“El” hərəkatının məramı xalqın mənafeyinə ziddir

 

 

 

Reneqat Eldar Namazov hər vasitə ilə İsa Qəmbəri və Əli Kərimlini siyasi arenadan çıxarmağa çalışır

 

 

Azərbaycanda demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi bütün sahələrdə özünü göstərməkdədir. Müstəqil mətbuatın inkişafına, insanların öz fikirlərini sərbəst ifadə etmələrinə, siyasi partiyaların normal fəaliyyətinə yaradılan əlverişli  şərait də bundan xəbər verir.

 Siyasi partiyaların fəaliyyətinin gücləndirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması, müstəqil mətbuatın sosial bazasının möhkəmləndirilməsi üçün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu tərəfindən  mütəmadi olaraq yardım göstərilməsi ölkəmizin demokratiya yolunda inamla irəliləməsinin və iqtisadi qüdrətinin getdikcə artmasının bariz nümuməsidir. Azərbaycanda yeni  ictimai birliklərin, hərəkatların və blokların  təsisi zamanı  heç vaxt süni maneələr yaradılmayıb.  Təbii ki, bütün  bunlar ölkəmizdə  azad fikrin sərbəst şəkildə ifadə olunması məqsədini daşıyır. Təəssüf ki, bəzi insanlar demokratiya adı ilə min oyundan çıxaraq yaratmaq istədikləri  ictimai - siyasi birliklərin məqsəd və məramlarını dərk etmir, hansısa antiazərbaycan dairələrin əlində alətə çevrilərək  onların verdikləri çirkli pullar hesabına ölkədə iğtişaşlar, təxribatlar törətmək və qarşıdurma yaratmaqla  məşğul olurlar. Belə xəyanətkarların yaratdıqları təşkilatların da ömrü çox qısa olur.Vətənə, xalqa, millətə xəyanət üzərində köklənmiş belə oyuncaq birliklər heç kim tərəfindən qəbul olunmur və qısa bir vaxtda  sıradan çıxır. Biz müstəqil  Azərbaycanın son 20 illik  tarixində dəfələrlə belə uğursuz təşkilatlar yaradılmasının və meydanda tək qalmasının şahidi olmuşuq. Adını  müxalifət qoyan bəzi üzüdönüklərin bu vaxta qədər yaratdıqları SİDSUH, DUB, DUBB, DUH, RAM, DSUİH və digərlərinin  acınacaqlı taleyi  hər kəsə məlumdur. Bu günlərdə yaradılmış “EL” adlı hərəkat da belə qurumlardandır. Radikal müxalifət tərəfindən tez - tez təşkilatların və ya ictimai birliklərin  yaradılması mənə məşhur bir Azərbaycan filmini xatırlatdı. Həmin filmdə 1918 - ci ildə menşeviklərin ingilisləri Bakıya dəvət etmələri təsvir olunur. İngilis əsgərlərinin gəlişinə tamaşa edən kasıb bir fəhlə deyir: “Bunların uzunqulaqları əsgərlərindən çoxdur ki”. Bəli, bu gün müxalifətin yaratdığı təşkilatların sayı müxalifətçilərin sayından çoxdur.  Xarici düşmənlərimizin, ölkəmizin inkişafını gözü götürməyən dairələrin təhriki və çirkli pulları hesabına yaradılmış, məqsəd və məramı  olmayan “El” adlı  hərəkatın da  taleyi müxalifətin ondan əvvəl yaradılmış təşkilatlarından heç nə ilə fərqlənməyəcək. Çünki bu “hərəkat”ın təsisçisinin riyakarlığı, buqələmunluğu, satqın və xəyanətkarlığı artıq hamıya bəllidir. Küləyin əsdiyi istiqamətə əyilən, puldan ötrü Vətəni hər an satmağa hazır olan reneqat Eldar Namazovun “El” adlı oyuncaq hərəkatı yaratmaqda əsas məqsədi antiazərbaycan qüvvələrdən daha çox  qrant qoparmaqdır. Onun pula olan sonsuz hərisliyi bir vaxtlar Prezident Administrasiyasında çalışarkən da özünü göstərmişdir. Dövlət əhəmiyyətli bir sənədi müxalifət nümayəndəsinə satdığına görə tutduğu vəzifəsindən uzaqlaşdırılmışdı. İndi isə ötən günlərin ab - havası ilə yaşamaq, asan yolla var - dövlət toplamaq və seçki ərəfəsində erməni lobbisinin əli ilə respublikamızda çaxnaşma salmaq üçün yeni bir “hərəkat” yaradır. Simasının, iç üzünün hamıya  bəlli olması,  niyyətinin bədliyi reneqat Eldar Namazovun yaratdığı “El” hərəkatını elə indidən yetim gününə salıb. Çünki bu əldəqayırma təşkilatla əməkdaşlıq etmək istəyən yoxdur.    Xalq artıq  belələrinə  inanmır və etimad göstərmək istəmir. Buqələmun Eldar Namazovun təsis etdiyi yeni “təşkilata” müxalifət nümayəndələri də inanmır. Bunun səbəbini Yeni Azərbaycan Partiyasının icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun fikirləri ilə çatdırmaq istərdik. Ə. Əhmədov bununla bağlı mövqeyini bildirərkən deyib ki, “El” hərəkatında toplaşanlar Azərbaycanın bugününü deyil, keçmişini təmsil edir: “İllərdir onlar siyasi ambisiyalarını gerçəkləşdirmək üçün çox təşkilatlar yaradıb, nəyəsə nail ola bilməyiblər. Hər dəfə uğursuzluğa düçar olublar. İndi xalq onlara bir dəstə narazı kimi baxır. Uğursuz narazılar isə siyasi faktora çevrilə bilməz. Xüsusilə də bu narazılar çox kiçik azlıqda olanda. Bu mənada adının “El” olmasına baxmayaraq, həmin təşkilatın ictimai dəstəyə ümid etməsi mənasızdır. Nə bu təşkilatın, nə də ənənəvi müxalifətin Azərbaycanın siyasi mühitinə təsir etmək resursları yoxdur. Xalqın böyük əksəriyyəti onlara biganədir. İnsanların maraqları və arzuları ilə müxalifətin ambisiyaları fərqli müstəvilərdə qərar tutur. Xalq öz gələcəyini, Azərbaycanın gələcəyini bugünkü hakimiyyətdə və onun siyasətində görür”.

Əslində  “El” hərəkatın təqdimat mərasiminə  toplaşanların keçmişinə nəzər saldıqda da bu qurumun “məqsəd və məramının” nədən ibarət olduğu bəllidir. Fikir verin, işinin öhdəsindən gələ bilmədiyinə görə tutduğu vəzifəsindən uzaqlaşdırılan  sabiq daxili işlər naziri Abdulla Allahverdiyev,  bu gün özünü gah müxalifət, gah da iqtidar komandasında axtaran, hələ də tapa bilməyən  şair Musa Yaqub,  Kommunist Partiyasının “eksponatları” olan Nurəddin Mustafayev, Rasim Ağayev, vəzifə ala bilmədiyinə görə hakimiyyətdən narazı düşmüş sabiq deputat  Gültəkin Hacıbəyli, idmanla siyasəti hələ də bir - birindən ayıra bilməyən keçmiş güləşçi  Məhyəddin Allahverdiyev və  köhnəliyin  digər qalıqları.

 Təbii ki, “El” hərəkatı da  Azərbaycanda strukturlaşmış yeni siyasi güc mərkəzinə çevrilə bilməyəcək.  Bunu reneqat  Eldar Namazovun “siyasi komandası”nın tərkibi də təsdiqləyir. 80-90-cı illərdə yüksək vəzifələrdə işləmiş şəxslər, eyni zamanda, AXC - Müsavat hakimiyyətində təmsil olunan köhnə məmurlar. Bu şəxslər öz  köhnəlmiş əqidələri, siyasi hadisələri düzgün qiymətləndirə bilməmələri ilə  artıq tarixin bir küncünə atılıblar. Onların keçmişdə topladıqları var - dövlətlərini dələduzluq yolu ilə ələ keçirmək istəyən riyakar Eldar  Namazov belələrini vəzifə verəcəyi vədi ilə aldadaraq ələ alıb. Həm E.Namazov, həm də onun züy tutanı kimi tanınan Rüstəm İbrahimbəyov “El” adlı oyuncaq təşkilatı yaradarkən deyirdilər ki,  komandalarına parlaq gəncliyi, yeni simaları cəlb edərək Azərbaycanın xilas proqramını açıqlayacaqlar. Bəs  hanı o gənclər?  80 yaşlı kişiləri, Kommunist Partiyasının qalıqlarını ətrafına yığmaqla bir daha təsdiqləyir ki, belə əldəqayırma təşkilatı yaratmaqda əsas məqsədləri xarici himayədarından pul qoparmaqdır. E.Namazov “El” hərəkatının təqdimat mərasiminə dəvət etdiyi xarici himayədarlarını AXCP sədri Əli Kərimliyə, Müsavat Partiyasının başqanı İsa Qəmbərə və digərlərinə göstərməklə bildirib ki, artıq sizin dəstəyiniz yoxdur. Hətta onlara tövsiyə edib ki, prezident seçkilərində məni dəstəkləyin. Bu sizin xeyrinizə olar.  Bu, o deməkdir ki, artıq sizləri heç kim qəbul etmir. Reneqat Eldar Namazov  “El”in İctimai Palataya rəqib kimi yarandığını da gizlətməyib. O deyib ki, İctimai Palata artıq öz ömrünü başa vurub. Bu qurumun iki yerə parçalanması da göz önündədir. Ona görə də İsa Qəmbərlə Əli Kərimlinin öz ətrafları ilə “El” hərəkatında birləşmələri onlar üçün ən yaxşı variantdır. Reneqat E.Namazov deyib ki, Əli Kərimli ilə İsa Qəmbər özlərindən başqa kimlərinsə prezidentliyə namizədliklərini qəbul etmirlər. Onlar özlərindən başqa kimsəni bəyənmirlər. Mən onları “El” hərəkatına dəvət edib demokratiyanın nə demək olduğunu başa salacağam.

Yeri gəlmişkən qeyd edək ki, hüquq müdafiəçisi Vidadi İsgəndərli də AXCP sədri Əli Kərimlini sərt şəkildə tənqid edərək onu antidemokratiklikdə ittiham edib. Məlum olduğu kimi, hüquq müdafiəçisi Vidadi İsgəndərli prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edib. V.İsgəndərli bildirib ki, bu il keçiriləcək prezident seçkilərində özünün namizədliyini müstəqil şəkildə elan edir və seçkilərdə iştirakda qərarlıdır. Bir sıra kütləvi informasiya vasitələri  bununla əlaqədar   Vidadi İsgəndərlidən müsahibələr, açıqlamalar alıblar. Ancaq “Azadlıq” qəzeti bu məsələyə yer ayırmayıb. Vidadi İsgəndərli bununla bağlı “facebook”da  məlumat yerləşdirib. O deyib ki, Əli Kərimli müsahibəyə icazə verməyib: “Bu gün prezidentliyə namizədliyimlə bağlı bütün müstəqil KİV-lər məndən müsahibə aldı, balam kimi doğma “Azadlıq” qəzetindən başqa. Maraqlandım, dedilər, “Azadlıq” qəzetinə müsahibə verməyim üçün Əli Kərimli icazə verməlidir, budurmu demokratiya?  Bu gündən mənəvi balam olan “Azadlıq” qəzetini də sənə görə (Əli Kərimliyə) itirdim”.

“El” hərəkatının yaradılması və Eldar Namazovun orada rəhbər olub, seçkilərə namizəd kimi qatılması müxalifət düşərgəsi tərəfindən  də qəbul edilmir. ACP lideri Rəsul Quliyev hesab edir ki, o heç vaxt məramı və proqramı məlum olmayan bir təşkilata dəstək verməyəcək. O deyib ki,  bu təşkilatın formalaşması və ətrafına kimisə cəlb edə bilməsi məndə şübhə yaradır. Axı, bu “El” hərəkatı  nəyə lazımdır? R.Quliyev  bu hərəkatın kimlərinsə sifarişi ilə yarandığına işarə edərək deyib: “Hesab edirəm ki, “El” hərəkatının yaranması bu ilin seçkisinə yox, 2023-cü ilin seçkisinə hesablanıb. Bu, həbsdə olan ermənistanlıya hesablanmış bir variantdır və bu il seçiləcək prezidentin gələcək alternativinin seçki kampaniyası ilə bağlıdır”. ACP lideri bu hərəkatda təmsil olunmayacağını və onlara dəstək verməyəcəyini bildirib.

 Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, sabiq deputat, ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva və digərləri “El” hərəkatını ictimai-siyasi hadisələrə təsir edəcək bir təşkilat kimi qəbul etmirlər. Ən başlıcası ona görə ki, bu hərəkatın yaranması Eldar Namazovun ideyası yox, xarici ölkələrdə Azərbaycanın əleyhinə təbliğatla məşğul olan kinorejissor Rüstəm İbrahimbəyovun “ssenarisi” əsasında yaradılıb. Ona görə də bu “ssenari”nin də uğursuzluqla nəticələnəcəyinə heç bir şübhə yoxdur. Çünki sifarişlə yaranan ictimai birliyin heç bir perspektivi olmur.

Vəhdət Partiyasının sədri Tahir Kərimli də “El” hərəkatının xaricdəki düşmən  qüvvələrin çirkli pulları hesabına yarandığını bildirərək deyib ki, “El” hərəkatı xarici qüvvələrlə bağlıdır. Bu zəncirin orta həlqəsi “ziyalılar forumu”, kənar həlqələr Moskvadakı “Milyarderlər ittifaqı”, onun Azərbaycan cəmiyyətinə uzantısı isə “El” hərəkatıdır. Xarici qüvvənin dəstəyi ilə  Azərbaycan cəmiyyətində kütləvi hərəkat yaratmaq cəhdi açıq - aydın ortadadır.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında