Dağıdıcı müxalifətin ölkədə sabitliyi pozmaq, qarşıdurma yaratmaq cəhdləri iflasa məhkumdur

 

 

Azərbaycanın beynəlxalq aləmdə rolu getdikcə artır. Bu, ilk növbədə düzgün müəyyənləşdirilmiş xarici siyasətin uğurlu nəticəsidir. Ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyə qəbul edilməsi və müəyyən dövr keçdikdən sonra həmin qurumların aparıcı üzvlərindən birinə çevrilməsi  tanınmış ekspertlər tərəfindən yüksək qiymətləndirilir.

Bu yaxınlarda ABŞ-ın “The Huffington Post” qəzetində ölkəmiz haqqında dərc olunmuş bir məqalə diqqətimi cəlb etdi. Həmin məqalədə respublikamızın sürətli inkişaf yolunda inamla irəliləməsi öz əksini tapmışdır. Məqalənin müəllifi,  ingiltərəli səyyah Pol Stilin yazır ki, Azərbaycanın hər yerində səmimi şərait hökm sürür, ölkə getdikcə heyrətamiz, möhtəşəm layihələrin həyata keçirildiyi məkana çevrilir. 2012 -ci ildə Azərbaycan bir sıra beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmişdir. Qonaqlar Bakının və Azərbaycanın gözəlliyinə heyran qalmışlar. Hazırda Azərbaycan Avropanın əsas turist bölgələrindən birinə çevrilməkdədir. Ölkənin rayonları bütün mövsümlərdə çox gözəldir. Azərbaycanda fərqli dinlər sülh şəraitində yaşayır. Cəmi 9 milyon əhalisi olan Azərbaycan nadir mədəni və tarixi xüsusiyyətlərə malikdir, sivilizasiyaların qovuşduğu məkandır.

Böyük Britaniya parlamentinin üzvü  Kris Pincer də ölkəmizin inkişafını yüksək qiymətləndirərək deyib ki, Azərbaycan Avropa ilə Asiya arasında körpü, əhəmiyyətli enerji təchizatçısı ola bilər. Azərbaycanın nüfuzu regionun çərçivəsindən  kənara çıxaraq Böyük Britaniya sahillərinədək  və onun hüdudlarından kənara yayılır. Ölkədə hər şey dəyişir, müasir infrastruktur bütün yaşayış məntəqələrini birləşdirir.

Belə faktlar istənilən qədərdir. Bütün bunlar bir daha təsdiqləyir ki, müstəqil dövlətimiz  artıq dünya birliyinin layiqli üzvlərindən birinə çevrilir. İqtisadi və siyasi  sahədə  uğurla həyata keçirilən  islahatlar ölkəmizi beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevirib. Bu, respublikamızda  çaşqınlıq yaratmaqda maraqlı olan bəzi dairələri ciddi təşvişə salır. Onlar respublikamızdakı antimilli qüvvələri təsir  altına alaraq onların əli ilə seçki ərəfəsində qarşıdurma yaratmağa cəhd edirlər. Hakimiyyəti qeyri - konstitusion yollarla ələ keçirməyə cəhd edən əli kərimlilər, isa qəmbərlər, reneqat eldar namazovlar “mövcud hakimiyyət çökür, biz hakimiyyətə gələcəyik” kimi sərsəm yalanlar səsləndirməklə xalqla hakimiyyətin sarsılmaz vəhdətinə xələl gətirmək istəyirlər. Bu fikrə düşənlərin hakimiyyət hərisliyi o qədər güclüdür ki, artıq onlar ruhi xəstələr kimi nə danışdıqlarını, nə də hərəkətlərini  bilmirlər. Hətta belə xəstəhal siyasətbazların ərtafında olanlar da artıq  partiya sədrlərinə  inamlarını tamamilə itiriblər.

Bu günlərdə “Yeni Müsavat” qəzetində dərc olunan bir məqalədə də qeyd olunur ki, Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, burada  müxalifət siyasətçiləri astroloqlara bənzəyirlər. Məqalə müəllifi  bəzi partiya  sədrlərinin  özlərini  politoloqlara bənzətməklə bu yolla siyasi gündəmdə qalmaq və həqiqətə uyğun olmayan  proqnozlar verməklə məşğuldurlar. Onların verdikləri proqnozların heç biri özünü doğrultmur. Belələri sanki unudurlar ki,  proqnozlar vermək üçün politoloqlar, analitiklər, icmalçılar var.

 Ölkədə vəziyyətin “kritik olduğunu” bəyan etməklə  təsəlli tapan bəzi partiya sədrlərinin cəfəngiyatla dolu fikirlərinə artıq əhəmiyyət verən yoxdur.  “Yeni Müsavat” qəzetində dərc olunan məqalədə deyildiyi kimi, “hakimiyyət çökür, biz hakimiyyətə gələcəyik” şüarı yalnız mikropsixoloji mühitin girovuna çevrilən partiya funksionerləri tərəfindən ciddi qarşılanır. İctimaiyyət nümayəndələri  isə belə sərsəm şüarları xəstə təxəyyülün məhsulu kimi qəbul edirlər. Seçki ilində belə xam xəyallara düşənlər əsasən bir vaxtlar hakimiyyətdə olanlardır. İndi onlar prezidentliyə namizədliklərini irəli sürmək üçün hakimiyyətin əleyhinə müxtəlif şüarlar səsləndirməklə siyasi imic qazanmaq istəyirlər.

Milli Məclisin deputatı Zahid Oruc seçkiöncəsi fəallaşmış belə ünsürlərə öz keçmişlərini gözləri önünə gətirmələrini tövsiyə edərək deyib: “Hər hansı müxalifət nümayəndəsinin öz namizədliyini irəli sürməsi cəmiyyətdə fərqli düşüncələr, yeni platormalar, ideyaların yaranmasına səbəb olmur, seçicilərin rəyinə və prioritetlərinə təsir göstərmir”. Onun qənaətinə görə, İsa Qəmbərin Əli Kərimliyə və əksinə, Əli Kərimlinin İsa Qəmbərə 1990 - cı illərdən gələn patoloji mənfi münasibətləri var. Xüsusilə, Müsavat başqanının Əli Kərimlini iqtidarın layihəsi saydığı, yaxud da Elçibəyə xəyanət eləmiş şəxs kimi qiymətləndirib əvəzində Mirmahmud Mirəlioğlunu AXCP - nin varisi kimi tanıdığı zamanlarda Müsavatın mövqeyi açıq görünüb. Z.Orucun fikrincə, əgər Əli Kərimli prezidentliyə  namizədliyini irəli sürsə, o zaman müsavatçılar İsa Qəmbərin tapşırığı ilə AXCP sədrinin keçmişini xatırladacaq, onun əməllərini, siyasi tərcümeyi - halını, komandasızlığını, indiki resurssuz vəziyyətini ciddi təhlil predmetinə çevirəcəklər. Eləcə də İsa Qəmbərin  keçmişi, hakimiyyətdə olarkən vəzifəsindən sui - istifadə edərək külli miqdarda var - dövlət toplaması,  hazırda Türkiyədəki banklarda  xeyli kapitalı olması barədə cəbhəçilərdə kifayət qədər məlumatlar var. Ona görə də “İctimai Palata” adlı qondarma qurum hələ də prezidentliyə vahid namizədi müəyyənləşdirə bilmir. Onu da qeyd edək ki, bu  qondarma təşkilatın məqsəd və məramı demokratiyaya tamamilə  ziddir. Təşkilatın rəhbərləri Əli Kərimli ilə İsa Qəmbər gəncləri gah icazəsiz aksiyalara təhrik edir, gah da özləri ictimaiyyətin diqqətini cəlb etmək üçün partiya sədrinə xas olmayan şoular göstərirlər.   “Yeni Müsavat” qəzetində dərc olunan məqaləyə istinadən deyirik ki, “icazəsiz aksiyalarda isə yalnız eyni simalar -  100-200 nəfər iştirak edir. Geniş xalq kütlələri bu aksiyalara qoşulmur. Burada,  heç şübhəsiz, müxalifətdaxili didişmələr, vahid liderin olmaması, ortada konseptual baxışların yoxluğu böyük rol   oynayır. İstənilən halda cəmiyyətin qoşulmadığı siyasi prosesin qələbə ilə başa çatması mümkün deyil”. Yalnız xarici düşmənlərimizin çirkli pullarına arxalanan radikal müxalifət bu reallığı hələ də dərk etmir.

Təbii ki, belə oyunbazlıqlarla “seçkilərə hazırlaşmaq”  prezident seçkisi kimi siyasi hadisəyə dağıdıcı müxalifətin qeyri - ciddi münasibətinin təzahürüdür. Həm Əli Kərimli, həm İsa Qəmbər, həm reneqat Eldar Namazov, eləcə də Rəsul Quliyev, Lalə Şövkət Hacıyeva çox yaxşı bilirlər ki, onların erası artıq çoxdan bitib. Ona görə də yenidən gündəmə qayıtmaq üçün sərsəm bəyanatlar səsləndirmələri, “siyasi təhlillər” aparmaları və ya “proqnozlar” vermələri suda batanın saman çöpünə əl uzatmasına bənzəyir.

Radikal müxalifətin ölkəmiz barəsində səsləndirdiyi cəfəngiyatla dolu bəyanatlara  beynəlxalq təşkilatlardan  da dəstək gəlmədi. Çünki artıq bu təşkilarlar da milli xəyanətkarların yalan və böhtanlarından təngə gəliblər. İctimai Palatanın təsisçilərinin,  reneqat Eldar Namazovun və bu xislətdə olan satqınların  ölkəmiz haqqındakı “faktları” beynəlxalq təşkilatları  dəfələrlə çıxılmaz vəziyyətə salıb. Bütün bunlardan ümidləri üzülən İctimai Palata prezident seçkiləri ərəfəsində xalqı icazəsiz aksiyalara çağırmaq, qarşıdurma yaratmaq barədə növbəti çirkin plan hazırlayır. Bu barədə oyuncaq qurumun  Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli məlumat verib. O,   regionlarda süni narazılıqlar, etiraz aksiyaları təşkil etmək üçün İctimai Palatanın üzərinə çox böyük iş düşdüyünü deməklə, rayonlarda baş vermiş qanunazidd əməllərin məhz bu qurum tərəfindən həyata keçirildiyini təsdiqləyir.  Bu gün ölkəmizdə davamlı  ictimai - siyasi sabitliyin hökm sürdüyü bir vaxtda radikal müxalifətin “ölkədə gözlənilən inqilabi vəziyyət” dən söhbət açması insanlarda qorxu xofu yaratmaq məqsədi daşıyır. Demokratik proseslərin inkişafına böyük önəm verən müstəqil dövlətimizdə hakimiyyəti qəsb etməyə, qarşıdurmaya çağırışlar xəstə təxəyüllü dağıdıcı müxalifətin  əsl simasını, məqsəd və  məramını  ifşa edir.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında