Ermənistanda seçki saxtakarlığına qarşı etirazlar getdikcə güclənir

 

 

Bədnam qonşumuzda keçirilən prezident seçkilərindən sonra ölkədəki ictimai-siyasi vəziyyət daha da gərginləşməkdədir. Ermənistan Mərkəzi Seçki Komissiyasının Serj Sarkisyanın seçicilərin 58, 64  faiz səsini topladığı barədə məlumat yaymasından sonra nəticələrin saxtalaşdırıldığını bildirən prezidentliyi digər namizəd “İrs” Partiyasının lideri Raffi Ovannisyanın tərəfdarları fevralın 19-u axşam saatlarında komissiyanın binası qarşısında etiraz aksiyası keçiriblər.

 Etirazçılar “Raffi - prezident, Serj - rədd ol!” şüarı səsləndiriblər. Mitinqin sonunda “İrs” Partiyasının idarə heyətinin üzvü Stepan Safaryan aksiya iştirakçılarını İrəvanın “Azadlıq” meydanında toplaşmağa çağırıb. Qeyd olunub ki, etirazlar oturaq aksiyalar şəklində də davam etdirilə bilər.

İki gündür paytaxt İrəvan şəhəri seçicilərin etiraz sədalarına şahidlik edir. Fevralın 19-da  şəhərin mərkəzində baş tutan nümayişdə  “İrs” Partiyasının lideri və prezidentliyə namizəd Raffi Ovannisyan izdiham qarşısında çıxış edərək, Sarkisyanın seçilmədiyini, legitimliyini tamamilə itirdiyini bildirib. O, seçki nəticələrinin xalqın iradəsini təcəssüm etdirmədiyini və hakimiyyətin bu prosesdə hərbçilərdən də istifadə etdiyini bəyan edərək deyib: “Seçki prosesində kütləvi pozuntular həyata keçirilib. Hərbçilərə və generallara ar olsun! Sabah siz buna görə cavab verməli olacaqsız”.

Qeyd edək ki, SSRİ-nin süqutundan sonra Ermənistanın ilk xarici işlər naziri olmuş Ovanesyan seçkilərdə 36,75 faiz  səs toplayıb.  O, İrəvandakı “Azadlıq” meydanında keçirilən mitinqdəki çıxışında yenidən Ermənistan prezidenti seçilən Serj Sarkisyana görüşmək təklif edib.  Dünən erməni prezidentin mətbuat katibi Armen Arzumanyan  deyib ki, Sarkisyan Ovannisyanı onun üçün uyğun vaxtda qəbul etməyə hazırdır. O əlavə edib ki, üstəlik, Ovannisyanın görüşməyi  məqsədinin nədən ibarət olduğuna aydınlıq gətirməyə ehtiyac yaranıb. Buna cavab olaraq R.Ovannisyan S.Sarkisyanı Azadlıq meydanında gözlədiyini bildirib.

Ermənistanın Daxili İşlər Nazirliyi seçki prosesi gedişindəki pozuntular üzrə 96 hadisənin araşdırıldığı barədə məlumat yayıb. Bu barədə məlumat verən  Ermənistan polis qərargahının rəisi Vardan Yegizaryan deyib ki, pozuntular sırasında yalan məlumatın yayılması, səsvermənin nəticələrinin saxtalaşdırılması, səsverməyə bir gün qalmış təbliğat da var. Müxalifət isə iddia edir ki, hakimiyyət seçki pozuntularını ört-basdır etmək üçün bir neçə əhəmiyyətsiz fakta diqqəti yönəltməklə ictimaiyyəti çaşdırmağa çalışır.

News.am saytının yaydığı məlumata əsasən, Ermənistanda prezidentliyə namizəd, “Milli müqəddəratını təyinetmə” cəmiyyətinin rəhbəri Paruyr Ayrikyan son prezident seçkiləri ilə bağlı hakimiyyəti ittiham edən bəyanatla çıxış edib. Ayrikyanın bəyanatında deyilir:  “Ayrikyançılar, başınızı dik tutun! Həqiqət bizim tərəfimizdədir. Biz açıq terror və onu müşayiət edən böhtan kampaniyası ilə üz-üzə qaldıq.  Bizim ağılsızlarımız mənim Ermənistan üçün, onlar üçün etdiklərimi başa düşmədilər və başa düşməyəcəklər də. Biz terrorçuluğa qarşı çıxdıq. Ermənistanın dövlət və siyasi həyatında biz özümüzü yad hiss etdik. Maraqlıdır ki, dünən Ayrikyanı hakimiyyətin əlaltısı hesab edənlər bu gün nə deyəcəklər. Mən kədərlənmirəm, siz də kədərlənməyin, bizə qarşı intriqa aparanlar bilmirlər ki, onları nə gözləyir”.

Seçkiqabağı kampaniyasını vaxtından əvvəl dayandıran və səsverməni boykot etməyə çağıran Ermənistan prezidentliyinə keçmiş namizəd Arman Melikyan isə seçkilərin nəticələrinə etiraz etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşır. O, bunu beynəlxalq instansiyalara müraciət üçün əsas əldə etmək zərurəti ilə əlaqələndirib. Melikyan bəyan edib ki, ötən “seçki sirki”ndə bu cinayəti qanuniləşdirən beynəlxalq müşahidəçilər də iştirak edib: “Onların müəyyən hissəsi bundan daimi qazanc əldə edirlər”. Digər namizədlər barədə danışan Arman Melikyan onların yanlış addım ataraq hakimiyyətin qurduğu oyunun oyunçularına çevrildiklərini bildirib: “Raffi Ovannisyan və bəzi başqa namizədlər bu sirkdə iştirak etdilər və onu qanuniləşdirdilər. İndi onlar davadan sonra yumruqlarını yellətmək istəyirlər, amma artıq onlarda heç nə alınmayacaq. Onlar bilirdilər ki, seçkilər saxtalaşdırılacaq, amma iştirak etməyə hazır idilər”.

Ermənistan müxalifətinin prezident seçkiləri ilə bağlı verdiyi bəyanatları dəstəkləyən beynəlxalq müşahidəçilər də hesab edirlər ki, seçkilərdə bir çox qanun pozuntularına yol verilib. Avropa Şurası Parlament Assambleyasının  nümayəndəsi xanım Karin Voldset İrəvanda keçirilən mətbuat konfransında deyib ki, seçkilər müəyyən edilən standartlara uyğun keçirilməyib, xüsusilə inzibati resursların sui-istifadəsi qeydə alınıb.  ATƏT-in müşahidə missiyası isə hesab edir ki, Ermənistanda keçirilən prezident seçkilərində rəqabətlilik prinsipi tam təmin edilməyib.

Fransa Parlamentinin deputatı Natali Qule daha maraqlı fikirlər səsləndirib. O, Ermənistanda keçirilən seçkiləri demokratiyanın qələbəsi kimi qiymətləndirmənin mümkün olmadığını deyib: “Əslində Ermənistanda real hakimiyyət Rusiyaya məxsusdur. Seçkilər zamanı ermənilərin suverenlik hüquqları tanınmadı. Əksinə, bu hüquq Ermənistan əhalisi və xalqından alınıb”. Onun sözlərinə görə, seçkiqabağı kampaniyada Xocalı aeroportunun açılması və digər bəyanatlar nəzərə alınarsa, seçkilərin nəticələri Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə səbəb olmayacaq: “Ermənistan Moskvanın əlində oyuncaqdır və oyuncaq olaraq da qalacaq. Ümid edirəm ki, real dəyişiklik Ermənistan cəmiyyətinin özündən gələcək. Zənn edirəm ki, vətəndaş cəmiyyəti həqiqi demokratiyaya nail ola biləcək və Avropa Şurası da bu işdə ona kömək edə biləcək”. Qule belə hesab edir ki,  indi regionda vəziyyət çox gərginləşib və ATƏT-in Minsk qrupu ermənilərin təxribatlarının qarşısını almaqdan ötrü səylə çalışır: “Onlardan biri Ermənistan hökumətinin erməni mənşəli Suriyadan olan qaçqınları işğal edilmiş Dağlıq Qarabağda, Kəlbəcər və Laçın rayonlarında yerləşdirmək istəyidi”.

Təbii ki, beynəlxalq təşkilatların və onların nüfuzlu nümayəndələrinin Ermənistanla və orada keçirilən prezident seçkiləri ilə bağlı bəyanatlarında müsbət fikirlərin olmaması normaldır. Çünki təcavüzkar ölkədə  hakimiyyətdə terrorçu və kriminal ünsürlər təmsil olunurlar. Dövlət idarəçilik sistemi tamamilə korrupsiyaya bulaşıb.  Ermənistanda mütəşəkkil cinayətkar qrupların sayı da artıb. Prezident seçkilərində Serj Sarkisyan hakimiyyətinin həmin qrupların “xidmətlərindən” gen-bol istifadə etməsinə dair onlarla fakt var. Özbaşınalıqdan cana doyan Ermənistan xalqı  isə müxalifətin çağrışlarına səs verərək kütləvi şəkildə vətəndaş itaətsiliyi aksiyalarına qoşula bilər.

R.ƏLİYEV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında