Antimilli, antiazərbaycan qüvvələrin əlində alət olan dağıdıcı müxalifət rəhbərləri heç cür razılığa gələ bilmirlər

 

 

AXCP – Müsavat qarşıdurması qondarma “İctimai Palata”nın iflasını yaxınlaşdırır

Uzun illərdir xalqın iradəsinə, dövlətçiliyə qarşı çıxan, antimilli və antiazərbaycan qüvvələrin əlində alət olan dağıdıcı müxalifət uğursuzluğunu ört-basdır etmək üçün qondarma birliklər, qurumlar yaratsa da, yenə nəticə əldə edə bilmir. Radikallar bütün bunları siyasətdə önə çıxaraq ictimai dəstək qazanmaqdan daha çox xaricdəki erməni lobbisindən və ermənipərəst dairələrdən qrant almaq xatirinə edirlər. Pafoslu çıxışlar edir, xaricdəki ağalarına hətta bir-birləri haqqında kompramat ötürür, bu mübarizədə önə çıxmaq, “birinciliyi” əldə etmək və radikal müxalifətin əsas siyasi siması kimi görünmək naminə ən çirkin vasitələrə əl atırlar. Onların gerçək kimlikləri isə hər addımlarında ifşa olunur.

AXCP sədri Əli Kərimli neçə ildir təkcə hakimiyyətə qarşı şər-böhtan yağdırmaqla kifayətlənməyib, müttəfiqlik barədə razılıq əldə etdiyi partiyaların liderlərini də ittiham edir. Onun verdiyi açıqlamalardan belə qənaət hasil olur ki, o, özünü digər tərəfdaşlarının “fövqündə” hesab edir, hətta “ana müxalifətçilik” iddiasına da düşür. Əslində, bu düşərgənin ümumi ab-havası belədir: özünü “lider” elan edən hər kəs “ana müxalifət” olmaq üçün dəridən-qabıqdan çıxır. Əli Kərimli bunun üçün hətta AXCP-nin daxilində də intriqalar yaradaraq, müxtəlif xəyanətkar yollara əl atır və təbii olaraq bu da etirazlarla qarşılanır. Məsələn, “Milli İdeya Naminə” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyevin kütləvi informasiya vasitələri və ictimaiyyətə müraciətində bir çox ciddi məqamlar öz əksini tapıb. Hürrü Əliyev qeyd edib ki, Əli Kərimli 1995-ci ildən etibarən istər daxildən, istərsə də xarici dövlət və təşkilatlardan faydalanaraq Əbülfəz Elçibəy başda olmaqla, bütövlükdə Xalq Cəbhəsinə o, cümlədən müxalifət düşərgəsinə xəyanət edib və etməkdədir. O bildirib ki, mənim buna heç bir şübhəm yoxdur. Çünki bu məsələ ilə bağlı məndə kifayət qədər istər rəsmi, istərsə də tam reallığa söykənən şifahi məlumatlar və faktlar var.

“Milli İdeya Naminə” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri birmənalı şəkildə vurğulayıb ki, AXCP-nin indiki rəhbərliyi tamamilə milli ideologiyadan, Vətən, torpaq, xalq düşüncəsindən kənardır: “Əli Kərimli çirkin oyunlarla, alverlə, xəyanətlə AXCP-ni parçalamışdır. Partiyanın keçmiş üzvləri və hazırda orada olan şəxslər təşkilatın bu duruma salınmasının səbəbini və hesabını Əli Kərimlidən niyə soruşmurlar? Bu gün AXCP üzvləri, xüsusilə də gənclər Əli Kərimlinin alverinin, apardığı siyasi oyunların qurbanlarıdırlar. O, əvvəlki dönəmdə də, indi də təşkilata edilən maddi dəstəyi öz maraq və məqsədləri üçün istifadə etmişdir. Əli Kərimli və onun tərəfdarları öz çirkin əməlləri ilə Əbülfəz Elçibəyi partiyada nüfuzdan salmağa çalışmış, onu qurumun rəhbərliyindən uzaqlaşdırmağa səy göstərmiş, nəticədə təşkilatın parçalanmasına nail olmuşlar. Əli Kərimlinin hərəkətləri onun Əbülfəz Elçibəyin zəhərlənməsində rolu olduğu qənaətini möhkəmləndirir”.

Həqiqətən də AXCP sədrinin ünvanına ciddi ittihamlar səsləndirilib və irəli sürülən arqumentlər inandırıcıdır. Çünki biz bunun dəfələrlə şahidi olmuşuq. Vaxtilə Əli Kərimlinin xəyanətkar əməllərindən təngə gələn, necə deyərlər, siyasət “qazanında bişmiş” Qüdrət Həsənquliyev, Fazil Mustafa kimi insanlar Əbülfəz Elçibəyin qurduğu AXCP-ni tərk etmək məcburiyyətində qaldılar. Hürrü Əliyevin dediyi kimi bu gün Əli Kərimli siyasi cəhətdən hazırlıqsız olan gənclərdən öz yarıtmaz məqsədləri üçün istifadə etməyə çalışır. AXCP liderinin əsas məqsədi isə, yuxarıda qeyd etdiyimiz kimi, “ana müxalifət” lideri olmaq və radikal düşərgənin vahid namizədi kimi 2013-cü ilin prezident seçkilərində iştirak etməkdir. Lakin Müsavat başqanı İsa Qəmbər ondan daha “cəld” davranaraq, Əli Kərimlinin niyyətini “bəyan” etməsindən əvvəl, seçkilərdə namizəd olacağını açıqladı. Bu, AXCP sədrinə mesaj idi ki, “çox zilə qalxma”, səndən böyüklər də var.

İsa Qəmbər Əli Kərimli kimi vahid namizəd olmaq istəsə də, radikal düşərgədəki qarşılıqlı münasibətlərdəki ümumi vəziyyət bunun mümkün olmayacağını göstərir. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın qeyd etdiyi kimi, İsa Qəmbər Əbülfəz Elçibəydən sonra Azərbaycan müxalifətinin yalnız bir qrupunun lideri ola bilib, bütün müxalifətin yox. Radikal düşərgədə, xüsusən, AXCP-də isə çoxları İsa Qəmbərə çox böyük nifrət bəsləyirlər. Yəni görünən odur ki, AXCP və Müsavat arasında “vahid namizəd savaşı”, bəlkə də seçkilərə çox qısa vaxt qalmışadək davam edəcək. Belə ki, AXCP sədri Əli Kərimli Müsavatsız yeni birlik yaratmaq istiqamətində iş aparır, siyasi üstünlüyünü gözə soxmaq üçün dəridən-qabıqdan çıxır. Xatırlayırsınızsa, ötənlərdə KAXCP ilə AXCP-nin birləşməsi iddiası ilə çıxış edən bir neçə şəxs tez-tələsik KAXCP-nin tərkibində fraksiya da yaratdılar. Təbii ki, bu iki partiyanın arasındakı düşmənçilik dərəcəsinin necə yüksək həddə olduğu hər kəsə bəllidir və buna görə də qəfildən belə bir müzakirənin meydana atılması maraq doğurdu. Amma proseslər göstərdi ki, bu, məhz Əli Kərimli tərəfindən hazırlanan bir oyun idi. Məqsəd isə KAXCP-dən AXCP-yə transferlər gerçəkləşdirmək, bununla da, onun İsa Qəmbər üzərindəki üstünlüyünü nümayiş etdirməkdi. KİV səhifələrində gedən müzakirələrdə hətta KAXCP sədri dəfələrlə bu oyunun hansı partiyalar tərəfindən hazırlanıb idarə olunmasına eyhamlar da vururdu. Və istənilən halda, nəticə Əli Kərimli üçün heç də ürəkaçan olmadı. Yəqin ki, buna ən çox sevinən də İsa Qəmbər və onun tərəfdarları oldu.

Təbii ki, Müsavat Partiyası da rəqibi olan AXCP-yə qarşı siyasi addımlar atmaqla öz üstünlüyünü nəzərə çarpdırmaqdan çəkinmir. Əli Kərimlinin hərəkətlərinə cavab olaraq Müsavat 7 kiçik partiya ilə koalisiyaya gedərək İsa Qəmbərin müxalifətin dəstəklədiyi namizəd olduğu görüntüsünü yaratmağa çalışır. Yəni qarşıdurma bəzən gizli formadan daha açıq müstəviyə keçir. Məsələyə münasibətini bildirən ADP sədri Sərdar Cəlaloğlu deyib: “Bu düşərgədə şəxsi və qrup maraqları birinci məsələdir. Bu partiyalar hakimiyyətdə olduqları dönəmlərdə bir-birilərini qəbul etmirdilərsə, indi necə razılaşa bilərlər?” Sərdar Cəlaloğlunun fikirlərində böyük həqiqətlər var. Ötən illər də bunu sübut edib. Təsadüfi deyil ki, Əli Kərimli ilə İsa Qəmbər həmişə bir-birinə qarşı kampaniya təşkil ediblər, bir-birini aşağılamağa, gözdən salmağa çalışıblar. Ümumiyyətlə, radikal müxalifət düşərgəsi həmişə bu təfəkkürlə yaşayıb.

Xatırlayırsınızsa, 2003-cü ildə Rəsul Quliyevi özünün “baş naziri” elan edən İsa Qəmbər sonda ona “qorxaq” dedi. 2005-ci ildə “ayrılmaz birlik” adlandırılan AXCP-Müsavat cütlüyünün nəticəsi necə oldu? Seçkidən iki gün keçmiş AXCP Müsavatı satqın, xəyanətkar adlandırdı və Əli Kərimli İsa Qəmbər haqqında olmazın sözlər dedi. 2000-ci ildə də analoji hal baş vermişdi. Parlament seçkilərindən sonra AXCP Müsavatın təhqir hədəfinə çevrilmişdi. 2008-ci ilin prezident seçkiləri ərəfəsində bu düşərgədəki düşmənçilik son həddə çatmış, 2010-cu ilin parlament seçkilərində qarşılıqlı ittihamlar və təhqirlər davam etdirilmişdi. İndi isə qarşıdan prezident seçkiləri gəlir. Bu düşərgədə vəziyyətin necə olduğunu ötən ay “Mediaforum” saytının “Prezident seçkisində hansı müxalifət partiyasının namizədinə dəstək verərdiniz?” sualı ilə keçirdiyi internet sorğusunun yekunlarından sonra baş verən şou-biznes qalmaqallarına bənzər açıqlamalar da təsdiq edir. Həmin sorğuya əsasən Əli Kərimli İsa Qəmbəri böyük fərqlə geridə qoymuşdu. Bu xəbər Müsavat düşərgəsində hiddətlə qarşılandı və bunu AXCP-nin xəyanəti kimi dəyərləndirdilər. Müsavatı daha çox qıcıqlandıran Ümid, Vətəndaş və İnkişaf partiyalarının AXCP-dən sonra ikinci və üçüncü yerləri tutmaları idi. Nəticələrin saxtalaşdırıldığını yazan “Yeni Müsavat” qəzeti İsa Qəmbərin müavini Gülağa Aslanlıya istinadən bu cür sorğuları qeyri-ciddi adlandırdı: “Saytlarda bu cür sorğular dünya praktikasında ciddi qəbul edilmir. Çünki müasir texnologiyalar imkan verir ki, bu sorğularda subyektivlik əsas rol oynasın. Müttəfiq partiyaların bu cür qeyri-ciddi rəy sorğularına əsaslanması isə onların şəxsi işləridir. Mən buna müttəfiqlik baxımından normal baxmıram. Ciddi hesab olunan qəzetin subyektiv, qeyri-ciddi məlumatları analiz edib ondan nəticə çıxarması isə vaxtı boş yerə itirməkdir”.

Bəli, son 20 ildə radikal müxalifət düşərgəsinin ciddi nəticələr əldə etməməsinin başlıca səbəbi Müsavat ilə AXCP arasında münasibətlərin qeyri-səmimi qurulmasıdır. Bu qüvvələrin siyasi fəaliyyətinə nəzər saldıqda onların yalnız şəxsi maraqlarını təmin etməyə çalışdığını görə bilərik. Məhz bunun nəticəsində, 1992-ci ildən başlayaraq, müxtəlif adlar altında yaradılmış “Demblok”, “SİDSUH”, “DUBB”, “MKM” və başqa bu kimi “birliklər” elə qısa müddət ərzində də sıradan çıxaraq, tarixin arxivinə getdilər. Bu qüvvələr xalqın adından istifadə edərək, guya milli maraqlar naminə birləşdiklərini dilə gətirsələr də, sonda əsl məqsədləri ortaya çıxır.

Yaranmış vəziyyətdən məharətlə istifadə etməyi qarşısına məqsəd qoyan reneqat Eldar Namazov isə “El” adlı yeni hərəkat yaratmaqla Əli Kərimlini və İsa Qəmbəri “ofsayd” vəziyyətində qoymaq istəyir. Eldar Namazov bununla İsa Qəmbərdən hayıf çıxmaq fikrindədir. Çünki vaxtilə verdiyi açıqlamada bu reneqat demişdi ki, 2005-ci il parlament seçkilərində Müsavat Partiyasının təmsil olunduğu “Yeni siyasət” bloku onu aldadıb: “O vaxt biz bir centlmen sazişi kimi “Azadlıq” bloku rəhbərlərinin namizədliyi irəli sürülmüş dairələrdən başqa namizəd irəli sürmədik. Seçki başlayanda məlum oldu ki, “Azadlıq” blokunun üzvü olan “Müsavat” mənim və digər ikinci müttəfiqimizin dairəsindən öz namizədlərini irəli sürüb". Buqələmun Əli Kərimliyə də kin bəsləyir. Səbəb isə budur ki, vaxtilə məhz Əli Kərimli onun prezident seçkilərinə namizəd kimi qatılmasına imkan verməmiş, onu bu fikrindən daşındırmışdı.

İstər AXCP və Müsavat rəhbərlərinin, istərsə də reneqat Eldar Namazovun antimilli, antiazərbaycan qüvvələrin əlində alətə çevrilmələri isə faktdır. Onların və dağıdıcı müxalifətin funksionerlərinin “Daş yuxular” kimi antimilli əsər yazaraq Azərbaycan xalqını təhqir edən Əkrəm Naibovu müdafiə etməsi bir daha təsdiqləyir ki, onlar bununla antiazərbaycan dairələrinə özlərini “tolerant”, “liberal” insanlar kimi təqdim etməyə çalışır, erməni lobbisinin maddi dəstəyini və loyal münasibətini qazanmağa cəhd göstərirlər. Müxalifət mətbuatı cəmiyyətin mövqeyinə qarşı çıxır, kosmopolit və antimilli təfəkkürlü ünsürlərə geniş yer verir, vətəndaşları məsələnin mahiyyətindən yayındırmağa və siyasiləşdirərək hakimiyyətə qarşı yönəltməyə çalışır. Bunu isə yalnız Azərbaycan xalqına düşmən kəsilənlər edə bilərlər.

Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında