1995-ci ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər üçün ibrətamiz bir dərs oldu

 

 

Ulu öndər Heydər Əliyev müdrikliklə çevriliş cəhdinin qarşısını aldı

1995-ci- ilin mart hadisələrindən 18 il ötür. Lakin həmin hadisələri törədənlərin cinayətkar  əməlləri hələ də unudulmayıb. O dövrdə hakimiyyət hərisi olan bir qrup xəyanətkar insan öz ətrafına topladığı qeyri - qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər.

Özü də xalqımız müqəddəs Novruz bayramına hazırlaşdığı bir vaxtda. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, demokratik dəyərlərə üstünlük verilməsi və beynəlxalq aləmə inteqrasiya olunduğumuz bir vaxtda həmin xəyanətkarların dövlətçiliyimizə qəsdi xalqın hiddətinə səbəb olmuşdu.

  Dövlət çevrilişinə cəhdin  üstündən 18 il keçsə də, həmin hadisələri göz önünə gətirib bir sıra məqamları vurğulamağı zəruri sayırıq. 1993-cü  ildə ulu öndər  Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir mərhələsinin əsasını qoydu. Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi.  Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, 1991-cı ildə yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə başa çatmış olacaqdı. Çox güman ki, biz bu gün çətinliklə əldə oluunmuş müstəqilliyimizin iyirmi ikinci ilini  qeyd edə bilməyəcəkdik.

Müstəqil dövlətimizin məhv olma həddinə çatdığı bir vaxtda tale Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir missiyanı məhz Heydər Əliyevə həvalə etdi. Bununla da illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ - dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı.

Ümummilli lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülmüşdür. Ulu öndərimiz  dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmış, bununla da ölkəmizə diqqət və maraq güclənmişdir. Siyasi-iqtisadi əlaqələrimiz genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır...

Ölkəmiz müstəqilliyini bərpa etdiyi ilk illərdə müəyyən təxribatlar, dövlət çevrilişinə cəhdlərlə  üz-üzə qaldı.

1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaqlar oldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin, dövlət çevrilişi cəhdlərinin  qarşısı alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və ulu öndərimizə dövlət quruculuğunda, iqtisadi, sosial, siyasi və mədəni həyatda genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı.

Mart hadisələri 1995-ci il martın 12-dən 13-nə keçən gecə  Qazaxda başladı. Həmin gün Xüsusi Təyinatlı Poils Dəstəsinin bölmələri Qazax və Ağstafa rayonlarının daxili işlər bölmələrindən 400 ədəd odlu silah ələ keçirmişdi. Onlar Ağstafa təcridxanasından 25 məhbusu azadlığa buraxmış və həmin məhbuslar cinayətkarlara qoşulmuşdu. Bu rayonların dövlət hakimiyyət orqanları da zəbt edilmiş, nəticədə cəbhəyanı bölgədə vəziyyət  ciddi surətdə gərginləşmişdi. Onlar regionda vəziyyətin sabitliyini pozur, dövlət hakimiyyət orqanlarına qarşı təcavüzkar niyyətlərini açıq şəkildə büruzə verirdilər. Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri  inzibati orqanların binalarına və poçta hücum edərək onların normal fəaliyyətini pozmuş, sonra isə Ağstafa rayonunda öz çirkin niyyətlərini davam etdirmişdilər. Dövlət mənafeyini, dövlətçiliyi müdafiə edən Ağstafa Polis Şöbəsinin bir əməkdaşı öldürülmüşdü. XTPD-nin üzvləri getdikcə daha da azğınlaşmış, çoxlu sayda silah-sursat ələ keçirərək öz qanunazidd əməllərini daha da genişləndirmişdilər.

 Halbuki Xüsusi Təyinatlı Polis Dəstəsinin 1990 - cı ildə  hansı məqsədlərlə yaradıldığı  hamıya bəllidir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev XTPD - nin üzvlərinə martın 15-də televiziya ilə müraciət edərkən də onların torpaqlarımızın işğaldan azad olunmasında göstərdikləri şücaəti  xüsusilə qeyd etmişdi. Lakin Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən Rövşən Cavadov bundan nəticə çıxarmamış, əksinə, hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək üçün  zorakılıq yollarına əl atmışdı.

Hələ martın 14-də daxili işlər naziri “OMON”un buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil verməsi barədə əmr imzalamışdı. Əmrə görə, silahı könüllü təhvil verənlər törətdikləri əməllərə görə cəzalandırılmayacaq və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində Prezident Heydər Əliyev “OMON”çulara bağışlanmaq imkanı yaradan xüsusi fərman imzaladı. Lakin  XTPD-nin başçısı Rövşən Cavadov Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə qeyri-qanuni silahlı dəstələri ilə dövlət başçısı qarşısında müəyyən şərtlər qoydular. Həmin vaxt Surət Hüseynovla Ayaz Mütəllibov “Arqumentı i faktı” qəzetində bəyanat vermişdilər ki, guya, onlar vətəndaş ittifaqı yaratmışlar. Bu, bir daha göstərirdi ki, Azərbaycanın müstəqilliyi, beynəlxalq aləmə inteqrasiyası nə onlar, nə də radikal müxalifət üçün önəmli deyilmiş. Belələri şəxsi məqsədlərinə nail olmaq üçün hər cür çirkin vasitədən istifadə etməyə hazır idilər.

Azərbaycan Prezidenti  Heydər Əliyev 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdini pisləyərək qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmişdi, onları əfv edəcəyini bildirmişdi. Hətta Cavadov qardaşlarının atası Bəxtiyar Cavadovla  da  danışmışdı, ona oğlanlarını vətəndaş müharibəsi, silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi tövsiyə etmişdi. Rövşən Cavadov da o vaxt verdiyi müsahibələrinin birində bunu təsdiqləyərək demişdi: “Biz Heydər Əliyevlə neçə dəfə danışmışıq. Bunlar bizimlə bacaran deyillər, bacara da bilməzlər... Biz hakimiyyətə gələcəyik. Artıq heç özümüzdən ağıllısını görmürük... Sabah bütün qüvvələrimizi səfərbərliyə alacağıq, artıq sabah, birisi gün, bir neçə günə Heydər Əliyev istefa verməsə, onu zorla devirərik, yəni zorla, silahla”.

 Dövlət çevrilişinə cəhd edən qeyri - qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idilər. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmədilər. Rövşən Cavadovun böyük iddiası vardı: dövlət başçısı olmaq.

1995-ci il martın 16-dan 17-nə keçən gecə isə paytaxtın 8-ci kilometr qəsəbəsindəki “OMON” - çuların qərargahı yaxınlığında başlanan atışmada dünənədək cəbhə bölgəsində, erməni təcavüzkarları ilə savaşda səngər yoldaşı olmuş döyüşçülər üz-üzə dayandılar.  Bu, Azərbaycan üçün faciəli mənzərə idi. Ermənistan silahlı qüvvələri torpaqlarımızı  işğal etdiyi bir vaxtda , Azərbaycanın paytaxtında bir qrup vəzifə hərisi hakimiyyəti ələ keçürmək üçün dövlətçiliyimizə qəsd edirdi. Onların hakimiyyət hərisliyi nəticəsində  qardaş qanı töküldü. Cavadov qardaşlarının hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək cəhdləri 22 hərbçi, 7 mülki şəxs, 1 polis və  8 XTPD əməkdaşının ölümünə səbəb olmuşdu. Hadisə nəticəsində 105 nəfər yaralanmışdı. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etmişdi.

Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti və qətiyyəti müstəqilliyimizə, həmçinin dövlət çevrilişinə qəsdin qarşısını aldı. Birmənalı  şəkildə demək olar ki, zəmanəmizin ən böyük azərbaycanlısı olan Heydər Əliyev həm millətin, həm də bəşəriyyətin dahilik meyarlarına cavab verən tarixi şəxsiyyətdir.  Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin siyasi fəaliyyətinin nəticəsidir. Heydər Əliyevin dövlət çevrilişlərinin qarşısını qətiyyətlə alması Azərbaycan xalqının  sabaha, gələcəyə ümidini daha da  artırdı. Ulu öndər Heydər Əliyev düşmənlərimiz tərfindən təşkil olunmuş dövlət çevrilişi cəhdlərinin qarşısını almaqla  Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında