6 nəfəri azyaşlı uşaqdır. Neçə-neçə qız-gəlinlərimiz düşmən əlinə keçməmək üçün özlərini qayadan atmış, çayda boğularaq intihar etmişlər. Burada düşmənin əlinə keçməmək üçün özünü Qamışlı körpüsündən axar çaya atmış Milli kənd sakini, namus, qeyrət mücəssəməsinə çevirilmiş Camalova Zərnişan Kazım qızının əziz xatirəsi yada düşür. Başlıbel kənd sakini Əmiralıyev Çingiz Məhəmməd oğlu bacısı Aygünün ermənilərin əlinə keçməməsi üçün onu özü güllələmişdir. Kəlbəcər oğullarının və qızlarının mətinliyinə aid çox misallar çəkmək mümkündür və onların hamısı bizim üçün əzizdir.
Bu qanlı olay zamanı 1 şəhər, 1 şəhər tipli qəsəbə, 129 kənd erməni qəsbkarlarının işğalı altına düşmüşdür. Bir çox yaşayış məntəqələri vəhşiliklə dağıdılmış, 511 nəfər rayon sakini və 55 hərbçi öldürülmüş, 321 nəfər girov götürülmüşdür. Rayonun 13 min yaşayış evi, 500 ictimai bina, 96 orta məktəb, 76 səhiyyə müəssisəsi, 62 körpü, 37852 hektar meşə sahəsi, 4 tarixi abidə, 172 mədəniyyət ocağı, 100 minlərlə baş mal-qara, qoyun-quzu və s. düşmən işğalında qalmış, talan edilmiş, yandırılmış və erməni xislətinə uyğun vəhşiliklə dağıdılmışdır.
Bəli, Azərbaycanın dilbər guşəsi olan Kəlbəcər düşmən işğalına düşdü. Ancaq bununla bərabər onu da qeyd etmək yerinə düşərdi ki, 1992-1993-cü illərdə və 1993-cü ilin sonu 1994-cü ilin əvvələrində Kəlbəcər uğrunda gedən döyüşlərdə hərbçilərimiz son nəfəslərinə qədər mənfur düşmənlə döyüşərək şəhid oldular. Neçə-neçə həmyerlimiz 1992-ci ildə Vəng, Narınclar, Yanşaq, Bağlıpəyə, Kəlbəcər döyüşlərində: 1994-cü ilin əvvələrində isə Qanlıkənd, Çəpli, Murovdağ döyüşlərində qəhrəmanlıqla vuruşaraq Vətən, torpaq uğrunda canlarını qurban verdilər. Qardaşım – mayor Zamin Feyzulla oğlu Əliyev də həmin günlərdə Azərbaycan Ordusunun igid əsgər və zabitləri ilə birlikdə Kəlbəcər uğrunda aparılan döyüşlərdə yaxından iştirak edirdi. Onun ailəmizə ünvanladığı məktublarda hərbçilərimizin şücaəti barədə sözləri oxuyanda böyük qürur hissi keçirirdik. Bununla bərabər, həmin günlərdə orada hansı hadisələrin baş verdiyi, bu gün “Vətən, xalq” deyərək sinəsinə döyənlərin həlledici məqamlarda döyüş bölgəsində hansı xəyanətlərə yol verdikləri də bizə məlumdur. Murov uğrunda gedən döyüşlərdə qardaşım Zamin Əliyevin daxil olduğu bölük uğurlu hücumla düşmənə ağır zərbələr endirərək xeyli irəliləmiş, ancaq arxadan dəstək qüvvələr gəlmədiyinə görə düşmən mühasirəsinə düşmüşlər. Son nəfəslərinə qədər döyüşən hərbçilərimizdən sağ qalanlar düşmən əlinə keçməmək üçün rəşadət göstərərək özlərini sıldırım qayadan aşağı atmışdılar. Dərənin dibində olan qar topasının üzərinə düşmələri onların həyatını xilas etmişdir. Kəlbəcər uğrunda gedən döyüşlərdə hərbçi şəhidlərdən 3 nəfəri ölümündən sonra Respublika Prezidentinin fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş, 7 nəfərinə isə “İgidliyə görə” medalı verilmişdir.
Beynəlxalq ictimaiyyət Kəlbəcərin işğalına və ümumilikdə, Ermənistan Silahlı Qüvvələrinin, onların himayəçilərinin işğalçılıq hərəkətlərinə kəskin etirazını bildirirdi. Rayona erməni təcavüzü başlayandan dərhal sonra Azərbaycan bölgədə yaranmış vəziyyət haqqında BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə məlumat verdi. Azərbaycan dövləti Təhlükəsizlik Şurasından təcili iclas çağırmağı və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməyi tələb etdi. Azərbaycanın bu tələbi qardaş Türkiyə tərəfindən müdafiə olundu. Məhz Kəlbəcərin işğalından sonra Türkiyə Cümhuriyyəti Ermənistanla sərhədini bağladı və bu gün erməni lobbisinin, həmçinin bəzi maraqlı dövlətlərin etirazlarına baxmayaraq qardaş ölkə rəsmi İrəvanla diplomatik əlaqə qurmur. Sərhədlərin açılması məsələsinin isə yalnız Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsindən sonra mümkün olacağını qətiyyətlə bəyan edir.
1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının 3205-ci iclasında Ermənistan — Azərbaycan münaqişəsinə dair 822 saylı qətnamə qəbul edildi. Qətnamədə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin daha da gərginləşməsi ilə əlaqədar Təhlükəsizlik Şurasının ciddi narahatlıq keçirdiyi bildirilir, bununla da Ermənistan Respublikasının münaqişədə bu və ya başqa formada iştirakı etiraf olunurdu. Bundan əlavə, sənəddə bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, eləcə də sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyi bir daha təsdiq olunurdu. Tərəflərin BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin yerinə yetirilməsi və ATƏM (indiki ATƏT) çərçivəsində danışıqlar prosesinin bərpa olunması barədə Minsk qrupuna daxil olan 9 ölkənin nümayəndələrinin Romada işləyib hazırladığı təklifləri qəbul etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam və Ağdərə bölgələrində döyüş əməliyyatlarını gücləndirdilər.
Ermənistan Silahlı Qüvvələrinin ərazilərimizin, o cümlədən Kəlbəcər rayonunun işğalında iştirakı, qeyri - insani hərəkətləri və qəddarlığı beynəlxalq qurumların sənədlərində də öz əksini tapmışdır. Məsələn, bu işğal qeyri-hökumət təşkilatı olan “Human Rights Watch”un “Azərbaycan: Dağlıq Qarabağda münaqişənin 7 ili” (Nyu-York, 1994-cü il, səh. 67-73) məcmuəsində də təsdiq olunub. Bundan əlavə, 1998-ci ildə Ermənistanda keçirilən seçkilər zamanı səyyar səsvermə qutuları Kəlbəcər rayonunda yerləşdirilən erməni əsgərlərinin səsini toplamaq üçün Ermənistan Respublikasının dövlət sərhədindən keçirilib. Bu da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ermənistanda 1998-ci il martın 16-sı və 30-da keçirilən prezident seçkilərinə dair 1998-ci il 10 aprel tarixli yekun hesabatında öz əksini tapıb.
Hazırda Kəlbəcər rayonunun əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məcburi köçkün şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13 minədək fərdi mənzil, 37.852 hektar meşə sahəsi indi də talan olunmaqdadır. BMT-nin, ATƏT-in və digər nüfuzlu beynəlxalq qurumların prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb və bu proses bu gün də davam etdirilir.
Ermənilər sözün həqiqi mənasında barbar, vəhşi bir xalq olduğunu Kəlbəcərin işğalı zamanı da göstərmişdir. O vaxtlar çoxlu sayda tarixi - mədəni abidələr erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə dağıdılmışdır. Rayonun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Cəlal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçənli kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan Silahlı Qüvvələri tərəfindən məhv edilib.Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da bu gün işğal ərazisində qalmaqdadır.
Bu gün dünyanın bütün beynəlxalq təşkilatlarının Ermənistanı işğalçı dövlət kimi qəbul etməsi, ABŞ, Rusiya, Fransa, Türkiyə, Böyük Britaniya, Almaniya, Çin, Yaponiya, İran, İtaliya, Rumıniya, Polşa kimi ölkələrin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıması işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad edilməsinə ümidlərimizi artırır. Reallıq budur ki, BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Müstəqil Dövlətlər Birliyi, GUAM, Türkdilli Dövlətlər Birliyi və eləcə də, bütün beynəlxalq təşkilatlar Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll olunmasını tələb edirlər. Onlar qətiyyətlə bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, beynəlxalq təşkilatlar və dünya birliyi Azərbaycan torpaqlarının işğalı faktı ilə artıq barışmaq istəmir, torpaqlarımızın tezliklə azad edilməsini tələb edirlər. Azərbaycan xalqının da artıq səbri tükənmək üzrədir. İctimaiyyət əmindir ki, problem sülh yolu ilə həllini tapmadığı zaman, son sözü Cənubi Qafqazın ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri deyəcək. Bunun üçün isə xalqın qətiyyəti, Ali Baş Komandan İlham Əliyevin iradəsi və dövlətimizin iqtisadi qüdrəti vardır.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.