Azərbaycan: region liderinin yeni hədəfləri (əvvəli qəzetin 10 mart tarixli sayında)

 

 

 

 

 

Sürətli iqtisadi inkişaf tempinə malik və müharibə aparan ölkə hərbi potensial baxımından da  region ölkələrini üstələyir. Doğrudur, bir çox ekspertlər, hətta ölkələr bunu regionda təhlükəsizlik baxımından qorxulu tendensiya hesab edirlər.

Lakin müstəqilliyinə sahib çıxdıqdan sonrakı 20 ildən artıq bir müddətdə təkcə  ayrı-ayrı nüfuzlu ölkələrinin deyil, beynəlxalq təşkilatların belə ikili standartdan yanaşması səbəbindən ədalətli həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 20 faiz ərazisinin BMT-nin məlum 4 qərarına baxmayaraq,  hələ də azad olunmaması ölkəyə başqa çıxış yolu qoymur.

Elə bu səbəbdəndir ki, ildən-ilə artan dövlət büdcəsində ölkə rəhbərliyi hərbi xərcləri də artırır. Hazırda Azərbaycanın dövlət büdcəsində hərbi xərclərə ayrılan vəsait 3,7 milyard dollar təşkil etdiyi halda təcavüzkar Ermənistanın dövlət büdcəsindən 1, 7 milyard dollar çoxdur. Ümumiyyətlə isə Azərbaycanın hərbi qüvvələri Ermənistan və Gürcüsanın birlikdə hərbi qüvvələrindən 30 min əsgər çoxdur. Hərbi texnika baxımından da Bakı bu qonşularını bir neçə dəfə üstələyir.

Buna imkan yaradan isə, əlbəttə, karbohidrogen ehtiyatları ilə zəngin olan ölkənin neft gəlirləri sayəsində sürətli iqtisadi inkişaf tempinə nail olması və bu göstəricilərinə görə dünyanın aparıcı ölkələrini belə üstələməsidir. Ölkənin son on ildəki iqtisadi inkişaf tempinə həqiqətən istənilən inkişaf etməkdə olan ölkə həsəd apara bilər: 10 ildə Azərbaycan iqtisadiyyatı ildə orta hesabla 13,6 faiz artmışdır. Ölkədə ümumdaxili məhsul 2005-ci ildə 26,4 faiz, 2006-cı ildə rekord həcmdə 32,5 faiz, bir çox mənbələrə görə hətta 36, 6 faiz, 2007-ci ildə 25 faiz, 2008-ci ildə 10, 8 faiz təşkil etmişdir.

Ömrün davamlılığını, səhiyyənin səviyyəsini, təhsilə, biliyə və informasiyaya yiyələnməyi əsas götürən  BMT-nin insan inkişafına  görə dünya reytinqində  də bu dövrdə Azərbaycan 67-ci yeri tutduğu halda, Gürcüstan və Ermənistan müvafiq olaraq 74 və 76-cı yerləri tutmuşlar.

Dünyada maliyyə iqtisadi böhranın başlandığı vaxtdan bu günə Azərbaycan özünün iqtisadi inkişaf tempinə görə təkcə region ölkələri arasında deyil, MDB məkanınında da açıq - aydın lider olaraq qaldı.  Bu isə ondan irəli gəlirdi ki, böhran şəraitində Azərbaycan iqtisadiyyatda artımı qoruyub saxladı və bununla da öz iqtisadiyyatının gerçək sabitliyini nümayiş etdirdi. Rəsmi statistikada göstərildiyi kimi,  böhranlı 2009-cu ildə iqtisadiyyatı 9, 3 faiz artan ölkə ÜDM-in artım tempinə görə dünyada 3-cü yeri tutdu.

Bununla əlaqədar “İnternational Living” jurnalında 2009-cu ilin nəticələrinə görə Azərbaycan “ İqtisadiyyat” kateqoriyasında 100 baldan 42 bal toplayaraq,  nəinki Cənubi Qafqazda, həm də MDB ölkələri arasında ən güclü iqtisadiyyata malik ölkə hesab olundu. Rusiya 38 bal, Gürcüstan və İran  33, Türkiyə   32, Ukrayna isə 31 balla ondan geridə qalırdılar. Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabət qabiliyyətinə görə Azərbaycanı dünyanın 133 ölkəsi arasında  51-ci yerə, Dünya Bankının Maliyyə Korporasiyası isə biznes mühitində islahatların keçirilməsinə görə 181 ölkə arasında 33-cü yerə layiq gördü. Ötən il isə Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 46-cı yerə qalxmış  və bununla da yenə  MDB məkanında lider olduğunu təsdiqləmişdir.

Maraqlı və diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, vaxtı ilə sərmayə axtarışında olan Azərbaycana makroiqtisadi sabitliyin mövcud olduğu və güclü infrastruktur layihələrin reallaşdırıldığı təkcə 2009-cu ildə 9,2 milyard dollar sərmayə yatırılmışdır ki, bunun da 7,2 milyardı daxili sərmayələrdir. Ümumiyyətlə, özünün dövlət müstəqilliyinə nail olandan sonrakı illərdə, 1993-cü ildən başlayaraq 2010-cu ilə qədər Azərbaycana 66,2 milyard  dollar investisiya yatırılmışdır.

Bütün bunlardan sonra mətabuat Azərbaycanı az qala inkişafda dünya lideri kimi təqdim etməyə və yeni fenomen, bu dəfə “Cin möcüzəsi” yox, artıq “Azərbaycan fenomeni” haqqında bəhs etməyə başladı.

Əslində belə bir fenomen yenə də var və Azərbaycan bu gün də iqtisadi uğurlarını sıralamaqdadır. 2012-ci ilin nəticələri göstərir ki, ölkə ümumdaxili məhsulu, həmçinin qızıl və valyuta ehtiyatlarını artırmaqla sosial-iqtisadi dinamikanı qətiyyətlə təmin edir. Hazırda Azərbaycanın valyuta ehtiyatları 46 milyard ABŞ dollarını keçmişdir. Beləliklə, ölkənin strateji ehtiyatları artıq ÜDM-in 70 faizini keçmişdir ki, bu da Azərbaycana qlobal mövqelərdə öndə olmağa imkan verir.

Sevindirici məqam ondan ibarətdir ki, bu uğurlar təkcə neft - qaz sektoru ilə bağlı deyil. Ötən ilin yekunları göstərir ki, milli iqtisadiyyatda qeyri-neft sektorunun payı ildən ilə artır. Əgər ötən il ümumdaxili məhsul 2,2 faiz artmışdırsa, qeyri-neft sektoru 9,7 faiz artımışdır  ki, bu da proqnoz gözləntilərini təsdiqləmişdir. Sənaye və kənd təsərrüfatı sahələrində də müvafiq olaraq 8 və 6,5 faiz artım qeydə alınmışdır. Dünyanın qabaqcıl ölkələrinin iqtisadi böhrandan can  qurtara bilmədiyi bir vaxtda bunlar  zənnimizcə, çox yüksək göstərici sayılmalıdır.

2012-ci ildə investisiya həcminin artımı da  qibtə doğuracaq qədər yüksək olmuşdur. Rəsmi statistikaya görə ötən il investisiyaların həcmi 22 milyard dollardan çox olmuş, bunun 13 milyarddan bir qədər artığı daxili investisiyalar, 9 milyard dollara yaxını isə xarici investisyalardır. 

Azərbaycan dövlətinin gücünün və qüdrətinin əlavə təsdiqə ehtiyacı yoxdur. Bu ölkə artıq qlobal şəkildə beynəlxalq əhəmiyyətli geniş miqyaslı vəzifələri üzərinə götürməyə malik olan bir dövlət kimi qəbul olunur.

Son illərdə Azərbaycanın təkcə neft - qaz ixracatçısı kimi deyil,  tranzit ölkə kimi də geosiyasi rolu artmaqdadır. Yeni nəhəng neft yataqları aça bilməyən Azərbaycan üçün indiki resurs bolluğu ən azından hazırkı nəsl vətəndaşların ömrünün sonuna qədər bəs edəcək. Ötən ilin sonunda Azərbaycanın 2020-ci ilədək olan İnkişaf Konsepsiyası təsdiq edilmişdir.  Bu sənəddə adambaşına düşən ÜDM-in ikiqat artırılması, Azərbaycan dövlətini səmərəli sosial inkişaf sisteminə malik və insan kapitalının inkişafına əsaslanan müasir postindustrial cəmiyyətə çevirmək kimi ambisiyalı və çox böyük vəzifələr qarşıya qoyulmuşdur. Konsepsiyaya uyğun olaraq artıq bu illərdə Azərbaycanda orta iqtisadi artım 5,5-6 faiz olmaqla 2020-ci ildə ÜDM 100 milyard dolları keçməlidir.

Bu məqsədlərə çatmaq üçün ölkənin çox əlverişli coğrafi mövqeyi, inkişaf etmiş enerji, nəqliyyat, tranzit və loqistik infrastrukturu var. Əsas məram Azərbaycanı mühüm və funksional regional mərkəzə çevirməkdir. Bununla da ölkə innovasiya və modernləşdirmə sahəsində yeni mərhələyə qalxacaq ki, bu da Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yaxşılaşdıracaq və dünya iqtisadiyyatına səmərəli inteqrasiyasına imkan verəcək.

Mövcud konsepsiya artıq bir çox beynəlxalq təşkilatlarda böyük maraq doğurmuş və onlar bunun reallaşmasına qoşulmağa hazır olduqlarını bildirmişlər. Məsələn,  BMT-nin İnkişaf  Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bryok Bakıda çıxışlarının birində bildirmişdir ki, BMT və UNDP artıq “Azərbaycan - 2020” inkişaf Konsepsiyasının reallaşdırılmasında iştirakını müzakirə edir. Asiya İnkişaf  Bankı qarşıdakı 8 ildə Azərbaycanın iqtisadi artım proqnozlarına daha optimist mövqeydən yanaşır. AİB-in Bakı nümayəndəliyinin rəhbəri Olli Noroyono bəyan etmişdir ki, ”bankın mütəxəssisləri Azərbaycanda 2020-ci ilə qədər ümumdaxili məhsul artımının  proqnozlarını Azərbaycan hökumətinin proqnozlarından yüksək qiymətləndirir. Bizim hesablamalarımıza görə, 2020-ci ildə Azərbaycanda ÜDM-in həcmi 130 milyard ABŞ dollarına, ölkənin infrastrukturuna qoyulan investisiyanın həcmi isə 40 milyard dollara çatacaq”.  Olli Noroyono təsdiq etmişdir ki, “Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Ancaq buna baxmayaraq, iqtisadiyyatın diversifikasiyasını davam etdirmək, enerji amilindən asılılığı azaltmaq, rəqabət qabiliyyətliliyi yüksəltmək və bütövlükdə, infrastruktura diqqəti artırmaq vacibdir”.AİB düşünür ki, gələcək illərdə də Azərbaycanın infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəltdiyi dövlət xərcləri əvvəlki kimi yüksək qalacaq.

Aydın məsələdir ki, neft yataqlarının mövcudluğu iqtisadiyyatı daha uğurlu edən amil deyil, baxmayaraq ki, onun irəli çıxmasına imkan verir. Bunu  anladığı üçün də  Azərbaycan hökuməti 2004-2015-ci illər üçün yanacaq-energetika kompleksinin inkişafı proqramını işləyib hazırladı. Bu proqrama uyğun olaraq ölkədəki elektrik stansiyalarının real gücünün  2010-cu ildə 6100 meqavat, 2015-ci ildə isə 6750 meqavata  catdırılması nəzərdə tutulurdu. Bundan dərhal sonra ölkənin elektrogenerasiya güclərinin modernləşdirilməsinin geniş miqyaslı proqramının reallaşdırılmasına başlanılmışdır. Onlardan birincisi–400 meqavat gücündə ilk belə qurğu 2002-ci ildə, 520 meqavat gücündə ikinci qurğu 2009-cu ildə  istismara verildi. 760 meqavat gücündə üçüncü qurğu isə bu günlərdə istifadəyə verilmişdir. 2011-ci ildə elektrik enerjisi istehsalında təbii qaz neft yanacağını demək olar ki, tamamilə sıxışdırıb aradan çıxardı. Mütəxəssislərin hesablamalarına görə, yeni strategiya ssenarisinə görə Azərbaycanın elektrik enerjisi sektoruna 2035-ci ilə qədər 6,5 milyard dollar investisiya lazım gələcək.

Bunlarla yanaşı, ölkədə çox münbit işgüzar şərait mövcuddur.  Bu gün Azərbaycanda sahibkarlıq sektorunun ÜDM-də payı 84 faiz həddindədir. Bu  sahənin inkişaf etməsində, biznesi tənzimləyən bir çox sferalarda  “vahid pəncərə” sisteminin tətbiqi böyük rol oynayıb. Tədricən vergi dərəcələri aşağı salınır. Hökumət bu siyasətini gələcək illərdə də davam etdirməkdə israrlıdır. Əmək haqlarının leqallaşdırılması naminə BVF də ölkəni buna çağırır.

Fikirlərimi yekunlaşdırarkən qeyd etməliyəm ki, artıq tarixə yazılan 2012-ci il Azərbaycan üçün həqiqətən, çətin sosial-iqtisadi hədəfləri dəf etmək  və dövləti dünyanın dinamik regionlarından birində nüfuzlu güc mərkəzinə çevirmək  yolunda mühüm bir dövr oldu. Prioritet vəzifələrin eşelonlaşdırılmış həlli Azərbaycana imkan verdi ki, dünyanın orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirsin.  Respublika məhz bu ümidverici  şəraitlərlə beynəlxalq müşahidəçiləri  və mütəxəssisləri özü haqqında, ətrafında gözgörəsi sabitlik kəmərinin və produktiv qarşılıqlı əlaqələrin  formalaşdığı səmərəli geoiqtisadi məkan kimi danışmağa məcbur etdi.

Amma gerçəklik ondadır ki, indiki iqtisadi böhran mərhələsində Azərbaycanın daha sabit inkişafı üçün ölkə  neft ixracından və  büdcə balansının neftin qiymətindən yüksək asılılığını tam şəkildə dəf etməlidir. Struktur islahatların sürətləndirilməsi, Azərbaycanın milli iqtisadiyyatının diversifikasiyası, biznes mühitinin daha da yaxşılaşdırılması, vergi bazasının genişləndirilməsi, qeyri-neft sektoruna investisiyaların cəlb olunması, bank sisteminin möhkəmləndirilməsi ölkənin sürətli inkişafının prioritet istiqamətləridir. İqtisadiyyatın sonrakı diversifikasiyası Azərbaycanın gələcək illərdə  uzunmüddətli inkişafı üçün böyük perspektivlər açır və biz əminik ki, bu ona dünyanın iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələri sırasına daxil olmağa imkan verəcək.

 

Arzuman  MURADLI,
politoloq, iqtisadçı ekspert 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında