Onların ölkədə xaos, anarxiya, hərc-mərclik yaratmaq arzusu iflasa məhkumdur
Dünyada gedən demokratikləşmə proseslərindən həvəslənən radikal müxalifət düşərgəsi qarşıdan gələn prezident seçkilərini fürsət bilərək ölkədə qarışıqlıq yaratmaq üçün dəridən-qabıqdan çıxır. Mövcud ictimai-siyasi vəziyyət, real faktlar da belə deməyə əsas verir ki, demokratiya ilə heç bir əlaqəsi olmayan qaragüruhun bu istəyinə nail olması qətiyyən mümkün deyil. Məsələ burasındadır ki, son illərdə Azərbaycan müxalifətinin cilddən-cildə girərək dəyişdiyini, öz sosial bazasının 90-95 faizini itirdiyini, siyasi partiyaların kommersiya mərkəzinə çevrildiyini öz gözləri ilə görən hansı azərbaycanlı bu dəstənin dalınca gedər? Məgər insanlar görmürlərmi ki, adı müxalifət olan bu dəstədə son illərdə nəinki bir irəliləyiş və ya inkişaf yoxdur, hətta, 1993-cü il səviyyəsindən də qat-qat aşağı səviyyədədir.
Dağıdıcı düşərgədəki bəzi funksionerlər isə son vaxtlar belə bir iddia irəli sürürlər ki, 1988-ci ildən başlayan milli azadlıq hərəkatının “fəalları” bu gün də onların sıralarındadır. Yəni, iddia budur ki, həmin günlərdə kütləni ayağa qaldırmaq bacarığına malik olanlar, ötən illər ərzində qazandıqları “təcrübədən” bəhrələnərək bu gün də eyni addımları ata, “xalqı meydanlara” çıxara bilərlər. Guya, dünyanın “demokratik” dövlətlərinin Azərbaycana münasibəti və ölkəmizdəki hazırkı vəziyyət də bunu şərtləndirə bilər. Əvvəla onu qeyd etməyi lazım bilirik ki, radikal funksionerlərin irəli sürdükləri bu iddiaların heç bir əsası yoxdur və bu kimi arqumentlər artıq çoxdan çürüyüb. Çünki həmin dövrdə məram nə olursa-olsun, Azərbaycan xalqının əsas qayəsi müstəqillik əldə etmək idi. Bu gün bu məqsədlər tam reallaşıb və müstəqil Azərbaycan Respublikası nəinki Cənubi Qafqaz regionunun, hətta dünyanın ən sürətli inkişaf edən ölkələri sırasında öz layiqli yerini alıb. 1988-ci ildən başlayan etiraz aksiyalarının konkret məqsədi Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına rəvac verən Kremlin milli ayrı-seçkiliyini ifşa etmək, Azərbaycan xalqının mənafelərini ayaq altına atan Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun istefasına nail olmaq idi. Məhz həmin ali məqsədlərin mahiyyətini yaxşı dərk edən yüz minlərlə insan xalq hərəkatına qoşulmuşdu. Bəli, söhbət məhz xalq hərəkatından gedirdi, Xalq Cəbhəsindən yox. Bu hərəkatın dalğasında hakimiyyətə gəlmiş AXC-Müsavat iqtidarı qısa müddət ərzində onlara göstərilən etimadı elə məhv etdilər ki, indi onlara nəinki öz partiyadaşları, heç qohum-qardaşları da inanmırlar.
Bugünkü Azərbaycan müxalifətinin “aparıcı simalarını” yada salmağa, təqdim etməyə ehtiyac yoxdur. Xalq AXCP-çilərin də, müsavatçıların da rəhbərlərini çox yaxşı tanıyır. Mövcud olduqları 15-20 ildə dəfələrlə parçalanıb bir o qədər də birləşən bu partiyaların “dəyanəti” də, “mətanəti” də, “siyasi prinsipiallığı” da hamıya çox yaxşı məlumdur. Əslində, AXCP-ni və ya Müsavatı qınamaq doğru deyil. Çünki bu siyasi təşkilatların rəhbərliyində lider yoxdur və heç zaman olmayıb. Vaxtilə Müsavat Partiyası rəhbərliyində təmsil olunan, divan-kreslo üzvlərinin 90 faizi ayağını bir başmağa dirədilər ki, İsa Qəmbər, istefa ver, çıx get ki, bəlkə bu partiyanı kimsə bir az dirçəldə bilsin. İsa Qəmbər isə Qəddafi kimi iki ayağını bir başmağa dirədi ki, yox, bəylər, sizin hamınızı güdaza verərəm, amma istefa vermərəm. Hakimiyyət hərisliyi kimi iyrənc bir xüsusiyyətə malik olan belə “lider”in arxasınca kim gedər? Təbii ki, ağlı başında olan heç kəs. Bu, həmin İsa Qəmbərdir ki, vaxtilə parlamentin sədri olarkən , prezident Əbülfəz Elçibəydən xəbərsiz dövlət başçısının səlahiyyətlərinin bir hissəsinin parlament sədrinə verilməsi haqqında qərar qəbul edilməsinə nail olmuşdu.Yəni, faktiki olaraq prezidentə tələ qurmuş, ölkə ərazisində istədiyi kimi fəaliyyət göstərmək üçün dövlət başçısının səlahiyyətlərinin bir hissəsini oğurlamışdı. Oğurluq və bu kimi başqa əməlləri isə o qədər də çox gizlətmək olmur.
İsa Qəmbər Əbülfəz Elçibəyə qarşı növbəti dönüklüyünü bu əməlindən çox sonralar, Elçibəyin Kələkidən qayıtmasından sonra reallaşdırmışdı. Elçibəy növbəti prezident seçkisindən hələ xeyli əvvəl televiziya jurnalistinin suallarını cavablandırarkən demişdı ki, mən prezident olanda qədrimi bilmədiniz, növbəti dəfə olanda bilərsiniz. Ə. Elçibəyin bu ifadəsi İsa Qəmbəri necə əndişələndirmişdisə, dərhal qaçıb öz namizədliyini irəli sürmüşdü. Hətta Elçibəyin son xahişini də nəzərə almamışdı. Mərhum eks-prezident ondan xahiş etmişdi ki, bu prezident seçkiləri mənim axırıncı şansımdır, qoy müxalifətin vahid namizədi mən olum. İsa Qəmbər isə birmənalı şəkildə rədd cavabı vermişdi.
Söhbət mərhum Əbülfəz Elçibəydən düşmüşkən, onun AXCP sədri Əli Kərimli tərəfindən zəhərlənməsi barədə iddiaların bilavasitə zəhərlənmiş şəxsin özü və bu ittihamda şübhəli bilinən Əli Kərimlinin daimi ünsiyyətdə olduğu adamlar tərəfindən irəli sürülməsi məsələnin kifayət qədər ciddi olması ilə yanaşı, özünü lider hesab edən bir şəxsin mənfur niyyətlərini də üzə çıxarır. Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Bakı Şəhər Prokurorluğuna müraciətindən sonra məsələ ilə əlaqədar cinayət işi açılmış, bununla əlaqədar Əbülfəz Elçibəyə yaxın olan adamlar və həmin dövrdə Xalq Cəbhəsinin fəalları olmuş şəxslərin bir qismi prokurorluqda dindirilmişdir. Əbülfəz Elçibəyin qardaşı oğlu, “Milli İdeya Naminə” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev və Xalq Cəbhəsinin bəzi fəalları da bildirirlər ki, həqiqətən də Əbülfəz Elçibəy Əli Kərimli tərəfindən zəhərləndirilmişdir.
Əli Kərimlinin insanlığa yaraşmayan bu çirkin hərəkətində əsas məqsədi Xalq Cəbhəsini ələ keçirmək olub. Hadisələrin gedişi də bunu təsdiqlədi. Əli Kərimli min hiylə və məkrlə Əbülfəz Elçibəyə böyük məhəbbəti və dəstəyi olan şəxslərin hamısını tədricən kənarlaşdıraraq özünü AXCP sədri “seçdirdi”. Yəni Əli Kərimlini oxuculara məxsusi təqdim etməyə ehtiyac yoxdur. Onu ölkədə hamı Əbülfəz Elçibəyin qurduğu partiyanı dağıtmış “siyasətçi”, Azərbaycandan dünyanın hər yerinə, hətta, ermənilərə də şikayət etmiş “hüquqşünas”, AXC sədrinin vəsiyyətlərini xalqdan gizlətmiş “silahdaş”, Tbilisidə ermənilərlə pul müqabilində əməkdaşlıq edənlərin himayədarı və ən nəhayət, İsa Qəmbərlə birlikdə Azərbaycan müxalifətinin “ölməz Kaşşey”lərindən biri kimi tanıyır.
Dağıdıcı müxalifət düşərgəsindəki bəzi üzdəniraqlar isə guya siyasət səhnəsinə “yeni lider” gəldiyini iddia edirlər. Onların “lideri” isə reneqat, buqələmun siyasətçi Eldar Namazovdur. Biz reneqat, buqələmun sözlərini təsadüfən işlətmədik. Eldar Namazovun “liderlik keyfiyyətlərini” ifadə etmək üçün məhz bu sözlərdən istifadə olunması artıq zərurətə çevrilib. Çünki onun siyasi dünyagörüşünü, mövqeyini və şəxsi xüsusiyyətlərini başqa cür ifadə etmək mümkün deyil. Təcrübəli siyasətşünaslar da qeyd edirlər ki, Eldar Namazovun və onun rəhbərliyi altında yaradılan “El” hərəkatının heç bir siyasi perspektivi yoxdur.
ASDP həmsədri Araz Əlizadə deyib ki, “El” pensionerlər klubudur. O qurumda təmsil olunanların hamısı yaşlı insanlardır. Bu ruhla, imkanlarla hara getmək olar? Sovet dövründən qalmış hansısa müəssisəyə rəhbərlik etmiş adamları bir yerə yığmaqla nəyə nail olmaq istəyirlər? Onlar müasir dövrün tələblərini bilmirlər, təşkilati baxımdan da bu qurumun statusu qeyri-müəyyəndir. “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev isə qeyd edib ki, Kommunist Partiyasının qalıqlarını yığıb bunu yeni nəfəsin ifadəsi kimi təqdim etmək hansı dəyişikliyə gətirib çıxara bilər? Oturuşmuş dünya görüşü olan nomenklatura işçiləri Azərbaycana hansı yenilik gətirəcək? Eynulla Fətullayevin fikrincə, “El” yeni siyasi cırtdandır.
Bugünədək “vahid namizəd” məsələsini həll edə bilməyən bir qrup insanın özünü müxalifət adlandırması artıq gülünc görünür. Ölkə əhalisinin müxalifətə az da olsa rəğbəti yoxdur. Uzun illər ərzində müxalifətdə olanlar vətəndaşları inandıra bilməlidirlər ki, ölkəni iqtidardakılardan yaxşı idarə edəcəklər. Azərbaycan xalqı bu adamların ölkəni idarə etməsini görüb və o insanların hamısını çox yaxşı tanıyıb. Sonradan bu düşərgəyə pənah aparanların nə qədər üzüdönük, reneqat olduğunu da yaxşı bilirik. Elə bugünkü müxalifət düşərgəsinin bütün problemlərinin təməlində də məhz həmin məsələ — xalqın onları çox yaxından tanıması dayanır. Bir sözlə, müxalif düşərgə ümid etdiyi bütün şanslarını çoxdan itirib.
Digər tərəfdən, insanları meydanlara, qeyri-qanuni mitinqlərə səsləyən müxalifəti təmsil edən 50-60 adam meydana çıxacaq olarsa, onlar nəyə etiraz edəcəklər? Ölkənin başdan-başa inkişaf etdirilməsinin qarşısını almağamı çağıracaqlar? Bütün regionların iti sürətlə müasirləşdirilməsinə etirazmı edəcəklər? Son 7 ildə ölkədə tikilən 3 minədək məktəb binasının çoxluğundanmı şikayətlənəcəklər? Qısa müddətdə 1 milyon 200 min yeni iş yerinin yaradılmasınımı qeyri-məqbul sayacaqlar? Azərbaycanın regionun lider ölkəsinə çevrilməsinin qarşısınımı almağa çalışacaqlar, yoxsa rəsmi Bakının BMT daxil olmaqla bütün beynəlxalq təşkilatlarda aparıcı söz sahibinə çevrilməsini düzgün saymayacaqlar? Nə istəyəcəklər, nə deyəcəklər, nə üzlə xalqın qarşısına çıxacaqlar? “Xalqın qarşısı” deyəndə onların arxasınca gəlməsi ehtimal olunan 70-80 adamı nəzərdə tutmuruq, ekrandan, efirdən, qəzetdən, mətbuatdan xəbərləri izləyənləri nəzərdə tuturuq. Onlar yenə də ölkəni 1990-cı illərin əvvəllərindəki hərc-mərclik dövrünə qaytarmaq istəyirlər. Qaytara bilməyəcəklər və növbəti dəfə rüsvay olacaqlar.
Qarşıdan gələn prezident seçkilərinin, guya, qeyri-demokratik şəraitdə keçiriləcəyinə dair müxalifət düşərgəsindən səslənən iddialara gəlincə, onlara 2008-ci ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkilərinin gedişini müşahidə etmək üçün ölkəmizə gələn yüzlərlə əcnəbi siyasətçi və parlamentari arasında olan almaniyalı deputatın ürək sözlərini xatırlatmaq istərdik. O yazmışdı: “Arzu edərdim ki, mənim ölkəmdə də seçkilər bu şəkildə şəffaf və ədalətli keçirilsin”. Əminik ki, həmin müşahidəçilərin hesabatlarının surəti Bakıdakı Almaniya səfirliyində saxlanılır və bəziləri həqiqəti dərk eləmək üçün o hesabatlara baxa bilər. Yaxud 1995-ci ildə Azərbaycanda olmuş Almaniya parlamentinin üzvü Villi Vimmer yazmışdı: “İndi Azərbaycan İkinci Dünya müharibəsindən çıxmış Almaniyanı, Prezident Heydər Əliyev isə kansler Adenaueri xatırladır. Əgər daxili və xarici qüvvələr Heydər Əliyevə mane olmasalar, işləməyə imkan versələr Azərbaycanın indiki inkişaf mərhələsi onun tarixinə intibah dövrünün başlanğıcı kimi daxil ola bilər”.
Mərhum Vimmer haqlı idi. O zaman Heydər Əliyevə də mane olmaq istəyənlər çox idi. Ancaq əl-ayağa dolaşmaqdan başqa heç nəyə nail ola bilmədilər. İndi Prezident İlham Əliyevin dünya miqyaslı nüfuzu qarşısında duruş gətirə bilməyən erməni lobbisi, xaricdəki antimilli, antiazərbaycan qüvvələri daxilimzdəki radikal müxalifətdən vasitə kimi istifadə etməyə çalışır. Unudurlar ki, Azərbaycan bu gün mərhum Vimmerin proqnoz verdiyi intibah dövrünü yaşayır. Bəzi mətbuat orqanlarında və “Facebook” sosial şəbəkəsində hərzə-hədyan danışmaqla bu intibahı və inkişafı əngəlləmək mümkün olmayacaq.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.