Azərbaycan sürətli inkişaf mərhələsini yaşayır və dünyanın qüdrətli dövlətləri sırasına qoşulmaqdadır. Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaşlarımızın rifahı, milli maraqlarımızın təmin olunması və müstəqil dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsi amilləri dayanır. Əldə olunan uğurları şərtləndirən əsas amillər düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasındakı birlik, güclü hakimiyyət və davamlı sabitlikdir. Xalq Prezidentə inanır və güvənir. Çünki atrıq hamıya bəllidir ki, bu nailiyyətlərin qazanılmasında ölkə başçısının həyata keçirdiyi siyasi strategiya əsas rol oynayır.
Ölkəmizin inkişafı, siyasi və iqtisadi sahədə qazaılan uğurlar beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Bu inkişafı gözü götürməyən mənfur qüvvələr ən çirkin vasitələrdən istifadə edərək ölkə daxilində qarşıdurma yaratmağa çalışır, bununla da prezident seçkiləri ərəfəsində beynəlxalq təşkilatların diqqətini respublikamıza cəlb etmək istəyirlər. Son vaxtlar bir qrup öyrədilmiş gəncin qeyri - qanuni aksiyalar keçirmək cəhdi, bəzi partiya sədrlərinin “seçicilərlə görüş” adı ilə şou göstərməsi və digər belə hallar təbii ki, xarici düşmənlərimizin çirkli pulları hesabına təşkil olunur. Təəssüf ki, hakimiyyəti ələ keçirmək istəyən bəzi antimilli ünsürlər ölkəmizin inkişafını gözü götürməyən xarici düşmənlərimizin əlində alətə çevriliblər. Belə üzüdönüklər tez - tez onlarla görüşür, təlimatlar alır və seçkiöncəsi müxtəlif təxribatlar törətməyə cəhd edirlər. Hazırda xarici ölkələrdə Azərbaycan əleyhinə donosbazlıq edən, siyasətin nə olduğunu hələ də əməlli - başlı dərk etməyən Rüstəm İbrahimbəyov, bu yaxınlarda Tbilisidə erməni lobbisinin nümayəndəsi ilə görüşən, onların dağıdıcı tapşırıqlarından bəhrələnən reneqat, satqın Eldar Namazov, ölkədə çaşqınlıq və qarşıdurma yaratmaq üçün dəridən - qabıqdan çıxan İctimai Palatanın təsisçiləri AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər, habelə onların ətrafında olan milli zərərvericilər ölkəmizin inkişafına, beynəlxalq aləmdə reytinqinin artmasına kölgə salmağa çalışırlar. Onlar “zavallı ermənilər”in müdafiəsinə qalxmış Əkrəm Naibovun “Daş yuxular” romanına xalqın etirazını yazıçıya hücum, guya Azərbaycanda insanların hüquqlarının pozulması kimi qələmə verir, bunun hakimiyyət tərəfindən təşkil olunması barədə rəy formalaşdırmağa çalışırlar.
Yeri gəlmişkən qeyd edək ki, Əkrəm Naibovun xalqımızı alçaldan, azərbaycanlıların heysiyyatına toxunan, erməniləri isə soyqırımına məruz qalan millət kimi təqdim edən “Daş yuxular” romanının bir neçə il əvvəl çap olunmasından Rüstəm İbrahimbəyov, reneqat Eldar Namazov və dəstəsinin, həmçinin “İctimai Palata” adlı qeyri - formal qurumun üzvləri xəbərdar olublar. Hətta bu təxribatçı romanı bir neçə il əvvəl oxuyublarmış. Rüstəm İbrahimbəyov müsahibələrinin birində ona ünvanlanmış “Ziyalılar Forumunun ”Daş yuxular" romanı haqda əvvəldən xəbəri vardımı? Siz əsəri çapdan əvvəl oxumuşdunuzmu" sualına cavab verərkən deyib: “Konkret cavab verirəm, bu kitab Bakıda nəşr olunub. Bir il bundan əvvəl Əkrəm Əylislinin kitabı 50 nüsxə olmaqla Bakıda çap edilmişdi, çox adam bunu oxuyub. Mən də oxumuşdum. Bunu Əkrəm Əylislinin özündən də soruşmaq olar. Əkrəm Əylislinin ”Möhtəşəm tıxac" adlı kitabının Bakıda çap olunduğu məlumdur. Kitabda üç əsər var: “Yəmən”, “Daş yuxular” və “Möhtəşəm tıxac”. Bir ildən artıq idi ki, bu kitab Bakıda əldən-ələ gəzirdi. Heç kəsin bu əsər haqqında bilməməsi barədə deyilənlər yalandır". Təbii ki, Rüstəm İbrahimbəyov bu açıqlamanı verərkən “Daş yuxular”ı bir əvvəl oxuduqlarını bu gün inkar edən reneqat Eldar Namazovu, onun dəstəsini və İctimai Palatanın üzvlərini nəzərdə tutur.
Azərbaycanda seçkiöncəsi aranı qarışdırmaqla məşğul olan, erməni lobbisinin tapşırıqlarını yerinə yetrirən R.İbrahimbəyov payızda keçiriləcək prezident seçkisində xalqı güc göstərməyə çağırıb. Guya bundan sonra seçkinin xalqın, demokratiyanın xeyrinə olacağını deyib. Görünür xarici düşmənlərimizin verdikləri çirkli pullar R.İbrahimbəyovun ağlını necə çaşdırıbsa, güc tətbiq edilməsinin demokratiyaya fayda verəcəyini düşünüb. Hətta riyakar Eldar Namazovun dəstəsinin də bunun üçün əllərindən gələni edəcəyini və sona qədər gedəcəklərini bildirib. Guya onların əsas məqsədlərinin Azərbaycanda seçkiqabağı vəziyyəti yaxşılaşdırmaq, seçkinin azad və ədalətli keçirilməsinə şərait yaratmaqdır. Əslində isə onların əsas məqsədləri ölkədə keçirilən demokratik, azad və ədalətli seçkiyə mane olmaq, özünün dediyi kimi hakimiyyəti güc vasitəsi ilə ələ keçirməkdir. Bu çirkin işə Qarabağ döyüşçülərini, məcburi köçkünləri və qaçqınları da cəlb etmək istəyir. Bəhanəsi də budur ki, guya onlara hökumət tərəfdən lazımi qayğı göstərilmir. Bu fikirləri səsləndirən R.İbrahimbəyovun ağlını itirdiyinə heç bir şübhə yoxdur. Çünki qaçqın və məcburi köçkünlərə, eləcə də müharibə veteranlarına, əlillərə və şəhid ailələrinə gösrətilən diqqət və qayğı göz qabağındadır. Onların üzləşdikləri problemlərin aradan qaldırılması və həyat səviyyəsinin yaxşılaşdırılması dövlətmizin qarşıya qoyduğu prioritet vəzifələrdəndir.
Xarici ölkələrdə Azərbaycanın əleyhinə donosbazlıq edən, reneqat və siyasi riyakar kimi tanınan Eldar Namazovun dəstəsinin üzvlərindən biri Rüstəm İbrahimbəyov absurd və qərəzli iddialarla çıxış etmək əvəzinə, yaxşı olardı ki, öz yaramaz əməllərindən, Azərbaycan Kinematoqrafçılar İttifaqına məxsus mülkü talan etməsindən, bu təşkilata məxsus vəsaitləri mənimsəməsindən, qeyri - etik həyat tərzindən, ermənilərlə əməkdaşlığından, düşmənlərimizə təəssübkeşliyindən danışsın. Onun ölkəmizə böhtan və qarayaxmaları göstərir ki, o, bütün məsələlərə şəxsi maraqları prizmasından baxır. Populist çıxışları ilə erməni lobbisinə xoş görünmək və milli xəyanət yolunu seçməklə daha çox qazanmaq istəyən R.İbrahimbəyov kimiləri ziyalı adına ləkədir.
Bir vaxtlar hakimiyyətdə yüksək vəzifədə olarkən satqınçılığına və rəhbərliyə xəyanətinə görə tutduğu vəzifədən uzaqlaşdırılan buqələmun Eldar Namazov da öz dəstəsinin üzvü olan R.İbrahimbəyov kimi antiazərbaycan qüvvələrin əlində alətə çevrilib. Eldar Namazov uzun müddət məmur olub, Prezident Administrasiyasında çalışıb. O, ermənilərin xoşuna gəlmək üçün Prezident Administrasiyası, yaxud digər dövlət qurumlarının cəmiyyətin idarəçiliyi istiqamətində keçirdiyi tədbirləri görməməzliyə vurur. Bu üzüdönük seçkiöncəsi özünə siyasi imic qazanmaq üçün o vaxt işdən qovulmasını ört - basdır edir, guya 1999-cu ildə İstanbul sammitində supergüclər tərəfindən Qarabağın Azərbaycandan alınması cəhdlərinə etiraz olaraq prezident katibliyinin rəisi, Prezidentin köməkçisi vəzifələrindən istefa verdiyi barədə yalan məlumat yayıb. Əgər o vaxt doğrudan da, belə bir hadisə baş vemişdisə, etirazı bildirməyin daha sərfəli yolları var idi. Yoxsa, vəzifədən istefa vermək nəyi dəyişirdi? Bir də ki, həmin dövrdə Prezidentin papka daşıyanının istefa verməsi ilə supergüclərə təsir etmək mümküm idimi? Bu da reneqat Eldar Namazovun dayaz düşüncə sahibi olmasından xəbər verir.Onun bu yalanları da bir nəticə vermədi. Çünki bu gün istər müxalifət, istərsə də bitərəflər arasında Eldar Namazovu qəbul edən yoxdur. R.İbrahimbəyov erməni lobbisindən aldığı çirkli pullar hesabına nə qədər cəhd göstərsə də, Eldar Namazovu ortalığa çıxara bilmir. Daha dəqiq desək, onu adam edə bilmir. Onların yaratmaq istədikləri “El” adlı hərəkat da hələ yaranmamışdan müxalifət tərəfindən ciddi tənqid atəşinə tutulub. Çünki məram və məqsədi xalqımızın, ölkəmizin, demokratiyanın, milli dövlətçiliyimizin əleyhinədir. Politoloq Qabil Hüseynlinin dedikləri də bunu təsdiqləyir. O deyib: ““El” hərəkatı nə qədər təbliğ edilsə də, bu, cəmiyyətdə özünə mövqe qazana biləcək bir ideya deyil, ona qoşulacaq fəal siyasi elektorat yoxdur. Onlar siyasi partiya və hərəkat yaratmaqda təcrübəsizdirlər, bu işin nə qədər mürəkkəb olduğunu dərk etmirlər. Prosesə qoşulandan sonra görəcəklər ki, belə bir iş böyük vəsait, enerji, xalqla işləmək məharəti tələb edir. Kənar təsirlərə məruz qalmış bu ideya ətrafında yaradılan gurultulu təbliğat kampaniyası təcrübədə özünü doğrultmayacaq”.
Ölkəmizin və milli dövlətçiliyimizin əleyhinə, yalnız kimlərinsə şəxsi maraqlarının təmin olunması məqsədi ilə yaradılmış bütün təşkilatlar iflasa uğrayacaq, onların təşkilatçıları isə xalq tərəfindən nifrətlə qarşılanacaq. Belələri birdəfəlik yadda saxlamalıdırlar ki, Prezidentlə xalqın monolit birliyini heç bir qüvvə sarsıda bilməz. Əslində bunu adını çəkdiyimiz adamlar da yaxşı bilirlər. Amma neyləsinlər, pulları həmin cəfəngiyatdan çıxır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.