Radikal müxalifət Azərbaycanın milli maraqlarına zərbə vurur

 

 

Rəsul Quliyev “Daş yuxular”ın müəllifi ilə həmfikirdir

Eks-spiker “Daş yuxuların” Amerikada yayılmasına dəstək verəcəyini bildirib. Onun Azərbaycan dövlətinə və xalqımıza hədə-qorxu gəlmək məqsədilə okeanın o tayından göndərdiyi həmin mesaja internet vasitəsilə münasibət bildirən oxuculardan biri yazırdı: “Bu adamın ermənipərəst olduğunu hamının bildiyi halda nə üçün yenidən həmin mövqeyini sübut etməyə çalışır?” Başqa bir oxucu isə daha da uzağa gedir: “Orada qeyri-adi heç nə yoxdur. Həmin əsər ortaya çıxan kimi bütün ermənilər sevincək halda onun kütləviləşdiriləcəyini söyləmişdilər. Rəsul da onlardan biri”.

Azərbaycan xalqı hər zaman ölkəmizin milli maraqlarının keşiyindədir. Odur ki, müxalifət düşərgəsinin üzdə olan simalarından - İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev, Eldar Namazov, Rüstəm İbrahimbəyov, Əkrəm Naibov və ya bu düşərgənin hər hansı nümayəndəsinin xalqımız və dövlətimiz haqqında istənilən cəfəngiyyatı dərhal ziyalılardan və gənclərdən öz layiqli cavabını alır. Bu məqamda xüsusilə qeyd olunmalı başqa bir məsələ də var. Belə ki, bəzi qələm sahibləri, əsasən müxalifət mətbuatının təmsilçiləri bilərəkdən Əkrəmin adını da müxalifət funksionerlərinin sırasında təqdim edirlər. Buna münasibət bildirən gənclər məsələni kifayət qədər duruldurlar: “Müxalifət – siyasi hakimiyyətə gəlmək üçün mübarizə aparan insanların toplumuna deyilir. Əkrəm Naibovun məlum əsəri isə xalqa düşmənçilikdən qaynaqlanır. Yəni Əkrəm müxalifət deyil, xaindir. Doğrudur, İsa Qəmbər və Əli Kərimli də ermənilərlə iş birliyi qurublar. Ancaq Əkrəm həmin məsələdə ermənilərin özlərini də geridə qoydu”.

Sözün bu yerində ötən həftə bir cəbhəçidən eşitdiyim siyasi improvizə xarakterli ifadələrin mənasını da hörmətli oxucularla bölüşmək qərarına gəldim. Mənim siyasi mövqeyimi və harada çalışdığımı yaxşı bilən bu adam cəbhəçi təfəkkürü ilə özünü elə göstərməyə çalışırdı ki, guya məni tanımır. Məqsədi isə başqa idi: “Ömrü boyu gedib xaricdə baş girləyənlər, Azərbaycanın bütün problemlərindən xəbərsiz yaşayanlar indi reneqatın birini ortaya atıblar ki, bunu prezidentliyə namizəd göstərəcəyik. Adamdan soruşarlar ki, iyirmi il müxalifətdə olan insanlar qala-qala hardansa bir reneqat tapıb namizəd göstərilməsi hansı məntiqə uyğundur?” İki cümlədə iki dəfə reneqat sözünün işlənməsi həmsöhbətimizin məqsədini açıq-aydın şəkildə ortaya qoyurdu. O, Əli Kərimlinin rəqibini “vurmaq üçün” mənim qələmimdən bəhrələnmək niyyətinə düşmüşdü. Üstəlik əlavəsi də var idi: “Eldar Namazov hakimiyyət komandasında olanda xalq üçün nə iş görmüşdü ki, indi gəlib neyləyə? Dönüyün, reneqatın biridir”.

