Vadim Dubnov qərəzli mövqe tutmaqla təkcə Azərbaycanı narazı salmır, həm də RİA Novosti İnformasiya Agentliyinin nüfuzuna ağır zərbə vurur

 

 

Son illər beynəlxalq ictimaiyyət Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırıb. Ölkəmizin həyata keçirdiyi çevik xarici siyasət nəticəsində artıq bütün dünya işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasını, problemin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllini tələb edir, bu məsələdə möhtərəm Prezidentimiz İlham Əliyevin mövqeyini dəstəkləyirlər. ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının, NATO-nun, Qoşulmama Hərəkatının, İslam Konfransı Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrində də Dağlıq Qarabağın Azərbaycan torpağı olması  öz əksini tapıb. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri status-kvonun qəbuledilməz olduğunu bəyan edirlər ki, bu da münaqişənin ölkəmizin ərazi bütövlüyünün təmin olunması şərti ilə həllinə ümidləri artırır.

Bununla belə, ATƏT-in Minsk qrupunun həmsədri olan bəzi dövlətlərin mövqeyindəki ziddiyyətli məqamlar da Azərbaycan ictimaiyyətinin diqqətindən yayınmır. Məsələn, Minsk qrupuna həmsədr dövlətlərdən biri olan Rusiya arbitr rolunu oynamalı olduğu halda bəzi hallarda tərəfsizlik prinsipinə riayət etmir, heç bir əsas olmadan beynəlxalq ictimaiyyətin gözü qarşısında təcavüzkar Ermənistanı silahlandırır. Rusiyanın kütləvi informasiya vasitələrində də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanın xeyrinə məlumatlar yayılır, rəsmi İrəvanın mövqeyinə uyğun siyasi şərhlər verilir, məqalələr dərc olunur. Vadim Dubnovun RİA Novosti İnformasiya Agentliyinin saytında yayınlanan və Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Qarabağ 25 il ərzində tanınmamağa alışıb” adlı məqaləsi də bu qəbildəndir.

Müəllif bütünlüklə ermənilərin mövqeyindən çıxış edərək, onlara haqq qazandırmaq üçün saxta “faktlar” ortaya qoyur, separatçı rejimi müdafiə edərək rəsmi Bakını və bütövlükdə azərbaycanlıları ittiham edir. Dağlıq Qarabağın “müstəqillik” tarixinə nəzər salmağa çalışan Vadim Dubnov tarixi tamamilə təhrif edir, ictimai rəyi çaşdırır. V. Dubnov qeyd edir ki, fevral ayı Dağlıq Qarabağ erməniləri üçün əlamətdardır. Bu ayda onlar Sumqayıtda azərbaycanlılar tərəfindən ermənilərə qarşı törədilən “vəhşiliklərin” anım mərasimlərini keçirəcək, Qarabağdakı hərbi uğurların və nəhayət Qafqazın, eyni zamanda, Dağlıq Qarabağın Rusiyanın nəzarətinə keçməsini təsdiqləyən Gülüstan müqaviləsinin 200 illik yubileylərini qeyd edəcəklər. Bütün bunları oxuduqca, insanda elə təəssürat yaranır ki, sanki bu məqalə Moskvada deyil, İrəvanda Zori Balayan tərəfindən qələmə alınıb. Göründüyü kimi, müəllif Sumqayıt hadisələrinin Sovet KQB-si və ermənilər tərəfindən törədildiyi artıq hamıya bəlli olsa da qərəzli mövqe tutaraq azərbaycanlıları günahlandırır, dəhşətli soyqırımı faktı kimi tarixə düşmüş Xocalı faciəsinə eyham vuraraq “ilk hərbi uğur” barədə danışır və bu arada, ermənilərin Rusiyanın sadiq nökərləri olduğunu xatırlatmaq üçün Gülüstan müqaviləsinin ildönümünün burada bayram əhval-ruhiyyəsində qeyd olunduğunu nəzərə çarpdırır.

