Radikal müxalifət siyasi mübarizədən uzaqlaşaraq kriminal qruplaşmalara çevrilməkdədir

 

 

Azərbaycanda istər ölkədaxili məsələlərdə, istərsə də cəmiyyətdə müsbət mənada çox böyük dəyişikliklər baş versə də dəyişməyən bir şey var, o da radikal müxalifət mənsublarının hakimiyyət hərisliyi, cılız təfəkkürüdür.  Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli  hələ də ötən əsrin 90-cı illərinin “meydan təfəkkürü”  ilə yaşayır,  iqtidara gəlmək naminə, necə deyərlər, şeytanla belə əməkdaşlıqdan çəkinmirlər. Ən pisi isə odur ki, həmin liderlər Azərbaycanda yaranmış demokratik mühitdən faydalanaraq yenə əvvəlki kimi, siyasi cəhətdən hazırlıqsız olan gənclərdən özlərinin çirkin məqsədləri üçün istifadə etməyə çalışır, onları qeyri-qanuni hərəkətlərə səsləyir, ölkədə qarşıdurma yaratmağa cəhd göstərirlər. Martın 10-da “Fəvvarələr meydanı”nda bir qrup aldadılmış gəncin qeyri-qanuni etiraz aksiyası keçirməyə çalışması da dediklərimizi bir daha təsdiq edir.   

Bakı Şəhər İcra Hakimiyyəti  həmin gənclər üçün əvvəlcədən müfaviq yer ayırsa da, onlar vətəndaşların istirahət etdiyi, dincəldiyi ərazidə aksiya keçirmək istədilər. Təbii ki, icazəsiz olduğundan polis sivil qaydada aksiyanın qarşısını aldı. Digər bir məqam da ondan ibarət idi ki, saxlanılanların, polisə müqavimət göstərməyə çalışanların böyük əksəriyyəti AXCP və Müsavat Partiyasının üzvləri idi. Azadlıq radiosunun əməkdaşı, aksiyaçı və ya jurnalist olduğu məlum olmayan Xədicə İsmayılın hər zamankı canfəşanlığı da diqqətlərdən yayınmadı.

Son günlərdə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən aparılan istintaq, təhqiqat və əməliyyat məlumatları bir daha təsdiq edir ki, zora və zorakılığa söykənərək hakimiyyətə gəlmək iddiasında olan Əli Kərimli, İsa Qəmbər və dağıdıcı düşərgənin digər dəstəbaşıları  bütün arsenallarını səfərbər etmiş, külli miqdarda maliyyə vəsaitləri xərcləməklə cinayətkar və səbatsız ünsürləri qeyri-qanuni əməllərə cəlb etmişlər. Ermənistanın  xüsusi xidmət orqanlarının, xaricdəki erməni lobbisinin, antimilli, antiazərbaycan dairələrin maraqlarının radikalların istəyi ilə çulğalaşması dağıdıcı düşərgədə “ruh yüksəkliyi” yaratmış, eyforiyaya qapılaraq ölkədəki sabitliyi poza biləcəklərini düşünməyə başlamışlar. Görünən odur ki, qeyri-qanuni aksiyalarda asayiş keşikçilərinə, konkret olaraq polisə qarşı zor tətbiq etmək cəhdlərini getdikcə daha radikal formada həyata keçirməyin yollarını axtarırlar.  Martın 8-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun yaydığı birgə məlumat da yuxarıda qeyd etdiyimiz məqamlardan xəbər verir.

Həmin uğursuz aksiyada iştirak edəcək insanları zorakılığa və vətəndaş qarşıdurmasına təhrik  edəcək üç şəxs barəsində respublikanın hüquq-mühafizə orqanlarına daxil olmuş əməliyyat məlumatları cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq məhkəmə qərarları əsasında araşdırılmış, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 17 saylı Bakı peşə liseyinin üçüncü kurs tələbəsi Bəxtiyar Quliyevin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı evə  baxış keçirilərkən oradan 19 şüşə butulkanın içərisində tez alışan “Molotov kokteyli” adlanan maye, 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana tapılmışdır. “Odlar Yurdu” Universitetinin üçüncü kurs tələbəsi Şahin Novruzlunun yaşadığı mənzildə keçirilən baxış zamanı isə oradan üç ədəd “Molotov kokteyli”, 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı aşkar edilərək götürülmüşdür. Digər bir gənc, Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi Məmməd Əzizovun kirayə yaşadığı evdə aparılan araşdırmalar nəticəsində 174,54 qram  qurudulmuş marixuana, üzərində “təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan” sözləri yazılmış 28 vərəqənin kserosurətləri aşkar edilmişdir.

Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1-ci və 228.1-ci maddələri, Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. İlkin istintaqla müəyyən edilmişdir ki, hər üç şəxs 2012-ci ilin ortalarından etibarən internet vasitəsilə “Nida” vətəndaş hərəkatının üzvləri və narkotika aludəçisi olmaqla, təşkilatın bir sıra qanunsuz tədbirlərində fəal iştirak etmiş və yaşadıqları mənzillərdən aşkar edilmiş “Molotov kokteyli” adlanan tez alışan maye onlar tərəfindən hazırlanmışdır. Bu məqamda qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər heç nədən xəbəri yoxmuş kimi, martın 10-dakı qeyri-qanuni aksiyada polis tərəfindən saxlanılan adıçəkilən hərəkatın üzvlərini  “dəstəklədiyini” bəyan edib.  Bu, bir daha göstərir ki, həmin gəncləri bu kimi cinayətkar əməllərə cəlb edənlər yenə də radikal düşərgədəki özlərini lider kimi qələmə verən dəstəbaşılardır. 

Maraqlıdır ki,  2013-cü il yanvarın 26-da keçirilmiş qanunsuz aksiyanın iştirakçısı M.Əzizov sosial şəbəkələrdəki yazışmalarında dinc aksiyaların fayda vermədiyini, insanlar arasında vahimə yaratmaq effekti verən “Molotov kokteyli”ndən istifadə edilməsinin lazım olduğunu bildirmiş, aksiyanın digər iştirakçısı B.Quliyev “Facebook” sosial şəbəkəsində Ş.Novruzlu ilə yazışmaları zamanı növbəti aksiyaların daha səmərəli keçməsi və əhalinin aqressiv addımlar atması üçün “Molotov kokteyli”, səs və tüstü şaşkalarından istifadə edilməsinin zəruri olduğunu müzakirə etmiş və sonuncu artıq on ədəd “Molotov kokteyli” hazırlamışdır.

Ş.Novruzlu 2013-cü il  fevralın 23-də “Facebook”dakı öz profilində “Molotov kokteyli”, səs və tüstü şaşkalarının kustar üsulla hazırlanmasını öyrədən videomateriallar yerləşdirmişdir.  Martın 10-da saat 16.00-da paytaxtın “Fəvvarələr meydanı”nda keçirilməsi planlaşdırılan etiraz aksiyası zamanı Ş.Novruzlu “Facebook”da martın 1-də yaratdığı səhifədə “Molotov kokteyli”nin istifadə edilməsinin lazım olduğunu bildirmiş və həmin gün çoxlu sayda “Ven Detta” maskası alaraq sonradan digər şəxslərlə paylaşmışdır. Bundan başqa, Ş.Novruzlu “Facebook”da naməlum şəxslə yazışmalarında tüstü şaşkasının hazırlanmasında istifadə olunan kalium duzunun əldə edilməsi ilə bağlı müzakirələr də aparmışdır.

Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun əməkdaşları “Molotov kokteyl”lərinin harada və kimlər tərəfindən hazırlanması, narkotik vasitələrin hansı mənbədən əldə edilməsi və gənclər tərəfindən istifadə edilməsi, o cümlədən Ş.Novruzlunun mənzilində aşkar edilmiş 94 min manatın hansı mənbədən əldə edilməsi və gələcəkdə nə məqsədlə istifadə olunması məsələlərini araşdırırlar. Əminik ki, həmin araşdırmalar nəticəsində həqiqətlər üzə çıxacaq və radikal düşərgədəki liderlərin maskaları bir daha yırtılacaq.

Bu gün Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin, reneqat Eldar Namazovun şirin dilinə, boş vədlərinə aldanan  gənclər bilməlidirlər ki, onlar həmişə dar məqamda ən yaxın təəssübkeşlərini də  meydanda tək qoyub qaçmışlar. 1990-cı il 20 Yanvar faciəsini xatırlayın. Xalqı küçələrə səsləyən başda İsa Qəmbər olmaqla heç bir “liderin” burnu belə qanamadı. Millətimizin qəhrəman oğulları azadlıq naminə canlarını fəda edərkən, İsa Qəmbər Yusif Səmədoğlunun evində gizlənmişdi. 2003-cü ilin oktyabr hadisələrini də xatırlamağa dəyər. Bütün prosesləri bağlı qapılar arxasından izləyən  Əli Kərimli və İsa Qəmbər tərəfdarlarını küçələrə səslədilər. Nəticədə, 400-dək azğınlaşmış insan şəhərin mərkəzində qarşılarına keçən hər şeyi dağıtmağa başladılar. Onlar hətta yolu keçən maşınların şüşələrini sındırır, sürücüləri döyür, qadın, kişi fərq qoymadan sərnişinləri  təhqir edirdilər. Pəncərə sındıran, maşın yandıran, yolboyu dağıntılar törədən quldurları qızışdıraraq küçələrə salan, vandalizmə təhrik edən İsa Qəmbər və Əli Kərimli idi.

Bütün bunları nəzərə alaraq qeyd etməyi lazım bilirik ki, hüquq-mühafizə orqanları, dövlət strukturları ölkəmizdə asayişi, qanunları və Konstitusiyanın tələblərini pozan, iğtişaş törədən, cinayətkar hərəkətlərə yol verən, dövlətçiliyimizə qəsd edən, xalqın iradəsinə hörmətsizlik göstərən siyasi partiyalara, müxtəlif mətbuat orqanlarına, kriminal ünsürlərə qarşı ciddi ölçü götürməli, cəmiyyətə meydan oxumaq sevdasına düşən  kriminal siyasi qrupları cəzalandırmalıdırlar. Çünki onların bu hərəkətlərinin siyasi mübarizə ilə heç bir əlaqəsi yoxdur.  Azərbaycan ictimaiyyəti isə kimin kim olduğunu çox yaxşı bilir. Xalq ölkədə qarışıqlıq salmaqla hakimiyyəti zor gücünə qəsb etmək istəyən siyasi riyakarların, vandalizmə yuvarlanan siyasətbazların simasına yaxşı bələddir və onlar həmişə ictimaiyyətin qınağı ilə üzləşəcəklər.

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında