Qardaş Türkiyənin işğalçı Ermənistanla əməkdaşlıq etməsinin səbəbi nədir?

 

 

Azərbaycan - Türkiyə münasibətlərindəki yaxşılaşma tendensiyası, Bakı — Ankara əməkdaşlığının və tərəfdaşlığının ildən-ilə genişlənmə sürəti, eləcə də Azərbaycan türkləri ilə Anadolu türkləri arasındakı səmimiyyət, anlaşma, inam və etimadın analoqu dünyanın heç bir yerində qeydə alınmamışdır və bəlkə də heç zaman belə bir nümunə yaranmayacaqdır. Bunun bir səbəbi hər iki dövlətin əhalisinin eyni kökdən olması ilə əlaqədardırsa, digər səbəbi də, həm Ankaranın, həm də Bakının dövlətçilik prinsiplərinin təməlində mehriban qonşuluq siyasətinin və humanist dəyərlərin dayanmasıdır. Yəni xalqlarımız da, dövlətlərimiz də insansevərlik və səmimi anlaşma kimi sivil dəyərləri daim uca tutmuşlar.

Azərbaycan - Türkiyə münasibətlərinin mövcud səviyyəsindən danışarkən iki ən mühüm məqamı yada salmaq kifayətdir. Əvvəla, 1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa edərkən onu ilk tanıyan və ilk diplomatik münasibətlər quran ölkə məhz Türkiyə Cümhuriyyəti olmuşdur. İkinci, Ermənistan öz havadarlarının hərbi və siyasi dəstəyi ilə Azərbaycan ərazilərini işğal edərkən, bu işğala beynəlxalq aləmdən gələn ən kəsərli etirazın müəllifi də elə Türkiyə olmuşdu. Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla öz sərhədlərini bağlamış, bu qapıların Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra açılacağını bildirmiş, təcavüzkar ölkə ilə diplomatik münasibətlər qurmayacağını bəyan etmişdir. Uzun illər güclü dövlətlərin və aparıcı beynəlxalq təşkilatların çoxqütblü təzyiqlərinə baxmayaraq, Türkiyə dövləti Ermənistanla sərhədlərin açılması üçün Azərbaycan torpaqlarının işğaldan azad olunmasını  şərt kimi ortaya qoyur. Ankaraya təzyiq göstərmək istəyən qüvvələr də, Ankara da, İrəvan da yaxşı bilirlər ki, Türkiyə - Ermənistan sərhədlərinin açılması, ilk növbədə, iqtisadi böhran içərisində çabalayan Ermənistana nəfəs verilməsi, daha sonra isə Ermənistanın növbəti həyasızlıqlarının stimullaşdırılması ilə nəticələnəcək. Ona görə də tarixin bütün dönəmlərində ayıq siyasət yeridən türk diplomatiyası Ermənistanla sərhədin açılmasına etiraz etmir, bir şərtlə ki, bu sərhədlərin bağlanmasına səbəb olan amillər aradan qaldırılmış olsun.

Azərbaycanın və Türkiyənin ölkələrimizin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirməsi, hər iki ölkənin daxilindəki bəzi qüvvələri ciddi narahat edir. Bu qüvvələr çalışırlar ki, Ankara və Bakının ölkələrimiz üçün xüsusi əhəmiyyətə malik olan məsələlərdə həmrəylik nümayiş etdirməsinə maneçilik törətməklə onların regiondakı mövqelərinin  zəifləməsinə səbəb olsunlar.  Təbii ki, bunu ən çox istəyən və arzulayan ermənilər və rəsmi İrəvanın tərəfdarlarıdır. Hətta Türkiyənin daxilində də bu qüvvələr kifayət qədər siyasi-iqtisadi rıçaqlar əldə ediblər. Məhz həmin qüvvələrin, eyni zamanda Qərbin, xüsusilə də ABŞ hakimiyyətinin təzyiqi və dəstəyi ilə 2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə ilə Ermənistanın xarici işlər nazirləri — Əhməd Davudoğlu ilə Edvard Nalbandyan arasında diplomatik münasibətlərin qurulmasını və sərhədlərin açılmasını nəzərdə tutan iki protokol imzalanıb. Bu, Türkiyədə və Azərbaycanda çox ciddi etirazlara səbəb olmuşdu.

Ümumiyyətlə, qardaş və dost Ankaranın Ermənistanla iqtisadi-ticarət əlaqələri, siyasi yaxınlaşma meyilləri Türkiyənin öz daxilində və Azərbaycan ictimaiyyətində həmişə narazılıqla qarşılanıb. “Futbol” və ya “Pendir” “diplomatiyaları”nı xatırlayaq. Türkiyə Prezidenti Abdullah Gülün işğalçı Ermənistana səfəri zamanı Türkiyənin daxilində baş qaldıran etiraz dalğasını da unutmayaq. Yəni Türkiyə ictimaiyyəti, siyasi partiyalar heç vaxt bu məsələlərdə kənarda qalmamış və iki xalqın təzyiqi nəticəsində qardaş ölkə hakimiyyəti “erməni açılımı”na son qoymağa məcbur olmuşdu.

Bu illər ərzində Azərbaycan xalqının Türkiyə hakimiyyətindən bir istəyi olub - rəsmi Ankara torpaqlarımızın işğalı davam etdikcə Ermənistanla diplomatik, siyasi, iqtisadi, humanitar və digər sahələrdə təmaslardan çəkinsin. Təəssüflə qeyd edirik ki, Türkiyədə müəyyən dairələr Ermənistana “xoş münasibətlərini” bu gün də davam etdirirlər. Belə ki, bu il Ermənistanda saxta seçkilərin nəticəsi elan olunan kimi Türkiyə Prezidenti Abdullah Gül hətta Rusiya, Fransa prezidentlərindən də qabaq erməni həmkarını təbrik etdi. Azərbaycan ictimaiyyətinin narazılığına isə belə izahat verildi ki, bu diplomatik etiketdir. Sual ortaya çıxır: strateji müttəfiqi olan Azərbaycanın torpaqlarının işğalında və oradakı kütləvi qətliamlarda birbaşa iştirak etmiş bir liderin zorakılıqla Ermənistanda prezidentlik kürsüsünü zəbt etməsi Türkiyə kimi qüdrətli və demokratik dövlətin Prezidenti üçün nə önəmi var? Beynəlxalq təşkilatlar da etiraf edirlər ki, Ermənistanda keçirilən seçkilər total saxtakarlıq şəraitində keçib. Bunu bir çox faktlar və bütövlükdə erməni müxalifətinin ortaya qoyduğu dəlillər də sübut edir. Yəni Ermənistan prezidenti legitim deyil. Legitim olmayan prezidenti, eyni zamanda, əvəzsiz strateji müttəfiq olan Azərbaycana düşmən olan bir dövlət başçısını təbrik etmək üçün canfəşanlıq göstərməyi diplomatik etiket adlandırmaq nə dərəcədə düzgündür? Bu, Azərbaycana, həmçinin Ermənistanda hüquqları ayaqlar altına atılan minlərlə seçiciyə və nəticədə demokratiyanın tələblərinə sayğısızlıq deyilmi?

Məsələnin daha yaxşı anlaşılması üçün başqa bir arqumentlə fikrimizi daha aydın ifadə edə bilərik. Belə ki, bu ilin fevralında yunan Kiprində prezident seçkiləri keçirildi, “DİSİ”  (“Demokratik toplantı”) sağçı partiyasının namizədi Nikos Anastasiadis dövlət başçısı seçildi. Görəsən, Azərbaycan Prezidenti seçkinin səhəri günü Avropa İttifaqının üzvü olan və  hazırda bu quruma sədrlik edən, bütün dünya tərəfindən tanınan Cənubi Kipr prezidentini təbrik etsəydi, bunu Ankara necə qarşılayardı? Əgər Azərbaycan Şimali Kiprə olan diqqətini Cənubi Kiprə yönəltsəydi, bu ölkə ilə iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrini inkişaf etdirsəydi Ankarada bunu təbii qarşılayardılarmı? Yəqin ki, qarşılamazdılar. Bununla belə bütün Azərbaycan vətəndaşları tam əmindirlər ki, bizim dövlət başçımız heç vaxt bu addımı atmaz. Çünki Prezident İlham Əliyev, sözün həqiqi mənasında, qətiyyətli siyasətçidir və o, türk xalqına, qardaş Türkiyəyə böyük məhəbbət bəsləyir, həyata keçirdiyi xarici siyasətlə etibarlı tərəfdaşlığın nümunəsini göstərir.

Təəssüfləndirici digər bir hal da ondan ibarətdir ki, Türkiyə rəsmiləri Ermənistan ilə siyasi-iqtisadi əlaqələr qurmadığını bəyan etsələr də, faktiki olaraq bu ölkə ilə ticarət münasibətləri hər keçən gün daha da genişlənir. 2008-ci ildə Türkiyədən Ermənistana 11 min 300 böyük yük maşınının keçməsi də iki ölkə arasında ticarət dövriyyəsinin kifayət qədər ciddi olduğunu göstərdi. Bu, indi  daha da geniş miqyas alıb. Bu gün düşmən ölkənin mağazalarını türk malları doldurur, şəhərlərdə qardaş Türkiyə  şirkətlərinin vitrin və loqoları bərq vurur. 2009-cu ildə Türkiyənin “AtlasJet” aviaşirkətinin həftənin 3 günü İstanbuldan İrəvana aviareys həyata keçirməsi, həm də hava nəqliyyatına qoyulmuş embarqonun gözdən pərdə asmaq məqsədi daşıdığını təsdiq etdi. Həmin vaxt Türkiyə rəsmiləri iddia etdilər ki, bu, özəl şirkətdir və dövlətə heç bir aidiyyəti yoxdur. Lakin “AtlasJet”in nümayəndəsi Əminə Öztürk telekanallardan birinə bəyan etdi ki, Türkiyənin Xarici İşlər Nazirliyi rəsmi Ankaranın siyasi və iqtisadi münasibətlər qurmadığı Ermənistana uçuşların həyata keçirilməsinə icazə verib.

Bu ilin yanvarında “Anadolu” agentliyinin verdiyi məlumatda qeyd olundu ki, Türkiyənin “Van Way Airlines” şirkəti İrəvana uçuşlar həyata keçirməyə hazırlaşır. Yenə də bu şirkətin dövlətə heç bir aidiyyəti olmadığı və vanlı biznesmen Aslan Bayram tərəfindən idarə edildiyi bildirildi. Artıq bu gün “Van Way Airlines” İrəvana reyslər həyata keçirir. Bu, əlaqələrin inkişafını göstərən məqamlar deyilmi?

Türkiyə Cümhuriyyəti regionun hərbi, iqtisadi cəhətdən olduğu kimi siyasi-diplomatik baxımdan da lider ölkələrindən biridir. Bunu son illərin hadisələri bir daha sübut edir. Görəsən, qüdrətli Türkiyəni nə vadar edir ki, iqtisadi baxımdan tamamilə tənəzzülə uğrayan, səfil duruma düşən, totalitar rejimlə idarə olunan forpost Ermənistana bu qədər diqqət göstərir?  Sizin üçün də maraqlı deyilmi? Ermənistan saxta “soyqırımı” iddiası ilə Türkiyəyə daim təzyiq göstərir, dünyada ona qarşı kampaniya aparır, ərazi, təzminat iddiaları irəli sürür. Bu ölkə Azərbaycan türklərinə qarşı soyqırımı törədib, Azərbaycanın ərazilərini 20 ildir işğal altında saxlayır. Türkiyənin müəyyən dairələri bundan nə vaxt Türkiyə və Azərbaycan xalqlarının maraqlarına uyğun nəticə çıxarıb mövqe ortaya qoyacaqlar? Yəqin ki, hər şeyi zaman göstərəcək.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında