ERMƏNİSTAN: ordu dağılır, ölkə tənəzzül edir

 

 

 

 

 

Son vaxtlar seçki saxtakarlıqları səbəbindən siyasi böhran keçirən iqtisadiyyatı tənəzzülə məruz qalan Ermənistanda bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da ciddi problemlər yaşanır. Bunu şərtləndirən əsas səbəb Ermənistanın üzləşdiyi maliyyə çətinlikləri olsa da, xüsusilə dəhşətli olan digər səbəb ölkə rəhbərliyinin orduya etinasız münasibət bəsləməsidir. Ermənistanın üzləşdiyi demoqrafiya problemi də ordunun durumuna təsirsiz ötüşmür. Belə ki, orduya çağırışçıların sayı ildən-ilə azalır və hətta, artıq xəstələr belə hərbi xidmətə cəlb olunur. Maddi-texniki təchizatdan məhrum olan ordu artıq diz çökmək üzrədir.

Ölkədə fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyasının yerli komitəsi də  dəfələrlə bəyan edib ki, hərbi komissarlıqlar xəstə və yararsız çağırışçıları zorla hərbi xidmətə göndərirlər. Assambleyanın Vanadzor ofisindən verilən bəyanatlarda o da vurğulanır ki, Ermənistan ordusunda əsgər ölümünün sayı artıq kütləvi xarakter almağa başlayıb. Belə ki, orduda törədilən cinayət halları nəticəsində 2011-ci ildə 36 əsgər ölmüşdüsə, keçən il bu rəqəm 50-yə çatıb.  Ölkədəki “Əsgər anaları” İctimai Birliyi və digər qeyri-hökumət təşkilatları da  faktları tədqiq edərək bildirirlər ki, orduda nizam-intizam pozuntularının, fərariliyin, ölüm hallarının, digər bu kimi mənfi tendensiyaların miqyası durmadan genişlənir. Ümumiyyətlə, araşdırmalar göstərir ki, hər keçən gün Ermənistan silahlı qüvvələrində fərarilik, ölüm, döyülmə, rüşvət alma, korrupsiya, intihara cəhdetmə, intihar, təcavüz və digər nizamnamədən kənar halların sayı artır. Bütün bunlar, həm də orduda çoxsaylı itkilərin yaşanmasına gətirib çıxarır. Özü də bu itkilərin əksəriyyəti qeyri-döyüş şəraitində baş verir.

Britaniyanın “Oksford” Təhqiqatlar Mərkəzinin Ermənistan ordusunda baş verən özbaşınalıqlar haqqında hazırladığı hesabatda da bu məsələyə xeyli yer verilib. Hesabatda deyilir ki, əsgərlər hərbi əməliyyatlarda iştirak etmədiyi halda dünyasını dəyişir və bunun səbəbi Ermənistan ordusunda baş alıb gedən cinayət hallarıdır. Sənədi hazırlayanların araşdırmasına əsasən,  gənc əsgərlər qanunsuz əmrləri yerinə yetirməyə məcbur edilir, alçaldıcı işlərdən imtina edənlər isə vəhşicəsinə döyülərək qətlə yetirilirlər. Hesabat müəlliflərinin fikrincə, Ermənistan ordusunda ikitirəlik yaranmışdır. Sovet dövründən xidmət edən zabitlər heç nəyin dəyişməsini istəmirlər. Yeni zabitlər isə ordu sıralarında xidmətə başlayan kimi korrupsiyaya qurşanırlar.

Ordunun vəziyyəti erməni cəmiyyətində birmənalı qarşılanmır. İctimaiyyətin etirazlarına baxmayaraq, vəziyyət dəyişmir, Ermənistan rəhbərliyi baş verən mənfi halların qarşısını almağa cəhd etsə belə, buna nail ola bilmir. Hazırda Ermənistan ordusunda hərbi nizam-intizamdan, əsgər və zabitlərin döyüş bacarığından söhbət gedə bilməz. “Oksford” Təhqiqatlar Mərkəzinin hesabatında vurğulanır ki, əgər vəziyyətin düzəldilməsi üçün təcili tədbirlər görülməsə, Ermənistan ordusu dağılacaq və buna görə də yeni ordu yaratmaq lazım gələcək. İqtisadi çətinliklər məngənəsində çırpınan Ermənistanın buna gücü çatacaqmı?!  Əlbəttə, gücü çatsaydı, vəziyyət belə acınacaqlı olmazdı.

Əldə edilən məlumatlardan bu da aydın olur ki, qeyri-döyüş şəraitində itkilərin yaşanmasına əsas səbəb orduda xəstəliyin tüğyan etməsi, intihar, müxtəlif qəza və nizamnamədən kənar digər davranışlardır. Özü də bu kimi hallara əsas etibarı ilə müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar məruz qalırlar. Ordudakı yüksək vəzifəli zabitlərin özbaşınalıqları, rüşvətxorluğu, şəxsi heyəti kiçik komandirlər adlandırılan çavuş heyətinin idarə etməsi, onların da nizamnamədən kənar və nalayiq davranışları, orduda “dedovşina” hallarının davam etməsi isə müddətli xidmət edən əsgərlər arasında fərariliklə  yanaşı, intihar hallarının sayının sürətlə artmasına səbəb olur. Yaranmış bu vəziyyət gənclərin hərbi xidmətdən yayınmalarına gətirib çıxarır. Onlar isə ordudan yayınmağın yeni metodunu tapıblar. Belə ki, Ermənistan gəncləri cinsi azlıqlara mənsub olmaları barədə hərbi komissarlıqlara arayış təqdim edərək hərbi xidmətdən yayınır, sonra isə ölkəni tərk edirlər.  Bu onu  göstərir ki, Ermənistan ordusu təkcə çağırışçıların sayının sürətlə azalmasına görə problem yaşamır, bu ölkənin silahlı qüvvələrinin maddi-texniki təchizatında da əvvəlki kimi böyük çətinliklər mövcuddur.

Ermənistan ordusunda əxlaqsızlıq məsələsi də ciddi problem olaraq qalır. Belə ki, zabit və gizirlər tərəfindən hərbi qulluqçuların zorlanması və onların təcavüzə məruz qalması, çavuşlar tərəfindən əsgərlərin döyülməsi, zabit və gizirlərin hərbi qulluqçuların qadın valideynlərinə qarşı nalayiq hərəkətləri də ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxalıb. Silahlı qüvvələrdə şəxsi heyət arasında homoseksuallığa meyilli hərbi qulluqçuların sayı da xeyli artıb ki, onlar arasında  zabitlərin, gizirlərin sayı az deyil. Ermənistan hüquq müdafiəçilərinin məlumatına görə, bu cür əxlaqsızlıq və yaramazlıq halları Xankəndidə və Şuşada, o cümlədən təmas xəttinin yaxınlığında olan hərbi hissələrdə daha geniş yayılıb. Burada rüşvətxorluq və silahların gizli yolla satışınadək ən ağır cinayətlərə rəvac verilir.

Ermənistan Əsgər Anaları Komitəsi və digər bu kimi qeyri-hökumət təşkilatları bəyan edirlər ki,  ölkədəki hərbi hissələrin demək olar, hamısında dövlət əmlakını mənimsəmə,  “dedovşina”, fərarilik, əxlaq pozğunluğu halları baş alıb gedir. Onlar bu anarxiyanın və başıpozuqluğun aradan qaldırılması üçün təcili tədbirlər görülməsini tələb edirlər. Bu vəziyyət Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirilmiş hərbi birləşmələrdə daha çox müşahidə olunur. Orada rüşvətxorluq və dövlət əmlakını mənimsəmə kimi cinayətlərin baş verməsinə əsas səbəb  zabitlərin maaşlarının minimum yaşayış tələbatına belə çatmamasıdır. Ötən müddət ərzində  hərbi hissələrdəki zabitlər yüzlərlə əsgərdən pul tələb edib və tələbatları ödənilməyəcəyi təqdirdə onları ağır işgəncələrə məruz qoyacaqlarını bildiriblər. Əsgərlərdən  dördünün valideyni rəsmi şəkildə yuxarı dairələrə şikayət etdikdən sonra onlar qeyri-müəyyən şəraitdə “intihar ediblər”.

Ermənistan ordusunun dağılma həddinə çatması, ölkənin müdafiə qabiliyyətinin xeyli azalması, təhlükəsizlik sisteminin iflasa uğraması təcavüzkar dövləti forpostu hesab edən Rusiyanın narahatlığına səbəb olur. Ehtimal ki,  Moskvanın ölkəyə hərbi silah-sursat “yardımı” göstərməsi və  zabit kadrlarının hazırlanması üçün bu ölkədə yeni hərbi təhsil müəssisəsinin  açılmasına qərar verməsinin səbəbi həm də budur. Ancaq yeni cəhdlərin Ermənistan ordusunu xilas edəcəyinə inananlar çox azdır.

Məlum olduğu kimi İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Katibliyi və Ermənistan Milli Təhlükəsizlik Şurasının Aparatı arasında KTMT Akademiyasının yaradılmasına dair anlaşma memorandumu, həmçinin İrəvanda qurumun akademiyasının fondunun təsis edilməsinə dair saziş imzalanıb. Xatırladaq ki, KTMT-yə Ermənistan, Rusiya və Qazaxıstanla yanaşı Belarus, Qırğızıstan və Tacikistan da daxildir. Onların isə özlərinin problemləri başlarından aşır. Düzdür, deyilənə görə, Rusiya erməni ordusuna maliyyə yardımı da göstərəcək. Ancaq Ermənistan müxalifəti bəyan edib ki, Rusiyanın bu ölkə üçün ayırdığı istənilən vəsait Sarkisyan iqtidarı tərəfindən oğurlanacaq və ordu yenə də pis gündə olacaq.

Onu da qeyd edək ki, ötənlərdə Rusiyanın Ermənistana böyük həcmdə silah-sursat verdiyi barədə də məlumatlar yayılmışdı. Onlar arasında zirehli hərbi texnika, artilleriya qurğuları, hava hücumundan müdafiə və aviasiya vasitələri, o cümlədən çoxlu sayda döyüş texnikası və aqreqatlar üçün ehtiyat hissələri, atıcı silahlar, sursatlar və mühəndis əmlakları da var idi.  Bu barədə məlumatların yayıldığı günlərdə məsələyə münasibətini açıqlayan Azərbaycan Prezident Administrasiyasının İctimai - siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, Azərbaycan Rusiya ilə Ermənistanın arasındakı münasibətlərə müdaxilə etmək fikrində deyil. Lakin bu məsələdə Bakını narahat edən məqamlar var. Əli Həsənov diqqəti iki vacib məsələyə çəkib. Birincisi, Rusiyanın Ermənistanı təmənasız silahlandırmasıdır:  “Başqa məsələdir ki, Ermənistan Azərbaycan kimi bu silahları pul ilə alsa, ordusunun təminatını öz hesabına ödəsə normaldır. Amma təəssüflər olsun ki, bu silahlar əvəzsiz olaraq, Rusiya vergi ödəyiciləri hesabından Ermənistan ordusuna göndərilir. İşğalçı ordunun əvəzsiz silahlanmasının həyata keçirilməsi,  haqqı alınmadan onların hərbi təminatı, Azərbaycan tərəfini davamlı olaraq narazı salır.”

İkinci məsələ isə odur ki, Rusiya Ermənistan ilə əməkdaşlıq edərkən unutmamalıdır ki,  o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədridir. Azərbaycan tərəfi dəfələrlə bu məsələdə Rusiyanın tərəfsiz qalacağı haqqında təminat alıb və zaman- zaman bu tərəfsizliyi müşahidə edirik.  Ancaq digər tərəfdən,  Rusiya ilə Ermənistan arasındakı əməkdaşlıq iki ölkə arasında olsa da, Qarabağ fonunda bu, bizi narahat edir.

Həqiqətən də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi qismində çıxış edən  Moskvanın Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistanı silahlandırması heç bir məntiqə sığmır. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar bir çox beynəlxalq qurumların, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin rəhbərləri tərəfindən mövcud status-kvonun dəyişdirilməsinin zəruriliyi barədə dəfələrlə bəyanatların verilməsinə baxmayaraq, Rusiyanın sözü ilə hərəkətləri üst-üstə düşmür. Çünki  Moskvanın  Ermənistana külli miqdarda silah və texnikanı ötürməsi, əslində status-kvonun qorunub saxlanılmasına  hesablanan addımdır. Belə çıxır ki, forpostunun  ordusunun dağılmağa doğru getdiyini görən Rusiya müxtəlif tədbirlərlə erməni silahlı qüvvələrini “gücləndirməyə” çalışır. Bu məqamda,  Ermənistan prezidenti  Serj Sarkisyanın Lori vilayətinin Alaverdi şəhərində olarkən dediyi sözlər yada düşür. Sarkisyan Ermənistanda kütləvi köçün baş verməsinə,  əhalinin sayının azalmasına və orduya çağrışıçı çatışmazlığına işarə vuraraq deyib: “Biz o qədər az qalmışıq ki, daha yeri yoxdur. Lakin bu, təkcə dövlətin deyil, həm də hər birimizin problemidir...” Bəli, görünən odur ki, bu, həm də Rusiyanın problemidir.

R.ƏLİYEV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında