Bu adamların bir-birinə pislik etməklə, öz aralarında didişməklə qazandıqları radikallıq, dağıdıcılıq imici ilk nəticədə olduğu kimi son nəticədə də özlərinə problemlər yaradır. İndi artıq həm ölkəmizdə, həm də xaricdə hamı yaxşı başa düşür ki, “İctimai Palata” başda olmaqla indiki müxalifət təmsilçilərinin hamısı bir mərama xidmət edirlər – Azərbaycanın sürətli sosial- iqtisadi inkişafına badalaq gəlmək. Vəssalam. Yəni bu adamların hamısı yaxşı bilirlər ki, Azərbaycanda siyasi hakimiyyətə gəlmək qətiyyən onların gücü çatacaq məsələ deyil. Çünki hakimiyyətə gəlmək üçün öncə müxalifətin lideri olmalıdır.
Azərbaycan müxalifətində belə bir adamın olmadığını bizdən yaxşı özləri bilirlər. Yaxud , siyasi uğur qazanmaq istəyən düşərgənin müəyyən bir sosial bazası olmalıdır. Yoxdur. Olan-qalan yüz-yüz əlli nəfərlik tərəfdarları da beş-on yerə parçalanıb. Bundan başqa, bir qədər də irəli gedərək özlərini hansısa xarici ölkədəki müxalifət düşərgəsi ilə müqayisə etməyə, sonra da bir-birinə badalaq gəlməklə kiminsə diqqətini cəlb etməyə çalışırlar. Bu cəhdlərin tamamilə əbəs olduğunu isə özləri anlamasa da, hamı görür.
Azərbaycan müxalifətinin İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev, Eldar Namazov, Rüstəm İbrahimbəyov, Əkrəm Naibov və ya hər hansı nümayəndəsinin xalqımız və dövlətimiz haqqında istənilən cəfəngiyatı “ölkə həyatında biz də varıq” deyə səs qaldırmaqdan başqa bir şey deyil. Ona görə də dərhal ziyalılardan və gənclərdən öz layiqli cavablarıını alırlar. Çox təəssüf ki, bəzi qələm sahibləri, xüsusən, müxalifət mətbuatının təmsilçiləri məqsədli bir qərəzçiliklə Əkrəmin adını da müxalifət funksionerlərinin sırasında təqdim edirlər. Məqsəd düşərgə mənsublarının sayını çox göstərməkdir. Bu şişirtmənin ( müxalifətsayağı pripiskanın ) eybəcərliyinə cavab verən gənclər məsələni kifayət qədər konkretləşdirirlər. Məsələn, Gənc Vətənpərvərlər Birliyinin təmsilçilərinin yaydığı sənəddə göstərilirdi ki, müxalifət – siyasi hakimiyyətə gəlmək üçün mübarizə aparan insanların toplumuna deyilir. Əkrəm Naibov isə məlum əsəri xalqa düşmənçilik məqsədiylə qələmə alıb. Yəni Əkrəm müxalifət deyil, xaindir. Doğrudur, İsa Qəmbər və Əli Kərimli də ermənilərlə iş birliyi qururlar. Ancaq onların işbirliyi özləri kimi cılız olduğuna görə ermənilərin dəyirmanını o qədər də işlədə bilməmişdi. Əkrəm həmin məsələdə ermənilərin özlərini də geridə qoydu”.
Yuxarıda qeyd etdiyimiz kimi bu günkü hərdəmxəyal Azərbaycan müxalifətinə ümumxalq hərəkatı dalğasında hakimiyyətə gəlmiş Əbülfəz Elçibəyin dövründə Ali Sovet sədri işləmiş, eyni komandada ola-ola dövlət başçısına çoxsaylı badalaqlar gələn, prezidentdən xəbərsiz onun səlahiyyətlərini mənimsəyən, xalq hərəkatının parçalanmasında “xüsusi xidmətləri” olan, ermənilərlə iş birliyi cəhdlərini gizlətməyən İsa Qəmbər, Əbülfəz Elçibəyin zəhərlənməsində və yenə də ermənilərlə əlbir fəaliyyətə açıq cəhdlər edən, bütün türk dünyasında öz mənfi imici ilə hamının gözündən düşmüş Əli Kərimli, əlində olan vəzifəni və səlahiyyətləri qoruyub saxlamağa gücü çatmayan, öz səriştəsizliyi ucbatından hər şeyi itirib yenidən axtarmağa başlayan reneqat Eldar Namazov “rəhbərlik” edirsə, bu düşərgənin hansı sosial bazasından danışmaq olar? Olmayacaq. Bu adamların rəhbərlik etdiyi düşərgənin qazandığı sosial nifrətdən isə saatlarla danışmaq mümkündür. Necə ki, xalq danışır.
İndi hamıya məlumdur ki, müxalifət düşərgəsinin iqtidardan çıxdaş edilmiş adamlara dərhal qucaq açması, ermənipərəst mövqeyinə və külli miqdarda dövlət əmlakını mənimsədiyinə görə ümumxalq qınağına məruz qalmış Rüstəm İbrahimbəyovu başa keçirməsi milli xəyanəti xalq yazıçısı adından üstün tutan Əkrəm Naibovu qəhrəmana döndərməsi öz sırasını heç olmazsa bu cür adamların hesabına az da olsa genişləndirmək cəhdindən başqa bir şey deyil. Bu düşərgəyə daha yaxından bələd olan bir həmkarımız danışır ki, Müsavatda, Xalq Cəbhəsində “İctimai Palata” deyilən, fəqət İsa Qəmbərin şəxsi palatası kimi fəaliyyət göstərən bir “təşkilatda ” elə səbatsız və səviyyəsiz adamlar toplaşıblar ki, onlarla eyni palatada təmsil olunmaq istənilən normal adama baş aşağılığı, üz qaralığı gətirir. Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycan müxalifəti bu gün 1988-ci ildən bəri üzləşdiyi ən ağır günlərini yaşayır.
Məhz ona görə də ömrü boyu gedib xaricdə baş girləyənləri, Azərbaycanın bütün problemlərindən xəbərsiz yaşayanları indi müxalifətin sırasına qatmağı nəinki ayıb saymırlar, hətta həmin adamların dediyi ilə oynamağa da utanmırlar. Məhz həmin adamlar reneqatın birini ortaya atıblar ki, bunu prezidentliyə namizəd göstərəcəyik. Bu eybəcər təfəkkürün əcaib qərarı hansı məntiqə uyğundur? Üstəlik, ötən yazılarda qeyd etdiyimiz kimi xalqın sadə nümayəndələri də, cəbhəçilər də , müsavatçılar da bir- birindən soruşurlar ki, “Eldar Namazov hakimiyyət komandasında olanda xalq üçün nə iş görmüşdü ki, indi gəlib neyləyə? Dönüyün, reneqatın biridir”.
Əslində bu gün Azərbaycanda hamı bu fikirdədir ki, Eldar Namazov dönükdür, reneqatdır, hakimiyyət komandasında olarkən heç bir işə yaramayıb və tutduğu vəzifədən kənarlaşdırılıb. Ona görə də prezidentliyə namizədliyi irəli sürülsə belə, ona Rüstəm İbrahimbəyovdan başqa heç kim səs verməz. Bütün bunlar həqiqətdir və o da həqiqətdir ki, bir dəfə hakimiyyətdə olub komandasıyla birlikdə xalqın başına min bir bəla gətirən, öz prezidentini zəhərləməkdə ittiham olunan, ölkəmizin ərazisinin 20 faizini işğal etmiş düşmənlə iş birliyi qurduğu danılmaz faktlarla sübuta yetirilən, AXCP sədri Əbülfəz Elçibəyin müalicəsi üçün ayrılmış vəsaiti öz biznesini möhkəmləndirmək üçün istifadə edən Əli Kərimli heç də reneqat Eldar Namazovdan çox səs toplaya bilməz. Ən azı ona görə ki, bu adam siyasətdə olduğu dövrün hamısında öz mənafeyi naminə digər siyasətçiləri ləkələməklə məşğul olub. Son nəticədə isə həmişə özü ləkələnib.
İndi heç kəsə sirr deyil ki, bu adamlar 18-20 illik siyasi həyatlarındakı məğlubiyyətlərdən dərs almaq kimi qabiliyyətdən də məhrumdurlar. Xalq Azərbaycan müxalifətinə dönə-dönə başa saldı ki, siyasət sizlik deyil. AXCP , Müsavat, İctimai Palata, Eldar Namazovun reneqatlar dəstəsi və ümumilikdə Azərbaycan müxalifəti bir həqiqəti dərk etməlidirlər ki, bu adamların qatarı çoxdan keçib.Heç bir cəhdlə özlərini ötürdükləri qatara çatdıra bilməyəcəklər. İndi “görkəmli yazıçılar”ın da dəm tutduğu, xüsüsi bir dönüklər “ordusunun” köməyi ilə “hücuma keçən” Eldar Namazovun da qatıldığı Azərbaycan müxalifəti nə qədər çalışsa da xalqın inamını qazanmaq yolunda həmişə əliboş qalacaq. Çünki partiya sədrləri arasında davam edən qarşılıqlı etimadsızlıq ab-havası sıravi müxalifətçiləri daha ağır xəstəliklərə mübtəla edib. İndi artıq prezidentliyə namizədliyi gözlənilən müxalif siyasətçilərin bir-birinə olan münasibəti sıravi cəbhəçi ilə müsavatçıların münasibətlərinin yanında toya getməlidir. Sanki bir-birinin qanını içməyə hazırdırlar. Çox cılız mövqedədirlər. Məhz elə həmin cılızlığın nəticəsidir ki, 20 ildir xalq onlara yerlərinin harada olduğunu göstərir. Ona görə də indi artıq erməni ilə deyil, kiminlə əməkdaşlıq etsələr də xeyiri yoxdur. Heç kəs onlara inam, etimad göstərməyəcək, yol verdikləri səhvlər və törətdikləri əməllər onları tarixin arxivinə göndərəcək. Daha doğrusu, özləri artıq bu yoldadırlar.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.