“Bakı bu gün dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevrilir. Bakıya gələn hər bir qonaq bunu qeyd edir, bunu vurğulayır. Bu, doğrudan da çox sevindiricidir. Bakı bizim mərkəzimizdir, ürəyimizdir, paytaxtımızdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da Novruz bayramı ilə bağlı Bakıda keçirilmiş şənlikdə öz çıxışında vurğulamışdır.
Dövlət başçısı qeyd etmişdir ki, hər bir vətəndaş çalışmalıdır ki, Bakı daha da gözəlləşsin, abadlaşsın. “Son illər ərzində Bakının abadlaşdırılması üçün çox böyük işlər görülmüşdür. 2011-ci ildə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir. Proqram bu ilin sonuna qədər başa çatmalıdır və qəsəbələrdə mövcud olan bütün infrastruktur məsələləri öz həllini tapacaq”,-deyə ölkə başçısı bildirmişdir.
Xatırladaq ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası Bakı qəsəbələrinin inkişafını sürətləndirmiş, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. Qaz, su, kanalizasiya, enerji təminatı sahəsində mühüm işlər görülmüş, yaşayış binaları və istifadəyə verilmiş sosial obyektlərin istilik sistemi yenidən qurulmuş, qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara asfalt örtüyü salınmışdır. Prezident İlham Əliyev Novruz bayramı şənliyində vurğulamışdır ki, Bakıda yeni parklar salınır, ictimai yerlər yaradılır, böyük quruculuq işləri aparılır: “Mən metro tikintisini xüsusilə qeyd etmək istəyirəm. Bu günə qədər bizim 23 stansiyamız var. Son bir neçə il ərzində üç stansiya istismara verilmişdir. Ancaq qəbul edilmiş master-plan əsasında 2030-cu ilə qədər Bakıda 70 metro stansiyası olmalıdır. Bu işlər ardıcıllıqla aparılır”.
Xüsusi qeyd olunmalıdır ki, metropolitenin inkişafında əldə edilən bütün nailiyyətlər ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə 1998-ci ildən Bakı metropoliteninin dünya standartlarına uyğunlaşdırılması prosesi başlanmışdır. Sonrakı illərdə də dövlət tərəfindən əsaslı vəsait qoyuluşu hesabına metropolitenin vaqon parkı tamamilə yenilənmiş, əl əməyini yüngülləşdirməyə imkan verən və istənilən mürəkkəb geoloji-hidrogeoloji şəraitdə uğurla işləyən “Robbins” qazma qurğusu, yolun təhlükəsizliyini artırmağa imkan verən “K-900A” markalı rels qaynaqedici aqreqat, eləcə də digər müasir texniki avadanlıqlar və cihazlar alınmış, təmir-bərpa işlərində müasir texnologiyalar tətbiq edilmişdir. Bakı metropoliteninin 20 illik perspektiv inkişaf planının təsdiq olunması, dövlət investisiya fondlarının hesabına bir-birinin ardınca tikilib istismara verilən yeni-yeni müasir tipli stansiyalar bu əvəzsiz ictimai nəqliyyat növünün son illərdəki inkişafına parlaq sübutdur.
Son illərdə Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurlu həlli üçün rayon və qəsəbələrin mövcud potensialı səmərəli şəkildə realizə edilmiş, tərəqqi və inkişafa xidmət edən islahatlar işlək mexanizmlər əsasında, yüksək dinamizmlə həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, hər bir inkişaf mərhələsi üçün əldə edilmiş makroiqtisadi göstəricilər paytaxt sakinlərinin həyatında qabarıq duyulur, insanların maddi rifah halı, yaşayış səviyyəsi yüksəlir. Bu baxımdan rayon və qəsəbələrdə magistral yolların, kommunikasiya xətlərinin əsaslı təmiri, əhalinin kommunal problemlərinin həlli sahəsində həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar. Ötən dövrdə həmçinin Bakıətrafı qəsəbələrin əhalisinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təminatı, habelə yolların tikintisi, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin inşası istiqamətində mühüm nəticələr əldə olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı şənliyində daha sonra demişdir: “Böyük istirahət zonaları, parklar salınır, avtomaşın parkinqləri tikilir. Buna da böyük ehtiyac vardır. Çünki hər il ölkəmizə 100 minlərlə avtomaşın idxal edilir. Azadlıq meydanının altında böyük parkinq tikilir, yaxın aylarda istifadəyə veriləcək. Ən böyük parkinq isə Heydər Əliyev Sarayının arxasında tikilir. Orada təqribən dörd minə qədər avtomaşının saxlanması üçün imkan olacaq. Eyni zamanda, parkinqin üstündə gözəl park salınır. Onun uzunluğu bir kilometr, eni isə 150 metrdir. Yəni, şəhərimizin ən böyük istirahət zonası olacaq, əlbəttə ki, bulvardan sonra”.
“Bakı bulvarı da genişlənir. Artıq yeni bulvar istifadəyə verilib. Bayraq Meydanında son tamamlama işləri aparılır. Bir-iki aydan sonra Bayraq Meydanı da tamamilə vətəndaşlar üçün açılacaq. Bayraq Meydanından Bibiheybət istiqamətinə bulvarın tikintisi davam edir. Bulvarın uzunluğu artıq 15 kilometrdən çox olacaq və yaxın aylarda o yerlər də vətəndaşlar üçün açılacaq. Eyni zamanda, bu ildən başlayaraq dəniz vağzalından Zığ istiqamətinə bulvarın uzadılması layihəsi artıq icra edilməyə başlayıb. İlkin işlər görülüb. Orada da çoxsaylı köhnəlmiş müəssisələr, binalar var. Orada da təmizlik işləri görülür, bütün köçürmələr aparılır, yüksək kompensasiya ödənilir. Beləliklə, Bakı bulvarı daha da böyüyəcək, uzanacaq. Bu da əlbəttə ki, şəhərimizi daha da gözəlləşdirəcək, insanların istirahəti üçün daha da yaxşı şərait yaradacaq”- deyə İlham Əliyev vurğulamışdır.
Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyev müxtəlif obyektlərin, yolların açılış mərasimlərində iştirak etmək üçün ötən müddətdə dəfələrlə Bakıətrafı qəsəbələrdə olmuş, bu diqqət və qayğı uzun illərdən bəri yığılıb qalmış bəzi problemlərin həllinə əsaslı təkan vermişdir. Ən əsası, bu səfərlərin hər biri insanların həyatında müsbət irəliləyişlərə səbəb olmuş, onların yaddaşında xoş izlər buraxmışdır.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi nəticəsində paytaxtın, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi və mədəni siması görülən abadlıq işləri sayəsində xeyli dəyişmiş, dinamik və davamlı inkişafın əsası qoyulmuşdur. Bakı şəhərinin və qəsəbələrin inkişafı ilə bağlı proqramın qəbulundan ötən bir il ərzində əhalinin qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli işlər görülmüşdür.
Prezident İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bildirmişdir: “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” artıq bir ildir ki, icra edilir. Deyə bilərəm ki, Proqram hazırlanarkən mən qəsəbələrdə dəfələrlə olmuşdum. Mən, ümumiyyətlə, mütəmadi qaydada həm bölgələrdə, həm Bakıda, Bakıətrafı qəsəbələrdə oluram, vəziyyətlə yerində tanış oluram. Amma o ərəfədə daha da sıx-sıx gedirdim. Çünki mən istəyirdim ki, bir daha vəziyyətlə yaxından tanış olum, insanların fikirlərini öyrənim və Proqramın tərkibində olan müddəalar, onların müəyyən hissəsi yerlərdən gələn təkliflər əsasında oraya salınıb. Çünki qəsəbədə yaşayan insanlar daha yaxşı bilirlər ki, onların problemləri nədən ibarətdir və bu problemlər necə həll olunmalıdır. Əlbəttə ki, biz də bunu bilirik. Ancaq dəqiqləşdirmə aparmaq üçün mən o ərəfədə daha sıx-sıx gedirdim. Proqramda demək olar ki, yerlərdən gələn bütün təkliflər öz əksini tapmışdır. Proqram dərc edilmişdir və hər bir vətəndaş onunla tanış ola bilər”.
Qeyd edək ki, həyata keçirilmiş tədbirlər nəticəsində ötən il sözügedən proqramın icrası çərçivəsində Qaradağda müasir texnologiyaya əsaslanan Sement zavodu, Bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da daxil olmaqla bir neçə sənaye müəssisəsi istifadəyə verilmiş, qalan hissəsinin isə inşası davam etdirilir. Təkcə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) iştirakı ilə ötən il Hövsanda Süd emalı və “Holcim-Azərbaycan” yeni sement zavodları fəaliyyətə başlamışdır. Səngəçal Neft və Qaz Terminalının, eləcə də Duz istehsalı zavodunun uğurlu fəaliyyətləri nəzərə alınaraq AİŞ öz sərmayə payını digər tərəfdaşlarına satmaqla bu layihələrdə missiyasını başa çatdırmışdır. Ümumiyyətlə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən dövr ərzində 400 investisiya layihəsinin maliyyələşdirilməsinə 72 milyon manat güzəştli kredit verilmişdir.
Bunlarla yanaşı, paytaxtın və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Bakıətrafı kənd və qəsəbələrdə əhalinin rahatlığını, həyat səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə digər tədbirlər də həyata keçirilmişdir. İlk növbədə, qəsəbələrin qaz, su, kanalizasiya və fasiləsiz enerji ilə təminatı ilə bağlı mühüm işlər görülmüşdür. Eyni zamanda, təzə yaşayış binaları istifadəyə verilmiş, bir çox sosial obyektlərin istilik sistemi yenidən qurulmuş, qəsəbələrarası yollar təmir olunmuş, qəsəbədaxili yollara asfalt örtüyü salınmış, eləcə də 134 məktəb və 71 uşaq bağçası, 27 səhiyyə, 9 mədəniyyət və idman obyektlərində tikinti və əsaslı təmir işləri başa çatdırılmışdır. Hazırda isə 85 sosial obyektdə təmir-tikinti işləri davam edir.
Ötən il Bakı, onun kənd və qəsəbələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin həyat və mənzil şəraitinin yaxşılaşdırılmasında da xeyli irəliləyiş olmuşdur. Belə ki, son 20 ildə həcminə görə ən böyük - 1300 şagirdlik məktəb ötən il məhz məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilmişdir.Həmçinin paytaxtın müxtəlif ali məktəblərinin yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün Bakıətrafı qəsəbələrdə müasir standartlara cavab verən yaşayış binaları inşa olunmuş, zəruri infrastruktur yaradılmışdır. Cari ildə Bakı Dövlət Universitetinin və Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər yeni yaşayış binalarına köçürüləcək.
Bundan başqa, Bakıdakı yataqxanalardan 90 min nəfər köçkünün müvəqqəti məskunlaşdırılması və onlar üçün iş yerlərinin yaradılması məqsədi ilə Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisindən 380 hektar torpaq sahəsi ayrılmış və əlavə olaraq daha 120 hektar torpaq sahəsinin ayrılması gözlənilir. Bakıdakı digər obyektlərdə - hərbi hissələrdə, məktəb, bağça, sanatoriya, pansionat, tikintisi yarımçıq qalmış binalarda, zəbt olunmuş mənzillərdə yaşayan 110 min məcburi köçkünün müvəqqəti məskunlaşdırılması üçün əlavə 500 hektar torpaq sahəsinin ayrılması da nəzərdə tutulmuşdur.
Əhalinin elektrik enerjisi ilə təchizatı əsaslı şəkildə yaxşılaşdırılmışdır. Ötən il 1520 kilometr kabel və 200 kilometr yeni elektrik verilişi xətləri çəkilmiş, 330 kilometr elektrik verilişi xətlərində təmir-bərpa işləri aparılmışdır. Yeni enerji güclərinin yaradılması üçün elektrik stansiyalarının tikintisi davam etdirilmiş, “Şimal” elektrik stansiyasında 409 meqavat gücündə olan ikinci buxar-qaz enerji qurğusunun tikinti işləri sürətləndirilmişdir.
Yaşayış məntəqələrinin istilik təchizatının yaxşılaşdırılması işləri proqrama uyğun davam etdirilmiş, təmir-tikinti işləri yekunlaşmış 130 təhsil və səhiyyə obyekti istilik təchizatı ilə təmin edilmiş, 160-dən çox yaşayış binasına və sosial obyektə xidmət edən 10 qazanxana yenidən qurulmuşdur.
Paytaxt və qəsəbələrin yol-nəqliyyat infrastrukturu sahəsində ötən dövr ərzində magistral yolların yenidən qurulması işləri ilə yanaşı, 11 rayonun 27 qəsəbəsini əhatə edən 250 kilometr uzunluğunda rayon və qəsəbədaxili yol asfaltlanmış, uzunluğu 17 kilometr olan 6 qəsəbələrarası yol təmir olunmuşdur.
Dövlət başçısının ölkənin təhsil sisteminə, hər bir məktəbə və uşaq bağçasına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, ölkə Prezidenti 30-dan artıq təhsil müəssisəsində işlərin gedişatı ilə şəxsən tanış olmuş, təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.Bu da təhsil müəssisələrinin inşası, təmir-bərpası və yenidən qurulması ilə bağlı tədbirləri daha da sürətləndirmiş, 55 məktəbdə və 51 uşaq bağçasında işlər başa çatmış, digər təhsil obyektləri üzrə isə davam etdirilir.
Tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə yeni, müasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində, rayon və qəsəbələrdə ümumilikdə 14 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri yenidən qurulmuş və təmir edilərək avadanlıqla təchiz olunmuşdur. 12 səhiyyə obyektində təmir-tikinti işləri, eləcə də gözdən əlillər üçün tədris-bərpa mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın və digər obyektlərin tikintisi davam etdirilmişdir.
Qəsəbələrdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni irsin qorunub saxlanılması istiqamətində işlər, o cümlədən Buzovna, Lökbatan, Nardaran, Rəsulzadə qəsəbələrində mədəniyyət obyektlərinin tikintisi və təmiri işləri davam etdirilmişdir.
Paytaxt və qəsəbələrdə ekoloji tarazlığın qorunub saxlanması, ətraf mühitin yaxşılaşdırılması, istirahət parklarının salınması, abadlıq-quruculuq işləri davam etdirilmiş, ötən dövr ərzində 680 hektar sahədə 550 mindən çox ağac və kol bitkiləri əkilmiş, neft mədənlərində 420 hektar ərazidə neftlə çirklənmiş göllər qurudulmuş, həmin ərazilərdə yaşıllaşdırma və abadlıq işləri görülmüşdür.
Balaxanı poliqonunda tullantıların zərərsizləşdirilməsi prosesi daha da təkmilləşdirilmiş, yuma və dezinfeksiya məntəqələri tikilmiş, poliqondaxili yollar asfaltlanmış, ərazidə yaşıllaşdırma və abadlıq işləri genişləndirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı şənliyində daha sonra qeyd etmişdir ki, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir: “Eyni zamanda, mötəbər beynəlxalq tədbirlər də Bakıda indi mütəmadi qaydada keçirilir. Hər həftə, demək olar ki, beynəlxalq konfrans, hansısa tədbir, yaxud da idman yarışı keçirilir. Ötən il ”Evrovizion" mahnı müsabiqəsi böyük uğurla keçirilib. Bu il Davos İqtisadi Forumunun Bakıda keçirilməsi gözlənilir. Bu da ölkəmizə və şəhərimizə göstərilən böyük etimaddır. Əlbəttə, biz hamımız 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarına hazırlaşırıq. Hazırlıq işləri başlayıb və dünya tarixində ilk Avropa Oyunları Azərbaycanda keçiriləcək. Bunun da çox böyük rəmzi mənası var.
Bir sözlə, hər bir vətəndaş yaşadığı yerdə öz səylərini göstərməlidir ki, ölkəmiz daha da inkişaf etsin, çiçəklənsin, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycan uğurla irəliyə getsin. Mən əminəm ki, bundan sonra da bizim inkişaf yolumuz həmişə açıq olacaq. Azərbaycan inkişaf və tərəqqi yolu ilə uğurla gedir. Əminəm ki, bundan sonra da uğurla gedəcək".
Göründüyü kimi, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq, sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi tanınan Azərbaycanın paytaxtı Bakı şəhərini daha da gözəlləşdirmiş, burada yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərmişdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.