Dünya Birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan Respublikasının beynəlxalq nüfuzu ilbəil artır. Siyasi və iqtisadi müstəqilliyini getdikcə möhkəmləndirən ölkəmiz hazırda bir sıra beynəlxalq təşkilatlarda layiqincə təmsil olunur. Bundan əlavə, son illər Azərbaycanın bir çox nüfuzlu beynəlxalq təşkilatlara uğurla sədrlik etməsi də birmənalı olaraq rəğbətlə qarşılanır. Keçid iqtisadiyyatını uğurla başa çatdıran, karbohidrogenlərin satışından əldə edilən gəlirlər hesabına iqtisadiyyatının şaxələndirilməsinə nail olan ölkəmiz artıq dünyaya müasir iqtisadi inkişaf konsepsiyasının “Azərbaycan modeli”ni də təqdim edə bilmişdir.
Təsadüfi deyil ki, indi bu model beynəlxalq səviyyədə təqdir olunmaqla yanaşı, hətta bir örnək, nümunə kimi göstərilir. Məhz bütün bunların nəticəsidir ki, regionda ən sabit və dinamik inkişaf edən Azərbaycan Respublikası ilə siyasi və iqtisadi müstəvidə əməkdaşlığa can atan ölkələrin sırası getdikcə genişlənir. Eyni zamanda, son illər Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi mühüm töhfələr ölkəmizin əhəmiyyətini qat-qat artırmışdır. Dövlətimizin başçısı İlham Əliyevin Xorvatiya Respublikasına və Monteneqroya rəsmi səfərləri də Azərbaycanın bu ölkələrlə əməkdaşlıq əlaqlərinin inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Məlum olduğu kimi, martın 10-da Xorvatyaya gələn Prezident İlham Əliyev burada bir sıra rəsmi görüşlər keçirmiş, səfər çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə imkan yaradan mühüm sənədlər imzalanmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti İvo Yosipoviç arasında keçirilmiş təkbətək görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin mövcud səviyyəsinin qənaətbəxş olduğu vurğulanmış, gələcək əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Elə bu tədbirin davamı olaraq dövlət başçılarının iştirakı ilə hər iki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə görüşündə də Azərbaycanla Xorvatiya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin yüksək səviyyədə olması ilə yanaşı, enerji və turizm sahələrində də əməkdaşlığın genişləndirilməsinin vacibliyi önə çəkilmişdir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin dərinləşdirilməsinin, eləcə də əməkdaşlığın yeni sahələrinin müəyyən edilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev bu baxımdan enerji və nəqliyyat sahələrində əlaqələrin genişləndirilməsinin xüsusi önəm kəsb etdiyini diqqətə çatdırmışdır.
Yeri gəlmişkən, Xorvatiya Respublikası Azərbaycanın mühüm ticarət partnyorlarından biridir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2012-ci ildə ölkələrimiz arasında ümumi ticarət dövriyyəsi 333 milyon 996,4 min ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 3 milyon 407,6 min dolları idxalın, 330 milyon 588,8 min dolları isə ixracın payına düşmüşüdür. İl ərzində Xorvatiyaya əsasən xam neft və kerosin yanacağı ixrac edən Azərbaycan bu ölkədən transformatorlar, elektrik maşın aparatları üçün hissələr, metal çənlər, ağacdan hazırlanmış mebellər, müxtəlif ağac və kollar, dərman vasitələri, çörək, bulka və qənnadı məmulatları, eləcə də digər ərzaq malları almışdır. Martın 11-də dövlət başçılarının iş adamları ilə görüşündə də ölkələrimiz arasında biznes əlaqələrinin və mal dövriyyəsinin genişləndirilməsi əsas müzakirə predmeti olmuşdur. Belə ki, tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Azərbaycanda Xorvatiyanın daimi diplomatik nümayəndəliyinin açılması ilə yanaşı, ən vacib məsələlərdən biri də birgə iqtisadi əməkdaşlıq üzrə komissiyanın fəaliyyətə başlamasıdır. Düşünürəm ki, bu komissiya ən uyğun investisiya sahəsi və əlaqələri tapmaqda işgüzar dairələr üçün bələdçi və təşkilatçı olmalıdır. Çox güman ki, bu komissiya biznes dairələrini bir araya gətirmək, hər iki ölkənin potensialını və investisiya imkanlarını təqdim etməsi və hər iki ölkədə həyata keçiriləcək konkret layihələr məsələsini diqqətdə saxlayacaq və bununla da biz ticarət dövriyyəsinin həcmini artıra və şaxələndirilmiş ticarət dövriyyəsinə nail ola biləcəyik. Çünki demək olar ki, hazırda mal dövriyyəsinin 100 faizini neft təşkil edir. Bu, çox yaxşidir, lakin biz iqtisadi əməkdaşlığımızda daha yeni sahələr görmək istəyirik”.
Tədbirdə Azərbaycanın birbaşa xarici investisiya imkanları baxımından cəlbedici ölkə olduğunu diqqətə çatdıran dövlətimizin başçısı xorvat şirkətlərinin ölkəmizdə podratçı təşkilat kimi daha çox təmsil olunmaq istədiyini bildirmişdir. Prezidentimiz xorvatiyalı iş adamlarına hətta konkret sahələri də nişan vermişdir: tikinti, infrastruktur layihələri, nəqliyyat infrastrukturuna dair layihələr. Bununla da, Prezident İlham Əliyev Azərbaycanın xarici investisiyalar üçün olduqca açıq bir ölkə olduğunu bir daha bəyan etmişdir. Yeri gəlmişkən, elə həmin görüşdə Xorvatiyanın bir sıra işgüzar dairələrinin və tanınmış şirkətlərinin rəhbərləri də təmsil etdikləri sahələrin işi ilə bağlı ətraflı məlumat vermişlər. Bütün bunları isə iqtisadi sahədə gələcək əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hesab etmək olar. Xatırladaq ki, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın mövcud vəziyyəti və perspektiv inkişafı dövlət başçılarının mətbuata verdikləri bəyanatlarda da öz geniş əksini tapmışdır.
Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri ölkələrimiz arasında siyasi sahədə əməkdaşlığın gələcək inkişafı üçün də yaxşı perspektivlər vəd edir. Belə ki, Azərbaycan və Xorvatiyanın nümayəndə heyətlərinin geniş tərkibdə keçirilmiş görüşündə ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olması bir daha vurğulanmaqla yanaşı, bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunmuşdur.
Xorvatiya Prezidenti İvo Yosipoviçin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin Xorvatiya tərəfindən dəstəkləndiyini bir daha bəyan etməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki hazırda sivil dünya hər cür zorakılığı və işğalçılıq siyasətini birmənalı olaraq pisləyir. Ermənistanın isə Azərbaycan torpaqlarını zor gücünə işğal etməsi faktdır və bu barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcuddur. Elə səfər çərçivəsində Azərbaycan və Xorvatiya respublikaları arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi imzalandıqdan sonra dövlət başçılarının mətbuat üçün verdikləri bəyanatda bu məsələyə xüsusi diqqət yetirilmişdir. Xorvatiya Prezidenti İvo Yosipoviç mətbuat üçün verdiyi bəyanatda bu məsələyə bir daha toxunaraq demişdir: “Həm Azərbaycan, həm də Xorvatiya ciddi problemlərin mövcud olduğu regionda yerləşirlər. Hər iki dövlət həm Qafqazda, həm də Xorvatiyanın cənub-şərqində sabitlik və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. Xorvatiya Dağlıq Qarabağ və digər ərazilərin işğalı ilə bağlı münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir. Biz beynəlxalq hüquq normalarının tətbiqinin və sülh yolu ilə həllinin tərəfdarıyıq”. Bütün məsələlərdə mövqelərimizin üst-üstə düşdüyündən məmnunluğunu bildirən Prezident İlham Əliyev öz növbəsində Xorvatiya dövlətinə minnətdarlığını bildirərək demişdir: “Bu gün, eyni zamanda, regional təhlükəsizlik məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları da müzakirə edildi... Bu mövqe bu gün imzalanan sənəddə də öz əksini tapıb. Bütün beynəlxalq hüquq normaları tətbiq edilməlidir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir və Azərbaycan torpaqları işğalçılardan azad olunmalıdır. Ölkələrin suverenliyi və ərazi bütövlüyü bu məsələnin həllində üstünlük təşkil edir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin dost ölkəyə rəsmi səfərinin nəticəsi olaraq Azərbaycan-Xorvatiya sənədləri imzalanmışdır. “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi, ətraf mühitin mühafizəsi, elm və texnika sahələrində sazişlər, gənclərlə iş və turizm sahələrində anlaşma memorandumları, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Xorvatiyanın “Pinacro” şirkəti arasında əməkdaşlıq haqqında memorandum, heç şübhəsiz, ölkələrimiz arasında dostluq və gələcək əməkdaşlıq üçün yeni imkanlar açır.
Son illər Azərbaycan Respublikası ilə Monteneqro arasında da siyasi, iqtisadi və digər sahələrdə əlaqələr uğurla inkişaf edir. Prezident İlham Əliyevin martın 12-də Monteneqroya rəsmi səfəri isə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrində yeni səhifə açacaqdır. Məlum olduğu kimi, səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibdə nümayəndə heyətlərinin görüşü zamanı əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilmiş, beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Gələcəkdə ölkələrimizdə həyata keçiriləcək birgə iqtisadi layihələrin əhəmiyyəti qeyd olunmaqla yanaşı, Azərbaycanın Monteneqroya investisiya qoyuluşunun iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyi vurğulanmışdır. Bu baxımdan energetika, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığa yaxşı imkan olduğu qənaətinə gəlinmişdir.
Xatırladaq ki, Prezident İlham Əliyev səfər çərçivəsində Azərbaycan tərəfindən Monteneqroda reallaşdırılacaq layihələrlə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verilmişdir ki, Xorvatiyanın ən böyük inzibati ərazilərindən sayılan Podqoritsa şəhərinin mərkəzi küçələrindən birinə “Bakı” adının verilməsi ilə bağlı şəhər meriyası qarşısında məsələ qaldırılmışdır. Bundan əlavə, “AzMont” Aazərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzi və Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi tərəfindən şəhərin “Kral parkı”nda Hüseyn Cavidin bürüncdən hazırlanmış büstü qoyulacaqdır. Məlum olduğu kimi, Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə hazırda bu ölkənin Bielo-Pole şəhərində uşaq bağçası inşa edilir. Səfər çərçivəsində Prezident İlham Əliyev həmin bağçanın layihəsi ilə də tanış olmuşdur. Daha sonra Çetinye şəhərindəki Kral Nikolay Sarayında olan İlham Əliyev buradakı muzeyə baxmış, son illərdə şəhərdə həyata keçirilən infrastruktur layihələri barədə dövlətimizin başçısına ətraflı məlumat verilmişdir.
Martın 12-də Monteneqro ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığa dair imzalanmış sənədlər ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannamə” qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri baxımından diqqəti cəlb edir. Bundan əlavə, ölkələrimiz arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiyanın imzalanması iqtisadi əlaqələrimizin inkişafında yeni mərhələnin başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçılarının mətbuata verdikləri bəyanatlar da ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə bir daha aydınlıq gətirmişdir. Monteneqro Prezidenti Filip Vuyanoviç ölkələrimizin coğrafi baxımdan uzaq olmasına baxmayaraq, yaxın dost və gözəl əlaqələrə malik olduğunu vurğulayaraq demişdir: “ Dövlətlərimiz arasında çoxşaxəli münasibətlərin olması iqtisadi sahədə də müəyyən nailiyyətlərin əldə olunması üçün şərait yaratmışdır və qarşılıqlı əməkdaşlıq üçün də imkanlar açmışdır”. Hazırda ölklərimiz arasında qarşılıqlı sərmayə qoyuluşu prosesinin getdiyini deyən Prezident Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ölkəsinə qoyduğu sərmayələrin xüsusi əhəmiyyət kəsb etdiyini bildirmiş, sərmayə qoyuluşu üçün cəlbedici olan digər sahələrin adlarını sadalamışdır.
Jurnalistlər qarşısında bəyanatla çıxış edən Prezident İlham Əliyev Monteneqronun müstəqillik illərində əldə etdiyi uğurları yüksək qiymətləndirərək demişdir: “...Biz iqtisadi sahədə böyük irəliləyişə nail ola bilmişik. Bu gün bizim iqtisadi əməkdaşlıqla bağlı mövqeyimiz üst-üstə düşür. Monteneqroda yaradılmış gözəl investisiya iqlimi Azərbaycan investorlarını da ruhlandırmışdır. Mən çox şadam ki, həm sosial sahə ilə bağlı, eyni zamanda, turizm infrastrukturunun yaradılması ilə əlaqədar Monteneqroya artıq Azərbaycan investisiyaları qoyulmağa başlayır. Ancaq mən hesab edirəm ki, bu, birinci addımlardır, böyük addımlardır”. Bundan əlavə, Prezident İlham Əliyev iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün Monteneqroya daha çox Azərbaycan investisiyalarının qoyulmasının vacibliyini önə çəkmiş, bank, enerji və nəqliyyat sahələrinin əməkdaşlıq üçün daha faydalı olacağını diqqətə çatdırmışdır.
Yeri gəlmişkən, ötən il Azərbaycan Monteneqroya reaktiv kerosin yanacağı göndərmiş, bu ölkədən isə əsasən ərzaq malları idxal etmişdir. Ölkəmizin keçmiş Yuqoslaviya İttifaqına daxil olmuş Monteneqro ilə illik xarici ticarət dövriyyəsinin həcmi az olsa da, Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri və həmin səfərin nəticəsi olan bir sıra vacib sənədlərin imzalanması idxal-ixrac əməliyyatlarının genişləndirilməsi istiqamətində yaxşı perspektivlər vəd edir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.