İndi artıq söz mənim idi. Mütləq deməli idim və dedim. – Bəli, Eldar Namazov dönükdür, reneqatdır, hakimiyyət komandasında olarkən heç bir işə yaramayıb və tutduğu vəzifədən kənarlaşdırılıb. Ona görə də prezidentliyə namizədliyi irəli sürülsə 0,1 faiz civarında səs toplaya biləcək. Bütün bunlar həqiqətdir və o da həqiqətdiur ki, bir dəfə hakimiyyətdə olub komandasıyla birlikdə xalqın başına min bir bəla gətirən, öz prezidentini zəhərləməkdə ittiham olunan, ölkəmizin ərazisinin 20 faizini işğal etmiş düşmənlə iş birliyi qurduğu danılmaz faktlarla sübuta yetirilən, AXCP sədri Əbülfəz Elçibəyin müalicəsi üçün ayrılmış vəsaiti öz biznesini genişləndirmək üçün istifadə edən Əli Kərimli heç də reneqat Eldar Namazovdan çox səs toplaya bilməz. Ən azı ona görə ki, bu adam siyasətdə olduğu dövrdə öz mənafeyi naminə digər siyasətçiləri ləkələməklə məşğul olub. Son nəticədə isə həmişə özünün də iç üzü açılıb, rüsvay olub

O, kimisə rüsvay edəndə də sevinir, kiminsə başına bədbəxt hadisə gələndə də. Ona görə də cəmiyyət həyatının başqa sahələri bir tərəfə, müxalifət düşərgəsinin özündə belə Əli Kərimliyə normal münasibət bəsləyən beş-altı adamı çətinliklə tapa bilərsən. Bu adamlara tanrının “ bəxş etdiyi” kəramətdir ki, özlərinin hansısa xeyri olub-olmayacağının fərqinə varmadan özgənin itirdiyinə sevinirlər. Bu da bu sayaq xəstəlikdir. Üstəlik bizim müxalifət düşərgəsində xəstələr və xəstəliklər çoxdur. Ən başlıcası, bu adamlar 18-20 illik siyasi həyatlarındakı məğlubiyyətlərdən dərs almaq kimi qabiliyyətdən də məhrumdurlar. Xalq Azərbaycan müxalifətinə dönə-dönə başa saldı ki, siyasət sizlik deyil. Anlamadılar. Elə bildilər ki, kimsə onları istəməzlikdən belə deyir. 1993-cü ilin yayından sonra keçirilən bütün seçkilərdə elə səs azlığı ilə məğlub oldular ki, həmin göstəricini Afrikanın ən geridə qalmış ölkələrinin müxalifəti qazanmış olsaydı, daha ömrü boyu siyasət meydanına üz çevirməzdi.

ACXP, Müsavat, İctimai Palata, Eldar Namazovun reneqatlar dəstəsi və ümumilikdə Azərbaycan müxalifəti bir həqiqəti dərk etməlidirlər ki, bu adamların qatarı çoxdan keçib.Heç bir cəhdlə özlərini ötürdükləri qatara çatdıra bilməyəcəklər. Əslində dörd dəfə prezident, dörd dəfə parlament seçkilərində məğlub olmuş siyasi düşərgə ölkədəki öz elektoratının gücünə çoxdan bələd olmalı idi. Ancaq vəzifə hərisliyi bu adamların gözünü elə tutub ki, elektoratın mesajlarına deyil, xaricdəki havadarlarının yalançı vədlərinə inanırlar. Bugünkü Azərbaycan müxalifətini digər ölkələrdəki analoji siyasi düşərgələrin təmsilçilərindən fərqləndirən bir sıra, özü də əsaslı fərqlər var. Əvvəla, bizim müxalifət digər ölkələrdəki həmkarlarından fərqli olaraq siyasi mübarizə apara bilmir. Hər addımı kor-koranə atır, hər bəyanatı havadan götürür, hər qərarı qəbul edəndən sonra düşünürlər. Heç bir məsələni müzakirə edə bilmirlər. Çünki müzakirə etmək üçün birinci kiminsə sözü kiminsə boğazından keçməlidi. Yəni dinləmək mədəniyyəti olmalıdır. Bu adamlar nəinki bir-birini dinləmək, hətta, görmək belə istəmirlər. Öz işləridir. Ancaq öz işləri olsa da, arxalarınca gedən beş-on adama da hörmətləri olmalıdır ki, bu adamlar bizə inanıb ömürlərini müxalifətdə keçirməklə məşğuldurlar, barı, bunların xatirinə ağıl kəsən bir qərar qəbul edək. Edə bilməyəcəklər. Çünki beyinlərində, düşüncələrində demokratiyadan əsər-əlamət yoxdur.

Eldar Namazovun dönüklər dəstəsi və Azərbaycan müxalifəti nə qədər çalışsalar da xalqın inamını qazanmaq yolunda həmişə əliboş qalacaqlar. İsa Qəmbər və Əli Kərimli başda olmaqla düşərgə mənsublarının hansısa göstərə bilməz ki, haçansa, tutaq ki, on il və ya on beş il əvvəl müxalifət düşərgəsində kiməsə güzəştə gedib. Göstərə bilməzlər. Çünki heç zaman, heç kəsə güzəştə getməyiblər. Partiya sədrləri arasında davam edən bu qarşılıqlı etimadsızlıq ab-havası sıravi müxalifətçiləri daha ağır xəstəliklərə mübtəla edib. İndi artıq prezidentliyə namizədliyi gözlənilən müxalif siyasətçilərin bir-birinə olan münasibəti sıravi cəbhəçi ilə müsavatçıların münasibətlərinin yanında toya getməlidir. Sanki bir-birinin qanını içmək istəyirlər. Heç bir məsələdə fikirləri üst-üstə düşmür.

Bu düşərgənin əldə etdiyi əsas yenilik ( bu, uğur və ya nailiyyət yox, sadəcə yenilikdir) ondan ibarətdir ki, əvvəllər ancaq dövlətə və dövlətçiliyə çirkab atırdılarsa, indi yazıçıların köməyi ilə həm də xalqın ünvanına böhtan və iftira püskürürlər. Ancaq bir məsələ var ki, orada müxaliflərin hamısı yekdil olurlar. Bu, Azərbaycan dövləti haqqında kiminsə söylədiyi cəfəngiyyata münasibət məsələsidir. Dərhal hamılıqla bəyan edirlər ki, bəs Andronik və ya Mkrtıçyan Azərbaycan haqqında haqlı olaraq filan fikirləri söyləyib. İstənilən xoşagəlməz hadisədən dərhal sonra dilləri açılır, hadisəni təhrif edərək Avropaya donoslar ötürürlər. İndi soruşasan ki, hansı erməni öz ölkəsində baş vermiş xoşagəlməz hadisəyə sevinir. Ermənilər nəinki Azərbaycana qarşı mübarizədə iqtidarlı, müxalifətli eyni mövqedən çıxış edirlər, hətta, Azərbaycan müxalifətinin öndə gedənlərini də həmin mübarizəyə cəlb etmək üçün əlbir işləyirlər. Bizim müxalifətçilər isə sevinirlər ki, Avropa Şurasında hansısa deputat Azərbaycanın əleyhinə danışdı. Çox cılız mövqedir. Məhz elə həmin cılızlığın nəticəsidir ki, 20 ildir, xalq onlara yerlərinin harada olduğunu göstərir. İndi isə deyəsən məhkəmə də bu insanların hansınasa layiq olduğu daha konkret yeri göstərəcək. Çünki kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə eks-prezident Əbülfəz Elçibəyin AXCP sədri Əli Kərimli tərəfindən zəhərləndirilməsi ilə bağlı aparılan istintaq-təhqiqat işləri artıq məhkəməyə göndərilmək üçün hazırdır. İndi insanlar bir-birinə daha çox bu sualı verirlər: – Öz silahdaşını, liderini, xalq-azadlıq hərəkatının önündə getmiş insanlardan birini zəhərləyən adam törətdiyi cinayət əməlinə görə niyə cəzalandırılmır? Bu sualın cavabını isə yəqin ki, hüqüq-mühafizə orqanları verəcəklər.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında