“Biz Azərbaycan Prezidentinin siyasi xəttini dəstəkləyirik”

 

 

Bu fikir Demokratik Azərbaycan Dünyası Partiyasının 20 illik yubiley tədbirində səslənmişdir

Bu günlərdə Demokratik Azərbaycan Dünyası Partiyası özünün 20 yaşını qeyd etmişdir. Partiyanın fəalları əvvəlcə Fəxri Xiyabana gələrək  xalqımızın ümummilli lideri  Heydər Əliyevin  xatirəsini ehtiramla anmış, məzarı önünə tər  gül dəstələri qoymuşlar. Görkəmli  oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə güllər düzülmüşdür.

Sonra  yubiley tədbiri davam etdirilmişdir. Partiyanın sədri Fatma Əliyeva  çıxış edərək ötən illər ərzində həyata keçirilən işlərdən, ölkənin ictimai–siyasi  həyatındakı fəaliyyətlərindən, həmçinin bu illər ərzində keçirilən seçkilərdəki iştiraklarından söhbət açmışdır. DADP sədri  partiyanın ötən illərdə parlament və bələdiyyə seçkilərində uğursuzluqlarını keçmiş rəhbərliyin və idarə heyətinin zəif fəaliyyəti ilə əlaqələndirdi. Etiraf olundu ki, partiya daxilindəki ziddiyyətlər,  üzvlər arasındakı ayrı - seçkilik, ictimai - siyasi hadisələri düzgün qiymətləndirməmək Demokratik Azərbaycan Dünyası Partiyasının  fəaliyyətinə mənfi  təsir göstərmişdir.

Qeyd olundu ki, partiyadaxili ziddiyətlərin getdikcə artdığını və təşkilatın seçkilərdə məğlubiyyətini görən üzvlər qurultay çağıraraq özlərinə yeni sədr seçmiş, İdarə Heyəti və Siyasi Şuranın üzvləri də  yeniləri ilə əvəzlənmişdir. Bundan sonra DADP - nin fəaliyyətində canlanma yaranmış, ölkədə baş verən hadisələr düzgün qiymətləndirilmiş, partiya fəalları Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini bəyan edərək həyata keçirilən daxili və xarici siyasəti bəyəndiklərini vurğulamışlar. İstefa vermiş fəallar yenidən təşkilata qayıtmış və ölkəmizin tərəqqisi yolunda bütün qüvvələrini əsirgəməyəcəklərini bildirmişlər.

F.Əliyeva Azərbaycanın qazandığı uğurlardan söhbət açaraq demişdir ki, son on ildə ölkəmizin beynəlxalq aləmdə reytinqi xeyli yüksəlmiş, əhalinin güzəranı yaxşılaşmış, bir milyondan çox yeni iş yerləri açılmış, iqtisadi qüdrətimiz daha da artmışdır. Müstəqilliyimizin 20 illik yubileyi ərəfəsində ölkəmizin dünyanın ən nüfuzlu təşkilatı olan BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilməsi və bu quruma  artıq bir dəfə sədrlik etməsi hər bir vətənpərvər azərbaycanlıda böyük qürur hissi yaratmışdır. Partiyamızın hər bir bir üzvü bu tarixi qələbəyə qəlbən sevinir. Həmin seçkilərdə dünyanın 155 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu, o deməkdir ki, artıq ölkəmiz dünya birliyinin layiqli üzvünə çevrilmişdir. DADP sədri həmçinin bu il fevralın 8-də  Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını da ölkəmizin iqtisadi gücünün artması ilə əlaqələndirdi və bu parlaq qələbə münasibəti ilə rəhbərlik etdiyi partiya adından Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etdi.

Sonra partiyanın son vaxtlar həyata keçirdiyi tədbirlər barəsində məlumat verildi. Qeyd olundu ki, partiya üzvləri  ermənilərin soydaşlarımıza qarşı törətdikləri dəhşətli soyqırımı faktını əks etdirən Qubadakı məzarlığı ziyarət etmiş, gül dəstələri qoymuş, 20 Yanvar şəhidlərinin anmış, ölkəmizə qarşı yalan və iftiralar yağdıran üzdəniraq hüquq müdafiəçisi Leyla Yunusa layiqli cavab vermiş, “Daş yuxular” romanı ilə  xalqımızın heysiyyətinə toxunan, torpaqlarımızın 20 faizini hələ də işğal altında saxlayan, dəhşətli terror aktları törətmiş, bir milyondan artıq soydaşımızı doğma yurd - yuvasından didərgin salmış ermənilərə haqq qazandırmaq istəyən  yazıçı Əkrəm Əylislinin ermənipərəst mövqeyinə etiraz edərək sərt bəyanat vermiş və digər ictimai - siyasi hadisələrdə yaxından iştirak etmişdir. DADP - nin Xocalı qətliamı ilə əlaqədar silsilə tədbirlər keçirəcəyi və bu rayondan didərgin salınanlara yardım ediləcəyi barədə də məlumat verildi.

Bir daha bəyan edildi ki, Demokratik Azərbaycan Dünyası Partiyasının bütün üzvləri Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici  siyasi xətti  bəyənir və dəstəkləyirlər. Ona görə də bu il keçirilən prezident seçkilərində partiya üzvləri Prezident İlham Əliyevə səs verəcəklər. DADP hesab  edir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasi kursun isə ən layiqli davamçısı Prezident İlham Əliyevdir.

Qeyd  olundu ki, partiyanın siyasi xəttinin əsasını ölkəmizin tərəqqisi, beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsi, işğal altında olan torpaqlarımızın azad olunması və öz ata - baba torpaqlarından didərgin salınmış soydaşlarımızın isti ocaqlarına qaytarılması  istiqamətində görülən işlərə fəal dəstək verilməsi  təşkil edir.

 Çıxış edənlərdən partiya sədrinin müavini İmanqulu Nağıyev, qadınlar şurasının sədri Zəhra Aslanova, Qarabağ müharibəsi veteranı Cahan Quliyeva, Bakı Kəndləri Təşkilatının sədri Allahverdi Bağırov və digərləri üzvü olduqları partiyanın ölkəmizin inkişafı, dünya birliyində nüfuzunun getdikcə artması və işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirəcəyini vurğuladılar.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında