Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərləndirməkdə məqsədi partiyanı ələ keçirmək olub

 

Bu faktı onun həmfikirləri də təsdiqləyirlər

Əbülfəz Elçibəyin zəhərləndirilməsi ilə bağlı mövzu mətbuatın gündəmindən düşmək bilmir. Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Bakı Şəhər Prokurorluğuna müraciətindən sonra məsələ ilə əlaqədar cinayət işi açılmış, bununla əlaqədar Ə.Elçibəyə yaxın olan adamlar və həmin dövrdə Xalq Cəbhəsinin fəalları olmuş şəxslərin bir qismi prokurorluqda dindirilmişdir. Onu da qeyd edək ki, bu məsələ gündəmə gələn gündən Xalq Cəbhəsinin bəzi fəalları bildirirlər ki, həqiqətən də Əbülfəz Elçibəy Əli Kərimli tərəfindən zəhərləndirilmişdir. Ə.Kərimlinin insanlığa yaraşmayan bu çirkin hərəkətində əsas məqsədi Xalq Cəbhəsini ələ keçirmək olub. Hadisələrin gedişi də bunu təsdiqlədi. Ə.Kərimli min hiylə və məkrlə Əbülfəz Elçibəyə böyük məhəbbəti və dəstəyi olan şəxslərin hamısını tədricən kənarlaşdıraraq özünü AXCP sədri “seçdirdi”.

Əbülfəz Elçibəyin qardaşı oğlu, “Milli İdeya Naminə” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev də bu günlərdə mediaya və ictimaiyyətə müraciət ünvanlayaraq Əbülfəz Elçibəyin AXCP sədri Əli Kərimli tərəfindən zəhərləndirildiyini təsdiqləyib. Onun açıqlamasında bildirilir ki, Ə.Elçibəyin zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda istintaq getdiyi vaxtda Əli Kərimli Hürrü Əliyevin atasının yaşadığı evə gələrək, böyük narahatçılıqla ondan istintaqın dayandırılmasını israrlı şəkildə xahiş edib. H.Əliyev Əbülfəz Elçibəyin zəhərləndirilməsi ilə bağlı ona əmisinin ölümündən dərhal sonra məlumat verildiyini bildirib. Hətta bu məlumatın kim tərəfindən çatdırıldığını da gizlətmir. H.Əliyev deyib: “Azəri-Türk” Qadınlar Cəmiyyətinin Türkiyə təmsilçisi, eyni zamanda Əbülfəz Elçibəylə yaxın münasibətlərdə olmuş Sevgi Erenerolla 2000-ci il avqust ayının 22-də əmim Əbülfəz Elçibəyin dəfn mərasimindən sonra evimizdə söhbət edirdik. O, Gülhanə Tibb Akademiyasının həkimləri ilə söhbətlərindən əmim Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı onda şübhələr yarandığını dedi. Hətta Qabil hoca adlı hərbi həkimin əmimin istifadə etdiyi hər hansı bir əşyanın ona gətirilməsini xahiş etdiyini bildirmişdi. Sevgi Erenerol bizdən bunu istəyəndə o dönəmdə bu məsələyə bir qədər soyuq yanaşıldığı üçün əmimin işlətdiyi əşyanı əldə edib ona təqdim edə bilmədik. Onu da qeyd etmək istəyirəm ki, Sevgi Erenerolla söhbətlərimizdə o, dəfələrlə Əli Kərimlinin adı gələndə onu “ajan” adlandırmış, hətta əmimin sağlığında özünü Əli Kərimlidən qoruması barədə ona dəfələrlə xəbərdarlıq etdiyini bizə bildirmişdi".

Hürrü Əliyev qeyd edir ki, Əbülfəz Elçibəyin zəhərləndirilməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda istintaq getdiyi dövrdə, yəni təxminən 2012-ci ilin oktyabr ayının əvvəllərində Əli Kərimlinin böyük narahatlıq keçirməsi və istintaqın dayandırılmasını israrlı şəkildə xahiş etməsi onda olan şübhələri artırıb. Hətta bunları istintaqa verdiyi ifadəsində də göstərdiyini bildirib.

Əli Kərimlinin Əbülfəz Elçibəyə xəyanəti barədə kifayət qədər faktlar var. Məsələn, Ə.Elçibəy Kələkidə olarkən ona şəxsi ehtiyaclarını ödəmək üçün Türkiyədən 100 min dollar göndərildiyi barədə məlumatlar yayılmışdı. Ə.Elçibəyin yaxınları da bunu təsdiqləyirlər. Ə.Elçibəy 100 min ABŞ dollarını bütövlükdə Əli Kərimliyə vermiş və bunu partiyanın inkişafına, partiya üzvlərinin müəyyən ehtiyaclarının ödənilməsinə sərf etməsini tapşırmışdı. Amma Əli Kərimli həmin pulu Əbülfəz Elçibəyin əleyhinə apardığı təbliğat kampaniyasına sərf etmiş, bir qismini isə Rusiyada biznes fəaliyyəti ilə məşğul olan yaxınlarına vermişdi. AXCP sədrinin bu xəyanətkar əməllərini Hürrü Əliyevlə bərabər Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da təsdiqləyib. O, bu məsələyə münasibət bildirərkən deyib:"Xatırladım ki, Azərbaycanda Demokratiyanın İnkişafı Fondu var idi. Həmin fond tərfindən də demokratiyanın inkişafı üçün xeyli miqdarda vəsait ayrılmışdı. Fondun Qərbdə, ABŞ-da olan nümayəndələri etiraf edirdilər ki, bu pullar təyinatı üzrə xərclənməyib. Yəni, həmin pulların, eləcə də Əbülfəz bəyə Türkiyədən göndərilmiş pulun böyük əksəriyyəti Elçibəyin əleyhinə xərclənib. Sonrakı dövrlərdə konkret olaraq bu, etiraf olundu. Bu barədə sənədlər var. Neçə yüz min dollar birbaşa Elçibəyin əleyhinə təbliğat aparılmasına xərclənib. Bu ciddi məsələdir. Əgər bundan kimsə çox narahat olacaqsa, biz ortaya konkret fakt qoya və məlumatlı adam çıxara bilərik. 1994-cü ilin yanvar ayında Əli Kərimli və onun ətrafındakılar “Əbülfəz Elçibəy siyasi meyitdir” deyirdilərsə, kimə etimad edilməldir, hətta öyrədilmiş müəyyən adamlar rus dilində “stavkanı Əli Kərimliyə edin” bəyanatı verirdilərsə, “İsa Qəmbər də bitib” fikirləri də səslənirdisə, demək, sıradan bir məsələ deyildi. Bu adamların arxasında çox ciddi maliyyə dayanırdı. Bu insanlara sahib çıxanlar onlardan siyasi və digər maraqlarını yerinə yetirmək üçün istifadə edirdilər".

M.Mirəlioğlu Əli Kərimlinin hələ Əbülfəz Elçibəyin prezidentliyi dövründən ona xəyanət etdiyini, arxadan zərbə vurduğunu xatırladaraq deyib ki, Elçibəy hakimiyyəti dövründə parlament seçkilərinin keçirilməsi gündəmdə idi. Ancaq Yurd-Müsavat qarşıdurması bütün prosesləri tormozlayırdı. 1993-cü ilin payızında seçkiləri keçirmək istəyirdik. Bunun baş tutmamasının başlıca səbəbi hakimiyyət daxilində Yurd-Müsavat qarşıdurması olub. Bunlar 1997-1998-ci illərdəki fəaliyyətlərində açıq xətlə Elçibəyi “bitmiş bir insan” kimi qeyd edirdilər. Əbülfəz bəyin prezident seçkilərində iştirak etməməsinin kökü də gedib ora çıxırdı. Müxalifətin seçkidə vahid komanda ilə iştirak etməməsi bir tərəfdən, ikinci tərəfdən isə təşkilat daxilində birliyin olmaması, qarşıdurmanı gücləndirirdi. Əsas niyyət Elçibəyə xəyanət idi. Prezident İlham Əliyevin məşhur bir ifadəsi var: “Mən liderinə xəyanət etmiş adamla iş birliyində ola bilmərəm”. Bəli, öz liderinə xəyanət edən Əli Kərimli ilə iş birliyində olmaq mümkün deyil.

KAXCP sədri bugünkü reallıqları nümunə gətirərək deyib ki, indiki iqtidarın ən mühüm tərəfi öz yoluna sadiqliyidir. Biz bunu qəbul etməsək də, bu, reallıqdır. Hakim partiya öz prinsiplərinə sadiqdir. Nəyi deyibsə, onu da edib. Bizimkilər isə bir şey deyib, başqa iş görürlər. Doğrudan danışıb, başqa əməl edirlər. Ən mühüm məsələ də budur. Niyyətin saf olmaması, xəyanətin öndə olması buna gətirib çıxardı.

M.Mirəlioğlunun bu fikirləri gözlərimiz önündə reneqat Eldar Namazovun riyakarlığını canlandırdı. Bir vaxtlar iqtidara can-başla qulluq edən buqələmun Eldar Namazov satqın və xəyanətkarlığına görə tutduğu vəzifədən uzaqlaşdırıldı. Bir müddət qeybə çəkilən bu simasız indi isə “demokrat” cildində peyda olaraq prezidentlik iddiasına düşüb. Yeni sevdasına çatmaq üçün onsuz da olmayan hörmət və nüfuzundan yox, bir qrup şəxsin pulundan yararlanmaq istəyir. Daha doğrusu, reneqat Eldar Namazov ölkədə çaşqınlıq yaratmaq üçün kimlərinsə əlində alətə çevrilib. Cəmiyyət isə belə buqələmunları, insanların gözləri qarşısında baş verən reallıqları kobud şəkildə təhrif edən, özünü müxalifət mətbuatının “qəhrəmanına” çevirən və radikal müxalifət düşərgəsinin ruporları tərəfindən təbliğ olunan riyakarları heç vaxt normal qəbul etməyib. Heç şübhəsiz ki, reneqat Eldar Namazov da belələrindəndir. O, riyakarlıqda və xəyanətkarlıqda AXCP sədri Əli Kərimlidən heç də geri qalmır.

AXCP sədrinin zaman-zaman öz xalqına, Vətəninə xəyanət etməsi ilə bağlı kifayət qədər faktlar var. Ölkəmizdə ictimai rəyi çaşdırmağa, aranı qarışdırmağa və qarşıdurma yaratmağa cəhd edən İran mollalarının müdafiəsinə qalxan AXCP sədri bunu da məqsədli şəkildə edirdi. Çünki vaxtilə İrandakı anti-azərbaycan dairələrdən ölkəmizin əleyhinə təbliğat aparmaq üçün kifayət qədər qrant almışdı. Sevgi Erenerolun dəfələrlə Əli Kərimlini “ajan” (casus) adlandırması da təsadüfi deyildir.

Hürrü Əliyev də AXCP sədrinin Vətənə, millətə xəyanəti barədə onda faktlar olduğunu bəyan edib. O qeyd edib ki, Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu illərdə İran xüsusi xidmət orqanlarının yazışmalarının əks olunduğu arayışlar əldə edib. Həmin arayışlarda İranın Azərbaycanla bağlı planları əksini tapıb. Bildirilir ki, İranın Azərbaycandakı o zamankı səfiri Nəhavəndiyan müşavirləri ilə keçirdiyi iclasda Azərbaycan rəhbərliyinin qonşu İran dövlətinin böyüklüyünü dərk edərək ona tərəf üz çevirməsi, Türkiyə siyasətinin Azərbaycanda puça çıxması, İranın nüfuzunun artması, bu imkanı əldən verməmək üçün humanitar yardım kimi ərzaq və başqa istehlak malları göndərilməsi, respublika rəhbərliyinin siyasətdə naşı olmasından istifadə edərək bu dövlətə vizasız gediş-gəlişin mümkünlüyünü deyib. Onların planlarına həmçinin Naxçıvan və Lənkəranda İranın baş konsulluqlarının açılması, İran televiziya proqramının birbaşa Azərbaycan televiziya kanallarının birində göstərilməsi, bəzi rayonlarda İranın dini məktəblərinin və mədrəsələrinin açılması, Azərbaycanın ali və orta təhsil ocaqlarında iranlıların təhsil alması, yerli həkimlərin müqavilə əsasında İrana işləməyə göndərilməsi kimi məsələlər də olub. Həmin sənədlərdə göstərilir ki, onlar bu işləri görmək üçün Əli Kərimli və İsa Qəmbərlə işləmək tapşırığı alıblar. Bunu isə Azərbaycanın dövlət katibi Əli Kərimli və Milli Məclisin sədri İsa Qəmbəri prezident Əbülfəz Elçibəydən daha nüfuzlu hesab etmələri ilə əsaslandırıblar. İranlılar bildiriblər ki, bütün siyasi məsələləri bu iki şəxs həll edir, bu baxımdan həmin iki şəxslə əlaqələrin möhkəmləndirilməsi vacibdir. Hürrü Əliyev deyib: “Əli Kərimli həmin dövrlərdən başlayaraq əmimi həm ölkə daxilində, həm də ölkədən kənarda nüfuzdan salmağa cəhdlər edib. Bütöv Azərbaycan ideyalarına görə İranın əmim Əbülfəz Elçibəyə qarşı münasibətlərinin birmənalı olmamasından yararlanaraq, hakimiyyət uğrunda apardığı mübarizədə öz məqsədlərinə nail olmaq üçün İran dövlətinin köməkliyindən istifadə edib. İran dövləti isə bunun nəticəsində həmin dövrdə məlum məqsədlərinə nail olmaq üçün konkret hərəkətlər edərək müəyyən nailiyyətlər əldə edib. Mən əldə etdiyim həmin sənədləri də araşdırma aparılması üçün istintaqa təqdim etmişəm".

Göründüyü kimi, Əli Kərimlinin Əbülfəz Elçibəyə xəyanəti, ona arxadan zərbə vurması və gözdən salması elə o dövrdən baş qaldırıb. Bu da nəhayət, Ə.Elçibəyin zəhərləndirilməsi ilə nəticələndi. Bunu onun həmfikirləri də təsdiqləyir. Təkcə bir faktı diqqətə çatdırmaqla fikirlərimi əsaslandırmaq istərdim. Əbülfəz Elçibəyin yaxın silahdaşlarından olan, müxalifətin bayraqdarı kimi tanınan Elman Türkoğlu Elçibəyin zəhərləndirilməsi ilə əlaqədar verdiyi açıqlamalarda deyib:“Əbülfəz Elçibəyin ölümünə Əli Kərimlinin ad günündə elə Əli Kərimlinin özü fərman verib! Elçibəyi zəhərləmək üçün zəhərli preparatlar Tehrandan gətizdirilib. Əli Kərimlinin ad günündə 3 qadın vardı ki, bu işin icrasını onlar yerinə yetiriblər. Hal-hazırda həmin qadınlardan biri dünyasını dəyişib”.

Elçibəy zəhərlənməsi ilə bağlı yaxın dostu olan Adil Minbaşıya da bildirib. Elçibəyin AXCP daxilində düşmənləri olub. Həmin düşmənlər tez bir zamanda Əbülfəz Elçibəyi aradan götürüb yerinə Əli Kərimlini gətirmək istəyirdilər. Həmin qruplaşmaya da Əli Kərimlinin özü başçılıq edib. E.Türkoğlu bildirib ki, Elçibəyin zamanında Əli Kərimlinin yaxınlarından biri bir neçə dəfə deyib: “Elçibəy ölsəydi, yerinə Əli Kərimlini gətirərdik!”. Hətta o, həmin adama ciddi etirazını da bildirdiyini deyib. Bundan bir qədər sonra Əbülfəz Elçibəy Əli Kərimlinin ad gününə dəvət alır və xüsusi tapşırıqla 3 qadın tərəfindən zəhərləndirilir. Elman Türkoğlu Əli Kərimlinin bu sahədə kifayət qədər təcrübəsi olduğunu, hətta dörd nəfərin ölümünə bais olduğunu da vurğulayıb. O, Əli Kərimlinin ölümünə bais olduğu dörd nəfərin adlarını da açıqlayaraq deyib:"Əli Kərimli 4 nəfərin ölümündə günahkardır.

AXCP sədrinin Əbülfəz Elçibəyi zəhərləndirməsi barədə deyilənləri təsdiqləyənlər çoxdur. Böyük əksəriyyəti də elə Əli Kərimlinin yaxınları və həmfikirləridir. Atalar yerində deyib: “Od olmasa, tüstü çıxmaz”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında