Beynəlxalq aləmdə Azərbaycanla tərəfdaşlıq etmək istəyən dövlətlərin sayı artır

 

 

 

Elmi əsaslara söykənən müstəqil xarici siyasətimizin yaratdığı inam və etimad bunu şərtləndirən amillərdəndir

Qürurla deyə bilərik ki,  həyata keçirilən müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş,  respublikamızın Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir. Dövlət başçımızın elmi əsaslara söykənən məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti belə deməyə əsas verir ki, Azərbaycan bundan belə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcək, dövlətçiliyimizin, müstəqilliyimizin, milli təhlükəsizliyimizin, dövlət mənafelərimizin qorunması  təmin olunacaqdır. Praqmatik, çevik, qətiyyətli xarici siyasət də buna zəmanət  verir.

Bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından bütün maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini ulu öndər Heydər Əliyev müəyyənləşdirmişdir. Türk dünyasının böyük şəxsiyyəti müstəqil Azərbaycanın xarici siyasətinin prioritetlərini müəyyən edərkən qətiyyətlə deyirdi ki, bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, dünyanın müxtəlif dövlətləri ilə qarşılıqlı-faydalı əməkdaşlığı gücləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir. Azərbaycan xalqının şansı və milli dövlətçiliyimizin bəxti onda gətirdi ki, ulu öndərin yaratdığı balanslaşdırıcı xarici siyasət kursu  2003-cü ilin oktyabrından sonra da ölkəmizdə böyük uğurla davam etdirildi. Sevindirici haldır ki,  Heydər Əliyev tərəfindən müəyyənləşdirilən prioritetlər bu gün də Azərbaycanın xarici siyasət kursunun əsas vəzifələrindən birini təşkil edir və Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun olaraq yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Bunun nəticəsində bu gün Azərbaycan ilə münasibətlərini möhkəmləndirən dövlətlərin sayı sürətlə artır, ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlarda söz sahibinə çevrilir, paytaxtımız Bakı qlobal problemlərin müzakirə edildiyi daimi məkana çevrilir. 

Keçən il və  bu ilin ilk ayları ərzində Prezident İlham Əliyevin 15-dək ölkəyə rəsmi, dövlət  və işgüzar səfəri, habelə 22 ölkənin dövlət və hökumət başçılarının Azərbaycana rəsmi səfərləri də “Odlar yurdu”nun beynəlxalq birlik tərəfindən  güvənilən və arzu olunan tərəfdaş kimi qəbul edilməsi ilə bağlıdır. Öz növbəsində rəsmi Bakı dünyanın bütün dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinə, bərabərhüquqlu münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Məhz bunun nəticəsidir ki,  Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında diplomatik və konsulluq nümayəndəliklərinin sayı artıq 87-yə çatmışdır.

Təbii ki, ölkəmizin qarşısında duran bir nömrəli məsələ Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən 20 faiz torpağımızın ya sülh, ya da müharibə yolu ilə  düşməndən azad edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasından  ibarətdir. Təəssüf ki, bu məsələ uzun illərdir öz həllini tapmır, ədalət, beynəlxalq hüquq normaları pozulur və bu ədalətsizlik davam edir. Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə edir. Diplomatik səylər gücləndirilir. Ölkəmizin mövqeyini dəstəkləyən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri də status-kvonun qəbuledilməz olduğuna dair bəyanatlar səsləndirirlər. Rəsmi İrəvanın qeyri-konstruktiv mövqedən əl çəkməməsi nəticəsində münaqişənin həllinin yubadılması daha çox Ermənistanın özü üçün ağır nəticələr doğurur. Ötən dövr ərzində Azərbaycan hər sahədə inkişaf etmiş, Ermənistan isə, sözün həqiqi mənasında, dilənçi vəziyyətinə düşmüşdür. Bu gün bizim təkcə hərbi xərclərimiz Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur. Bizim iqtisadi imkanlarımız genişlənir, bu sahədə çoxşaxəlilik amilinə üstünlük verilir. İqtisadi tərəfdaşlarımızın sayı durmadan artır, ixrac potensialımız yüksəlir. Ermənistan isə iqtisadi cəhətdən çıxılmaz vəziyyətə düşüb. 

Rəsmi Bakı münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi prinsipləri əsasında həllinə nail olmaq üçün  beynəlxalq ictimaiyyətin dəstəyini əldə etmək məqsədi ilə diplomatik səylərini davam etdirmiş və Ermənistanı diplomatiya sahəsində də dalana dirəmişdir. Keçən il ərzində NATO-nun Çikaqoda keçirilmiş sammitində, Qoşulmama Hərəkatının  Şarm-əş-Şeyx şəhərində keçirilmiş xarici işlər nazirləri iclasında və Tehranda keçirilmiş sammitində, İslam Əməkdaşlıq Təşkilatının Məkkədə keçirilmiş dördüncü fövqəladə Zirvə Toplantısında,  Nyu-Yorkda və Cibutidə keçirilmiş Xarici İşlər Nazirləri Şurasının iclaslarında, İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilmiş Zirvə Toplantısında  Azərbaycan Respublikasının siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə və münaqişənin yalnız bu prinsiplər çərçivəsində həllinə dəstək ifadə olunmuş, yekun qərarlarda Dağlıq Qarabağ probleminin məhz sadalanan prinsiplər çərçivəsində həllinin vacib olduğu xüsusilə qeyd edilmişdir.  Məhz buna  görə də bu gün region mətbuatında “Ermənistan diplomatiyası dalana dirənib”, “Ermənilər 200 ilə qazandıqlarını 2003-cü ildən bəri itirə-itirə gedirlər”, “Azərbaycanın aşkar diplomatik üstünlüyü rəsmi İrəvana diz çökdürür” və başqa ifadələrə artıq tez-tez yer verilir.

Bölgədə söz sahibi olan ölkəmiz təcavüzkar Ermənistanın regionda həyata keçirilən qlobal əhəmiyyətli siyasi, iqtisadi, enerji və nəqliyyat layihələrinə qoşulmasına imkan verməmişdir. Rəsmi Bakının həyata keçirdiyi uğurlu siyasət erməniləri böyük siyasi, iqtisadi imkanlardan, maliyyə mənbələrindən məhrum etmişdir. Gələcəkdə təcridetmə siyasətimiz davam etdiriləcəkdir və bu, mütləq öz bəhrəsini verəcəkdir. Bununla bərabər, münaqişə həqiqətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması işində də böyük uğurlar əldə etmişik.  Belə ki, artıq  müxtəlif instansiyalarda münaqişənin bu və ya digər aspektlərinə münasibət bildirən qərarlar qəbul olunmuşdur. Ermənistanın işğalçı siyasəti, onun azərbaycanlılara qarşı törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən Xocalı soyqırımı Meksika Senatının qəbul etdiyi qərarın ardınca, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının, Pakistan İslam Respublikasının Senatının Xarici Əlaqələr Komitəsinin, Kolumbiya Senatının, ABŞ-ın Men və Corciya ştatlarının parlamentlərinin qəbul etdiyi sənədlərdə və eləcə də Nyu-Cersi ştatının qubernatorunun verdiyi bəyanatda qəti surətdə pislənmişdir. Son olaraq Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib. Sənəddə faciə qurbanlarının xatirəsi yad edilib və Azərbaycan xalqı ilə həmrəylik ifadə olunub. Beləliklə, artıq uğurlu diplomatiyamız və xaricdəki Azərbaycan cəmiyyətlərinin fəaliyyəti nəticəsində Avropa dövlətləri də ermənilərin vəhşilikləri ilə bağlı konkret mövqe ortaya qoymağa başlayıblar.

Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini genişləndirir və dünya birliyində qazandığı böyük nüfuz onun unikal təşkilat olan BMT-dəki missiyasını yüksək səviyyədə yerinə yetirməsinə şərait yaradır. Ölkəmizin 155 dövlətin dəstəyi ilə mötəbər qurum olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də onun nüfuzundan xəbər verir. Keçən il Azərbaycan bu qurumda uğurla fəaliyyətə başladı və beynəlxalq sülhün,  təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verdi.  2012-ci ilin may ayında ölkəmiz üçün xüsusilə mühüm hadisə baş verdi: Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik etdi. Ötən il  mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının terrorizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş yüksək səviyyəli iclası keçirildi. Bu iclas terrorizmə qarşı beynəlxalq mübarizəyə töhfə verməklə yanaşı, bir sıra regional məsələlərin hərtərəfli müzakirəsi, o cümlədən Ermənistanın dövlət terroru siyasətinin ifşa edilməsi baxımından əlamətdar oldu. İclasın nəticəsi olaraq qəbul olunan BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatında şura üzvləri terrorizmin bütün növlərini pisləmiş və BMT-nin üzvü olan ölkələrin suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət etməsinin zəruriliyi, dini və mədəni müxtəlifliyə hörmətin əhəmiyyəti vurğulanmışdır. Dünya miqyaslı ekspertlər bunu  Azərbaycanın növbət əhəmiyyətli diplomatik zəfəri kimi qiymətləndirdilər.

Nüfuzlu siyasi şərhçilər Avropanın və ümumilikdə, dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın müstəsna rol oynadığını vurğulayırlar. Ölkəmizin enerji siyasətinin xidmət etdiyi iqtisadi diplomatiyamızın əsas vəzifəsi ötən illərdə olduğu kimi, önümüzdəki illərdə də dinamik və davamlı inkişafa nail olmaq üçün Azərbaycanın regional və beynəlxalq aləmdə artan nüfuzunun və milli maraqlarımıza cavab verən əlverişli mühitin təmin edilməsi olmuşdur. Ötən illərdə  Azərbaycan Respublikasının xüsusilə enerji məsələləri daxil olmaqla, xarici iqtisadi əlaqələri sahəsində bir çox uğurlar əldə edilmişdir. 2012-ci ilin iyununda Azərbaycan ilə Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə Hökumətlərarası Saziş və Ev Sahibliyi haqqında Saziş imzalanmışdır. Onu da deyək ki, ölkəmiz TANAP-ın reallaşmasını sərf olunacaq sərmayənin 80 faizini öz üzərinə götürmüşdür. Bu, həm də Azərbaycanın ciddi maliyyə resurslarına malik olduğunu, onun ixracın çoxşaxəliliyini təmin etməyə istiqamətlənmiş qətiyyətli siyasət yürütdüyünü göstərən faktdır. Azərbaycan həyata keçirdiyi daxili və xarici siyasət ilə təkcə özünün milli maraqlarını təmin etmir, həm də regional inkişafa, enerji təhlükəsizliyinə misilsiz töhfələr verir, Cənubi Qafqazın qarşadurmalar məkanına deyil, əməkdaşlıq məkanına çevrilməsi üçün səylərini əsirgəmir.

 

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında