Kütləvi informasiya vasitələrini öz təsiri altında saxlamağa çalışan, ondan silah kimi istifadə etməyi düşünən dairələr bu əməllərinə bəraət qazandırmaq üçün dövri olaraq müxtəlif variantlar tapırlar. Həmin variantlardan biri də son illər tez-tez istifadə olunan “Müəllifin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər” ifadəsidir. Sifariş olunmuş yazını bir adamın qənaəti kimi qələmə vermək cəhdinin redaksiya rəhbərliyinə nə qədər bəraət qazandıracağını bilməsək də, bu qəbildən olan məqalələrin erməni lobbisinin qonorarı hesabına ərsəyə gəldiyini çox yaxşı bilirik.
Onu da yaxşı bilirik ki, bu cəfəng materialı öz oxucularına təqdim edən “RİA - Novosti” informasiya agentliyi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması məqsədiylə yaradılmış Minsk qrupunun üç həmsədrindən birinin əsas dövlət xəbər qurumlarındandır. Bu ağ yalanları və cəfəng “arqumentləri” öz oxucusuna sırıyan “RİA - Novosti” faktiki olaraq etiraf etmiş olur ki, əvvəllər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlarla bağlı informasiyalar yayanda tamamilə qeyri-səmimi olub. Yəni Vadim Dubnovun qazandığı “qonorar” əslində onun özünün deyil, bu materialı yayan agentliyin üzünü qaraldır.
“Qarabağ 25 il ərzində tanınmamış olmağa öyrəşmişdir” adlı qərəz və səhflərlə dolu olan məqalənin müəllifi elə günü bu gün öz yaxasını bir kənara çəkə bilər ki, mənim yazım redaksiyada dəyişdirilib və ya oraya hansısa əlavələr edilib. Ancaq ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Federasiyasının bu nüfuzlu dövlət agentliyi dünyanın haqq-ədalət tələb edən insanlarının çoxsaylı suallarından qaça bilməyəcək. “RİA- Novosti”yə həm Azərbaycan tərəfindən, həm də bu münaqişənin uzanması səbəbindən Qafqazdakı maraqlarını təmin edə bilməyən qüvvələr tərəfindən mütləq çoxsaylı suallar veriləcəkdir. Onlardan soruşulacaq ki, dövlət büdcəsindən maliyyələşdirilən informasiya agentliyi nə üçün Rusiya hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini bilmir? Bilə-bilə dövlət siyasətinin əksinə olan təbliğat aparırsa, onda nə üçün bu qurum dövlətin büdcəsindən maliyyələşdirilir? Məgər “RİA-Novosti” o qədər savadsız oldumu ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun inzibati mərkəzinin Stepanakert deyil, Xankəndi olduğunu bilməsin?
Artıq iki ilə yaxındır ki, təkcə Avropa miqyaslı təşkilatlar deyil, eləcə də bütün beynəlxalq təşkilatlar xəbərdarlıq edirlər ki, ermənilərin Xocalı aeroportunu istifadəyə vermək cəhdi Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasına səbəb ola bilər. Belə bir məqamda bizim qulağımızın dibində olan və Qafqazda hansı qayada neçə daş, neçə ağac olduğunu qafqazlılardan yaxşı bilən Rusiya dövlət informasiya agentliyinin Xocalı aeroportunu “Stepanakert aeroportu” kimi göstərməsi açıq-açığına təxribatdır. Bunun başqa adı yoxdur. “RİA-Novosti” başqa mənbələrə deyil, öz arxivinə diqqətlə baxsın görək , bu aeroport tarixdə nə zamansa belə adlandırılıbmı?
“RİA -Novosti” agentliyi Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün irəli sürdüyü təkliflərin mahiyyətini öz oxucularına ən çox çatdıran xəbər mənbələrindən biridir. Həmin təkliflərdə göstərilir ki, bu münaqişə Ermənistan silahlı birləşmələrinin Dağlıq Qarabağdan çıxarılmasından, didərgin salınmış azərbaycanlıların öz ata- baba yurduna qayıtmasından sonra , hər iki icmanın iştirakı ilə keçirilən referendumla həll oluna bilər. Bu təklifi verən tərəflərdən biri də Rusiya Federasiyasıdır. Ortalıqda bu faktın olduğunu bilə- bilə “RİA- Novosti”nin seperatçılar və işğalçılar tərəfindən formalaşdırılmış quldurlar dəstəsini “parlament” adlandırması təxribat deyilsə, bəs onda nədir?
Bu agentlikdə çalışan ədalətli həmkarlarımız oradakı ermənipərəstlərə başa sala bilərdilər ki, Azərbaycanın rəsmi dövlət mətbuatında heç zaman Qroznı əvəzinə “Cövhər” və ya Çeçenistan əvəzinə “İçkeriya” adlarından istifadə etməyiblər. Əslində, bu qəbildən olan material hazırlamaq o qədər də çətin deyil. Bir də ki, müəllifin fikrinin redaksiyanın mövqeyi ilə üst-üstə düşməməsi dünyanın hər yerində redaksiyanın məsuliyyətdən yayınması üçün əsas ola bilməz. Ekspertlər “RİA- Novosti”nin bu sərsəmləməsinə münasibət bildirərkən bir məqamı xüsusilə vurğulayırlar. Belə ki, Vadim Dubnovun bu həyasızlığı ötən ilin martında Rusiya paytaxtında antiazərbaycan qüvvələrin törətdiyi bir ədəbsizliyin ildönümü ərəfəsinə təsadüf edir. Daha doğrusu, ekspertlər burada bir təsadüf görmürlər. Ötən il martın 21-də Rusiya Strateji Araşdırmalar İnstitutunda “Yaxın Şərqdə və postsovet məkanında Türkiyə amili” mövzusunda beynəlxalq “dəyirmi masa” keçirilmişdi. İlk baxışdan burada qeyri-adi heç nə yoxdur. Amma, həmin tədbir həm öz tərkibinə, həm də yayılan materialların məzmununa görə şübhəli bir rus-erməni birliyi tərəfindən təşkil edilmişdi. “RİA -Novosti”dəki həmkarlarımız daha yaxşı bilərlər ki, Azərbaycana qarşı yönəlmiş bəyanatlarına görə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan biabırçı şəkildə qovulmuş qalmaqallı Vladimir Zaxarov adı çəkilən qurumun üzvüdür. Deməli, məsələ aydındır. Kütləvi informasiya vasitələri xəbər verirlər ki, həmin tədbirə qatı separatçı Fəxrəddin Aboszoda ilə yanaşı, işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən də bəzi seperatçılar dəvət olunmuşdular. Bu isə açıq- açığına Rusiyanın dövlət siyasətinə qarşı çıxmaq idi. Yəni rus dövləti o qədər zəifləyibmi ki, hansısa erməni nökərləri Kremlin dostluq və tərəfdaşlıq etdiyi ölkə ilə münasibətlərinə əngəl olmağa cəhd etsin? “RİA-Novosti”nin Rusiya - Azərbaycan dostluq və tərəfdaşlıq münasibətlərinə badalaq gəlmək niyyəti güdən materialında Azərbaycan dövlətinə və xəritəsinə edilən hörmətsizlik o həddə çatır ki, Vadim Dubnov şərəfsizliyin ən yüksək mərhələsini də məqbul sayır: “Qarabağ tanınmamış olsa da, tamamilə formalaşmış dövlətdir”. Dəhşətdir! İnsan nə qədər kütbeyin və dövlət məfhumundan xəbərsiz olmalıdır ki, büdcəsi bütünlüklə başqa dövlətin büdcəsindən asılı olan, özünün valyutası , dünyanın heç olmazsa, bircə dövləti tərəfindən tanınmış ərazisi, xarici pasportu olmayan bir toplumu formalaşmış dövlət adlandırsın? Dubnov və dubnovabənzərlər anlamalıdırlar ki, Qarabağ ancaq və ancaq Qarabağ xanlığı dövründə dövlət olmuşdur. O da Azərbaycan xanlığı idi. Həmin vaxt Dağlıq Qarabağ sözü yox idi.Nə çar Rusiyası dövründə, nə sovet dönəmində, nə də indi Qarabağ dövləti olmayıb, yoxdur və heç vaxt olmayacaqdır. Beynəlxalq aləmdə Azərbaycan dövləti var və onun işğal edilmiş hissəsi olan Dağlıq Qarabağ bölgəsi mövcuddur. Vadim Dubnov və ona öz ağuşunu gen-bol açan “RİA - Novosti” quldur və başkəsən, uşaq qatili Robert Koçaryan və Serj Sarkisyanın cəmi 20-25 il əvvəl törətdikləri cinayətləri “unutsalar” da iki yüz il bundan əvvəl imzalanmış Gülüstan müqaviləsi haqqında hər şeyi bilirmiş kimi yazırlar. Halbuki, orada da böyük səhf edərək tarixi utanmadan saxtalaşdırmağa cəhd edirlər. Unudurlar ki, Azərbaycanın, deməli, həm də Qarabağın Rusiya İmperiyası tərəfindən işğalı, eləcə də, onların əcdadlarının Qarabağda və İrəvanda kütləvi şəkildə məskunlaşdırılması 1828-ci il Türkmənçay müqaviləsindən sonra başlanmışdır. Bu faktları bilməyən bir adamın kiməsə dərs vermək istəyi nadanlıqdır. Belə bir adama Azərbaycanı özünün dostu kimi qəbul etmiş dövlətin informasiya vasitəsində yer verilməsi isə artıq dəhşətli bir xəyanətdir. Biz Əminik ki, Rusiya rəsmiləri Moskva- Bakı münasibətlərinə kölgə salmağa hesablanmış belə addımların qarşısını qətiyyətlə alacaqdır.
Bu fakt bir də ona görə acınacaqlıdır ki, Azərbaycan əleyhinə olan həmin sərsəmləmələr ölkəmizdə Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin kütləvi informasiya vasitələri rəhbərlərinin növbəti toplantısı ərəfəsində yayılmışdır. Azərbaycan həmişə olduğu kimi, bu gün də öz tərəfdaşları və müttəfiqləri ilə əməkdaşlığın bütün sahələrində özünə olan inam və etimadı qoruyub saxlamışdır və saxlayacaqdır.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.