Bosniya və Herseqovina Xalqlar Palatasının qətnaməsi yeni faciələr barədə xəbərdarlıqdır

 

 

Bizim üçün isə səsimizin eşidilməsinə nail ola bilməyimizdir

Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatası (Yuxarı Palatası) tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması və onlara hörmət edilməsi haqda qətnamə qəbul edilməsi son günlərin ən mühüm hadisələrindən biridir. Prinsip etibarilə, bu sənədin qəbul edilməsi əsla təəccüblü deyildir. Dost ölkənin parlamenti haqqa-ədalətə üstünlük verərək beynəlxalq hüquq normalarına sadiq olduğunu təsdiqləyir. Həmin normaların təməl daşlarından biri isə dövlətlərin ərazi bütövlüyünün qorunub saxlanmasıdır.

Bu da tamamilə təbiidir ki, Bosniya və Herseqovinanın-Srebrenitsada heç bir günahı olmayan səkkiz minə yaxın insanın həyatı bahasına başa gəlmiş soyqırımı dəhşətlərini görmüş ölkənin qanunvericiləri bu qətnaməni qəbul etməklə Xocalıda dinc əhalinin milli və etnik əlamətə görə kütləvi şəkildə qətlə yetirilməsini pisləyirlər.

Srebrenitsa bosniyalılar üçün olduğu kimi, Xocalı da azərbaycanlılar üçün dərin və sağalmaz yaradır. Bosniya və Herseqovinada bunu çox gözəl başa düşürlər. Şübhəsiz, burada onu da başa düşürlər ki, əgər 1992-ci ildə dünya birliyi Xocalıda mülki əhalinin qırılmasını vaxtında və birmənalı şəkildə pisləmiş olsaydı, Azərbaycanın bu şəhərində törədilmiş dəhşətli cinayəti ört-basdır etmək və hər şeyə qadir olan erməni lobbisini incitməmək (Allah eləməsin!) üçün riyakarlıqla bəhanələr axtarmasaydı, onda üç ildən sonra - 1995-ci ildə Srebrenitsada da kütləvi qırğın olmazdı. Bu baxımdan, həmin qətnaməni dünyanın heç bir yerində bir daha buna oxşar faciələrin təkrarlanmamasına yönəlmiş siyasi sənəd də hesab etmək olar.

Yaxşı olardı ki, böyük dövlətlər də cinayətkarlarla onların qurbanlarına eyni nəzərlə baxmaq, konkret qoyulmuş suallara əzbərlənmiş standart frazalarla cavab verib can qurtarmağa çalışmaq əvəzinə, bu həqiqəti başa düşsünlər. Təbii ki, bu fonda Bosniya və Herseqovina parlamentinin Yuxarı Palatası tərəfindən qəbul edilmiş qətnamə xüsusi əhəmiyyət kəsb edir. Bu sənəd ölkənin özündə heç də sadə olmayan siyasi vəziyyətə, kənardan yarana biləcək əngəllərə və təzyiqə rəğmən qəbul edildiyinə görə onun dəyəri daha da artır.

Bütövlükdə bu qətnamənin meydana gəlməsi Xocalı faciəsinin soyqırımı aktı kimi beynəlxalq aləmdə tanınması ilə əlaqədar müəyyən meyllərdən xəbər verir. Bosniya və Herseqovinadan əvvəl oxşar sənədlər Pakistan, Meksika, Kolumbiya, Çexiya və Rumıniya parlamentləri, habelə ABŞ-ın yeddi ştatı tərəfindən qəbul edilmişdir. Güman etmək olar ki, Xocalı soyqırımının dünyada tanınması və pislənməsi istiqamətində başlanmış dalğa davam edəcək, getdikcə daha çox ölkəni əhatə edəcək, başqa dövlətlər də Bosniya və Herseqovinadan nümunə götürəcəklər. Təbii ki, bu hadisənin siyasi motivləri onunla bağlıdır ki, dövlətlər XXI əsrdə – yüksək texnologiyalar dövründə ibtidai insanlara xas olan vəhşilik təzahürlərini istisna edən ədalətli dünya nizamı, zəmanətli təhlükəsizlik sistemi bərqərar olmasını istəyirlər. Lakin unutmaq olmaz ki, bütün bunların arxasında həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın titanik səyləri, genişmiqyaslı işlər dayanır.

Hələ bir neçə il bundan əvvəl Xocalı hadisələri haqqında dünyada məlumatı olanlar az idi, bizim səsimizi eşitmirdilər (və ya eşitmək istəmirdilər). Lakin ölkəmizin Dağlıq Qarabağ regionunda yerləşən, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə ermənilər tərəfindən bircə gecədə yerlə yeksan edilmiş kiçik Xocalı şəhərində baş vermiş faciə haqqında bütün həqiqətin dünya ictimaiyyətinə çatdırılması üçün dövlətin və qeyri-hökumət sektorunun xeyli resursları səfərbər edilmiş, törədilmiş cinayətləri ifşa edən yüzlərlə kitab, kitabça və fotoalbom nəşr edilmiş, baş vermiş faciə haqqında filmlər çəkilmişdir. Bütün bu materiallar dünyada yayılmışdır ki, insanlar Ermənistanın Azərbaycana qarşı təcavüzünün acı nəticələrini, ölkəmizə qarşı başlanmış müharibənin minlərlə günahsız qurbanları, o cümlədən Xocalı şəhidləri haqqında həqiqəti bilsinlər.

Heydər Əliyev Fondu da bu istiqamətdə çox böyük iş aparır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində xarici ölkələrdə keçirilmiş çoxsaylı aksiyalar da Xocalı soyqırımının tanınmasına kömək edir. Keçən il fevralın 26-da, Xocalı  qırğınının 20 illiyi qeyd edilən gün Bakıda ümumxalq anım yürüşü, Prezident İlham Əliyevin həmin yürüşün ön sıralarında getməsi də dünya ictimaiyyətinin diqqətini bu faciəyə cəlb etmişdir.

Bir sıra ölkələrin parlamentləri tərəfindən Xocalıya dair qətnamələr qəbul edilməsi həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun durmadan artmasının, haqlı olaraq regional lider kimi qəbul edilən ölkəmizin güclənməsinin nəticəsidir. Bu, həm də dövlət başçısı tərəfindən həyata keçirilən ölçülüb-biçilmiş, dünyada Azərbaycanın maraqlarını təmin edən xarici siyasət kursunun nəticəsidir. Ölkə rəhbərliyi xarici siyasətin yeni vektorlarını dəqiq müəyyən etməklə buna nail olur ki, getdikcə daha çox dövlət Azərbaycanla dostluq və tərəfdaşlıq münasibətləri qurmağa çalışır. Belə dövlətlər arasında Balkan ölkələri, Mərkəzi və Cənubi Amerika, Asiya dövlətləri vardır.

Bir məqamı da qeyd etməyə dəyər ki, Xocalı soyqırımının tanınmasına yönəlmiş iş fasiləsiz, praktiki olaraq daim aparılır. Təbii ki, faciənin növbəti ildönümü ərəfəsində bu iş daha da fəallaşır. Bu il də belə oldu. Dünyanın bir sıra ölkələrində etiraz aksiyaları, anma tədbirləri, Ağ Evin saytında yerləşdirilmiş petisiya üçün imza toplanması... Əlbəttə, Xocalı soyqırımının tanınması haqqında petisiyanı 120 mindən çox insanın imzaladığına baxmayaraq, ABŞ Administrasiyasının bu sənədə qeyri-müəyyən cavabı bizi məyus etdi. Fransa Milli Assambleyasında həmvətənlərimizə qarşı zorakılıq bizim hamımızı narahat edir. Lakin məsələnin başqa tərəfi də var: biz ölkənin maraqlarından söhbət gedəndə birləşməyi öyrənmişik. Biz öz sözümüzü dünyaya çatdırmağı öyrənmişik. Biz eşidilməyə nail ola bilirik. Bu isə millətin yetkinliyindən xəbər verir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında