2013-cü il Azərbaycanda prezident seçkiləri ilidir. Qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, obyektiv və demokratik şəraitdə keçiriləcəyinə heç bir şübhə ola bilməz. Çünki artıq ölkəmiz azad və ədalətli, şəffaf seçki keçirməyə qadir olduğunu dəfələrlə sübut edib. Bunu seçkiləri müşahidə etmiş nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin yaydıqları bəyanatlar da təsdiqləyir. Həmin bəyanatlarda qeyd edilir ki, Azərbaycanda keçirilən son seçkilərdə şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən bir sıra tədbirlər hələ bu vaxta qədər Avropanın inkişaf etmiş bir sıra ölkələrində də tətbiq olunmayıb. Bu fikirdə olanlar təbii ki, seçki məntəqələrinə quraşdırılmış müşahidə kameralarını və gözlə görünməyən mürəkkəbdən istifadə olunmasını və digər yenilikləri nəzərdə tuturlar.
Mötəbər beynəlxalq təşkilatların Azərbaycanda keçirilmiş seçkilərə belə yüksək qiymət verməsi, nədənsə radikal müxalifət nümayəndələrini çox ciddi narahat edib. Bunun əsas səbəbi həmin dairələrin son on beş ildə keçirilən seçkilərdə biabırcasına məğlub olmalarıdır. Ona görə də prezident seçkiləri ərəfəsində müxtəlif şoular göstərir, milli - mənəvi dəyərlərimizə, adət - ənənələrimizə tamamilə zidd olan, ölkəmizin adına ləkə gətirən, insanların heysiyyatına toxunan, ikrah hissi doğuran hərəkətlərə yol verirlər. Belə iyrənc hərəkətlərin əsas təşkilatçıları isə reneqat və riyakar Eldar Namazovun dəstəsi, AXCP və Müsavat Partiyasının rəhbərləridir. Hakimiyyətə gəlmək üçün ermənilərlə əməkdaşlıq edən, düşmənlərimizdən dəstək alan, onların çirkli pullarına göz dikən bu partiyanın rəhbərləri respublikamızda qarşıdurma, çaşqınlıq və pozuculuq yaratmaq üçün hər cür iyrənc vasitələrə əl atırlar. Onlar gənclərə yalan vədlər verərək icazəsiz aksiyalara məcbur edir, ermənilərlə danışıqlara göndərir, adət - ənənələrimizə tamamilə yad olan hərəkətlərə yönəldirlər.
Yəqin ki, xatırlayırsınız, AXCP sədri Əli Kərimli Ruslan Bəşirli adlı gənc bir oğlanı yalan vədlərlə aldadaraq Tbilisiyə, ermənilərlə sövdələşməyə göndərmişdi. Həmin dövrdə nişanlı olan, gənclik illərinin ən şirin və yaddaqalan dövrünü yaşayan gənc oğlan Əli Kərimlinin yalan vədlərinə inanaraq onun tapşırıqlarını yerinə yetirərkən ifşa olundu və gənclik illərinin altı ilini məhbəsdə keçirdi. Müsavat Partiyasının başqanı İsa Qəmbərin də ermənilərlə yaxınlığı, hətta bunu rəsmiləşdirərək Erməni Ümummilli Hərəkatının sədri Aram Manukyanla birgə əməkdaşlıq barəsində həm Almaniyada, həm də Tbilisidə saziş imzalaması yaddaşlardan silinməyib. Bu xislətdə olan insanların seçki öncəsi ölkədə hər hansı bir xoşagəlməz insident törətməsi gözləniləndir. Ən başlıcası ona görə ki, belələri bütün vasitələrdən istifadə edərək qeyri - konstitusion yolla hakimiyyəti ələ keçirməyə cəhd edirlər. Yaxşı bilirlər ki, əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də xalqdan “yox” cavabı alacaqlar. Ona görə də seçki ərəfəsində ölkədə ictimai - siyasi sabitliyi pozmaq, seçkinin baş tutmaması üçün min oyundan çıxırlar. Bu günlərdə Saatlı rayonunun Musalı kəndində qəbiristanlıqda baş verən dağıdıcı hadisə rayonda süni narazılıq yaratmaq, insanların kütləvi etirazını təşkil etmək məqsədi güdürdü. Baş vermiş bu vandalizm aktının AXCP üzvləri tərəfindən təşkil olunduğu artıq öz təsdiqini tapmaqdadır.
Milli - mənəvi dəyərlərimizə, adət - ənələrimizə tamamilə zidd olan, xalqımızın adına yaraşmayan bu iyrənc hadisənin iştirakçıları artıq hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyi tərəfindən də məlumat yayılıb. Həmin məlumatda bildirilir: “Saatlı rayonunun Musalı kənd qəbiristanlığında baş verən hadisə ilə bağlı iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Fevralın 23-dən 24-də keçən gecə Musalı kənd qəbiristanlığında vandalizm aktı qeydə alınıb. Hadisə barədə polisə məlumat daxil olan kimi dərhal rayon polis şöbəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisə yerinə gedib.
Hadisə yerinə baxış keçirilərkən 81 qəbir daşının dağıdıldığı müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddələri ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Ədalət Məmmədov və Nəsimi Əliyev polis tərəfindən saxlanılıblar. İstintaqın gedişində hadisənin baş vermə səbəbləri və xüsusatlara aydınlıq gətiriləcək".
Onu da qeyd edək ki, kütləvi informasiya vasitələrində yayılmış bəzi məlumatlara görə, məlum vandalizm aktını törətməkdə şübhəli bilinən Nəsimi Əliyevin atası Arif Əliyev vaxtilə AXCP-nin Saatlı rayon təşkilatının üzvü olub. Məlumatda o da qeyd olunur ki, hadisə AXCP rəhbərliyi tərəfindən əvvəlcədən planlaşdırılıb və rayonda süni narazılıq yaratmaq, insanların kütləvi etirazını təşkil etmək və hakimiyyətə qarşı yönəltmək, inanclı insanları və din xadimlərini də bu prosesə qoşmaq məqsədi güdüb.
Son illər Saatlı rayonunda abadlıq- quruculuq işləri geniş vüsət alıb. Bir - birinin ardınca istirahət parkları salınmş, yeni obyektlər yaradılmış, əhalinin qarşılaşdığı problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Rayonun sürətli inkişafı, ictimai-siyasi sabitliyin davamlı olması və bu ərazidə yaşayan AXCP üzvlərinin, hətta partiyanın sədri Əli Kərimlinin ən yaxın qohumlarının da kütləvi şəkildə onun ətrafından uzaqlaşaraq Yeni Azərbaycan Partiyasına üzv olmaları, görünür kimlərinsə xoşuna gəlməyib. Ona görə də bu rayonda insanların kütləvi etirazını təşkil etmək və süni narazılıq yaratmaq üçün müxtəlif yollar axtarırdılar. AXCP üzvləri kənd qəbiristanlığını dağıtdırmaqla öz istəklərinə nail olmaq istəyiblər. Ancaq unudurlar ki, qəbiristanlıq hər bir azərbaycanlı üçün ziyarətgahdır. Axı, burada hər birimizin əzizlərimiz uyuyur.
Unutmamalıyıq ki, ermənilərin ən böyük vəhşiliklərindən, insanlığa xas olmayan xüsusiyyətlərindən biri işğal etdikləri Azərbaycan ərazilərində qəbiristanlığı dağıtmaları olub. Bu, təkcə azərbaycanlıların yox, beynəlxalq ictimaiyyətin də qəzəbinə səbəb olub. Belə vandal aktları milliyyətindən asılı olmayaraq dünyanın bütün ölkələrində nifrətlə qarşılanır. İndi bu iyrənc hərəkət öz ölkəmizdə, özü də özümüzünkülər tərəfindən təşkil olunub. Heç bir müsəlman tərfindən qəbul edilməyən və nifrətlə qarşılanan, insanların heysiyyatına toxunan, hiddətinə səbəb olan bu qeyri-insani hərəkətin təşkilatçıları hansı üzlə, hansı əqidə ilə hakimiyyətə gəlmək istəyirlər? Ermənilərlə əməkdaşlıq edən, hakimiyyəti ələ keçirmək üçün onların çirkli pullarından yararlananlardan bundan artıq nə gözləmək olar? Belələri qəbiristanlığı da dağıtdırar, lap millətimizi də satarlar. Onlara aramızda yer olmamalıdır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.