Şriftin ölçüsü:
19.03.2013 11:41 | Oxunma sayı: 1648
Yaz sessiyası ərəfəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Parisdəki qərargahında ayrı-ayrı komitələrin iclasları keçirilir, növbəti sessiyada gündəliyə daxil ediləcək bir sıra mühüm məruzələr ətrafında geniş müzakirələr aparılır. Komitə iclaslarında Assambleya üzvlərinin bir çoxunun iştirak etməsini nəzərə alaraq Azərbaycan daimi nümayəndə heyətinin AŞPA-dakı üzvü Rafael Hüseynov hazırladığı yeni sənədi imzalamaq üçün deputat həmkarlarına təqdim etmiş və onların dəstəyini qazanmışdır.
AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində Rafael Hüseynov bildirmişdir ki, yeni sənədin sessiya dövründə deyil, məhz indi deputatların diqqətinə təqdim edilməsi səbəbsiz deyildir. R.Hüseynov demişdir: “Adətən sessiya dövründə hazırlanaraq qəbul edilən sənədlər AŞPA-nın bürosunda sessiyadan sonrakı dövrdə baxılır. Lakin indi hazır olan və AŞPA katibliyinə təqdim edilən sənədlər elə növbəti sessiya əsnasında büroda baxıla, məruzəçi təyin olunması üçün müvafiq komitəyə göndərilə bilir”.
Rafael Hüseynovun hazırladığı yeni sənəd “Demokratiyada insan hüquqlarına əsaslanan mədəni, humanist və dini dəyərlər” adlanır. Sənəd Avropa Şurasında son illərdə ardıcıl şəkildə müzakirə edilən mədəniyyətlər və dinlərarası dialoq probleminə yeni baxış bucağından yanaşmanın ifadəsidir. Tövsiyə üçün qətnamə şəklində hazırlanmış sənəddə deyilir: “Avropa Şurasının Nizamnaməsi bir daha xalqların müştərək irsi sayılan və şəxsiyyət azadlığının, siyasi azadlıqların, qanunun aliliyinin, real demokratiyanın əsaslarını müəyyən edən prinsiplərin əsl mənbəyi olan mənəvi və ruhani dəyərlərə sədaqətini təsdiq edir. Dini və fəlsəfi dəyərlər mədəniyyəti və cəmiyyəti yüz illər ərzində formalaşdırmış, bu gün də universal insan hüquqlarına təsir göstərməkdədir. Avropa İnsan Haqları Bəyannaməsinə uyğun olaraq, din azadlığı və insanın digər hüquqları demokratik cəmiyyət üçün zəruri şərtlərdir. Dövlətin dindən ayrılığı Avropada başlıca prinsipə çevrilmişdir. Kilsə hüququ, şəriət dövlətin müəyyən etdiyi hüquqlardan əlavə olaraq mövcuddur və dini həyatı tənzimləyir. Dini qanunların arxaik normaları çox uzaq olmayan zamanda ictimai müzakirələrdə cəmiyyəti bölmək və xalqlar arasında ədavəti, zor tətbiq etməyi təqdir etmək vasitəsi kimi istifadə olunmuşdur. Lakin Avropadakı hər üç monoteist din Avropa İnsan Haqları Bəyannaməsində də əksini tapmış insanın həyatının, azadlığının, təhlükəsizliyinin, əmlakının müdafiəsi kimi fundamental dəyərləri qorumağa dəvət edir. Buna görə də Assambleya ümumi cizgilərlə olsa da, Avropanın bu ortaq mədəni və mənəvi sərvətinin hüdudlarını müəyyənləşdirməli, müasir insan hüquqları meyarlarını universal mədəni, humanist, dini dəyərlər təməlində zənginləşdirən strategiya ortaya qoymalı və bununla da qarşılıqlı anlaşmanı artırmağa, dinlər və mədəniyyətlər arasında qarşıdurmanın qarşısını almağa nail olmalıdır. Avropada mədəniyyət və təhsil siyasəti də bu xətti təqdir və tətbiq etməlidir”.
Qeyd etmək lazımdır ki, deputat Rafael Hüseynov əvvəllər də Avropa Şurasında mədəniyyətlər və dinlərarası münasibətlərin müxtəlif aspektləri ilə bağlı sənədlər hazırlamış, iki il əvvəl Parlament Assambleyasında Avropadakı islamofobiya meyilləri və onların aradan qaldırılması məsələləri ilə əlaqədar ayrıca məruzə etmişdir. Hazırda təqdim edilən tövsiyə üçün qətnamə və onun əsasında hazırlanacaq məruzə problemə kompleks şəkildə yanaşaraq bütün təfərrüatları əks etdirmək məqsədi daşıyır. Yeni sənədin aprelin sonlarında müzakirə edilərək mövzu üzrə məruzəçi təyin edilməsi gözlənilir. Adətən qətnamə layihəsini hazırlayan deputatın məruzəçi olması üzərində dayanılır və bu, Rafael Hüseynovun Avropa Şurasında hazırlayacağı 11-ci məruzə olacaqdır.
Əsgər ƏLİYEV
AzərTAc-ın xüsusi müxbiri
Paris
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.