Azərbaycanı xoşbəxt gələcəyə aparan xarizmatik lider

 

 

Ölkəmiz müstəqilliyini bərpa etdikdən indiyədək bir çox tarixi sınaqlardan uğurla çıxmışdır. Ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, Vətəninə olan sonsuz məhəbbəti, qətiyyəti və uzaqgörənliyi Azərbaycanı saysız-hesabsız bəlalardan xilas etdi. Ümummilli liderimizin nurlu yolunu yeni meyarlarla davam etdirən, müasir dövrün çağırışlarına uyğun daxili və xarici siyasəti həyata keçirən, dünya birliyinin diqqətini cəlb edən Prezident İlham Əliyev respublikamızı Cənubi Qafqazın lider dövlətinə çevirdi.

2003-cü ildən bugünədək ölkəmizdə gedən müsbət inkişaf prosesləri bir daha sübut etdi ki, xalqımız Heydər Əliyev təcrübəsinə ən yaxından bələd olan, bir çox məqamlarda isə onun ən etibarlı silahdaşı kimi xüsusi xidmətləri ilə yadda qalan İlham Əliyevə böyük etimad göstərməklə doğru seçim etmişdir. Dövlət başçımızı ulu öndərin ən etibarlı silahdaşı adlandırmağımız səbəbsiz deyil. Mübaliğəsiz deyə bilərik ki, dünyada böyük rezonans doğuran “Əsrin müqaviləsi”nin imzalanmasında və 40-50 il üçün nəzərdə tutulmuş yeni neft strategiyasının hazırlanmasında Heydər Əliyevin ən etibarlı silahdaşı məhz İlham Əliyev olmuşdu.

Azərbaycan Respublikasının Prezidenti olduğu 10 ildə anda sədaqətin, Vətənə xidmətin İlham Əliyev  nümunəsini yaradan dövlət başçısı ölkəmizin bugünkü tərəqqisini təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi misilsiz işlərə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır. Məhz ölkə rəhbərinin müasir dünyanın geosiyasi təlatümlərindən, iqtisadi uğursuzluqlardan çıxarmaq üçün çox yüksək səriştəyə, analitik təfəkkürə və siyasi iradəyə malik olması nəticəsində Azərbaycan qlobal maliyyə böhranının ən yüksək həddə çatdığı illərdə belə sürətlə inkişaf etmiş, böyük nailiyyətlər qazanmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin  AzərTAc-a verdiyi müsahibəsində qeyd etdiyi kimi, dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, hələ 2004-cü ildə Prezident İlham Əliyevin bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq reallığa çevrilmişdir. 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdıran Azərbaycan son 10 ildə iqtisadiyyatını şaxələndirməyə, ümumi daxili məhsulu 300 faiz artırmağa, ən əsası, iqtisadiyyatın qeyri-neft sektorunu 2,4 dəfə yüksəltməyə nail oldu. Ötən müddətdə ölkəmizin strateji valyuta ehtiyatları 30 dəfəyə yaxın artaraq 46 milyard dolları ötmüşdür. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın payına düşür. Ölkəmiz hətta bəzi inkişaf etmiş dövlətlərə də nümunə göstərir. Məsələn, yoxsulluğun səviyyəsinin 49 faizdən 6 faizə, işsizliyin isə 5,2 faizə endirilməsi həyata keçirilən sosial siyasətin ən böyük uğuru hesab olunmalıdır. Müqayisə üçün deyək ki, bəzi inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi 25 faizdir. Gənclər arasında isə bu rəqəm 50 faizə çatır. Yəni qazandığımız uğur, hətta inkişaf etmiş ölkələr üçün çox yüksək göstərici hesab olunur.

Göründüyü kimi, ötən dövrlərdə neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı, ölkə iqtisadiyyatının diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya və son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət  dəyişikliklər baş vermişdir. Azərbaycan iqtisadiyyatı bu dövr ərzində öz dinamik inkişafını qoruyub saxlamışdır. Hazırda iqtisadi inkişaf tempinə görə dünyanın 10 aparıcı ölkəsi sırasındayıq. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət iqtisadi yüksəlişimizi təmin etmiş, dövlətimizi gücləndirmişdir.

Təbii ki, dünyanın istənilən ölkəsinin qazandığı nailiyyətlərin əsasında həmin ölkənin liderinin üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirməsi, müasir dövrün tələblərinə cavab verən qərarlar qəbul etməsi və ümumilikdə, hər sahədə düzgün siyasətin müəyyənləşdirməsi mühüm rol oynayır. Bütün bunlarla yanaşı, milli-mənəvi keyfiyyətlərin qorunması, məhz həmin dəyərlərə söykənərək müasir dövlət idarəçilik sisteminin uğurlu fəaliyyətinin təmin olunması da mühüm vəzifələr kimi qarşıda durur. Bu mənada, Azərbaycan həqiqətən də dünyanın şanslı ölkələrindən biri hesab oluna bilər.  Məsələ ilə bağlı fikirlərini bildirən akademik Ramiz Mehdiyev demişdir:  “İlham Əliyev dövlətimizin möhkəmləndirilməsi, müstəqilliyimizin dönməzliyinin təmin olunması kimi məsul bir vəzifəni yerinə yetirməklə, həm də milli şüurumuzun inkişafı və cəmiyyətimizin müasirləşməsi üçün yorulmadan səy göstərir. O, hər bir situasiya üçün düzgün qərar verərək, onların həyata keçirilməsinə nail olur. İlham Əliyev siyasi lider kimi yeni dövrün tanınmış şəxsiyyətidir. Cənab Prezidentin qazandığı uğurlar xalqımıza böyük ümidlər verir, gələcəyə geniş yollar açır”.

Azərbaycanın müstəqillik dövrü ərzində qazandığı ən böyük uğurlardan biri də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əfsanədən reallığa çevrilməsidir. Prezident İlham Əliyev həmin layihələrin reallaşması üçün bütün zəruri addımları atdı. Ardınca Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başlandı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin həyata vəsiqə alması Azərbaycanı dünya miqyasında həmin sahədə böyük təcrübəsi olan dövlət kimi tanıtdı. Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər inkişaf etmiş dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər. Belə layihələrin reallaşdırılması ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına güclü dəstək verir. Bu gün böyük maliyyə resurslarına malik olan Azərbaycan Trans-Anadolu qaz boru kəməri layihəsini reallaşdırmaq üçün xərclərin 80 faizini öz üzərinə götürüb. Bu, ölkəmizin hansı səviyyəyə yüksəldiyini göstərən ən önəmli faktlardan biridir.

Qeyd etdiyimiz kimi, Azərbaycanın neft strategiyasının uğurla reallaşdırılması ölkəmizin dinamik sosial-iqtisadi  inkişafı üçün möhkəm baza yaratmışdır. Zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə nəticəsində Azərbaycan Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsi olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təminatında da mühüm rol oynayır. Artıq 15 ilə yaxındır ki, Azərbaycanın karbohidrogen ehtiyatları dünya bazarına çıxarılır. Onu da qeyd etmək lazımdır ki, neft və qaz ehtiyatlarının ixracı üçün yaradılmış çoxvariantlı boru kəmərləri ölkəmizin Avropanın və dünyanın enerji təhlükəsizliyinin təminatındakı rolunun daha da artırılmasına şərait yaradacaqdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qeyd etdiyi kimi, respublikamız öz tərəfdaşları ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini dəyişdirməkdə və onu zənginləşdirməkdə davam edir. Öz enerji təhlükəsizliyini təmin etmiş ölkəmiz Avropanın enerji bazarında mühüm amilə çevrilir, həm də onun təhlükəsizliyinə öz töhfələrini verir. Hesablamalara görə, hazırda bir sıra Avropa ölkələrinin enerji bazarında Azərbaycanın payı 30-40 faiz təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi elmi əsaslara söykənən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə çox mühüm bir missiyanı öz üzərinə götürmüşdür. Bu, dinlərarası və mədəniyyətlərarası dialoqun təşkili məsələsidir. Bu gün Azərbaycan Avrasiya coğrafiyasının mərkəzində olmaqla Şərq və Qərb sivilizasiyalarının dialoq platformasına çevrilib. Belə dialoq bəşəriyyətdə müxtəlifliyin əhəmiyyətini göstərməklə fərqlilik amilinə dözümlülüyü təbliğ edir. Azərbaycan, eyni zamanda, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi həm Qərb, həm də Şərq dəyərlərini özündə birləşdirən və inkişaf etdirən, xüsusi əhəmiyyətə malik bir dövlətdir. Bu, Azərbaycanın qədim tarixi xüsusiyyətlərindən irəli gəlir. Qərb ilə Şərqin qovuşduğu məkanda yerləşən ölkəmiz hər iki region arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafında mühüm amilə çevrilmişdir.

 Həmin amillərin əhəmiyyətini düzgün qiymətləndirən dövlət başçımız İlham Əliyevin təşəbbüsləri nəticəsində respublikamız, həm də bu kimi qlobal məsələlərin müzakirə olunduğu möhtəşəm əməkdaşlıq məkanına çevrilib. Akademik Ramiz Mehdiyevin dediyi kimi, Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü kimi qlobal siyasətin formalaşmasında iştirak edir, sülhün və təhlükəsizliyin təmin olunmasına dəyərli töhfələr verir. “Eurovision”, BMT-nin İnternet İdarəçilik Forumu, Beynəlxalq Humanitar Forum, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı və onlarla digər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmiz həm də sosial, iqtisadi, mədəni-humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə edildiyi əlverişli məkana çevrilmişdir. Gələn ay Bakı şəhəri Davos İqtisadi Forumunu qəbul etməklə özünün dünya əhəmiyyətli iqtisadi mərkəz statusunu möhkəmləndirəcəkdir. 2015-ci ildə isə biz I Avropa Oyunlarını keçirən ölkə kimi tarixə düşəcəyik. Bu il ilk telekommunikasiya peykimizin orbitə çıxarılması, Azərbaycanda kosmik sənayenin yaradılması inkişafımızın zirvəsi olmaqla uğurlarımızın, nailiyyətlərimizin miqyasını təcəssüm etdirir.

Beynəlxalq tədbirlərin Azərbaycanda baş tutmasının səbəblərini yuxarıda qeyd etdik. Bu səbəblər arasında ən əhəmiyyətli olanı isə respublikamızın iqtisadi inkişafı ilə yanaşı, demokratik inkişafını da təmin etməsi, ölkəmizdə ictimai-siyasi sabitliyin daimi olmasıdır. Ölkə rəhbərimizin qeyd etdiyi kimi, inkişafımızın əsasında düşünülmüş siyasət, liberal islahatlar, dövlətin həyata keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi, güclü hakimiyyət və sabitlik amilləri dayanır. Dövlət başçımızın praqmatik siyasi kursu, hakim komandanın səmərəli fəaliyyəti və ən əsası, xalqımızın güclü dəstəyi olmasaydı, bütün bu uğurlar əlçatmaz xəyal olaraq qalacaqdı.

Dünyaya iqtisadi inkişafın Azərbaycan modelini təqdim edən, ölkəmizi regional güc mərkəzinə çevirən və nəhayət, qlobal problemlərin müzakirəsində aktiv rol oynayan, onların həllinə töhfələr verməyə çalışan lider,  təbii ki, dünya ölkələrinin liderlərinə də nümunə təşkil edir. Bütün bunlar həm xalqımızın, həm də beynəlxalq ictimaiyyətin nəzərində, habelə dünyanın siyasi elitası arasında cənab İlham Əliyevin qurucu, yaradıcı, görkəmli dövlət və siyasi xadim obrazını şərtləndirən mühüm amillərdir. Bu fikirləri bildirən  akademik Ramiz Mehdiyev demişdir: “İlham Əliyev yeni əsrin yeni lideridir. Onun yeni əsrdə Azərbaycanın Prezidenti olmasının özündə rəmzi məna vardır. O, postsovet məkanında tamamilə yeni tipli siyasi liderin nümunəsinə çevrilmişdir. Hesab edirəm ki, cənab İlham Əliyevi səciyyələndirən başlıca xüsusiyyəti onun hədsiz səmimiliyidir. Həm milli mədəniyyətimizin, həm xalqımızın əxlaqi-mənəvi dəyərlərinin təbliğində, həm də ölkəmizin dolğun müsbət imicinin formalaşmasında ailəsinin hər bir üzvü onunla həmrəydir, həmfikirdir”.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında