Bu il ölkəmizdə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca dağıdıcı müxalifət düşərgəsində “siyasi fəallığın” artması müşahidə olunur. Onların sosial bazaları olmadığından ümidlərini xarici havadarlarına, respublikamızın sürətli inkişafından təşvişə düşən erməni lobbisinə və onların çirkli pullarına bağlayıblar. Dağıdıcı qüvvələr iqtidarla xalq arasında süni narazılıqlar yaratmaq üçün əsassız bəhanələr gətirir, gənclərə yalan vədlər verərək onları qeyri - qanuni aksiyalara və təxribatlar törətməyə təhrik edirlər.
Təbii ki, radikal müxalifətin qismən aktivləşməsi ictimaiyyət nümayəndələrinə arxalanmadığından və xalqın siyasi təşəbbüsləri ilə əlaqələndirilmədiyindən heç bir təsir gücünə malik deyil. Belə “siyasi fəallıq” bir daha təsdiqləyir ki, ölkədə çaşqınlıq yaratmaq cəhdlərinə can atanlar düşmən dairələrin əlində alətə çevriliblər. Ötən illərə nəzər saldıqda bir daha aydın olur ki, Vətənə, xalqa, millətə xəyanət edən üzüdönüklər həmişə iflasa uğrayır, ifşa olunur və iç üzləri hamıya bəlli olur.
Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun martın 8-də yaydıqları birgə məlumatdan da aydın oldu ki, heç bir sosial bazaya malik olmayan radikal müxalifət siyasi təhdid, şantaj və təxribat törətmək yolunu seçərək ölkəmizdə qarşıdurma yaratmağa cəhd edir. Xatırladaq ki, son dövrlər radikal yönümlü bəzi destruktiv qüvvələr tərəfindən ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş qanunazidd cəhdlərin qarşısı alınmışdır. Martın 10-da paytaxtda qeyri-qanuni keçirilməsi planlaşdırılan kütləvi aksiyalarda iştirak edəcək insanları zorakılığa və vətəndaş qarşıdurmasına təhrik edəcək üç şəxs barəsində respublikanın hüquq-mühafizə orqanlarına daxil olmuş əməliyyat məlumatları cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq məhkəmə qərarları əsasında araşdırılmışdır. Bu barədə ərtaflı məlumat yayıldığından həmin mövzuya yenidən qayıtmaq fikrində deyilik. Ancaq onu bildirmək istəyirik ki, qabaqcadan planlaşdırılmış qeyri-qanuni aksiyanın əsas təşkilatçısı “İctimai Palata” adlı qeyri-formal qurumdur. Bu qurumun 2013-cü ildə mütəmadi olaraq aksiyalar kecirəcəyi barədə təşkilatın koordinasiya şurasının üzvü İbrahim İbrahimli də açıqlama vermişdi.
Bir qrup öyrədilmiş gəncin geyri - qanuni aksiya keçirmək cəhdi həm AXCP sədri Əli Kərimli, həm də Müsavat Partiyasının başqanı İsa Qəmbər tərəfindən dəstəklənmiş, hətta, “liderlər” gəncləri öz pafoslu sözləri ilə daha da qızışdırmışdılar. Əsas məqsədləri ölkədə çaxnaşma yaratmaqdan ibarət olan reneqat Eldar Namazov, Əli Kərimli, İsa Qəmbər və çirkli pullar hesabına onları pozuculuq fəaliyyətinə cəlb edən dairələr gənclərin qeyri-qanuni aksiyalar keçirməsini, guya, respublikadakı demokratiyaya zidd hərəkətlərlə, koorupsiya və rüşvətxorluqla, insan hüquq və azadlıqlarının pozulması ilə əlaqələndirirlər.
Bu fikrə düşmüş üzüdönük Eldar Namazova xatırlatmaq istərdik ki, o, bir vaxtlar yüksək vəzifədə olarkən müxalifət partiyasının sədrlərindən biri ilə əlaqəyə girərək donosbazlıq etmişdir. Göründüyü kimi, buqələmunluq elə onun köhnə şakəri imiş. Belə çirkin və iyrənc əməllərlə pul qazanan, var-dövləti hər şeydən üstün tutan nankor Eldar Namazovun ölkəyə rəhbərlik etmək iddiasına düşməsi gülüncdür. Axı, hamı onu satqın və xəyanərkar kimi tanıyır. Sabah ölkə başçısı olarsa, Vətənə, xalqa, millətə xəyanət edər. Gözləmək olardı ki, onun nankorluğunun, satqınçılığının və xəyanətinin üstü açıldıqdan sonra xəcalətindən adam üzünə çıxmayacaq. Ancaq belə bəd əməlləri özü üçün peşə seçdiyindən bu dəfə daha böyük iddialarla ortaya atılmışdır.
Bu gün ölkəmizdə qeyri - qanuni aksiyaların əsas təşkilatçılarından biri olan İsa Qəmbər də, görünür, öz keçmişini ört-basdır etmək istəyir. Özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərməyə çalışan, prezident seçkisi ərəfəsində xalqın qədirbiləni qiyafəsində peyda olan İ.Qəmbər hələ Ali Sovetin sədri olarkən, Prezidentin səlahiyyətlərini icra edən zaman yeddi nəfərin ölüm hökmünün icra olunmasına tələm-tələsik razılıq vermiş, ölkədə mitinqlərin, hər hansı bir aksiyaların keçirilməsini qadağan edən fərman imzalamışdır.
Azərbaycanda korrupsiya və rüşvətxorluğun tüğyan etməsi, dövlət vəsaitinin talan olunması, təbii sərvətlərin oğurlanması məhz AXC - Müsavat hakimiyyəti dövründə təşəkkül tapmışdır. Son iyirmi ildə heç bir yerdə işləməyən AXCP sədri Əli Kərimli Londonda ən bahalı məktəblərdən birində təhsil alan oğlunun təhsil haqqını hansı vəsaitlə ödəyir? Bir neçə sürücüsü, cangüdənləri, bahalı maşını, dəbdəbəli ofisi olan İsa Qəmbər görəsən bu qədər vəsaiti haradan alır? Axı, o da son iyirmi ildir ki, heç bir faydalı işlə məşğul olmur. Belələrinin ölkədə korrupsiya və rüşvətxorluqdan danışmağa mənəvi haqları yoxdur.
Son vaxtlar radikal müxalifət nümayəndələrinin fəallaşmasının, insanları hakimiyyətə qarşı qaldırmaq, qeyri - qanuni aksiyalar təşkil etmək cəhdlərinin yalnız bir səbəbi var. Əllərinə düşmüş fürsətdən yetərincə yararlanaraq seçki ərəfəsində xarici himayədarlarından çoxlu qrant almaq. Onlar özləri də çox yaxşı bilirlər ki, hakimiyyətə gedən yolda heç bir uğur qazana bilməyəcəklər. Hətta prerzidentliyə namizədliklərinin təsdiqlənməsi üçün tələb olunan imzanı da toplaya bilməyəcəklər. Çünki xalq artıq onların iç üzünə yaxşı bələddir və belə xəyanərkarlarn ölkəyə yenidən rəhbərlik etmələrinə heç vaxt yol verməz. Artıq hamıya bəllidir ki, radikal müxalifəti şəxsi və qrup maraqlarından başqa heç nə düşündürmür.
Bu yaxınlarda AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və reneqat Eldar Namazovun üçlükdə qapalı görüş keçirmələri barədə məlumatlar yayılıb. Ancaq onların hansı məsələni müzakirə etmələri gizli saxlanılır. Bunu aça da bilməzlər. Çünki bir-birinin “bazarlarına” girdiklərindən və xarici düşmənlərimizdən aldıqları qrantları bölə bilmədiklərindən gizli görüş keçiriblər. Üzüdönük Eldar Namazov İctimai Palatanı öz missiyasını yerinə yetirə bilməməkdə ittiham edib və “EL” adlı hərəkatın yaradılmasının zəruri olduğunu bildirib. O, İsa Qəmbərlə Əli Kərimlini sıradan çıxarıb erməni lobbisinin çirkli pullarına tək yiyələnmək istəyir.
İyirmi ildir ki, belə qrantlar hesabına yaşayan, necə deyərlər, artıq buna vərdiş etmiş Ə.Kərimli ilə İ.Qəmbər isə reneqat Eldar Namazovu yaxına buraxmaq istəmirlər. Ona 1993- cü ildəki fəaliyyətini xatırladaraq bidiriblər ki, həmin vaxt öz “layihələrində” müxalifətə qarşı kampaniyaları can - başla dəstəkləmişdir. Hətta Eldar Namazovun vəzifədən qovulmasının əsas səbəbinin onun riyakarlığı, dövlət sənədlərinin müxalifətə, xarici dairələrə ötürməsi olduğu da İctimai Palatanın funksionerləri tərəfindən bir neçə dəfə səsləndirilmişdir. Belə bir adamın radikal müxalifətin seçkiöncəsi “bazarlıq”larına ortaq çıxması ciddi narazılıqlarla qarşılanmışdır.
Göründüyü kimi, radikal müxalifət düşərgəsində qarşıdurma getdikcə güclənir. Bu, heç də prezidentliyə namizədlik üstündə yox, ölkədə qarşıdurma yaratmaq istəyən dairələrin çirkli pullarından daha çox qazanmaq davasıdır.
Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, dünya birliyindəki mövqeyinin daha da möhkəmləndirilməsi və əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini getdikcə gücləndirir. Bütün bunlar xalqın dövlət başçısına olan inam və etimadını artırmış, “Prezident – Xalq” vəhdətini sarsılmaz etmişdir. Ona görə də radikal müxalifətin bütün cəhdləri həmişə olduğu kimi, bu dəfə də iflasa uğrayacaq.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.