 Müəllif yazır ki, Dağlıq Qarabağın “müstəqilliyinin” ildönümü ərəfəsində Azərbaycan Silahlı Qüvvələri atəşkəsi tez-tez pozur. Məqalənin sonrakı hissəsində isə, sanki bunu unudaraq təkrar qeyd edir ki, Macarıstanda erməni zabitini öldürən Ramil Səfərovun Bakıda azadlığa buraxılmasından sonra atəşkəs daha intensiv şəkildə pozulmağa başlayıb. Bununla o, əslində özünü təkzib edərək ermənilərin qisasçılıq hissləri ilə Azərbaycan Ordusunun mövqelərini atəşə tutduğunu və atəşkəsin də məhz ermənilər tərəfindən pozulduğunu etiraf etmiş olur. Vadim Dubnov Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin bu gün də “güclü” olduğunu gözə soxmaq üçün rəsmi Bakının bəyanatlarını və buna İrəvanın cavabını çox primitiv bir şəkildə oxucuya təqdim edir. Qeyd edir ki, Azərbaycan tərəfinin öz ərazi bütövlüyünü istər danışıqlar, istərsə də müharibə yolu ilə təmin edəcəyi barədə verdiyi bəyanatlara cavab olaraq, Ermənistan 1994-cü ili xatırladır. Guya o vaxt atəşkəs sazişi imzalanmasaydı, erməni ordusu Bakıyadək, ya da heç olmasa Gəncəyədək mütləq gələcəkdi. Guya Moskva buna imkan verməyibmiş. Çox gülünc və əsassız xatırlatmadır. Yəqin ki, müəllif bunu qələmə alarkən 1994-cü ilin yanvar ayından başlayaraq Azərbaycan Ordusunun əks-hücuma keçərək düşmənə necə sarsıdıcı zərbələr vurduğunu unudub. Məhz bundan təlaşa düşən ermənilər və onların Moskvadakı himayəçiləri atəşkəsin əldə olunması xahişi ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevə dəfələrlə müraciət etmişdilər. Ulu öndər isə humanizm prinsiplərini üstün tutaraq 1994-cü il mayın 12-də atəşkəs sazişini imzalamış və məsələnin sülh yolu ilə həllini daha məqsədəuyğun hesab etmişdir. Yeri gəlmişkən, müəllif Dubnova da, onun məqaləsini yayınlayan RİA Novosti  Agentliyinə də xatırladırıq ki, 1992-ci ildə törədilən Xocalı soyqırımında fəal iştirak etmiş 366-cı alayın kimə məxsus olmasını unutmasınlar. Tarix bu qanlı cinayətə kimlərin məsuliyyət daşıdığına aydınlıq gətirəcək.

Məşhur bir deyim yada düşür: İtə deyirlər ki, niyə hürürsən? Deyir ki, qorxuduram. Soruşurlar ki, bəs quyruğunu niyə tərpədirsən? Cavab verir ki, axı özüm də qorxuram. İndi Vadim Dubnovun və ermənilərin halı da məşhur deyimdəki itin məsəlinə oxşayır. Bu gün istər Moskvada, istərsə də İrəvanda yaxşı bilirlər ki, məsələ sülh yolu ilə həll olunmasa, Azərbaycan müharibə variantına əl atacaq. Əgər belə olarsa, bu, Rusiyanın forpostu olan Ermənistana çox baha başa gələcək: Azərbaycan Silahlı Qüvvələri qısa zaman ərzində düşməni darmadağın edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə ciddi əsaslarımız vardır. Bu gün iqtisadi böhran məngənəsində boğulan Ermənistanın maddi-texniki təminatdan məhrum olan ordusu bərbad vəziyyətə düşüb. Ancaq Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazın ən qüdrətli ordusu kimi şan-şöhrət qazanıb. Qürurla deyə bilərik ki, ölkəmizin hərbi xərcləri təcavüzkar Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur. Ordumuzun silah təminatı da yüksək səviyyəyə çatdırılmışdır. Hazırda Azərbaycanda 600 adda hərbi təyinatlı məhsul istehsal edilir. Ölkəmiz sözün əsl mənasında, bölgədə ən yüksək mövqelərə malikdir. Əlbəttə, bu mövqeni şərtləndirən mühüm amillər vardır. Bu amillər böyük iqtisadi potensial və güclü ordudur. Güclü ordu güclü dövlət deməkdir.

Məqalədə müəllif nəhayət etiraf edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rolu İrəvan deyil, Moskva oynayır. Bunu separatçı Dağlıq Qarabağ rejiminin “rəsmiləri” də anlayırlar. Onlar bunu da etiraf edirlər ki, əgər Rusiya ermənilərə dəstək verməsə, qondarma “Dağlıq Qarabağ “respublikası”  bir dəqiqə belə yaşaya bilməz”. Doğru etirafdır və bütün bunlar Rusiyanın rəsmi orqanlarının fikirlərini ictimaiyyətə çatdıran RİA Novosti İnformasiya Agentliyinin saytında yayınlanıb. Bu, bəlkə də ermənilərə də bir mesajdır ki, nə vaxtsa dediyimizdən çıxsanız, Dağlıq Qarabağı unudun. Çünki biz olmasaq, qüdrətli Azərbaycan sizi məhv edər. Bu, reallıqdır. Reallıqdır ki, bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya bəzi hallarda özünün tərəfsizliyini qoruyub saxlaya bilmir. Təbii olaraq bu, beynəlxalq münasibətlər sistemində inamsızlığa söykənən çox təhlükəli bir mühit yaradır.

Və son olaraq qeyd edirik ki, RİA Novostinin yaydığı materiallar, adətən, dövlətin mövqeyi kimi qəbul edilir. Bu, həqiqətən belədirsə, Rusiya dövləti Minsk qrupunun həmsədri olduğuna görə qərəzli mövqe tutmamalıdır. Yox, əgər məqalə Dubnovun və RİA Novostinin mövqeyini əks etdirirsə, onda onların da dövlətin mövqeyini təhrif etməyə, ona xələl gətirməyə mənəvi haqları yoxdur.

Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında