Öz opponentlərinə qarşı ən qəddar və
ən dözümsüzlər satqınlar və reneqatlardır
Məqalənin ikinci sərlövhəsində Aman Tuleyevin məşhur kəlamından istifadə etməyimiz heç də təsadüfi deyil. Söhbət reneqat Eldar Namazovdan gedəndə həmişə bu kəlam yadıma düşür. Çünki o, ömür boyu xəyanəti özünə peşə seçərək bu yolun yolçusu olub. Özünə haqq qazandırmaq üçün həmişə çox primitiv arqumentlərdən istifadə edib, uydurduğu yalanlarla cəmiyyəti aldadacağına, insanların gözünə kül üfürəcəyinə inanıb.
Lakin unudub ki, Azərbaycan ictimaiyyəti həmişə həqiqət tərəfdarı olub və onu uydurulmuş yalanlarla aldatmaq mümkün deyil. Bu mənada, Eldar Namazovun radikal müxalifət düşərgəsində qərarlaşması da təsadüfi deyil. Çünki bu düşərgənin liderlərinin hamısı məhz reneqat E. Namazov kimi daim xəyanətkarlıqla, satqınlıqla məşğuldurlar.
Ötən günlərdə “Yeni Müsavat” qəzetində dərc edilən məqalədə vaxtilə hakimiyyətdə yüksək post tutmuş, sonra isə müxalifətçilik eşqinə düşmüş Eldar Namazovun reneqat olmadığını sübuta yetirməyə cəhd göstərmişlər. Həmin məqaləyə münasibət bildirmək fikrində deyilik. Lakin xəyanətkar Eldar Namazovun saxta arqumentlər gətirilərək vətənpərvər bir şəxs kimi oxuculara sırınması, həqiqəti bilən hər kəsdə etiraz doğurur. Müəllif iddia edir ki, E. Namazov “1999-cu ildə İstanbul sammitində supergüclər tərəfindən Qarabağın Azərbaycandan alınması cəhdlərinə etiraz olaraq Prezident Katibliyinin rəisi, Prezidentin köməkçisi vəzifələrindən istefa verdi”. Hələ bu harasıdır? İddia edilir ki, bu reneqat guya prezidentin köməkçisi kimi xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələlərini kurasiya edirmiş.
Birincisi, Eldar Namazovun vəzifəsi heç də qeyd olunan sahələrin kurasiya edilməsi olmayıb. O, sadəcə Azərbaycan Prezidentinin tapşırıqlarının və lazımi sənədlərin müvafiq qurumlara çatdırılması işi ilə məşğul olub. Yəni bugünlərdə ictimaiyyət arasında çox məşhur olan bir ifadəylə desək, E. Namazov ulu öndər Heydər Əliyevin papka daşıyanı olub. Hər hansı bir sənədin reneqat vasitəsiylə çatdırılması isə heç də onun həmin qurumları kurasiya etməsi mənasına gəlmir. Sosial Demokrat Partiyasının həmsədri, politoloq Araz Əlizadənin ifadəsiylə desək, “Eldar Namazov Heydər Əliyev komandasında 501-ci təkər idi”. Təbii ki, radikal müxalifət mətbuatının həqiqətə uyğun olmayan bu kimi əsassız məlumatları yaymaqda məqsədi reneqatı əvvəllər “ölkə əhəmiyyətli mühüm işlər görmüş və bu sahədə təcrübəsi olan dövlət məmuru” kimi ictimaiyyətə təqdim etməkdir. Yəqin ki, radikal müxalifət düşərgəsinin “ideoloqları” hələ də anlamayıblar ki, Azərbaycan xalqı kimin kim olduğunu çox yaxşı bilir və onu aldatmaq artıq mümkün deyil. Müasir dövrdə bu cür ağ yalanlarla siyasi mübarizədə nəyəsə nail olmaq da mümkün deyil.
Bütün məsələlər bir tərəfə, məqalədə xəyanətkar Eldar Namazovun “vətənpərvər” kimi təqdim olunması çox uğursuz müdafiə cəhdidir. Çünki ən azından bu gün Azərbaycanda uşaqdan böyüyədək hər kəs E. Namazovun şəxsi “keyfiyyətləri” haqqında məlumatlıdır. Onun siyasi keçmişi ilə bugünkü mövqeyi arasında kəskin uçurum olduğunu da bu gün hər kəs yaxşı bilir. Fakt budur ki, Eldar Namazov dövlət orqanlarında ona göstərilən etimadı doğrulda bilməmişdi. Daha doğrusu, o zaman da konkret bir mövqeyi olmadığına görə, məlum komandada oturub başqa-başqa adamlarla görüşür, dönüklük, ikiüzlülük, xəyanətkarlıq edirdi. Reneqat tutduğu vəzifədə qeyri-səmimi olduğu kimi vəzifədən uzaqlaşdırılandan sonra da daha natəmiz mövqe ilə, çirkin, ağ yalanla ortaya atıldı. Guya, onu vəzifədən kənarlaşdırmayıblar, özü nəyəsə etiraz olaraq istefa verib. Halbuki, elə həmin günlərdə Müsavat Partiyasının və AXCP-nin ruporu olan müxalifət qəzetləri yazmışdılar ki, Eldar Namazov hardansa, haçansa istefa vermək iqtidarında olan fiqur deyil. Buna görə də E. Namazov indi qucağına sığındığı radikal müxalifət düşərgəsinə qədəm qoyanda ilk gündən addımlarını yalanla atmış və görünən odur ki, ətrafındakıları da buna inandırmağa nail olmuşdur.
Reneqatın dəstəsinə daxil olna insanların və onun tərəfdaşlarının xaricdəki erməni lobbisinin “sədaqətli dostları” olması da maraqlı məqamlardan xəbər verir. Bugünlərdə reneqatın kölgəsində özünə sığınacaq tapan Rüstəm İbrahimbəyovun ermənilərə sonsuz məhəbbət bəsləməsi, onlarla biznes fəaliyyəti qurması, tez-tez görüşərək Azərbaycan ictimaiyyətinə məlum olmayan şübhəli müzakirələr aparması artıq hər kəsə məlumdur. Bu, həmin İbrahimbəyovdur ki, “ermənilərsiz Bakının viranəyə bənzədiyini” dəfələrlə dilə gətirib. Məhz erməni biznes şərikləri ilə Şəhidlər Xiyabanın yaxınlığında restoran açmasına icazə verilmədiyi üçün vay-şivən qoparıb, müxalifətin qucağına atılıb.
Eldar Namazova, o cümlədən Rüstəm İbrahibəyova yaxınlığı ilə tanınan Əkrəm Naibov da xəyanətə yol verdi. “Daş yuxular” əsərini yazaraq Azərbaycan xalqını aşağıladı, erməniləri isə əzilmiş, məzlum, zavallı xalq kimi oxucuya təqdim etdi, sonradan məlum oldu ki, iki il bundan əvvəl həmin əsər ölkəmizdə kitab şəklində çap olunaraq Eldar Namazovun dəstəsi və “İctimai Palata” adlanan qondarma qurumun nümayəndələri arasında yayılıb. Onlar bu romanla əvvəldən tanış olublar. Hətta reneqat Namazov “Daş yuxular” əsəri barədə müsbət rəyini bildirib. Deyilənə görə, romanın prezident seçkilərinin keçiriləcəyi ildə gündəmə gəlməsi məsələsi də Eldar Namazovun ideyası olub.
Maraqlı bir məqam da budur ki, jurnalistlərin həmin əsərə münasibəti ilə bağlı reneqata ünvanladıqları suallara o, heç vaxt cavab vermir. Susmaq isə razılıq əlaməti kimi qəbul olunur. Bununla bərabər heç kəsə sirr deyil ki, Eldar Namazov və Rüstəm İbrahibəyov Əkrəm Naibovu və onun bədnam romanını dəstəkləyirlər. Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı onların yazıçını dəstəkləməsinə münasibət bildirərkən deyib ki, kim bu kitaba yox deyirsə, deməli, milli qüvvələrin, Azərbaycan xalqının yanındadır, yox əgər kimsə Əkrəm Naibovun Azərbaycan xalqını təhqir edən bu yazılarına haqq qazandırırsa, deməli o da Əkrəm kimi xəyanətkardır, Azərbaycan xalqının yanında ona da yer yoxdur. Millət vəkili fikirlərini daha da konkret ifadə edərək deyib: “Kim bu məsələdə məsələdə vətəndaş mövqeyini ortaya qoymursa, deməli o, ermənilərin yanındadır. Eldar Namazov da Əkrəmi müdafiə edir, yəni Eldar Namazovda da artıq ermənilərin yanında olduğunu ortalığa qoyur. Ancaq Rüstəm İbrahimbəyovun hər zaman ermənilərlə dostluğundan bəhs edən yazıları, münasibətləri var idi, yəni bu, Rüstəm İbrahimbəyov üçün yeni bir hadisə deyil, o da Əkrəmin tayıdır”.
Reneqat Eldar Namazovun sığındığı radikal müxalifət düşərgəsinin liderlərinin də eyni yolun yolçusu olduğunu qeyd etmişdik. Bunu təsdiq etmək üçün əlimizdə kifayət qədər faktlar var. Həmin radikal düşərgənin əsas “oyunçular”ından biri olan AXCP sədri Əli Kərimlinin xaricdəki erməni lobbisi və antimilli dairələrlə iş birliyinin ən bariz nümunəsi olan Ruslan Bəşirlinin Gürcüstanda ermənilərlə keçirdiyi görüşü xalqımız hələ də unutmayıb. Təbii ki, onu bu xəyanətkar addımı atmağa Əli Kərimli sövq etmişdi. Torpaqlarımızın 20 faizini işğal etmiş, 1 milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkünə çevirmiş işğalçı ermənilərlə “əməkdaşlığa” qol qoyan bir partiya sədrini xəyanətkar adlandırmağın özü də əslində yumşaq ifadədir. Bu partiya lideri yalnız öz çirkin məqsədlərini ön plana çəkərək milli maraqlarımızı qəpik-quruşa satmaq kimi xoşagəlməz bir yol tutub. Partiya sədrinin əsas təbliğat ruporu olan “Azadlıq” qəzetində Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan, ancaq ermənilərin və xaricdəki digər antimilli dairələrin maraqlarına cavab verən materialların dərc edilməsi də Ə.Kərimlinin onların əlaltısı olduğunu sübuta yetirir.
Daim hakimiyyəti ittiham edən AXCP sədri Əli Kərimli heç bir yerdə işləmədiyi halda partiyasını, onun aparatını, cangüdənlərini və s. necə saxladığı barədə suallardan həmişə yayınıb. “Azadlıq” qəzeti kimlərinsə övladlarının xaricdə təhsil almasını böyük bir qəbahət saydığı halda, faktiki rəhbəri olan Əli Kərimlinin oğlunun Londonda hansı vəsait hesabına yaşadığını və oxuduğunu, hansı pulla hər gün barlara, restoranlara getdiyini araşdırsaydı, yəqin ki, cəmiyyətimiz üçün də maraqlı faktları üzə çıxarmış olardı. Müsavat başqanı İsa Qəmbərin 2010-cu ilin oktyabr ayında Erməni Ümummilli Hərəkatı ilə Almaniyanın Potsdam şəhərində əməkdaşlıq barədə saziş imzalaması və keçən il Gürcüstana gedərək burada həmin hərəkatın idarə heyətinin sədri Aram Manukyanla görüşməsi barədə ictimaiyyətimiz artıq məlumatlıdır. Bütün bunlar göstərir ki, Eldar Namazov məhz doğru “ünvanda”, ermənilərlə müntəzəm əməkdaşlıq edən radikal düşərgədə qərar tutub.
Bu məqamda yenə Aman Tuleyevin “Öz opponentlərinə qarşı ən qəddar və ən dözümsüzlər satqınlar və reneqatlardır” kəlamını bir daha xatırlatmağı lazım bilirik. Çünki Eldar Namazov hiylə və məkrlə qoşulduğu müxalifət düşərgəsində elə bir hiyləgər plan həyata keçirdi, elə şəkildə tor qurdu, fitnə-fəsadlar törətdi ki, uzun illər müxalifətçilik təcrübəsi olan İsa Qəmbər və Əli Kərimliyə xalqın nifrəti daha da artdı. Siyasi proseslərə dərindən bələd olmayanlar bunun günahını Əli Kərimli ilə İsa Qəmbərdə gördü. Reneqat bu gün dağıdıcı müxalifət düşərgəsində yaranmış boşluqdan və AXCP-Müsavat qarşıdurmasından yararlanmağa çalışaraq qarşıdan gələn prezident seçkilərində bu düşərgənin vahid namizədi olmaq istəyir.
Əslində, Eldar Namazov 2003-cü ildə də bu iddiada olub. Həmin il prezident seçkiləri ərəfəsində nüfuzlu bir beynəlxalq təşkilatın nümayəndələri ilə görüşündə iqtidarı ciddi tənqid edərək onun hakimiyyətdə qalmasının mümkünsüzlüyünü isbat etməyə çalışmaqla birlikdə dağıdıcı müxalifət düşərgəsini də keçmişin qalıqları adlandırıb. Bildirib ki, onlar bir dəfə iqtidara gəliblər və bu zaman Azərbaycanı uçuruma yuvarlayıblar. Buna görə də cəmiyyət həmin qüvvələrin yenidən hakimiyyətə qayıdışına razı olmayacaq. Eldar Namazov yeni qüvvələrin siyasi meydana gəlməsinin zərurəti barədə uzun-uzadı danışıb. Bundan sonra özünün namizəd olmaq istədiyini və əgər belə olarsa, ictimaiyyətin bunu alqışlarla qarşılayacağını bildirib. Bu isə bir daha göstərir ki, Eldar Namazov həqiqətən reneqatdır və onun üçün siyasi tərəfdaş anlayışı yoxdur. O, lazım bildiyi vaxtda bütün tərəfdaşlarını qurban verməyə hazırdır.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.