Radikal müxalifətin növbəti vandalizm aktı

 

Sərdar Cəlaloğlu: Azərbaycan müxalifəti deqradasiyaya uğramışdır

Bu il keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca  destruktiv qüvvələr ölkədə çaşqınlıq yaratmaq və  Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan reytinqinə xələl gətirmək üçün müxtəlif antidemokratik vasitələrə əl atırlar. Son vaxtlar radikal müxalifətin müxtəlif bəhanələrlə qanunsuz aksiyalara cəhd etməsi milli - mənəvi dəyərlərimizə, adət - ənənələrimizə  zidd olan hərəkətlərə yol verməsi də dağıdıcı qüvvələr tərəfindən təşkil olunmuş ssenarinin tərkib hissəsidir. Belə antimilli ünsürlər ölkəmizin dünya birliyindəki mövqelərinin getdikcə möhkəmlənməsindən təşvişə düşür, həyata keçirilən daxili və xarici siyasətin uğurlarından sevinmək əvəzinə qışqanclıq hissi keçirirlər.

Azərbaycanın BMT kimi nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına qeyri -  daimi üzv seçilməsi və bu seçkilərdə dünyanın 155 ölkəsinin dəstəyini alması  hər birimizdə qürur hissi yaratdı. Bu günlərdə Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarıldı.  Bunlar xalqımızın yaddaşında əbədi qalacaq  tarixi hadisələrdir. Cəmi 21 illik müstəqillik tarixi olan bir ölkə üçün  ilk telekommunikasiya peykinin  orbitə çıxarılması çox böyük nailiyyətdir. Eyni zamanda,  müstəqil  dövlətimizin parlaq qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. Qazanılan uğurlar təkcə bunlarla kifayətlənmir. Azərbaycan iqtisadiyyatı mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Ölkəmizdə uğurlu iqtisadi islahatların aparılması dünya birliyi tərəfindən də təqdir olunur. Yeni texnologiyaların, informasiya-kommunikasiya vasitələrinin inkişafı bu gün ölkəmizin əlaqələrini daha da genişləndirib.

Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu çox sürətlə artır. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan həqiqətləri dünya birliyinə olduğu kimi çatdırılır. Təsadüfi deyildir ki, dünyanın əksər dövlətləri, həmçinin mötəbər beynəlxalq qurumları ölkəmizi sülhsevər, Ermənistanı isə işğalçı dövlət kimi tanıyır. Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımının  21 - ci ildönümü ilə əlaqədar  dünyanın  40-a yaxın ölkəsində anım mərasimi keçirilmiş, ABŞ-ın 6 ştatı bu soyqırımını tanımış, habelə, Meksika, Kolumbiya, Pakistan, Çexiya və Macarıstan parlamentləri də Ermənistan silahlı qüvvələri tərəfindən  Dağlıq Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğın həyata keçirildiyini tanıyan sənəd qəbul edib. Bütün bunlar ölkə başçısının həyata keçirdiyi məntiqli xarici siyasətin nəticəsidir. Bunu görməmək isə siyasi korluqdur. Adlarını müxalifət qoyan bəzi nankorlar bu nailiyyətlərə kölgə salmaq üçün ən çirkin yollara əl atır, ölkədə qarşıdurma yaratmaq üçün xarici antiazərbaycan dairələrin sifarişlərini yerinə yetirirlər. Bu günlərdə Saatlı rayonunun Musalı kəndində qəbiristanlığın dağıdılması da belə sifarişlərin nəticəsidir.

Yeri gəlmişkən, qeyd  edək ki, təkcə rayonun yox, eləcə də respublikamızın adına ləkə gətirən, bütövlükdə azərbaycançılığa, milliliyimizə böyük zərbə vuran bu rüsvayçı hadisə yerli sakinlərin  hiddətinə səbəb olmuşdur. Saatlı rayonunun  Nərimankənd tam orta məktəbinin direktoru Bəhram Əhmədovun dediklərindən:"Bu hadisə hamımızı sarsıdıb. Mənim  atamın məzarı da dağıdılıb. Mən təkcə buna görə yox, bütövlükdə hamımız üçün müqəddəs olan qəbiristanlıqda belə bir xoşagəlməz hadisənin törədilməsinə dözə bilmirəm. Bu hadisəni törədənlər kəndimizin sakinləridir. Onlar artıq hər şeyi etiraf ediblər.  Tam əminliklə deyirəm ki, onları öyrədiblər. Onları öyrədənlər respublikamızın, eləcə də rayonumuzun inkişafını gözü götürməyən adamlardır. Buna qədər də kəndin bəzi sakinlərini öyrədib rayonda müxtəlif aksiyalara cəlb etmək istəyirdilər. Elə bəhanələr irəli sürülür ki, bunların rayonumuzla heç bir əlaqəsi yoxdur. Bu işlərin başında dayananlar isə heç yerdə işləməyənlər,  adlarını müxalifət qoyaraq insanları qarşı - qarşıya qoymaq istəyənlərdir.  Son illər bizim rayonumuzda xeyli abadlıq - quruculuq işləri görülüb, səliqə - sahman yaradılıb, yeni iş yerləri açılıb. Təəccüblüdür  ki, bunu istəməyənlər də var. Onlar müxtəlif təxribatlar törədərək camaatda süni narazılıq yaratmaq istəyirlər. Kəndimizdəki qəbiristanlığın dağıdılması da bunun nəticəsidir. Cavan uşaqları aldadaraq  milliliyimizə zərbə vurmaq istəyənlərə müxalifət adı da yaraşmır. Onlar xalqın düşmənləridir. Bu yolla hakimiyyətlə insanlar arasında süni narazılıq yaratmaq və bundan istifadə edərək  siyasi imic qazanmaq nankorluqdur.

Həbs olunan gənclər spirtli içki qəbul etməyə meyillidirlər. Ancaq onların gedib kənd qəbiristanlığını dağıtmalarını heç kim təsəvvür etməzdi. Özləri də etiraf ediblər ki,  spirtli içki qəbul etdikdən sonra  AXCP üzvləri bundan istifadə edərək onları  ələ almiş və bu iyrənc hadisəni törətməyə vadar etmişlər. Məqsədləri də rayonda qarşıdurma yaratmaq, kənd sakinlərini rayon rəhbərliyinə qarşı qaldırmaq olmuşdur. Sonra da şayiə yaydılar ki, qəbiristanlığın dağıdılması rayon rəhbərliyi tərəfindən təşkil olunub. Ancaq məkrli niyyətlərinə çata bilmədilər. Çünki bu uydurmalar da bir nəticə vermədi. Dağıdılmış məzarlar artıq  rayon rəhbərliyi tərəfindən bərpa olunur, özü də çox sürətlə. Bütün xərclər dövlət vəsaiti hesabına ödənilir. Hətta  başdaşı  ağacdan olanlar da  daşdan düzəldilmiş  başdaşları ilə əvəzlənir. Mən bu hadisənin təşkilatçılarını lənətləyirəm”.

Məcid Məmmədov, təqaüdçü müəllim:

- Dünənə qədər hamımızın sərxoş, tüfeyli kimi tanıdığımız  adamlar indi adlarını müxalifət qoyaraq min oyundan çıxır, insanların əsəbləri ilə oynayır, heysiyyatına toxunurlar. Bunun da əsas səbəbi rayonumuzda, eləcə də respublikamızda sürətlə aparılan tikinti - quruculuq, abadlıq işləridir. Xain, paxıl, xəbis adamlar bu inkişafdan sanki xoflanıblar. Onlar hakimiyyəti, rayon rəhbərliyini gözdən salmaq üçün ən çirkin işlərə əl atırlar. Kəndimizdəki qəbiristanlığı dağıtdıranlar da elə onlardır. Biri deyir mən cəbhəçiyəm, o biri deyir müsavatçıyam.  Hamısı da deyir ki, bu gün - sabah hakimiyyətə gəlirik. Xalq Prezidenti dəstəkləyir, onun fəaliyyətindən çox razıdır. Adlarını müxalifət qoyanları isə saya salan yoxdur. Budur onların əməlləri. Qəbiristanlığı dağıtdırmaq azərbaycanlı adına yaraşmayan bir hərəkətdir. Gəncləri aldadaraq belə rəzil işlərə təhrik etmək düşmənə xas olan xüsusiyyətdir. Bu  iyrənc hərəkət xalqımızın adına ləkədir. Biz bu işin təşkilatçılarını xalq düşməni hesab edirik.

Kənd sakinləri ilə söhbət zamanı məlum oldu ki, bu işin əsas təşkilatçısı Xalq Cəbhəsi Partiyasının üzvləridir. Onlar dedilər ki, bu kənddə artıq hamı Əli Kərimliyə, onun tərfdarlarına nifrət edir. Çünki onların əsas məqsədləri müxtəlif təxribatlar törətmək, insanları qarşı - qarşıya qoymaq, qanunsuz aksiyalar keçirməkdir. Kənd camaatını aldadaraq rayon icra hakimiyyətinin qarşısına aparan da elə cəbhəçilərdir. Əlacları hər yerdən kəsildikdən sonra kəndin bəzi cavanlarına spirtli içki verərək öz tərəflərinə çəkmiş və belə biabırçı hadisəni təşkil etmişlər. Əli Kərimlinin tərəfdarları belə bir hadisəni təşkil etməklə hamımızın nifrətini qazandı. İndi Əli Kərimli hansı üzlə camaatın qarşısına çıxıb deyəcək ki, mən prezident olmaq istəyirəm, mənə səs verin. Məgər o bilmirmi ki, qəbiristanlığı təhqir etdirmək ən böyük günahdır? Bu iyrənc işin təşkilatçıları  müsəlman deyillər? Adam da qəbirirstanlığı təhqir etdirər? Onların yeri cəhənnəmdir.

Hakimiyyətə gəlmək üçün milli - mənəvi dəyərlərimizə, adət - ənənələrimizə hörmətsizlik edənləri, xalqımızın adına ləkə vurmaq  istəyənləri heç kim bağışlamaz. AXCP üzləri tərəfindən öyrədilmiş adamların qəbiristanlığı dağıtmaları insanlığa yaraşmayan bir hərəkətdir. Bu yolla əyalətlərdə narazılıq yaratmaq qeyri - mümkündür. Çünki belə ikrah doğuran hərəkətlərin təşkilatçıları artıq  hamıya bəllidir və xalq onları lənətləyir. Belə iğtişaşlardan, adət - ənənəmizə yaraşmayan hərəkətlərdən bəhrələnmək istəyən müxalifət nümayəndələri artıq xarici düşmənlərimizin əllərində alətə çevrildiklərini bir daha təsdiqləyirlər. ADP sədri Sərdar Cəlaloğlu da bu vasitələrdən bəhrələnmək istəyən müxalifət partiyalarını kəskin tənqid edərək bildirib  ki, belələri həmişə iflasa uğrayacaq. Partiya sədri deyib: “Müxalifət iğtişaşlardan, antidemokratik hərəkətlərdən bəhrələnə bilməz. Bu o deməkdir ki, müxalifət mənəvi cəhətdən deqradasiyaya uğrayıb. Müxalifət icra edə bilməyəcəyi qərarlar verir, sonra reallığa gələndə aydın olur ki, bu qərarın icrasına gücü çatmır. İqtidarın bu qədər maliyyə, idarəetmə resursu, tərəfdarı ola - ola, gecə - gündüz seçki ilə bağlı düşünür və ən düzgün qərar qəbul edir. Müxalifət isə heç bir resursu olmaya - olmaya, elə hərəkət edir ki, təəccüblənməmək mümkün deyil”.

Təbii ki, seçkilərdə qələbə qazanmaq üçün xalq arasında hörmətin, nüfuzun, böyük dəstəyin olmalıdır. Yoxsa, hansısa xarici düşmənimizə arxayın olmaq, onların sifarişləri ilə qəbiristanlığı dağıtdıranlara, milli - mənəvi dəyərlərimizə ləkə vuranlara  və  ictimai - siyasi  sabitliyi pozmağa cəhd edənlərə kim dəstək verər? S.Cəlaloğlunun dediyi kimi, belələri artıq coxdan deqradasiyaya uğrayıb.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında