Hörmətli oxucular, aşağıdakı məktubu yazıçı Əkrəm Əylisliyə ötən ilin aprelində ünvanlamışdım. Bu günlərdə surətini yenidən nəzərdən keçirdim. Bir daha əmin oldum ki, bu söz adamı şeytana çoxdan uyubmuş. Ona hər şeyin tərsinə görünməsi illərdən bəri davam edib böyüyən bir proses imiş. Təəssüf ki, yazıçı bu səhv yoldan çəkilmədi və axırda öz xalqının bədxahına çevrilərək milyonların gözündən düşdü. Haqlı olaraq vaxtilə layiq görüldüyü titullardan və üstünlüklərdən məhrum edildi.
İndi isə söhbət açdığım məktubu oxuculara təqdim edirəm. Rayonda işləyib-yaşadığımdan “Yeni Müsavat” qəzetinin 16 aprel 2012-ci il nömrəsi xeyli gec əlimə düşdü. Birinci səhifədə anonsa çıxarıldığından yazıçı Əkrəm Əylislinin “Deyim niyə bu günə düşmüşük...” məqaləsi diqqətimi cəlb etdi və oxudum.
Məqalə və müəllifi barədə yaranmış təəssüfləndirici fikirlər məni rahat buraxmadı. Çox çalışdım ki, duyğularımı içimdə boğum. Məndə yaranan sualları cavablandırmamağı bacarmadım. 19 il əvvəlin xatirələri məni Əkrəm Əylisli ilə qiyabi müsahibə çevirdi.
Əkrəm müəllim, bizim tanışlığımızın tarixini, sizinlə ilk və son görüşümüzü xatırlatmaq istəyirəm. 1993-cü ilin may ayının 22-dən 23-nə keçən gecə idi. Mən mərhum ulu öndərimiz Heydər Əliyevin Naxçıvan Ali Məclisinin binasındakı kabinetində onunla söhbət edirdim. Birdən telefon zəng çaldı, Heydər Əliyev dəstəyi qaldırdı, salamlaşıb danışanı dinləyəndən sonra dedi ki, – Afiyəddin müəllim, yanımda qonaq var, o gedəndən sonra sənə xəbər edərlər, gələr qəbul edərəm. Təxminən 20-25 dəqiqə sonra yenə zəng gəldi. Ulu öndər bu dəfə də dəstəyi qaldırdı və ciddi səslə bildirdi ki, Afiyəddin müəllim, axı dedim ki, qonağım var, əziz adamdır. İndi mən deyə bilmərəm ki, qonaq, sən nə vaxt gedəcəksən? O gedəndən sonra sizə xəbər edərlər.
Danışan mərhum Afiyəddin Cəlilov, haqqında söhbət açdığı adam isə sizdiniz, Əkrəm müəllim. Afiyəddin müəllim Ali Məclislə üzbəüzdə yerləşən nazirlər kabinetinin binasından zəng vurmuşdu. O vaxt Naxçıvana rəhbərlik edən ümummilli lider Heydər Əliyev dəstəyi yerinə qoyandan sonra mən ayağa qalxdım ki, xudahafizləşib gedim. Lakin Heydər Əliyev məni getməyə qoymadı. Bir az da söhbət etdik. Əkrəm müəllim, sizin barənizdə də danışdı. Dedi ki, yazıçı Əkrəm Əylisli gəlib oturub Afiyəddin müəllimin yanında, istəyir ki, onu qəbul edim. Üç gündür burdadır. Müsavat partiyasının divan üzvü kimi sabah Naxçıvan Muxtar Respublikası müsavatçılarının konfransını keçirmək istəyir. Mən də tapşırmışam bina ayırıblar, şərait yaradıblar. İndi də mənimlə görüşmək istəyir...
Sonra Heydər Əliyev barənizdə sizin ona və onun sizə olan münasibətlərinizdən danışdı. Dedi ki, sizə həmişə bir yazıçı, bir ziyalı kimi hətta respublikadan kənarda yaşadığınız zamanlarda da diqqət və qayğı göstərib.Ailə problemlərinizdən tutmuş, içtimai işlərinizə, yaradıcılıq fəaliyyətinizə qədər çox şeydə sizə himayə göstərib. Siz də həmişə ona hədsiz hörmət və məhəbbətinizi, şəxsiyyətinə heyranlığınızı bildirmisizniz. Dedi ki, bir yandan həmişə mənə deyir siz əvəzolunmaz insansınız, ancaq o biri yandan gedir mənim əleyhimə olan qruplara qoşulur... Heç baş açmaq olmur bu Əkrəmdən...
Mən H.Əliyevlə xudahafizləşib onun kabinetindən çıxanda, Əkrəm müəllim, siz qəbul otağında Vasif Talıbovun yanında idiniz. İlk dəfə görüşsək də, mənimlə gözləmədiyim halda köhnə tanışlar kimi əhvallaşdınız. Evdə-eşikdə nə var nə yox,-deyə keyfimi-halımı da soruşdunuz. Sonra bir neçə cümlədə H.Əliyev haqda dediniz: “Kişi dühadır, dahi şəxsiyyətdir. Azərbaycanın nicatıdır.” Ani olaraq fikirləşdim ki, tanış olmasaq da, yəqin məni Heydər Əliyevə çox yaxın bilib belə mehribanlıq göstərirsiniz... O vaxt siz Azərbaycan Yazıçılar İttifaqının, mən isə SSRİ Jurnalistlər İttifaqının üzvü idim.
Siz Heydər Əliyevin qəbuluna keçəndən sonra görüşümüzün şahidi olmuş Vasif müəllim mənə dedi ki, çoxdanın tanışsınız, deyəsən. Mən isə səmimi olaraq bildirdim ki, xeyr, o məni birinci dəfədir görür, bəlkə də, kiminləsə səhv saldı.
Mən həmin gecə səhərəcən H.Əliyevlə daha bir unudulmaz görüşümün xoş duyğuları ilə yaşayıb yata bilmədim. O axşam, Əkrəm müəllim, sizin – ümummilli lider Heydər Əliyevin əleyhinə fəaliyyət göstərən Müsavat partiyasının divan üzvünün ulu öndər haqqında etiraflarınız məndə qeyri-ixtiyari sizə hörmət yaratmışdı...
İndi sizin müsahibəni oxuyanda hər şeydən əvvəl o vaxt ulu öndərimiz Heydər Əliyevin dediyi sözlər yadıma düşdü: “Heç baş açmaq olmur bu Əkrəmdən...”
Keçək mətləbə, Əkrəm müəllim. Uzun tərəddüddən sonra nə vaxtdır uzaq gəzdiyiniz müsavatçıların qəzetinə verdiyiniz müsahibədə deyirsiniz: “Bizdən tələb edirlər ki, biz hardasa bir azca inqilabçı olaq”. Əvvəla, o tələb edənlərin kimliyi çoxları kimi məni də maraqlandırdı. Çox istərdim ki, bu tələb bizə ikili standartlarla yanaşıb, düşmənlərimizlə dostluq edənlərdən olmasın. Çünki onlar hədəfə aldıqları türk-müsəlman aləmini daim inqilaba çağırırlar. O ki qaldı sizə, əslində, cavablarınızla inqilabçılıqdan da o tərəfə keçirsiniz. Siz 25 ilə yaxın müddətdə müharibə şəraitində yaşayan insanları üsyana, “Ərəb baharı” dalğasına həvəsləndirisiniz. İllər boyu nazınızla oynayıb, sizi doğru yola gətirmək istəyənlərə xox gəlirsiniz. Bəs düşünmürsünüz ki, “Ərəb baharı” həmin xalqlara, dövlətlərə nə verdi? Mən deyim: Ərəb baharı daxildə insanlara məşəqqətlər, faciələr, tayfalar, nəsillər arasında sonu görünməyən düşmənçilik, müstəqil dövlətlərə vassal olmaq aqibəti gətirdi. Hazırda da həmin dövlətlərin, xalqların dinc gələcəyi görünmür.
Əlbəttə, deputat kimi imkanınız geniş olanda ali tirubunada demədiklərinizi indi müxalif bir qəzetin yönəldici, təhrikedici suallarına cavab olaraq deyəndə çox aşkar görünür ki, siz şəxsi incikliyinizdən doğan qisas hissi ilə yaşayırmışsınız. Mən əminəm ki, siz yenidən deputat olsanız əvvəlki kimi susacaq, hər şeyi öz rəngində, bir az da əlvan görəcəksiniz.Elə olmasaydı deputat olduğunuz dövrdə də inqilabçı kimi danışar, nədənsə narazılıq edərdiniz. Siz o zaman çox bəxtəvər görünür, xalqı da xoşbəxt hesab edirdiniz.
Əkrəm müəllim, adi adamlar da artıq yaxşı bilir ki, siz istədiklərinizi alanda susur, yeni bir təmənnaya düşəndə inqilabçıya dönürsünüz. Rəhmətlik Heydər Əliyev də, görünür, buna görə deyirmiş: “ Heç baş açmaq olmur bu Əkrəmdən...” Əslində, ulu öndər gündə bir dona bürünən bu adamın kimliyini çox yaxşı bilirdi.
Sonda onu da bildirim ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev də bütün çıxışlarında sizdən də kəskin şəkildə yüksəlişimizə mane olan nöqsanların olduğunu bildirir, çıxış yollarını göstərir və məsul şəxslərdən onların aradan qaldırılmasını tələb edir. Məgər siz bunları bilmirsiniz?
Xalq isə bilir və nöqsanların tezliklə aradan qaldırılacağına inanır. Bütün dünyanın haqsevər insanları da dövlətimizin uğurlu inkişafını yüksək qiymətləndirirlər.Ermənilər, ermənixislətlilər, şeytanəxlaqlılar isə, əksinə, hər şeyə öz maraqları baxımından yanaşırlar. Ulu öndər Heydər Əliyevin fəxr etdiyi Azərbaycan xalqı da xoşbəxtlikdən, hər şeyi yaxşı görür və dəyərləndirir. Xalq yaxşı görür ki, ona xoş güzəran verən kimdir, başını dumanlandırıb fəlakətlərə sürükləmək istəyənlər kimlərdir. Vallah, Əkrəm müəllim, daxilinizdə siz özünüz də nəyin necə olduğunu yaxşı bilirsiniz. Lakin sifarişçilərinizi razı salmaq üçün sizə belə görünmək, belə danışmaq sərf edir.
Əkrəm Naibov, müsahibənizin əvvəlində bir məsələni doğru etiraf eləmisiniz: “Görürəm ki, indiki müsahibələrimdə keçmiş müsahibələrimi yamsılayıram, bayağılaşdırıram, primitivləşdirirəm...” Həqiqətən, siz o dediyiniz müsahibələri verəndə nə xalq yazıçısı idiniz, nə prezident təqaüdçüsü idiniz, nə “İstiqlal” ordeni almışdınız, nə deputat olmuşdunuz. Bəs indi sizi danışdıran hansı maraqlar, istəklərdir. Axı sizin susduğunuz AXC — Müsavat hakimiyyəti dövründə xalq fəlakətlər içində ən ağrılı günlər yaşayırdı. Bəs nədən heç nə olmamış kimi susurdunuz, Əkrəm Naibov?
Doğurdan da, sizdən baş açmaq çətin məsələdir. Axı dövran dəyişib, hətta bədxahlarımız da Azərbaycanın harmonik yüksəlişdə olduğunu görür və etiraf edirlər. Siz isə köhnə müsahibələrinizdə dediklərinizi yenidən bayağı bir şəkildə təkrarlamaq həvəsinə düşmüsünüz...
Günün sözü: Yuxarıda söz açdığım və ondan sonrakı müsahibələriniz, Əkrəm Naibov, artıq sizin milli xəyanətkarlıq yolunda olduğunuzu, mənəvi intihara doğru getdiyinizi göstərirdi. Lakin heç kəs ağlına da gətirməzdi ki, xalqın yazıçısı əks tərəfə keçib düşmən tərəfdən öz keçmişinə, bugününə atəş açar. Tutduğunuz xain yol, nəhayət, sizi bu uçuruma gətirib saldı.
Ermənilərin sifarişi ilə “Daş yuxular” adlı cəfəngiyatı yazanda, millətimizə həqarət və böhtanlar yağdıranda bu torpağın qoynunda bundan sonra hansı üzlə yatacaqsınız? Torpaq müqəddəsdir, Əkrəm Naibov, bu müqəddəsliyə xələl gətirməyə mənəvi haqqınız yox idi.
Fəxrəddin AĞAMİRZƏYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
hüquqşünas-jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.