Qondarma “El” hərəkatının və reneqat Eldar Namazovun heç bir siyasi perspektivi yoxdur

 

 

Radikal müxalifət düşərgəsindəki ziddiyyətlər və qarşıdurmalar da belə deməyə əsas verir

Dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycanda da seçki ilində cəmiyyətdə, ictimai-siyasi həyatda fəallıq müşahidə edilir. Hər bir siyasi partiya yaradılmış münbit demokratik mühitdən faydalanaraq özünün namizədlərini müəyyənləşdirməyə çalışır, seçki təbliğatını yüksək səviyyədə aparmaq üçün qanunauyğun qaydada məqbul hesab olunan bütün siyasi vasitələrdən istifadə edir.

Seçkilər ərəfəsində həm də kimin kim olduğu daha aydın üzə çıxır, müttəfiqlər müəyyənləşir, əgər hər hansı siyasi qurumda qarşıdurma meyilləri varsa, bu, daha da dərinləşir, güclənir. Bu günlərdə “fəaliyyətə başlayan”  “El” hərəkatının “təqdimat mərasimi” də məhz qarşıdurmalara rəvac verəcək çıxışlarla yadda qaldı.  Bir daha aydın oldu ki, bu qondarma qurum doğulduğu gündən məhvə məhkumdur. 

Qeyd edək ki, tədbirdə əsasən ölkəmizdəki qeyri-konstruktiv, dağıdıcı müxalifət düşərgəsinin rəhbərləri və nümayəndələri iştirak edirdilər. Digər iştirakçılar isə bir vaxtlar rüşvət aldığı, tabeçiliyində olanları incitdiyi, xalqına, dövlətinə xəyanət etdiyi, vəzifəsindən sui-istifadə edərək dövlətin malını taladığı üçün işdən qovulanlar idi. Qondarma hərəkatın təsisçiləri, guya, onlara beynəlxalq diqqətin olduğunu nümayiş etdirmək üçün paytaxtımıza işləmək üçün üz tutan və ya bura təhsil almağa gələn bir neçə afrikalı zənci gənci də tədbirə dəvət etmişdilər.  Bütün bunlar bir tərəfə, mərasimdə hərəkatın elan olunmasını gözləyən “qonaqlar” daha çox qarşılıqlı ittihamlarla dolu çıxışları eşitməli oldular.  Tərəfdaşlarına birinci “zərbə” isə “El”dən gəlib. Əvvəlcə hərəkatın təşəbbüs qrupunun üzvü Eldəniz Quliyev kürsüyə çıxaraq, kinorejissor Rüstəm İbrahimbəyovun təbriklərini zalda hərəsi bir maska altında gizlənən  “aktyorlara” çatdırıb. Bundan sonra o, “əsaslı arqumenti” ilə dağıdıcı müxalifət düşərgəsinin baş bilənləri - Müsavat Partiyasının başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlinin “bostanına” daş atıb. O, hər iki liderin qabiliyyətsizliyinə, səriştəsizliyinə, uğursuz addımlarına eyham vuraraq və onların rəhbərliyi altında yaradılan “İctimai Palata”nın heç bir işə yaramadığına işarə edərək deyib  ki, “El” hərəkatının qurulmasında əsas məqsəd “Azərbaycanın siyasi xəritəsindəki boşluqdur”.  Yəni bu o deməkdir ki,  “İctimai Palata”nın, radikal müxalifəti təmsil edən AXCP və Müsavatın varlığı siyasi səhnədə heç nəyi ifadə etmir və burada bir boşluq var. Bunu isə, guya “El”  hərəkatı dolduracaq və  bir çox “çatışmazlığı”  ortadan qaldıracaq.

Reneqat Eldar Namazov da Eldəniz Quliyevin “yolunu” tutaraq üstüörtülü şəkildə “İctimai Palata”nın demokratik düşüncəli insanların maraqlarını müdafiə edə bilmədiyini və buna görə də həmin şəxslərin proseslərdən uzaqlaşdığına eyham vuraraq deyib: “Biz bu düşüncədə olan bütün insanların maraqlarını müdafiə etmək istəyirik. Biz cəmiyyətin müəyyən səbəblərdən siyasi proseslərdən kənarda qalan hissəsini fəal vətəndaş mövqeyinə cəlb etməyi hədəfə almışıq. Əsas istinad etdiyimiz təbəqə bu insanlardır”. Reneqat bununla dağıdıcı düşərgəni  öz tərəfinə çəkməyi qarşısına məqsəd qoyduğunu gizlətməyib. Və ardınca bildirib ki, “qarşıdan prezident seçkiləri gəlir. Biz demokratik düşərgə ilə bərabər konsensus əsasında namizədimizi müəyyən edib seçkilərdə əsas hədəfimizə çatmağı düşünürük”.

Bəli, bir daha aydın olur ki, buqələmun Eldar Namazovun adının iki baş hərfini əks etdirən “El” hərəkatının yaradılmasında əsas məqsəd reneqatı radikal müxalifət düşərgəsinin vahid namizədi kimi cəmiyyətə sırımaqdır. Tədbirdən öncə Marseldən zəng vuraraq “xeyir-dualarını verən” və bütün toplantı iştirakçılarına onun “atəşin salamlarını” çatdırmağı Eldəniz Quliyevə  tapşıran Rüstəm İbrahimbəyov da yanvar ayında verdiyi açıqlamada birmənalı şəkildə bildirmişdi ki, o, radikal düşərgənin prezidentliyə vahid namizədi kimi yalnız reneqat Eldar Namazovu görür. Yəni hərəkatın yaradılmasında əsas məqsədlərdən biri də  AXCP-nin və Müsavatın nəzarətində olan “İctimai Palata”nı necə deyərlər, sıradan çıxarmaq və yeni bir “mərkəz” yaratmaqla  burada buqələmunun mövqelərini möhkəmləndirməkdir. Radikal düşərgədəki proseslər də məhz bu istiqamətdə gedir.

Bu məqamda qeyd edək ki, İsa Qəmbər  prezidentliyə “vahid namizəd” məsələsinin əleyhinə olduğunu dəfələrlə bəyan edib. Onun fikrincə, müzakirələr daha çox “əsas namizəd” in təyin olunması barədə aparılmalıdır. Başqan bir sıra arqumentlərlə məqsədini ört-basdır etməyə çalışsa da, aşkar olan budur ki, o, Eldar Namazovun ətrafında toplaşan dəstədən ehtiyat edir və əmindir ki, bundan belə həmin dəstə reneqatı vahid namizəd kimi radikal düşərgəyə qəbul etdirməyə çalışacaq. Rüstəm İbrahimbəyovun bütün cəhdləri məhz bu istiqamətə yönəlib. AXCP sədri Əli Kərimli də bu məsələdən narahatdır. Həm İsa Qəmbər, həm də Əli Kərimli “El” hərəkatının tədbirində daxili narahatlıqlarını gizlətmək  üçün çıxışlarındakı hər bir ifadəni ölçüb-biçərək iştirakçılara çatdırsalar da, bu, alınmayıb.  Daxili gərginlik onların internetdə yayılan şəkillərindən də hiss olunur.

Bütün bunlarla yanaşı, tədbirdə reneqat Eldar Namazova “yerini bildirən” də tapılıb. DEVAMM-nin rəhbəri Hacı İlqar İbrahimoğlu Əli Kərimli ilə İsa Qəmbərin radikal müxalifət düşərgəsindəki mövqelərini  zəiflətməyə hesablanmış “El” hərəkatının təsisçilərinə müraciətlə qeyd edib ki, artıq bölücülük mərhələsi geridə qalıb. O deyib: “Bu gün Azərbaycan toplumunda bölücülük və qruplaşmanın mənasız olduğunu hər kəs anlamaqdadır. Bu çox yaxşı tendensiyadır... Hazırda buzlar əriməkdədir. Amma cəmiyyətdəki hazırkı hərarətin uzun müddət düşməməsinə, qalmasına səylər göstərən Əli Kərimli və İsa Qəmbərə də təşəkkürümü bildirirəm”.  Hacı İlqar İbrahimoğlu bununla reneqat Eldar Namazova və onun dəstəsinə demək istəyib ki, AXCP sədri ilə Müsavat başqanı 21 ildir, daim səhnədədirlər, ancaq siz seçkidən-seçkiyə ortalığa çıxaraq, haray-qışqırıq salmağa, ön planda olmağa çalışırsınız, bu isə ədalətli deyil.  Təbii ki, bu, təkcə onun fikri deyil, həm də AXCP və Müsavat funksionerləri eyni cür düşünürlər. Bu isə göstərir ki, “El” hərəkatını radikal düşərgənin aparıcı qüvvəsinə çevirməyə çalışmaq əbəsdir və bu cəhdlər nəticə verməyəcək.  Qarşıdurmanı, ziddiyyəti əks etdirən digər bir məqam isə qondarma “Ziyalılar Forumu”nun idarə heyətinin üzvü Rafiq Əliyevin çıxışında öz əksini tapıb.  O, deyib ki, azpolitika.az saytı  “El” hərəkatını  “Ziyalılar Forumu”nun siyasi qanadı adlandırıb. Ardınca əlavə edib ki, forumun hərəkata münasibəti AXCP-yə, Müsavat Partiyasına olan münasibətilə eynidir. Rafiq  Əliyevin bu açıqlamanı verməyə lüzum görməsi  təsadüfi deyil. Məlumdur ki, azpolitika.az saytı  Rəsul Quliyevin nəzarətində fəaliyyət göstərir və onunla radikal müxalifət düşərgəsindəki digər rəhbərlər arasında kəskin münasibətlər var. Onun deməyindən belə çıxır ki, Rəsul Quliyevin “Ziyalılar Forumu”nun “El”-ə və dolayısıyla Eldar Namazova dəstək verməsi barədə ortaya atdığı fikir yersizdir.  Forumun hələ də  AXCP və  Müsavat Partiyasına isti münasibət bəsləməsinə gəlincə, bu, təkcə sözdə ola bilər və Rafiq Əliyev şirin sözlər söyləməklə reallığı ört-basdır edə bilməyəcək. Artıq hər kəs yaxşı bilir ki, reneqat Eldar Namazovun dəstəsi qondarma qurumda digərlərini sıxışdırmağa çalışır. Reneqatın dəstəsi isə AXCP-yə və Müsavata necə deyərlər, yuxarıdan aşağı baxır.  “Ziyalılar Forumu”nun digər reneqat üzvü Gültəkin Hacıyevanın “El” haqqında dəbdəbəli sözlər işlətməsi də, əslində, hərəkatın əhəmiyyətini diqqətə çarpdırmaq, hər iki partiyanın fəaliyyətinin isə önəmsizliyini qeyd etməkdən başqa bir şey deyildi.

Bütün bunları nəzərə aldıqdan sonra təbii olaraq belə bir sual ortaya çıxır: “El” hərəkatı reneqat Eldar Namazovu radikal düşərgənin vahid namizədi elan edə biləcəkmi? Bu suala cavab vermək üçün qeyd etmək yerinə düşər ki,  Eldar Namazov öz dəstəsi arasında “populyar” olsa da, həm radikal müxalifət düşərgəsində, həm də ümumilikdə, Azərbaycan cəmiyyətində mənfi imicli adam kimi tanınır. Hər kəs bilir ki, buqələmunun həyatının bütün dövrlərindəki fəaliyyəti riyakarlıq və ikiüzlülük üzərində qurulub. O, istər məmur kimi çalışanda, istərsə də radikal müxalifətə sığınandan sonra heç  vaxt etibarı doğrultmayıb, etimada layiq bir iş görməyib. Vaxtilə xidmətçisi olduğu hakimiyyətə xəyanət edib, bu gün isə ona qucaq açan və bir zamanlar  reneqata mənəvi dəstək verən AXCP-yə və Müsavat Partiyasına qarşı xəyanətkar mövqedə dayanır, onların liderlərini sıradan çıxarmağa, siyasi mübarizə meydanından öz xeyrinə uzaqlaşdırmağa çalışır. Reneqat Eldar Namazov 2003-cü il prezident seçkiləri ərəfəsində də eyni addımı atmışdı. Nüfuzlu bir beynəlxalq təşkilatın nümayəndələri ilə görüşündə radikal müxalifət düşərgəsini “keçmişin qalıqları” adlandıraraq,  vaxtilə cəmiyyəti uçuruma yuvarlamış həmin qüvvələrin yenidən hakimiyyətə qayıdışına xalqın razı olmayacağını bildirmişdi.  O, özünə işarə edərək yeni qüvvələrin siyasi arenaya gəlməsinin zəruriliyi barədə uzun-uzadı danışmış və təbii olaraq ən şanslı namizəd kimi öz personasını qabartmışdı.

Bundan başqa, indiyədək Eldar Namazov heç bir ciddi siyasi proseslərdə iştirak edə bilməyib. Müsahibə vermək və ya “facebook”da kimlərisə müzakirə etmək hələ ictimai-siyasi proseslərdə iştirak etmək mənasına gəlmir. Eldar Namazovun Azərbaycanda heç sosial bazası da yoxdur. Cəmiyyətimizin heç bir nümayəndəsi reneqat, buqələmun siyasətçini dəstəkləməz və Eldar Namazovu da məhz reneqatların aqibəti gözləyir. Prezident seçkilərində onun dəstəklənməsi üçün yaradılan “El” hərəkatını isə SİDSUH, DUB, DUBB, DUH, RAM kimi “tarixin arxivinə göndərilmiş qurumların” taleyi gözləyir.

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında