Milli dövlətçiliyimizin növbəti sınaq mərhələsi: 1995-ci ilin mart hadisələri

 

 

Ulu öndər Heydər Əliyevin müdrikliyi müstəqil Azərbaycan Respublikasını bu sınaqdan uğurla çıxardı

Müstəqilliyimizin ilk illərini dövlətçiliyin qorunması və möhkəmləndirilməsi uğrunda gərgin mübarizə dövrü kimi qiymətləndirmək olar. Bir tərəfdən torpaqlarımızın işğal edilməsi və davam edən qanlı müharibə, digər tərəfdən isə ölkə daxilində ayrı-ayrı siyasiləşmiş cinayətkar qruplar və silahlı dəstələr arasında gedən hakimiyyət mübarizəsi Azərbaycan Respublikasının müstəqilliyini təhlükə qarşısında qoymuşdu. AXC-Müsavat iqtidarının yetişdirdiyi liderciklərin hər biri silahlı dəstələrə arxalanaraq, hakimiyyəti ələ keçirmək üçün cəhdlər göstərirdilər.

AXC-Müsavat iqtidarının yüksək məqama çatdırdığı Rəhim Qaziyev, Surət Hüseynov, Əlikram Hümbətov, Rövşən Cavadov kimi fiqurları əvvəlcə həmin iqtidarın özünə qənim kəsildilər, bacarıqsız, səriştəsiz iqtidar süqut etdikdən sonra isə silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirməyə çalışdılar. Bu adamları Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamaq deyil, hansı yolla olursa-olsun hakimyyət kreslosunu ələ keçirmək, ölkənin varidatına sahib olmaq düşündürürdü. Belələri bugünkü radikal müxalifət düşərgəsində yer alaraq xaricdəki düşmənlərin dəyirmanına su tökürdülər.

1993-cü ilin ortalarından etibarən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə müəyyən sabitlik yaradılmasına baxmayaraq, 1995-ci ilin əvvəllərində siyasi gərginlik hələ də qalırdı. 1994-cü ilin oktyabr hadisələrindən sonra Surət Hüseynov və onun xarici ölkələrdəki havadarları öz məkrli niyyətlərindən hələ də əl çəkməmişdilər. Hələ üstəlik, onlara dəstək verən cinayətkar ünsürlər də tapıldı. Bəzi qüvvələrin əlində alətə çevrilmiş Mahir və Rövşən Cavadov qardaşlarının Xüsusi Təyinatlı Polis Dəstəsindən istifadə etməklə müxtəlif cinayətlər törətməsi, dövlət qurumlarına hücumlar təşkil etmələri həm Surət Hüseynovun, həm də Cavadov qardaşlarının eyni mərkəzdən idarə olunduğunu göstərirdi. Vahid ssenari əsasında baş verən bu hadisələri törətməkdə əsas məqsəd isə hakimiyyəti qəsb etmək və xaricdəki düşmən qüvvələrin planlarını ölkəmizdə gerçəkləşdirmək idi.

Bu dəfə dövlət çevrilişi planı ilk olaraq 1995-ci il martın 13-də Qazax şəhərində həyata keçirilməyə başlandı. DİN sabiq XTPD-nin Qazaxda yerləşən 8-ci rotasının əməkdaşları, Müdafiə Nazirliyinin hərbi hissələrinin fərarilik etmiş hərbi qulluqçuları və mülki şəxslər müxtəlif markalı odlu silahlar, döyüş sursatları ilə silahlanmış vəziyyətdə, hərbi texnikadan istifadə etməklə Qazax rayon polis şöbəsinin, icra hakimiyyətinin binalarını, rabitə qovşağını quldurcasına zəbt etdilər. Bundan sonra cinayətkar dəstə Ağstafa şəhərində də həmin hərəkətləri davam etdirdi. Rövşən Cavadov birbaşa Daxili İşlər Nazirliyinin nəzdində olan XTPD-nin bazasına gedərək oradan hakimiyyətə ultimatumlar verdi. Onun və rəhbərlik etdiyi qeyri-qanuni silahlı dəstənin qarşıya qoyduğu əsas vəzifə bundan ibarət idi: nə yolla olursa-olsun Prezident Sarayını zəbt etmək, Azərbaycan Prezidentini ya fiziki cəhətdən məhv etmək, ya da həbs etmək, Ali Soveti, Azərbaycan Milli Televiziyasını və Daxili İşlər Nazirliyini öz tabeçiliyinə keçirmək. Bu çirkin işlərin necə həyata keçiriləcəyi, kimlər tərəfindən icra ediləcəyi də artıq planlaşdırılmışdı.

Cinayət hadisələrini törədənlərə rəhbərlik edən Rövşən Cavadov qanuni dövləti, hakimiyyəti silah gücünə devirəcəyini gizlətmirdi. O, müxtəlif bəyanatlar verərək hakimiyyətə hədə-qorxu gəlirdi. Onun verdiyi bəyanatlara diqqət yetirin: “Bunlar haradan qüvvə gətirsələr də, mümkün deyil. Bunlar bizimlə bacaran deyillər”, “...Necə istəyirsiniz elə edin. Mən sözümü dedim... vətəndaş müharibəsi, dünya müharibəsi, necə istəyirsiniz, bunu adlandırın. Əgər onlar getməsələr, istefa verməsələr, biz onları zorla devirəcəyik”. “Biz hakimiyyətə gələcəyik. Ölkə rəhbərliyində mənim yerim isə Dövlət Şurası yaradıldıqdan sonra kollegial surətdə müəyyənləşdiriləcək”. Göründüyü kimi, Rövşən Cavadov silah gücünə, günahsız insanların qanını tökmək yolu ilə hakimiyyətə gəlmək niyyətini gizlətmirdi. Belə insanlarda milli təəssübkeşlik, vətənpərvərlik hissləri, xalqına, dövlətinə qarşı heç vaxt məhəbbət olmur. Ölkəmizə düşmən kəsilən xarici qüvvələrə belə insanlar lazım idi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələrinin kökündə məhz bu məqsədlər dururdu: Ölkədə siyasi cəhətdən səbatsız, milli təəssübkeşliyi olmayan və idarəetmədə diletant olan adamlar hakimiyyətə gəlsin ki, məhz onların fərasətsizliyi və xəyanəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirsin. Surət Hüseynov və Cavadov qardaşları o qədər ağıla malik deyildilər ki, bu məsələlərin mahiyyətinə vara bilsinlər. Onlar düşünmək üçün yox, güc tətbiq etmək üçün seçilmiş fiqurlar idi.

1995-ci il martın 15-də onların Bakıdakı “əqidə qardaşları” Nizami Rayon Polis İdarəsinə silahlı basqın etdilər və dəf olundular. Həmin gün ulu öndər Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət etdi. Türk dünyasının böyük oğlu 1993-cü ildən — hakimiyyətə gəldiyi gündən görülən işlər barəsində xalqa ətraflı məlumat verdi. Bir daha aydın oldu ki, Azərbaycan müstəqil dövlət kimi beynəlxalq aləmə nüfuz edir, əlaqələrini möhkəmləndirir, iqtisadi cəhətdən inkişaf edir. Dünyanın ən iri şirkətləri Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdırlar. Belə bir şəraitdə bir qrup qeyri-qanuni silahlı dəstə Azərbaycanda dövlət çevrilişi etməyə cəhd göstərir. Ulu öndər xalqa müraciətində demişdir: “...Onlar vətəndaş müharibəsinə başlayıblar. Rövşən Cavadov və onun dəstəsi tökülən qanların günahkarlarıdır. Bilirsiniz, XTPD-nin yerləşdiyi 8-ci Kilometrdəki bazaya cinayətkarları toplayırlar. Bu ağır vəziyyətimizdə gəncləri tərbiyə etmək əvəzinə, cinayətə sövq edirlər, onlara silah paylayırlar, dövlət əleyhinə çıxmaq istəyirlər. Onlar Nizami Rayon Polis İdarəsinə hücum ediblər. Polis əməkdaşları o hücumun qarşısını alıblar, qəhrəmanlıq göstəriblər. İki nəfər polis əməkdaşı yaralanıb. Beləliklə, Ağstafada, Qazaxda, gəlib Bakıda da qan töküblər. Düzdür, XTPD-dən də biri həlak olub və bəlkə də o, günahsız bir zavallıdır. Allah ona da rəhmət eləsin. O da vətəndaşımızdır, o da Azərbaycan Prezidenti kimi mənim vətəndaşımdır. Onun cinayət yoluna düşməsi özünün günahı deyil, Cavadovların günahıdır. Bütün o tökülən qanlara günahkar onlardır”.

Ulu öndər cinayətkar dəstəyə müraciət edərək bu əməllərindən, cinayətkar niyyətlərindən əl çəkmələrini, bu yoldan çəkinmələrini tövsiyyə etdi. Bildirdi ki, tökdüyünüz qanlara, etdiyiniz cinayətlərə son qoymağın vaxtı gəlib çatıb: “Ümumiyyətlə, dəstəyə və Rövşən Cavadova deyirəm: Bu cinayətkar əməllərinizdən əl çəkin, təslim olun! Silahlar bu gün təhvil verilməli, oradan çıxıb hərə öz yerinə getməli, təslim olmalıdır. Dövlətlə dövlətçilik etmək olmaz. Azərbaycanın dövləti var, xalq tərəfindən seçilmiş Prezidenti var”. Lakin cinayətkar dəstə bütün bunlardan bir nəticə çıxarmadı. Xalq isə dövlətimizin başçısının daxili və xarici siyasətini dəstəklədiyini bildirdi, onun ətrafında daha sıx birləşdiyini nümayiş etdirdi.

Görünən o idi ki, xarici düşmənlər və daxilimizdəki xəyanətkar qüvvələr hər şeyi nəzərə alsalar da, “Heydər – Xalq”, “Xalq – Heydər” həmrəyliyinin, birliyinin bu qədər güclü olacağını xəyallarına belə gətirməmişdilər. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri bütün bu hoqqabazlıqlara, xəyanətkar, cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. Rövşən Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri isə heç bir nəticə vermirdi. Əksinə, belələri ictimaiyyətin qınağına tuş gəlir, ağır ifadələrlə təhqir olunmaqdan belə yan keçə bilmirdilər.

Nəhayət, xalqın tələbi ilə dövlət başçısının 16 mart 1995-ci ildə imzaladığı fərmanla XTPD ləğv edildi. Prezident Heydər Əliyev “omonçular”ın silahı təhvil verib yerləşdikləri bazanı tərk etmələri üçün şərait yaradılmasına göstəriş verdi. Cavadov qardaşları dövlət başçısının bu humanist addımını zəiflik kimi qəbul edib ona məhəl qoymadılar. Onlar əvvəlcədən bazada topladıqları silahlıları şərti olaraq formalaşdırdıqları dörd hücum qrupuna bölərək martın 16-dan 17-nə keçən gecə Prezident Sarayı, Dövlət Teleradio Şirkəti və Daxili İşlər Nazirliyi binalarını tutmaq üçün həmlə ilə mühasirəni yarmağa, şəhərə çıxmağa çalışdılar. XTPD üzvləri öz həmvətənlərinə, qardaşlarına qarşı silah qaldırıraq hücuma keçdilər. Açılan atəş nəticəsində neçə-neçə əsgərimiz şəhid oldu. Buna baxmayaraq, əsgər və zabitlərimiz mərdlik, cəsarət göstərdilər, Azərbaycan dövlətçiliyini, qanuni hakimiyyəti, müstəqilliyimizi qoruyub saxladılar. Xalqımızın qəhrəman, igid oğulları xəyanətkarların öz arzularına çatmasına imkan vermədilər. Tarixi şəxsiyyət Heydər Əliyevin müdrikliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alındı.

1995-ci ilin mart hadisələri milli dövlətçiliyimiz üçün ciddi təhlükə idi. Bununla bərabər, həmin hadisələr həm də ölkəmizin daxilində özünə yer tapmağa çalışan və xarici qüvvələr tərəfindən idarə edilən siyasiləşmiş silahlı dəstələrin ortadan qaldırılmasına, cinayətkarların cəzalandırılmasına da rəvac vermişdi. Həmin il martın 17-də Prezident Heydər Əliyevin yanında keçirilmiş müşavirədə ulu öndərin söylədiyi yekun sözündə də bu reallığı görmək olar. Türk dünyasının böyük oğlu o zaman demişdi: “Mən hesab edirəm ki, bu gün biz irəliyə daha inamla, nikbinliklə baxa bilərik. Qarşımızdakı planların həyata keçirilməsi üçün daha sərbəst fəaliyyət göstərə bilərik və əminəm ki, bizim gələcəyə doğru yolumuz uğurlu olacaqdır”.

Bəli, bizim gələcəyə doğru uzanan yolumuz uğurlu oldu və bu gün dünya ictimaiyyəti bizim möhtəşəm nailiyyətlərimizi səmimi şəkildə, səxavətlə və ürək açıqlığı ilə etiraf edir. Bu hadisələrdən keçən on səkkiz il ərzində Azərbaycan müstəqil dövlət kimi daha da inkişaf etdi, əlaqələri genişləndi, mövqeləri möhkəmləndi. Ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, xalqına, Vətəninə, millətinə olan sonsuz məhəbbəti, qətiyyəti, uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub saxlanıldı və Prezident İlham Əliyevin həyata keçirdiyi elmi əsaslara söykənən xarici və daxili siyasət nəticəsində respublikamız Cənubi Qafqaz regionun lider dövlətinə, güc mərkəzinə çevrildi.

Rauf KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında