SUMQAYITDA 25 il əvvəl - fevralın 28-dən 29-na keçən gecə (əvvəli ötən saylarmızda)

 

 

 

 

Tarixə obyektiv baxış

 

Budyonovsk şəhərində Qriqoryandan müsahibə almaq çətin oldu. İlk öncə erməni diasporu onun yanında olmuş və kiminləsə ünsiyyətə girməsini ona qadağan etmişdilər. Onlar təcridxananın rəisini pul ilə ələ almış və Qriqoryana hər cür şərait yaratmışdılar.

Kalonun rəisi onu yola gətirməyə çalışdı (Biz ona hörmət etmişdik. Söz vermişdi ki, Qriqoryanı yola gətirəcək). Həmin vaxt həyat yoldaşı Rita yanında idi. Onu da qeyd edim ki, Rita ayda bir dəfə iki gecə onun yanında qalırdı. Bu şəraiti Qriqoryan üçün yerli erməni diasporu yaratmışdı. Kalonun rəisi Qriqoryanın tərsliyini görüb acıqlı-acıqlı dedi:

-Əgər razı olmasan, Ritanı otağına buraxmayacağam. Razılıq versən, Rita bundan sonra həftədə iki gecə gəlib yanında qala bilər.

Bundan sonra Qriqoryan razılıq verdi. Bizim kim olduğumuzla, haradan gəldiyimizlə maraqlandı. Davud yalan danışmalı oldu. Dedi ki, biz Moskvadan “Ostankino”dan (indiki ORT) gəlmişik. Sovetlər birliyində baş verən konfliktlərlə bağlı sənədli film çəkirik. Tiflisdə, Fərqanədə, Oşda, Vilnüsdə olmuşuq. Azərbaycanda olanda isə sənin adına rast gəldik və qərara gəldik ki, səninlə görüşək.

Qriqoryan çox düşündükdən sonra razılıq verdi. Müsahibə haqqında danışmazdan əvvəl onun kim olduğu haqqında bəzi məlumatlar vermək istərdim:

Eduard Robertoviç Qriqoryan 1959-cu ildə Sumqayıtda anadan olmuşdur. Tüfeyli həyat tərzi keçirirdi. Spirtli içkilərə meyilli olduğundan tez-tez dava salır, oğurluq edirdi. Bu hərəkətlərin üstündə 3 dəfə mühakimə olunmuşdu. 1976-cı, 1981-ci və 1982-ci illərdə.

Sumqayıtda baş verən hadisələrdə cinayətkar kimi həbs olunmuş və mühakimə edilmişdi. Müttəhimlər kürsüsündə əyləşmiş qatı cinayətkar kimi 9 il 2 ay 13 gün müddətində azadlıqdan məhrum olunmuşdu.

Sual oluna bilər: Sumqayıtda baş verən hadisələrə məhz Qriqoryan başçılıq edirdimi? Xeyr! O, bu oyunda yüksək dairələrdə əyləşən erməni millətçilərinin əlində bir alət idi. Qriqoryan ona tapşırılan işin öhdəsindən bacarıqla gəldi. Bir neçə gün ərzində ətrafına dəliqanlı gəncləri toplaya bildi. Onlara pul payladı, narkotik maddələr verdi. Görəsən, heç bir yanda işləməyən, tüfeyli həyat tərzi sürən “Paşa” ləqəbli Qriqoryanda bu qədər pullar və narkotik maddələr hardan idi? Sözsüz ki, onu erməni millətçiləri təmin edirdi. Sumqayıtda mütləq qan tökülməlidir, - deyə onu pulla ələ almışdılar.

Qriqoryana köməklik edən müttəhimlərdən Nəcəfov qeyd edirdi ki, ixtişaşlar vaxtı Qriqoryanın əlində balta var idi. O, Yeseyana məxsus olan “Moskviç” maşınını saxladı, sürücünü döydü, sonra biz maşını çevirdik.

İsayev isə öz izahatında bildirdi ki, Mejlumyanın qapısını sındırıb içəri girdik. Burada da azğınlıqlar başlandı. Qriqoryan onu döydü, soyundurdu və zorladı.

Səfərovun izahatında göstərilir ki, Qriqoryanın rəhbərliyi ilə biz Emmanın mənzilinə daxil olduq. Onun göstərişi ilə qadını soyundurduq. Edik Emmanı zorladı.

İstintaq orqanları Qriqoryanı zərərçəkmişlərlə üzləşdirdilər və qadınlar Qriqoryanın onlara qarşı zor işlətdiklərini söylədilər.

Ermənistanın hüquq-mühafizə orqanları bunun guya təzyiqlər altında aparıldığını iddia etməyə başladılar. SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Qalkin söhbətində qeyd etdi ki, “üzləşmə mənim iştirakımla videolentə çəkildi. Erməniləri sakitləşdirmək və Qriqoryanın cinayətkar olduğunu sübut etmək üçün Qriqoryanı və Mejlumyanı Yerevana apardıq. Orada da üzləşmə aparıldı. Mejlumyan Qriqoryan tərəfindən zorlandığını dedi. Bu üzləşmə də videolentə alındı. Ermənilər Qriqoryanın cinayət törətdiyinin həqiqət olduğunu bildilər. Lakin buna da inanmaq istəmirdilər. Ancaq həqiqət həqiqətdir, onu danmaq olmaz. Erməni şovinistlərinin Qriqoryanı təmizə çıxartmaq cəhdləri puça çıxdı”.

...Çəkilişlərə başladıq. Qriqoryan suallarımızdan qaçırdı. Cinayət törətdiyini etiraf etmək istəmirdi. Zərər çəkmişlərin izahatlarını və şəkillərini ona göstərəndə kinayə ilə gülüb dedi ki, bütün bunlar mənə qarşı uydurmadır. Mən heç Sumqayıt hadisələrində iştirak etməmişəm.

- Bəs üç dəfə mühakimə olunmusunuz, bunu da inkar edirsiniz?

- Bu, kiçik xuliqanlıq idi.

-Sizinlə birlikdə ixtişaşlarda iştirak edən Səfərov, İsayev izahatlarında bildiriblər ki, sizin əlinizdə siyahı vardı. Hansı mənzilə girib dağıtmaq, qarət etmək, zor işlətmək əmrini siz verirdiniz. 3-cü mikrorayonda binanın ikinci mərtəbəsində erməninin yaşadığını söyləyəndə siz qapını sındırmağa qoymayıb, demisiniz ki, burada erməni yaşamır, erməni dördüncü mərtəbədə yaşayır. Hücum edib dördüncü mərtəbədə erməninin qapısını sındırıb, evini qarət etmisiniz. Sonralar məlum oldu ki, ikinci mərtəbədə sizin qoruduğunuz mənzildə də həqiqətən erməni yaşayırmış. Deməli, zərər çəkənlər “Krunk”un üzvü olmayanlar idi, eləmi?

-Bütün bunlar yalandır.

- Bəs siyahı?

-Bu da mənə qarşı uydurmadır.

-İstintaqın verdiyi məlumata görə, hadisələrdən xeyli əvvəl Yerevandan sizin yanınıza emissarlar gəlib, sizi təlimatlandırıblar, pul və narkotik veriblər. Bunlar da yalandır?

- Siz Sumqayıtda baş verənləri mənim boynuma qoymaq istəyirsiniz. Ünvanı səhv salmısınız. Bunu başqa yerdə axtarın.

-Harada Yerevanda?

-Ola bilsin Yerevanda, bəlkə də Moskvada, kim bilir. Bir sözlə, siz məndən konkret söz ala bilməyəcəksiniz. Həm də sizin “Ostankino”dan gəldiyinizə şübhə edirəm. Siz Azərbaycandan gəlmisiniz. Qorxmursunuz? Sizi yəqin ki, bizimkilər izləyirlər. Hamınızı məhv edəcəyik.

Qriqoryanın sifətində bizə qarşı bir nifrət yarandı. O, daha danışmaq istəmirdi. Biz isə, demək olar ki, öz işimizi qurtarmışdıq.

Sonra çəkilişlərimizi Moskvada aparmalı olduq. Ulu öndər Heydər Əliyevdən, (1990- cı ildə o, Moskvada yaşayırdı), SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Qalkindən, Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı, polkovnik Nikitindən, “Moskovskiye novosti” qəzetinin baş redaktoru Loşakdan və başqalarından müsahibələr aldıq.

Heydər Əliyevdən müsahibə almaqda çətinlik çəkdik. Çünki o, KQB-nin nəzarəti altında idi və bizə qəti tapşırıq verilmişdi ki, bir daha buralara gəlməyin, yoxsa sizə qarşı xoşagəlməz tədbirlər görüləcək. Davud inad etdi, bir neçə adamlarla görüşdü. Çoxları ehtiyatlı olmağımızı məsləhət gördülər. Qorbaçov hələ də hakimiyyətdə idi. Ermənistan-Azərbaycan münaqişəsi qızışırdı. “Sizi Moskvadan qova bilərlər”, -deyə Azərbaycanın Moskvadakı nümayəndəliyinin əməkdaşı bizə söylədi. Davud Heydər Əliyevin ev telefonunun nömrəsini öyrəndi, ona zəng vurdu, gəlişimizin məqsədini bildirdi. Bir neçə sual-cavabdan sonra razılıq verdi.

Ertəsi gün biz Moskvada Heydər Əliyevlə görüşdük: Siz Azərbaycandan ilk jurnalistsiniz ki, məndən müsahibə almağa gəlmisiniz. Qorxmursunuz ki, mənə görə sizi incidərlər?-dedi.

Davud gülümsəyərək dedi:- Heydər müəllim, biz Sizin Azərbaycanda və ölkədə olan nüfunuza arxayınıq, məhz buna görə də yanınıza gəlməyi qərara aldıq.

Heydər Əliyev Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsində Qorbaçovun və ona yaxın olan ermənilərin, xaricdə yaşayan erməni lobbisinin rolu olduğunu söylədi. Əlavə etdi ki, lakin heç bir vəchlə torpağı ermənilərə vermək olmaz. Azərbaycan xalqı müdrik, qətiyyətli və iradəli xalqdır və bu avantürist siyasətə yol verilməməlidir.

Doğrudan da, bu avantürist bir siyasət idi. Onun da başında Mixail Qorbaçov dururdu. Dəstək verən isə Moskvada və xaricdə yaşayan erməni lobbisi idi. Lentə aldığımız materiallardan belə nəticəyə gəldik ki, Sumqayıtda baş verən hadisələr bir qrup xuliqanın işi deyildir. Ssenari çox-çox qabaqcadan tutulmuş və icra etmək üçün kəşfiyyat orqanlarına tapşırılmışdı. Erməni millətçilərini də qızışdırıb iki xalq arasında olan münasibəti gərginləşdirməyə sövq etməyə nail olmuşlar.

Moskvada ermənipərəst kütləvi informasiya vasitələri Azərbaycanda ixtişaşlar zamanı törədilən cinayətləri ört-basdır etməkdə Azərbaycanı, onun hüquq-mühafizə orqanlarını ittiham etməyə başladılar. Q.Staravoytova, Nuykin, İgityan, Balayan, Q.Borovik, S.Kaputikyan mətbuatda və telekanallarda çıxış edərək Sumqayıtda ermənilərə qarşı “genosid” baş verdiyini söyləyirdilər. İstintaq materialların Azərbaycandan alınıb Moskvaya verilməsini tələb edirdilər. Sözlərindən belə məlum olurdu ki, Sumqayıtda məhkəmə prosesi obyektiv aparılmayacaq. Nəticədə istədiklərinə nail oldular. Əhmədovun, İsmayılovun, Cəfərovun məhkəmə prosesi Moskvada aparıldı. Zala toplaşan azğınlaşmış ermənilər bir ağızdan qışqırırdılar ki, müttəhimlərin hər üçünə ölüm hökmü kəsilməlidir. Milis orqanları onları sakitləşdirib zaldan çıxartmağa məcbur oldu.

Sumqayıtda hadisələr fevralın axırlarında baş vermişdir. İki-üç aydan sonra tələsik şəkildə məhkəmə prosesinin keçirilməsi kimə lazım idi? Moskvanın bu işdə marağı vardı. Onlar dünya ictimaiyyətinə cinayətkarlara qarşı sərt ittihamların verildiyini bildirmək istəyirdilər, əslində isə bu proseslərin pərdə arxasında Sumqayıtda baş verən hadisələrin sifarişçilərini gizlətmək niyyətində idilər. Düzdür, onların bu niyyəti sonralar bütün çılpaqlığı ilə üzə çıxdı. Əhməd Əhmədova ölüm hökmü kəsildi. Tale İsmayılova 15 il verildi. Burada Tale İsmayılovun vəkili Aleksandr İvannikovun bizə söylədiklərini oxuculara çatdırmaq maraqlı olardı:

-Mən Taleyin işi ilə ciddi maraqlandım. Düzdür, ixtişaşlarda iştirak etmişdir. Qriqoryanın başçılığı ilə bir neçə mənzilə girmiş və qarətlə məşğul olmuşdur. Küçələrdə yerləşən bir neçə qəzet köşkünü vurub sındırmışdır. O, ixtişaş zamanı heç kimi qətlə yetirməmişdir. Elədiklərini də etiraf etmiş və peşman olduğunu söyləmişdir. İstintaq birtərəfli aparılmışdı. Cinayət işini Moskvadan gələn müstəntiqlər aparmışlar. Mənim onlarla da söhbətim olmuşdur. “Axı tam sübut olunmamış işi Moskvaya məhkəməyə göndərmək olmaz. Tale İsmayılovun işində qaranlıq məsələlər çoxdur. Onları araşdırmaq və aydınlıq gətirmək lazımdır”, -dedim. Mənə cavabları bu oldu ki, “bu, bizdən asılı deyil. Moskva bizi tələsdirir”.

Moskvada məhkəmə prosesi bir neçə gün davam etdi. Məhkəmə Tale İsmayılova ölüm hökmü kəsdi. Mən etiraz etdim. Çıxışımda bildirdim ki, materiallar yenidən baxılmaq üçün istintaqa qaytarılmalıdır. Yoxsa mən xarici jurnalistlər qarşısında mətbuat konfransı keçirib məhkəmənin qeyri-obyektiv aparıldığını bəyan edəcəyəm. Məhkəmə təxirə salındı. Əhməd Əhmədova ölüm hökmü, Tale İsmayılova isə 15 il iş kəsdilər. Buradan sual doğur: Necə olur ki, 5 ermənini qətlə yetirmiş, bir neçə erməni qızını zorlamış erməni Qriqoryana 9 il həbs cəzası verilir. Cinayətləri tam sübut olunmayan azərbaycanlı gənclərə isə ağır ittihamlar oxunulur? Deməli, bu sifarişli bir məhkəmə prosesi idi. Bir fakta diqqət yetirsək görərik ki, bu, həqiqətən belədir.

SSRİ Ali Məhkəməsinin sədri V.Terebilovun 1988-ci ilin axırlarında “Novoe vremya” jurnalında müsahibəsi çap olundu. Terebilov məhkəmə proseslərinə yuxarıdan, xüsusilə Kommunist Partiyası Mərkəzi Komitəsi aparatından təzyiqlər olmasından şikayətlənirdi və tələb edirdi ki, məhkəmə müstəqil olmalıdır. Sonra Terebilov qeyd edir ki, hazırda SSRİ Ali Məhkəməsində Əhmədovun, Cəfərovun, İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi gedir. Məhz yuxarıların təzyiqi nəticəsində məhkəmə heyəti obyektivliyini, humanizmini bir tərəfə qoyub, Əhmədovun timsalında nəyin bahasına olursa-olsun “təşkilatçı” obrazını yaratmaq niyyətinə düşdü. Prosesdə iştirak edən düşüncəli adamlar əmin idilər ki, bu cür cinayət işləri yenidən yoxlanılmaq üçün istintaqa qaytarılmalıdır. Bu barədə məhkəmə prosesinin yekununu şərh edən “Moskovskiye novosti” qəzeti yazırdı: “Vəkillər belə hesab edirlər ki, işin istintaqı tam aparılmayıb. Cinayətlərin təşkilatçıları üzə çıxarılmayıb, hadisələrin baş verməsinin səbəbləri və şəraiti aşkar edilməyib”.

(ardı var)

Eyruz MƏMMƏDOV,
əməkdar jurnalist

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında