Müxalifət mətbuatı Müsavat başqanı İsa Qəmbərin ölkədəki siyasi müxalifəti parçalamaq istiqamətində atdığı çoxsaylı addımlar barədə dövri olaraq yazıb və yazmaqdadır. Həmin qəzetlər və elektron informasiya vasitələri guya “düşərgənin halına yanır və çıxış yolu” axtarırlar.
Adıçəkilən siyasətçinin düşərgə daxilindəki dağıdıcılıq və pozuculuq əməlləri barədə biz də müxtəlif mühakimələr irəli sürmüşük ki, xalqın bu adamları daha dərindən tanımasına yardımçı olaq. Ancaq başqanın son bəyanatı müxalifət düşərgəsini daha çox silkələyib. Çünki 2003-cü il prezident seçkilərində müxalifətin vahid namizəd məsələsi ortaya çıxanda müxalifyönlü partiyaların “dədəsinə od qoymuş” İsa Qəmbər indi deyir ki, “2003-cü ildə vahid namizəd mövzusunda məndən çox əziyyət çəkən olmayıb”. Guya, kimsə bu məsələnin həllinə badalaq gəlmək istəyirmiş, İsa bəy ağsaqqallıq nümayiş etdirərək məsələni yoluna qoyub. Halbuki həmin məsələnin düyünə düşməsinin əsas səbəbi məhz Müsavat başqanı olmuşdu. Doğrudur, növbəti seçkilər ərəfəsində düşərgənin vahid namizəd məsələsini yaradıcılıq imkanları tükənmiş Rüstəm İbrahimbəyovun sönük ssenarisi əsasında ortaya atılmış reneqat Eldar Namazovun soyuq bəyanatları bir az əngəlləyir. Ancaq əvvəllər bu missiyanı daim İsa Qəmbər öz üzərinə götürürdü.
Söhbət Müsavat Partiyasının başqanı, özünü prezidentliyə namizəd elan etmiş İsa Qəmbərin bir neçə gənclə keçirdiyi görüşdə müxalifətin ünvanına səsləndirdiyi fikirlərin dağıdıcılıq yükündən gedir. Məşhur atalar sözündə deyildiyi kimi, “oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı”. İndi İsa Qəmbər and-aman edir ki, Müsavat Partiyası həqiqətən müxalifətin birliyinin tərəfdarıdır. Ancaq bəzi partiyalar tez-tez birlik məsələsini ortaya atsalar da, mövqeləri başqadır və heç bir fəaliyyət göstərmirlər. Əslində həqiqi müxalifət təmsilçisinin bu qəbildən olan tənqidi fikirlərlə çıxış etməsi normal bir hal kimi qəbul edilə bilərdi. Ancaq Müsavat başqanı bu fikirlərdən dərhal sonra təmsil etdiyi düşərgənin belini sındıran ittihamlar dilə gətirir. O ittihamlar ki, onları eşidən istənilən seçicidə müxalifət düşərgəsinə birdəfəlik nifrət və ikrah yarana bilər. Məsələn, İsa Qəmbər deyir: “Azərbaycanda olan partiyaların bir qismi Rusiyanın, digər qismi də İranın nəzarətindədir. Əllərindən başqa iş gəlmir, tez-tez birlik çağırışı edirlər”. Burada xüsusilə qabardılmalı bir məqam da var. Belə ki, Molla Nəsrəddin öz həmkəndlilərini qınayaraq deyirmiş: “Bu camaatın çox qəribə xəstəliyi var. Kimin həyətindən nə itsə, dərhal məndən şübhələnir”. Sonra səsini alçaldıb deyir: “Pis olan odur ki, itən şeyi axtaranda həmişə bizim həyətdən tapılır”. İndi İsa Qəmbər də təxminən o məzmunlu ittihamlarla çıxış edir: “Bir sıra partiya liderlərinin müsahibələrinə baxın. 10 açıqlama, bəyanatdan 8-i Müsavata qarşı hücumdur. Son iki ildə hansısa bir addım atıblarmı? Hansısa mitinq təşkil ediblərmi? Hansısa mitinqdə kütləvi iştirak ediblərmi? Ciddi bir təşəbbüs irəli sürüblərmi? Hələ bildiyim özəl informasiyaları kənara qoyuram və sırf mətbuatda olan informasiyaları deyirəm. Həmin partiyalarla hansı birlik əldə etmək olar? Bu birlik xalqa nə verəcək? Gücləri yox, mövqeləri yox, amma deyirlər ki, “gəlin, birgə vahid namizədi müəyyənləşdirək”. (Görəsən, başqanın müxalifət barədə bildiyi özəl məlumatlar nələrdən ibarətdir?).
Yəqin ki, hörmətli oxucunun diqqətindən yayınmadı. Müsavat başqanı etiraf edir ki, düşərgə mənsublarının on bəyanatından səkkizi Müsavata qarşıdır. Bu, nə deməkdir? Bu, o deməkdir ki, ölkə siyasətçilərinin böyük əksəriyyəti İsa Qəmbərin siyasətindən narazıdır. Başqanın bunu bilə-bilə özünü prezidentliyə namizəd elan etməsi digər müxalif partiya rəhbərlərinin əsəbləri ilə oynamaqdır, vəssalam. Başqa məqam. İsa Qəmbər açıq şəkildə etiraf edir ki, müxalifətin heç bir ciddi təşəbbüsü yoxdur. Çünki gücləri də yoxdur, mövqeləri də. Doğrudur, başqanın bu ittihamlarından sonra AXCP -dən reaksiya gəlib ki, sənin təşəbbüsün, gücün, mövqeyin olub neyləmisən? İyirmi ildir ki, uduza-uduza gedib müxalifəti rüsvay edirsən. Amma cəbhəçilərin bu reaksiyası cavab kimi olduğuna görə bir az təşəbbüsün əldən verilməsi şəklində qiymətləndirildi. Hər halda İsa Qəmbər bizim illərdən bəri səsləndirdiyimiz “Azərbaycan müxalifətinin əli xaricdəki antiazərbaycan qüvvələrin cibindədir” ifadəsini təsdiq və etiraf etmiş oldu.
Yeri gəlmişkən, müxalifətin heç bir siyasi və ya mənəvi üstünlüyə malik olmadığını söyləyən təkcə İsa Qəmbər deyil. Peşəkar müxalifətçi Zərdüşt Əlizadə də bu düşərgənin kiminləsə siyasi mübarizə aparmaq iqtidarında olmadığını söyləyib: “Azərbaycan müxalifəti bütün alternativ üstünlüklərdən məhrumdur. Real imkanlar baxımından onun heç bir resursu yoxdur. Müxalifətdəkilər hakimiyyətdə olduqları vaxt o qədər çirkaba bulaşıblar, cinayətlər törədiblər ki, indi heç cür mənəvi üstünlük əldə edə bilmirlər və edə də bilməzlər. Az-çox zəkalı, şüurlu insanlar müxalifətin yanında durmaq istəmir. İctimaiyyəti isə o qədər aldadıblar ki, adamlar artıq onlardan bezib”. Doğrudan da bu adamlar bu xalqı neçənci dəfə aldatmağa cəhd edirlər?
Azərbaycan müxalifəti son iyirmi ildəki uğursuzluqlarını malalamaq, kiminsə gözünə kül üfürmək üçün uzun müddət ortaya belə bir fikir atırdı ki, guya xaricdən onları dəstəkləyən olmadığına görə bütün seçkilərdə uduzurlar. Halbuki, xaricdəki antiazərbaycan qüvvələrin, xüsusən, ermənipərəst ünsürlərin Azərbaycan müxalifətini maddi və mənəvi cəhətdən yüksək səviyyədə dəstəkləməsi beynəlxalq aləmdə hamıya gün kimi aydın olan bir məsələdir. Sadəcə bunu deməyə cəsarətləri çatmır ki, xalq onları deyil, mövcud iqtidarı dəstəkləyir. Bunu ya dərk eləmirlər, ya da dərk edib dilə gətirə bilmirlər. Ona görə də indi ortaya başqa bir uydurma atırlar: “İnqilab olacaq”. Nə üçün? Hansı məqsədlə? Kim edəcək inqilabı? Əgər ölkədə inqilaba səbəb olacaq bir narazılıq mövcuddursa, onda nə üçün müxalif partiyaların hərəsi 50-60 adamla ortada əliboş qalıblar? Axı tarix boyu, həmişə, hər yerdə inqilabı narazılar edirlər, internet qarşısında əyləşib hansısa ölkədəki prosesləri “kopirovat” edən beş-on nəfər yetkinlik yaşına çatmayan uşaq-muşaq yox. Ölkə iqtidarından narazılar faktiki olaraq yox dərəcəsindədirlər. Çünki dövlət ölkə əhalisinin istənilən problemini həll etmək iqtidarındadır və həll edir. Kompyuter ekranı qarşısında əyləşib “inqilab edənlər” isə Əli Kərimli, İsa Qəmbər, reneqat Eldar Namazov, ermənipərəst Rüstəm İbrahimbəyov və başqa bu kimi xəyalpərvər insanlara təsəlli verməkdən başqa heç bir iş görə bilməzlər. Onlar uzaqbaşı “El”dəki utopik düşüncə sahiblərinə müvəqqəti də olsa ruh verə bilərlər. Çünki hər şeydən əli çıxmış həmin adamlara bu gün ruh da elə can kimi vacibdir.
Bir sözlə, bu gün Azərbaycan müxalifətinin bütün təmsilçiləri bir- birini qınamaqla, ifşa etməklə, siyasi meydandan çıxarmağa cəhd etməklə məşğuldurlar. Xalq isə öz qüdrətli dövlətini bundan da qüdrətli etmək üçün daha böyük qüvvə ilə çalışır, Heydər Əliyev siyasətinin ətrafında möhtəşəm və monolit birlik yaradır.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.