Radikal müxalifət düşərgəsində “MÖVQE DÖYÜŞLƏRİ”

 

 

 

 

Xəstə təfəkkürlü və qara niyyətli insanlar həmişə  öz arzularını reallıq kimi qələmə verməyə çalışırlar. Xəbislik, natəmizlik kimi keyfiyyətlər isə onlara öz arzularını reallaşdırmağa imkan vermir. Görünən odur ki, gecə-gündüz işsiz-gücsüz veyillənən radikal müxalifət düşərgəsindəki bu qəlbiqara insanlar və xaricdə yaşayaraq həmişə Azərbaycana, azərbaycanlılara yuxarıdan aşağı baxan antimilli, antiazərbaycan dairələrilə yanaşı erməni lobbisi ilə də sıx əlaqə saxlayan, onların tapşırıq və tövsiyələrini canla-başla yerinə yetirən  “ictimai-siyasi xadimlər” də eyni yolun yolçularıdır.

Bir vaxtlar Müsavat Partiyasının “kölgə kabinet” siyahısı açıqlanmışdı. Partiyadan verilən açıqlamalardan isə belə məlum oldu ki, İsa Qəmbərin heç bundan “xəbəri yox imiş”. Radikalların gizli niyyətlərini açıq şəkildə ortaya qoyan başqa bir siyahı isə bugünlərdə hansısa “Milli Şura” adı altında ictimaiyyətə sırınmağa çalışıldı. Onu da deyək ki, antidemokratik şuraya uzun illər müxalifətdə olan bir sıra intellektual səviyyəli, vətənpərvər müxalifət liderlərinin və yaxud siyasi fəalların, ictimai xadimlərin adları salınmayıb. Əvəzində isə ermənilərlə əməkdaşlıqda “ad-san” qazanan, hərbi xidmətdən yayınan, Vətənini satan, xəyanət edən bəzi üzdəniraqların adları ön sıralarda qeyd olunub. Bütün bunlar budəfəki siyahının Moskvadakı erməni lobbisinin sərəncamlarını yerinə yetirən Rüstəm İbrahimbəyov və ya reneqat Eldar Namazov tərəfindən hazırlanmasına şübhə yeri qoymur. İctimaiyyətə də məhz R. İbrahimbəyovun tərtib etdiyi şura siyahısı kimi təqdim edilməsi də, əslində, bunu təsdiq edirdi. Amma müxalifət düşərgəsində elə bir etiraz dalğası baş qaldırdı ki, təlaşa qapılan kinorejissor “öz əsərindən” də imtina etməli oldu.

 Rüstəm İbrahimbəyov deyib ki, “Milli Şura”nın yaradılması onun  ideyasıdır. Guya çalışır ki, partiyaların, “Ziyalılar Forumu”nun, “El” hərəkatının orada konkret üstünlüyü olmasın. Onun fikrincə, şura həqiqi mənada cəmiyyətin ümumi rəyini, mövqeyini ehtiva etməlidir. Belə anlaşılır ki, guya idramaturq bütün bunları nəzərə alaraq siyahını tərtib edib, ancaq etirazları görəndən sonra bunun dalından qaçmaqla hücumları səngitməyə çalışır. Deyib ki, guya siyahının onunla bağlılığı yoxdur, onu kimin yazdığını da bilmir. Belə bir siyahı hazırlayıb yayanların bunu niyə etdiklərini və məqsədlərinin nə olduğunu anlamaqda da möhkəm çətinlik çəkirmiş. Xüsusilə vurğulayıb ki, artıq “El” hərəkatından reneqat Eldar Namazov açıqlama verib və siyahının mənim hazırlamadığımı bildirib. Qəribə deyilmi? Kimin nəyinə lazımdır ki, bu cür siyahını hazırlasın və Rüstəm İbrahimbəyovun adından yaysın?  Bir çox müxalifətçi funksionerlərin də qeyd etdiyi kimi,  Rüstəm İbrahimbəyov və buqələmun siyasətçi Eldar Namazov “Milli Şura” adı altında fəaliyyət istiqaməti qeyri-müəyyən olan qondarma quruma üzvləri “təyin etməklə” radikal düşərgədə  “aparıcı” rol oynadıqlarını gözə soxmaq istəyiblər. 

“Aparıcı” demişkən, müxalifət düşərgəsinin liderləri  əvvəllər “aparıcı müxalifət” sözü üstündə bir-birini qırırdılar. Sonralar onlardan hansısa ortaya söz atdı ki, maşın və traktorlarda “aparıcı” ifadəsi arxa təkərlərə şamil edilir. Elə olanda “arxa təkər” olmaq istəməyən başbilənlərin hamısı  “ana müxalifət” ifadəsinin ancaq öz partiyalarına şamil edildiyini söyləməyə başladı. Onda da belə replikalar səsləndi ki, “elə bilirlər ana olmaq asandır”.  Buna görə də son günlər “analıqdan” imtina edən radikal düşərgədəki bəzi siyasi partiya liderləri bu dəfə müxalifətin “vahid namizədi” ifadəsi ətrafında “diskussiyaları” dərinləşdirməyə başladılar. Hazırda bu düşərgənin hər 2 nəfərindən biri prezidentliyə namizədlik iddiasında olduğu üçün “vahid namizədin” kim ola biləcəyini, daha doğrusu bu anlayışın aqibətinin necə olacağını indidən demək çətindir. Ancaq bu reallıqdır ki, reneqat Eldar Namazov və onun kölgəsinə sığınan Rüstəm İbrahimbəyov Müsavat Partiyasının başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlinin sıradan çıxarılması üçün var qüvvələri ilə çalışırlar. Yəni, necə deyərlər, ayının min oyunu bir armudun üstündədi. “El” hərəkatı da bu məqsədlə quruldu, “Milli Şura”nın yaranması ideyası da məhz bu məqsədlə ortaya atıldı.

Reneqat Eldar Namazov və onun “siyasi məsləhətçisi” kinorejissor Rüstəm İbrahimbəyovun digər bir planı da budur ki, AXCP-yə və Müsavat Partiyasına üzv olanları “El” hərəkatına cəlb etməklə radikal düşərgədə mövqelərini möhkəmləndirsinlər. Bunlar hərəkatın bölgələrdəki nümayəndəliklərini də həmin partiyaların yerli təşkilatlarının üzvləri hesabına formalaşdırmağa çalışırlar. Dəstə fəalları rayonlara səfərlər edərək AXCP və Müsavat Partiyasının üzvləri ilə görüşlər keçirir, onlara şirinikləndirici vədlər verərək yerli nümayəndəliklərinə üzv olmağı təklif edirlər.  Təbii ki, buqələmun siyasətçinin və kinorejissorun bu əməlləri istər AXCP-də, istərsə də Müsavat Partiyasında çox kəskin etirazların yaranmasına səbəb olur və bu, müxtəlif formalarda özünü büruzə verir. Müsavat Partiyasının ruporu olan “Yeni Müsavat”  qəzetinin dünənki sayında qeyd olunur ki, “öz bəd əməllərinə görə Azərbaycan cəmiyyəti qarşısında ifşa olunmuş Rüstəm İbrahimbəyov indi də xaricdə oturaraq müxalifətə göstərişlər verir, özünü ”səlahiyyət sahibi" kimi aparır, absurd ideya olan “Milli Şura”sının formalaşdırılmasında müstəsna hüquqa malik olduğunu və həmin quruma rəhbərlik etmək iddialarını gizlətmir". AXCP-nin aparıcı simaları isə belə bir arqument irəli sürürlər ki, siyasi riyakar və reneqat Eldar Namazovun öz tərəfdarları da ondan uzaq qaçmağa çalışırlar. Onlar fikirlərini belə əsaslandırırlar ki, əgər belə olmasaydı, Eldar Namazovun dəstəsinin üzvləri  “El” hərəkatında təmsil olunmaq istəyərdilər. Bəs nəyə görə reneqatın ən yaxın “dostları”  qondarma hərəkata qoşulmur? AXCP fəalları iddia edirlər ki, reneqatın dəstəsində olanlar onun səviyyəsinə, siyasi bacarığına və perspektivinə inanmırlar. Ona görə də onun yanında “ikinci adam” olmaq istəmirlər.

Yuxarıda qeyd etdiyimiz kimi, dağıdıcı müxalifət düşərgəsində baş qaldıran qarşıdurmaların əsas səbəbi müxalif dəstəbaşıların prezident seçkilərində “vahid namizəd” olmaq arzusudur. Bu gün heç kəsə sirr deyil ki, 1988-ci ildən bəri Azərbaycan müxalifətinin nə siyasi siması, nə fəaliyyət forma və üslubları, nə də düşərgəyə mənsub siyasi partiya başçılarının  siyasi xarakterləri dəyişib. Onlar ölkənin siyasi arenasına yeni qüvvə və ənənələrin, yeni şəxsiyyət və şəxsi keyfiyyətlərin gəlməsinə həmişə ciddi müqavimət göstərib və bu gün də göstərirlər. Əkizlər kimi biri-birinə oxşayan müxalif siyasi partiyalar yalnız öz mövcudluqlarını qoruyub saxlamağa çalışırlar. Bu partiyaların proqram və nizamnamə sənədləri, quruluşları, hətta funksioner və təəssübkeşləri də az qala bir-birinin eynidir. Onların mübarizəsi qarşılıqlı ittihamlara əsaslanır. Həmin ittihamların kökündə isə kimin daha nüfuzlu “lider” olduğunu sübuta yetirmək durur. Onlar bəzən müttəfiqlik sazişi imzalayır və bundan fəxr duyduqlarını bəyan edirlər.  Amma belə “qürurlu anlar” çox da uzun sürmür. Dünənki müttəfiqlər olan həmin partiyalar və siyasi liderlər arasındakı bugünkü qarşıdurma seçkilər yaxınlaşdıqca, heç şübhəsiz, böyüyərək ziddiyət və qarşıdurma müstəvisinə keçəcək və yəqin ki, müxalifətin digər qollarını da əhatə edəcəkdir.

Bu məqamda qeyd etmək yerinə düşər ki, ötən günlərdə bəzi aldadılmış gənclərlə keçirdiyi görüşdə Müsavat başqanı İsa Qəmbər  digər müxalifət partiyaları ilə bağlı bir sıra ittihamlar səsləndirib. O, müxalif partiyaların bir qisminin hakimiyyətin, bir qisminin İranın, digər qisminin isə Rusiyanın nəzarətində olduğunu deyib. Bununla yanaşı, İsa Qəmbər 2003-cü il hadisələrinə də toxunaraq bildirib ki, o dövrdə müxalifətin vahid namizədinin müəyyənləşdirilməsində ən çox əziyyət çəkən özü olub, amma digərləri buna razı olmayıblar. Buna görə də, o hazırda “müxalifətin vahid namizədi”nin olmasını istəmir. İsa Qəmbər partiyaları mövqesizlikdə və boş-boş fəaliyyətdə də günahlandırıb. Müsavat başqanının açıqlamalarına cavab olaraq Vətəndaş və İnkişaf Partiyasının  sədri Əli Əliyev bildirib ki, İsa Qəmbərin özü haqqında müxtəlif dövrlərdə müxtəlif məlumatlar olub. Onun Viktor Polyaniçko tərəfindən yaradılan “Gənc alimlər klubu” vasitəsilə siyasətə gəlməsi və bir sıra başqa məlumatlar mövcuddur. İran məsələsinə gəlincə, hakimiyyətdə olduğu dövrdə neft kəmərinin İrandan keçməsini müdafiə edən, İran dövlətinin maraqlarının güdülməsinin müəllifi olan şəxs də İsa Qəmbər olub. O qeyd edib ki, əslində 2003-cü ilin uğursuzluğunu da İsa Qəmbərin ayağına yazmaq lazımdır. Çünki o vaxt “məşhur” London səfərində “vahid namizəd”  məsələsində razılığa gəlinməməsinin səbəbi məhz İsa Qəmbərin mövqeyi idi: “1998-ci ildə “Beşlər” formatı var idi. Orda Elçibəyin vahid namizəd olması məsələsi həll olunurdu. Lakin İsa Qəmbərin mövqeyi beşlər formatında Elçibəyin vahid namizədliyinə mane oldu. İsa Qəmbər ümumi fəaliyyətində daim Azərbaycan müxalifətini parçalamaqla vahid platformanın əmələ gəlməməsinə xidmət edən bir şəxsdir. Həlledici məqamlarda da həmişə qaçıb gizlənib. Bu, 20 Yanvar hadisələrində də oldu. Hadisələrdən bir qədər əvvəl cəbhənin konfransı olmuşdu. O vaxt “demokratiyadan milli müstəqilliyə” şüarı altında qütbləşmə yaratdılar. Sonra da 20 yanvar hadisələrində hamısı qaçıb gizləndi. Heç biri küçəyə çıxmadı”.

Müsavat Partiyası ilə AXCP arasında “mövqe döyüşləri” də davam edir. Müsavat başqanının müavini Gülağa Aslanlı deyib ki, “İctimai Palata”ya daxil olan partiyaların prezidentliyə namizədləri müəyyənləşdikdən sonra bu namizədlər arasından vahid namizəd seçiləcək: “Əli Kərimli namizədliyini irəli sürməyəcəksə, artıq İsa Qəmbər vahid namizəd olacaq. Lakin Əli Kərimli namizədliyini irəli sürərsə, onda vahid namizəd məsələsi müzakirə oluna bilər”.  AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə deyib ki, partiyalarının  prezidentliyə namizədi artıq məlumdur və iyun ayında keçiriləcək Ali Məclisin sessiyasında namizəd rəsmi şəkildə elan olunacaq: “Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi məlumdur. Bu, Əli Kərimlidir. Sadəcə olaraq, “İctimai Palata”da fəaliyyətimizin istiqaməti hazırda müxalifətin daha geniş inteqrasiyasına nail olmaqdır. İndi kimsə vaxtından əvvəl addım atırsa, bu, onun öz işidir. Cəmiyyətdə az tanınan adamlar var ki, onlar da namizədliklərini irəli sürürlər. Heç kimin şübhəsi olmasın ki, bizim namizədimiz olacaq". 

Yəqin ki, Həsən Kərimov  bu sözləri  Müsavat başqanı İsa Qəmbərə və reneqat Eldar Namazova ünvanlayıb. Çünki məhz onlar bu gün “müxalifətin vahid  namizədi” olmaq üçün dəridən-qabıqdan çıxırlar. Təbii ki, bu halda belə bir sual ortaya çıxır: Ümummiyyətlə, radikal düşərgədəki bu “liderlər”in hansındasa zərrəcə dövlət başçısı qabiliyyəti varmı ki, bu iddiaya düşürlər?  Görəsən bunlar özlərini Prezident İlham Əliyevə rəqib kimi göstərməyə çalışanda vicdan əzabı çəkirlərmi? Həqiqətən də onlar ictimaiyyət tərəfindən hansı münasibətə layiq görüldüklərini dərk etsələr, bu addımı atmağa cəsarətləri çatmazdı.

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında