Reneqat Eldar Namazovun məkrli planları müxalifəti uçuruma sürükləyir
Radikal müxalifət düşərgəsi dərin böhran keçirir. Ölkəmizdə hakimiyyət uğrunda mübarizə aparan bəzi radikal siyasi partiyaların və onların liderlərinin müəyyən məsələlərlə bağlı sərgilədiyi mövqe və ümumiyyətlə dağıdıcı düşərgə daxilində gedən proseslər məhz bu qənaətə gəlməyə əsas verir. Vaxtilə hakimiyyətdə, təmsil olunmuş, sonra isə ya istefa vermiş, ya da vəzifədən uzaqlaşdırılmış şəxslərin, o cümlədən siyasi riyakar reneqat Eldar Namazovun və dəstəsinin müxalifət düşərgəsi, eləcə də antimilli, antiazərbaycan dairələrlə sıx əməkdaşlığı cəmiyyətdə hər zaman hiddətlə qarşılanmışdır.
Prezident seçkiləri yaxınlaşdıqca buqələmun Eldar Namazovun iç üzü daha aydın görünməyə başlayır. Radikal müxalifət düşərgəsinin vahid namizədliyinə iddialı olan reneqatın hərəkətlərində düşmən dairələrin dəst-xəttini görmək heç də çətin deyil. Reneqat üzdə radikal düşərgə ilə birlikdə olduğunu desə də, arxadan onların ayağının altını qazır. Eldar Namazov istər hakimiyyət komandasında olarkən, istərsə də müxalifət düşərgəsinə pənah gətirəndən sonra hərəkətlərindəki çox ciddi nöqsanlarla ictimaiyyətin diqqətini cəlb etmişdir. Bu mənada, şəxsi keyfiyyətlərindəki çoxsaylı çatışmazlıqlarına rəğmən, özünü radikal müxalifət düşərgəsinin digər liderlərindən üstün tutaraq prezident seçkilərində vahid namizəd olmağa çalışması heç də başadüşülən deyil.
Xatırlayırsınızsa, 2003-cü il prezident seçkiləri ərəfəsində reneqat Eldar Namazov nüfuzlu bir beynəlxalq təşkilatın nümayəndələri ilə görüşündə radikal müxalifət düşərgəsini “keçmişin qalıqları” adlandıraraq, vaxtilə cəmiyyəti uçuruma yuvarlamış həmin qüvvələrin yenidən hakimiyyətə qayıdışına xalqın razı olmayacağını bildirmişdi. O, özünə işarə edərək yeni qüvvələrin siyasi meydana gəlməsinin zəruriliyi barədə uzun-uzadı danışmış və təbii olaraq ən şanslı namizəd kimi öz personasını qabartmışdı. Bax, onun müxalifətdəki həmkarlarına münasibəti budur. Buradan da görünür ki, reneqat bu gün dağıdıcı düşərgənin rəhbərləri ilə ona görə isti münasibətlər qurmağa çalışır ki, qarşıdan gələn prezident seçkilərində vahid namizəd olmaq üçün özünə yol açsın. Lakin reneqat müxaliflərin, necə deyərlər, bu yolları çoxdan keçdiyini unudub. Ona görə də hansı yola baş vursa da, nə oyundan çıxsa da, xeyri yoxdur.
Reneqat Eldar Namazovdan daha fərasətli tərpənənlərdən biri Müsavat Partiyasının başqanı İsa Qəmbərdir. O, hələ keçən il seçkilərə bir ildən çox vaxt qaldığı halda həm Eldar Namazovdan, həm də AXCP sədri Əli Kərimlidən cəld davranaraq prezidentliyə namizəd olacağını açıqladı. Bununla da radikal düşərgədəki həmkarlarına çox vurnuxmamağı, ən layiqli namizədin özünün olduğu mesajını vermiş oldu. Başqanın vahid namizəd məsələsinə münasibəti də ciddi məqamlardan xəbər verir. İsa Qəmbər belə hesab edir ki, qarşıdan gələn prezident seçkiləri digərlərindən “fərqlənəcək” və müxalifət buna hazır olmalıdır. Onun fikrincə, radikal düşərgə bu gün daha çox “əsas namizəd” məsələsini gündəmə gətirməlidir. Sonra da eyham vurub ki, lazım gələrsə, mən namizədliyimi əsas namizədin xeyrinə geri götürə bilərəm. Bununla demək istəyib ki, digər müxalifət liderləri də hər şeyə hazır olmalı, onun kimi fədakarlıq etməyə və məqamı gəldikdə İsa Qəmbərin xeyrinə namizədliklərini geri götürməlidirlər. Yəni belə çıxır ki, başqan özünün “əsas namizədliyi” məsələsində israrlı olacaq.
Bunun üçün indidən tədbirlər görür, bəzi məsələlərdə təşəbbüskar rolunda çıxış edir, regionlara səfərlər təşkil edərək, “əsas namizəd” kimi “ictimaiyyət” arasında olmağa çalışır. Ancaq bəzən bu təşəbbüslər əks effekt verir. Məsələn, ötənlərdə başqanın Lənkərana səfəri biabırçılıqla nəticələndi. Deyilənə görə, İsa Qəmbərin Əli Kərimliyə “alternativ” olmasından hiddətlənən bəzi AXCP üzvləri başqanın maşın “kortejinə” “yumutalı, pomidorlu” hücum təşkil ediblər. Lənkəranda 20 müsavatçı ilə görüşmək üçün Bakıdan özü ilə 150 nəfər yığıb aparan İsa Qəmbərə də elə bu lazım idi. Çünki onun məqsədi görüş keçirmək yox, şou yaratmaq, bundan özünün siyasi məqsədləri üçün istifadə etmək idi. Təsadüfi deyil ki, 35 avtomobil, özü də karvan şəklində Bakıdan Cəlilabada qədər yol hərəkəti qaydalarını poza-poza bütün yol boyu şou göstərib. Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun dediyi kimi, heç Barak Obama da seçkiqabağı kampaniyasında İsa Qəmbər kimi hərəkətlər etməyib. Obama öz kampaniyalarına ən uzağı 6-8 adamla gedirdi. İsa Qəmbər isə 150 nəfərlik dəstə yığıb Lənkərana “hücum çəkib”. Başqan Cəlilabaddan geri qayıtsa da, radikal düşərgədəki liderlərə də mesaj verdi. Mesaj isə bu idi ki, hakimiyyət sizdən deyil, məndən ehtiyat edir. Belə olmasaydı, maşın karvanıma “hücum təşkil” edilməzdi. Təbii ki, “Yeni Müsavat”da bu qəbildən olan açıqlamaları oxuyan AXCP üzvləri bunları ironiya ilə qarşılayırdı.
AXCP sədri Əli Kərimli də “üzdə” olmaq üçün addımlar atır. Məhz onun təşəbbüsü ilə müxtəlif bəhanələrlə qanunsuz aksiyaların keçirilməsi təklifi tez-tez səslənir, hətta milli - mənəvi dəyərlərimizə, adət - ənənələrimizə zidd olan hərəkətlərə yol verilməsi barədə tərəfdarlarına tapşırıqlar verdiyi haqda məlumatlar yayılır. Son olaraq Saatlı rayonun Musalı kəndinin qəbiristanlığının dağıdılması bunun ən bariz nümunəsidir. Məlum olduğu kimi, qəbiristanlığı dağıdan gənclər artıq həbs olunub. Həmin gənclər spirtli içki qəbul etməyə meyillidirlər. Ancaq kənd sakinlərinin sözlərinə görə, onların gedib kənd qəbiristanlığını dağıtmalarını heç kim təsəvvür etməzdi. Özləri də etiraf ediblər ki, spirtli içki qəbul etdikdən sonra AXCP üzvləri bundan istifadə edərək onları pulla ələ almiş və bu iyrənc hadisəni törətməyə vadar etmişlər. Məqsədləri də rayonda qarşıdurma yaratmaq, kənd sakinlərini hakimiyyətə qarşı qaldırmaq olmuşdur. Ancaq məkrli niyyətlərinə çata bilmədilər. Çünki bu da bir nəticə vermədi. Təbii ki, hakimiyyətə gəlmək üçün milli - mənəvi dəyərlərimizə, adət - ənənələrimizə hörmətsizlik edənləri, xalqımızın adına ləkə vurmaq istəyənləri heç kim bağışlamaz. Cavan uşaqları aldadaraq milliliyimizə zərbə vurmaq istəyənlərə müxalifət adı da yaraşmır. Onlar xalqın düşmənləridir. Bu yolla hakimiyyətlə insanlar arasında süni narazılıq yaratmaq və bundan istifadə edərək siyasi imic qazanmaq isə həqiqətən də nankorluqdur. Bu hərəkətlər müxalifətin ermənilərlə işbirliyini xatırlatmırmı?
Göründüyü kimi, radikal müxalifət düşərgəsinin liderləri üçün ictimai-siyasi həyatda bir prinsip var: nəyin bahasına olursa-olsun hakimiyyəti ələ keçirmək. Bu yolla ölkəmizi ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək — bütün bunlar radikal düşərgədə məqbul sayılır. Azərbaycan xalqı bir daha açıq-aydın görür ki, kim kimdir. Dağıdıcılar üçün inkişaf edən Azərbaycanı, dövlətçiliyə sədaqətli olan xalqı görmək ağır dərdə, faciəyə bərabərdir. Bir yenilik görəndə üzülürlər, bir inkişaf görəndə yasa batırlar. Bunların hərəkətləri uzun illər ərzində çox ağır bir psixoloji durumda olan insanları xatırladır. Bu gün Azərbaycanda hakimiyyətə iddialı olan reneqat Eldar Namazov, İsa Qəmbər, Əli Kərimli heç bir halda ölkəmiz üçün faydalı olacaq addım atmırlar. Son dövrlərdə baş verən proseslər isə bir daha onu göstərir ki, bu partiyalar sadəcə beynəlxalq aləmdə fəaliyyət göstərən antimilli, antiazərbaycan mərkəzlərin yerlərdəki təzyiq qrupları funksiyasını yerinə yetirirlər. 2013-cü il prezident seçkiləri ərəfəsində onların fəallaşması və milli-mənəvi dəyərlərimizə zidd addımlar atması da bir daha bunu sübut edir.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.