Demokratik ölkənin antidemokratik müxalifəti uğursuzluğa məhkumdur

 

 

Azərbaycanın sürətli iqtisadi inkişafından, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilməsindən, beynəlxalq aləmdə nüfuzunun gündən-günə daha da artmasından, əhalinin həyat səviyyəsinin yüksəlməsindən narahatlıq keçirən, buna qısqanclıqla yanaşan xarici və daxili düşmənlərimiz müəyyən dövrlərdə fəallaşmağa çalışmış, ölkədə sabitliyi pozmaq, demokratik proseslərə əngəl törətmək məqsədilə qeyri-qanuni addımlar atmaqdan belə çəkinməmişlər. Budur, qarşıdan prezident seçkiləri gəlir və həmin qüvvələr yenidən ortaya çıxaraq özlərinin çirkin əməllərini həyata keçirməyə çalışırlar.

Son vaxtlar radikal müxalifət nümayəndələrinin yenidən  əhalini, xüsusilə də gənclərin siyasi cəhətdən hazırlıqsız qismini dövlətçiliyə qarşı qanunsuz hərəkətlərə təhrik etməyə cəhd göstərmələri də bundan xəbər verir. Belələrinin məqsədi yalnız ölkəmizin inkişafına kölgə salmaq və xaricdəki erməni lobbisindən, antimilli və antiazərbaycan dairələrindən daha çox qrant almaqdan ibarətdir.

Görünən odur ki, radikal müxalifət nümayəndələri hələ də köhnə təfəkkürlə yaşayır, öz şəxsi və qrup maraqlarını hər şeydən üstün tuturlar. Onların bütün məsələlərə antimilli mövqedən yanaşmaları cəmiyyət tərəfindən nifrətlə qarşılanır. Təəssüf ki, belələri üçün dövlət, millət, xalq məfhumu da yoxdur. Onların əsas məqsədi bütün vasitələrlə ölkədə iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmaqdır. Bir müddət cəmiyyət arasına çıxmayan, insanlardan gizlənən, Azərbaycan haqqında xarici ölkə mətbuatına yalan, böhtan məlumatlar ötürən, düşmən dəyirmanına su tökən Eldar namazovların,  Əli kərimlilərin, İsa qəmbərlərin ölkəmizin gələcəyi üçün əhəmiyyət kəsb edən dövrlərdə yenidən peyda olmaları,  gənclərdən  dəstək istəmələri, onları mitinqlərə və digər aksiyalara səsləmələri də məhz xaricdəki ağalarının tapşırığını yerinə yetirmək məqsədi daşıyır. Ölkədəki inkişafı görməyən, insanların həyat səviyyəsinin yüksəlməsindən qısqanclıq hissi keçirən, hakimiyyətin fəaliyyətində ancaq qüsur axtaran dağıdıcı müxalifətin səsinə yenə də heç bir gənc səs vermir. Artıq cəmiyyətdə hər kəsə məlumdur ki, insanları mitinqə çağıran müxalifət düşərgəsində başıpozuqluq, partiyaların, onların liderlərinin bir-birinə düşmən münasibəti hökm sürür. Ona görə də gənclərin radikallara qətiyyən inamı yoxdur.

Siyasi ekspertlər belə hesab edirlər ki, mitinqlərin keçirilməsi hər hansı obyektiv əsaslara söykənməli, bununla bərabər, ayrı-ayrı partiyaların öz mövcudluğunu isbat etməyə hesablanmamalıdır. Hansısa siyasi partiya özünün mövcudluğunu kütləvi aksiya keçirməklə, yaxud buna cəhdlə sübut etmək istəyirsə, bu, həmin təşkilatın ya fəaliyyətsizliyindən, ya da o fəaliyyətin Azərbaycan ictimaiyyəti üçün heç bir əhəmiyyət kəsb etmədiyindən xəbər verir. Əsl müxalifətin məqsədi mitinqlərdə şou təşkil etmək olmamalıdır. Buna “şou” deyirik, çünki onlar aksiyalarını həmişə Bakı Şəhər İcra Hakimiyyətinin təyin etdiyi yerlərdə deyil, şəhərin mərkəzində — əhalinin sıx olduğu məkanlarda keçirmək istəyirlər. Bunların məntiqinə görə şəhərin mərkəzindən 3 kilometr aralı yer uzaq sayılır, halbuki, onlar həmin aksiyalar üçün 300 kilometr uzaqdan — rayondan da adam gətirməyə çalışırlar.

Dünyanın bütün demokratik ölkələrinə nəzər yetirsək görərik ki, orada müxalifət iqtidara qarşı mübarizədə daha çox ictimai-milli maraqlardan çıxış edir, siyasi hakimiyyəti cəmiyyətə və dövlətin milli mənafelərinin əleyhinə olan addımlardan çəkindirməyə çalışaraq xalq kütlələri arasında sosial bazalarını genişləndirirlər. Maraqlıdır ki, demokratik yol seçən Azərbaycanda tamamilə başqa bir mənzərə ilə qarşılaşırıq. Bizim ölkəmizdə hakimiyyət daim milli maraqlardan çıxış edir və dövlət mənafelərimizi qətiyyətlə qoruyur, dağıdıcı müxalifət düşərgəsi isə  xaricdəki antimilli, antiazərbaycan  dairələrlə sıx əməkdaşlıq edir. Digər maraqlı bir məqam da ondan ibarətdir ki, bu düşərgədəki partiya rəhbərlərinin apardığı antimilli siyasət təkcə iqtidara qarşı deyil, birbaşa Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşıdır. Qaragüruh Azərbaycanın müxtəlif ölkələrlə, beynəlxalq təşkilatlarla münasibətlərini korlamağa cəhd göstərir, yalan, əsassız məlumatlar yaymaqla, fikirlər səsləndirməklə, aksiya şouları düzəltməklə Azərbaycanın dünyadakı demokratik imicinə zərbə vurmağa çalışır. Bununla da, hakimiyyətə qarşı deyil, dövlətə, xalqa qarşı çıxdıqlarını bir daha  nümayiş etdirirlər.

Radikal düşərgə Azərbaycanın dövlət imicinə kölgə salmaq üçün hər zaman dünya erməniliyinin təbliği ilə məşğul olan antiazərbaycan dairələrlə işbirliyinə gedir, onların əlaltısına çevrilir. Bu isə son nəticədə yenə də düşərgənin uğursuzluqlarıyla müşayiət olunur. Milli Məclisin deputatı Aydın Mirzəzadə isə müxalifətin uğursuzluğunun başlıca səbəbinin iqtidarın öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirməsinin olduğunu göstərir. Cəmiyyətin bitərəf olan böyük əksəriyyəti də müxalifətə dəstək vermir, gələcəyə olan inamını indiki iqtidarla bağlayır. Bu düşərgədə çoxsaylı parçalanmalar şəxsi iddialarla sıx surətdə bağlıdır. Müxtəlif qrupların rəhbərləri gənclərin, yeni liderlərin ortaya çıxmasına, modernləşmə və yeniləşməyə meyilli deyillər.

Əvvəllər Müsavat Partiyasının gənclər təşkilatının sədri olan, sonradan burada antimilli qüvvələrin cəmləşdiyini görərək partiyadan uzaqlaşan  Türkiyənin nüfuzlu Mərmərə Universitetinin məzunu Telman Nüsrətoğlu da radikal düşərgənin xaricdən idarə olunduğunu bildirir. Cəmiyyət etirazla bağlı işarəni xarici səfirliklərdən,  ermənipərəst dairələrdən gözləyən müxalifət nümayəndələrinə “antimilli qulbeçələr” adı verib.

Radikal düşərgədə yaranmış yarıtmaz ümumi ab-hava təsadüf nəticəsində bura düşən gənclərin əxlaqına, siyasi mədəniyyətinə və davranışına da mənfi təsir göstərir. Bu reallığı görmək üçün tam bir il bundan əvvəl — keçən ilin mart ayında Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqini xatırlamaq kifayətdir.  Qeyd edək ki, bu aksiyada AXCP, Müsavat, ADP, VHP, AXP, KXCP, Ümid partiyalarının, o cümlədən, bir neçə müxalifyönümlü gənclər təşkilatlarının ümumi sayı təxminən 350 nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak edirdi. Mitinqdə elan olunan şüarlar, səslənən fikirlər bir daha müxalifət düşərgəsində sağlam ruhlu gənclərin toplaşmadığını təsdiqləyir. Eyni zamanda, mitinq iştirakçılarının böyük bir meydanın küncündə toplaşması Azərbaycan gəncliyinin müxalifətə inanmadığını və onların arxasınca getmədiyini nümayiş etdirirdi. Aksiyada çıxış edən müxalifətçi gənclərin nitqlərindəki qüsurlar, öz etirazlarını əsaslandıra bilməmələri də diqqətçəkən məqamlardan biri idi.  Hətta əxlaqi keyfiyyətlərdən uzaq olan gənclərə də həmin meydanda rast gəlinirdi.

Bunu həmin aksiyada baş verənlər əyani şəkildə təsdiqləyirdi. Mitinqdə 1 saatlıq “çıxışlardan” sonra səhnəyə çıxan reper Camal Əli adlı gənc konsert verəcəyini bildirmişdi. Pivə içə-içə danışan C.Əli gənclərə çay yox, pivə içməyi “məsləhət” görmüşdü. Daha sonra öz “mahnısına” keçid alan “reper”  təhqiramiz ifadələr, söyüşlər işlətməyə başlamışdı. Ona etiraz edənlər isə elə mitinq iştirakçıları olmuşdu. C.Əli söyüşlərini davam etdirdiyi üçün onlar arasında dava düşmüşdü. Bu davanı isə yalnız polislərin müdaxiləsi nəticəsində sakitləşdirmək mümkün olmuşdu. Bu hadisə bir daha müxalifət düşərgəsinin gənclər üçün normal məkan olmadığını göstərirdi. Hər bir gənc milli dəyərlərə, əxlaqi keyfiyyətlərə üstünlük verməlidir. Müxalif gənclərin hərəkətləri isə həmin düşərgənin bu sahədə də dərin böhran keçirdiyini sübut edir. Gəncləri yalnız belə çirkin hərəkətlərə sövq edən İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov kimi “siyasətçilər” yeni nəsli sağlam, düzgün yola yönləndirmək əvəzinə onları fəlakətə sürükləməyə çalışırlar.

Müxalifyönlü gənclər qeyri-etik davranışı, iftira atmağı, təhqir etməyi sanki özlərinə peşə seçiblər. Bu, sosial şəbəkələrdə gedən bəzi diskusiyalarda da özünü açıq şəkildə göstərir. Əsassız ittihamlarla çıxış etmək, yeri gəldi-gəlmədi hər şeydə hakimiyyəti günahlandırmaq, ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlətmək, hətta öz tərəfdaşlarını da təhqir etmək bunlar üçün adi hala çevrilib. Müsavatın gənclər təşkilatının sədri Tural Abbaslı digər müxalifət partiyalarının, xüsusilə, AXCP-nin funksionerləri və fəalları ilə qarşıdurma, qarşılıqlı ittihamların olduğunu, sosial şəbəkələrdə təhqir, sataşmaq və sair bu kimi halların baş alıb getdiyini etiraf edib. Bütün bunlar dağıdıcı düşərgənin əsil simasını üzə çıxarır. Bununla bərabər, bu gün müxalifətin olduğu istənilən yerdə, xüsusilə sosial şəbəkələrdə sağlam düşüncəli, müasir  gənclərin də olması vacibdir. Sağlam gənclik onlarla debatlarda daha fəal olmalı və dağıdıcılara layiqli cavablarını verməlidirlər.

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında