Ermənistanda növbəti prezident seçkiləri də total saxtakarlıq şəraitində keçdi

 

 

 

Bədnam qonşumuzda  sayca altıncı prezident seçkiləri də məlum sonluqla başa çatdı. Görünən odur ki, növbəti beş ildə Ermənistana yenə beynəlxalqf erməni terrorçu qruplaşmalarının rəhbəri olan Serj Sarkisyan başçılıq edəcək. Belə ki, 1988 seçki məntəqəsinin hamısında səslərin hesablanmasından sonra məlum oldu ki, Sarkisyan 58,64 faiz səslə prezident seçilib. Bu, bir daha seçkilərin total saxtakarlıq şəraitində keçirildiyini göstərir. 

Onu da deyək ki, Ermənistanın ən böyük müxalifət partiyası  olan Erməni Milli Konqresi seçkini boykot edərək heç bir seçki prosesində iştirak etməyib. Səbəb isə budur ki, konqres erməni hakimiyyətinin seçkilərin nəticələrini saxtalaşdıracağına tam əmin idi. 2012-ci ilin may ayında keçirilən parlament seçkilərinin nəticələri də qurum rəhbərliyinin bu qərara gəlməsinə səbəb olub. Həmin seçkilərdə Ermənistan hakimiyyəti kütləvi saxtakarlığa yol vermiş, seçki pozuntuları ilə bağlı əlaqədar dövlət qurumlarına edilən müraciətlərin heç biri nəzərə alınmamışdı.

Erməni Milli Konqresinin seçkini boykot etməsindən təşvişə düşən iqtidar beynəlxalq aləmdə seçkilərin guya demokratik şəraitdə keçirilməsi barədə rəy yaratmaq üçün seçkilərdə iştirak edən digər namizədlərin də  müəyyən miqdarda “səs”  aldığını göstərən məlumat yayıb. Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı həmin məlumatlara əsasən, prezident seçkilərində ikinci yerdə 36,75 faiz səslə (539,672 min seçici) Ermənistan XİN-in keçmiş rəhbəri (1991-92-ci illər) Raffi Ovannisyandır. Üçüncü yerdə 2,15 faiz (31,643 min) sabiq baş nazir Qrant Baqratyan, sonrakılar isə  Paruyr Hayrikyan (1,23 faiz),  Andrias Qukasyan (0,57 faiz), Vardan Sedrakyan (0,42 faiz), Arman Məlikyandır (0,24 faiz). Erməni seçki müşahidəçilərinin verdiyi açıqlamalara əsasən, Serj Sarkisyan hətta Raffi Ovannisyandan da qat-qat az səs toplayıb. Lakin məlum səbəblərdən Ovannisyana verilən səslərin faizi xeyli aşağı göstərilib.  Müxalifətin digər bir iddiası da odur ki, hakimiyyət seçkilərlə yanaşı “exit-poll”un nəticələrini də saxtalaşdırmağa nail olub. Gallup Organization tərəfindən keçirilmiş həmin “exit-poll” nəticələrinə görə, guya Serj Sarkisyan səslərin 58 faizini, müxalif “İrs” partiyasının sədri R.Ovannisyan isə 32 faizini alıb.  Ovannisyanın seçki qərargahının nümayəndəsi Armen Martirosyan isə bəyan edib ki, bu göstəricilər tamamilə saxtalaşdırılıb.

Seçkilərin nəticələri ilə barışmayan Raffi Ovannisyan isə məsələyə ironiya ilə yanaşaraq seçilmiş prezident kimi bəyanatlar verib. O deyib ki, xalqın arzusunun həyata keçməsi onun üçün ən vacib şərtdir. Ovannisyan bildirib ki, ona göstərilən etimadı doğruldacaq və 5 ildən sonra hakimiyyəti gənc nəslə ötürəcək: “Ermənistan xalqı öz qələbəsini bayram edir və bu, hamıya məlumdur. Mən bütün rəqiblərimə, xüsusilə, Qarabağ uğrunda mübarizədəki xidmətlərinə görə Serj Sarkisyana hörmətlə yanaşıram. Onun adı Ermənistan dərsliklərində qalacaq. Məhz o, xalqın qələbəsini etiraf edən ilk prezident olmalıdır. Raffi qalib gəlməyib, Serj məğlub olmayıb. Seçkilərdə iradəsini ifadə edən xalq qalib gəlib. Xalqımız de-yure seçilmiş prezidentə layiqdir”.  Ovannisyan onu da bildirib ki, seçki qərargahına seçkilərdəki pozuntularla bağlı çoxlu sayda müraciət daxil olub. Onun sözlərinə görə, seçicilər rüşvət müqabilində səs veriblər. Ovannisyan eyni zamanda əlavə edib ki, Serj Sarkisyanın tərəfdarları seçicilərə açıq şəkildə hazırkı prezidentin adını göstərərək ona səs verməyi tələb ediblər. Bu açıqlamalara münasibət bildirən Ermənistan hakimiyyətinin nümayəndələri Ovannisyanı dəli adlandırıblar.

Ermənistan müxalifəti və prezidentliyə namizədlərin demək olar ki, hamısı prezident seçkiləri zamanı bir sıra qanun pozuntularının qeydə alındığını bildiriblər. Prezidentliyə namizəd, keçmiş baş nazir Qrant Baqratyan pozuntuların kütləvi xarakter aldığını və bununla əlaqədar ölkədə ictimai-siyasi vəziyyətin gərginləşəcəyini deyib. Onun sözlərinə görə, ölkənin bir sıra şəhərlərindən çoxlu sayda insan avtobusla səs vermək üçün İrəvana göndərilib, təkrar səs veriblər. Qrant Baqratyan həmin şəxslərin adlarının və soyadlarının da məlum olduğunu deyib. Bildirib ki, Ermənistan hakimiyyəti tərəfindən seçki məntəqələrinin yaxınlığında yerli kriminal qruplar yerləşdirilib və həmin qruplar hədə-qorxu və ya rüşvət vermə yolu ilə səsvermə prosesinə müdaxilə ediblər. 30 gündür ki, aclıq edən digər namizəd Andrias Qukasyan aksiyasını davam etdirəcəyini deyib.

Ermənistandakı seçkilər çoxsaylı insidentlərlə də yadda qalıb. Hətta vəziyyət o həddə çatıb ki, iqtidardan və müxalifətdən olan deputatlar da qarşıdurmaların, toqquşmaların iştirakçısına çevriliblər.  “İnterfaks” informasiya agentliyinin yaydığı məlumata görə, seçki günü hakim Respublika Partiyasının deputatı Sukias Avetisyanla “İrs” müxalifət partiyasının deputatı Ruben Akopyan arasında dava olub. Hadisə seçki məntəqələrindən birində nəticələrin saxtalaşdırılması haqqında məlumatın verilməsindən sonra baş verib.  Ermənistanın xüsusi təhqiqat xidmətində insidenti araşdırmaq üçün ayrıca bir qrup yaradılıb. Həmin qrupun apardığı “araşdırmalar” nəticəsində gələcəyi “qənaət” isə əvvəldən məlumdur: günahkar müxalifətçi deputat Ruben Akopyan olacaq. Çünki iqtidar məhz bu yolla kütləvi seçki saxtakarlıqlarını ört-basdır edə bilər. 

Ermənistan mətbuatı yazır ki, oliqarxlar seçicilərin səslərinin pulla alınması prosesində “fəallıq” nümayiş etdiriblər. Seçicilərə səs müqabilində verilən pulların miqdarı isə 25 min drama qədər artıb. Raffi Ovannisyanın seçki qərargahının yaydığı məlumata görə, Çorrord Qyuxda respublikaçı oliqarx Samvel Aleksanyan iki uşaq bağçasının bütün əməkdaşlarını toplayıb və hər birinə 25 min dram verib ki, prezident Serj Sarkisyanın xeyrinə səs versinlər. “Armenian Report” isə bildirib ki, seçicilərə verilən məbləğ bəzi ucqar kəndlərdə 5 min dram təşkil edib. Hətta Qavar sakinləri rüşvət almaqdan ötrü nəhəng növbənin yarandığını da bildiriblər. Seçkidən bir gün əvvəl axşamdan keçmiş  şəhərin Atsarat məhəlləsində Qavar şəhərinin Ağsaqqallar Şurasının üzvləri və şəhər meri Qurgen Martorosyanın adamları evləri gəzərək 5 min dram məbləğində rüşvət paylayıblar.

Digər bir saxtakarlıq faktı isə seçkilərdə iştirak edən seçicilərin ümumi sayı ilə bağlı olub. MSK-nın ilkin məlumatına görə, guya fevralın 18-də baş tutan  prezident seçkilərində 1 milyon 518 min 407 nəfər seçici, yaxud ümumi elektoratın 60,05 faizi iştirak edib. Halbuki bir sıra beynəlxalq təşkilatların hesablamalarına görə, hazırda Ermənistanda əhalinin ümumi sayı 1 milyon 700 min nəfərdən çox deyil. Belə çıxır ki,  60, 05 faizin səsvermədə iştirak etməsi üçün körpə uşaqlar da ayaq açıb seçki məntəqələrinə getməlidirlər ki, bu da mümkün deyil. Ermənistanda etiraf edirlər ki, indiyədək ölkəni ən azı 1 milyon 300 min erməni tərk edib. Son dövrlər ölkədən kütləvi şəkildə qaçma halları daha da artıb. Faktı Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan da təsdiq edərək bildirib ki, Koçaryan-Sarkisyan rejiminin hakimiyyəti nəticəsində 1 milyon nəfərdən çox erməni ölkəni tərk edib. Buradan da anlaşılır ki,  Ermənistan hakimiyyəti seçkilərdə iştirak edənlərin sayını süni sürətdə şişirdib. Dünyasını dəyişən, ölkəni tərk edən ermənilərin adları seçki siyahısına salınıb.

Başqa bir məqam isə seçkidə istifadə edilən mürəkkəblə bağlı olub. Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan  bubunla bağlı bəzi maraqlı tərəflərin spekulyasiya  etdiyini desə də, onun açıqlaması reallıqda öz təsdiqini tapmayıb. Belə ki, seçki komissiyalarına seçicilərin pasportlarına möhür vurulması üçün İngiltərədən gətirilərək paylanmış mürəkkəb normalda 12 saatdan sonra silinməli olduğu halda, tərkibindəki kalium-permanqanat onun cəmisi 15-20 dəqiqədən sonra asanlıqla  “yoxa” çıxmasına səbəb olub. Bu isə eyni seçicinin 2 və daha artıq seçki məntəqəsində səs verməsinə şərait yaradıb. Onu da bildirək ki, müxtəlif seçki məntəqələri üçün nəzərdə tutulmuş seçki siyahılarında eyni ad, soyadlı insanların çoxluğu diqqət çəkir.

Məlumat üçün onu da deyək ki, seçki prosesini izləmək üçün 26 yerli təşkilatdan 6 min 251 müşahidəçi və 12 ölkədən, o cümlədən beynəlxalq təşkilatlardan 632 xarici müşahidəçı Ermənistanda olub. Ölkədə səsvermənin gedişini izləyən bir sıra beynəlxalq müşahidəçilər  pozuntuların qeydə alındığını bildiriblər. Helsinki Komissiyasının müşahidəçiləri Serj Sarkisyanın Ermənistan Respublika Partiyası nümayəndələrinin seçki məntəqələrinə girib-çıxdıqlarını müşahidə ediblər. Bundan başqa, müşahidəçilər bir səsvermə otağında 15 nəfərə qədər insanın olduğunu da qeydə alıblar. Beynəlxalq müşahidəçilər birmənalı şəkildə bəyan ediblər ki, seçicilərə göstərilən təzyiq və seçki prosesi zamanı çatışmazlıqlar qeyri-bərabər seçki mühiti yaradıb. Müşahidəçilər onu da qeyd ediblər ki, seçkilər zamanı Ermənistan Seçki Məcəlləsinin bir çox mühüm aspektləri yerinə yetirilməyib və şikayətlərə qanunauyğun şəkildə baxılmayıb. Hakimiyyət nümayəndələri qanuna əməl etməyib və seçki komissiyalarındakı bəzi azsaylı müxalifət tərəfdarları bunun qarşısını almaqda aciz qalıblar. Nəticə etibarilə Ermənistanın götürdüyü beynəlxalq öhdəliklər həmişə olduğu kimi yerinə yetirilməmiş qalıb. Müşahidəçilər qeyd edib ki, seçici siyahılarının saxtalaşdırılması seçki prosesinə olan inamsızlığı daha da artırıb. Seçki məntəqələrinin işinə və seçicilərin hərəkətinə iqtidarın ədəbsiz müdaxiləsi ciddi narahatlıqlar doğurur. Müşahidəçilər bu qəbulolunmaz davranışların aradan qaldırılmasını tələb ediblər.

Seçkilərdən sonra Ermənistanda ictimai-siyasi vəziyyətin daha da gərginləşəcəyi barədə erməni ekspertlərin verdiyi proqnozlar isə özünü doğrultmağa başlayır. Seçkilərin nəticələrinə etiraz edənlər artıq paytaxt İrəvanda keçirilən mitinqlərə axın edirlər. Aksiya iştirakçıları etirazların müddətsiz olduğunu, tələbləri yerinə yetirilənədək mitinqləri davam etdirəcəklərini bəyan ediblər. Bütün bunlar göstərir ki, dünyanın əksər ekspertləri tərəfindən Cənubi Qafqazın ən kasıb, qeyri-stabil ölkəsi hesab edilən Ermənistan daha da dəhşətli aqibətlə üz-üzə qala bilər. Çünki ölkədə iqtisadi vəziyyət Ermənistan tarixinin ən acınacaqlı səviyyəsinə çatıb, əhalinin həyat şəraitinin gündən-günə pisləşməsi sosial partlayış ehtimalını gücləndirib, bu mənada, ictimai-siyasi münasibətlər gərginləşməkdə davam edir, maddi-texniki təminatdan məhrum olan orduda özbaşınalıq baş alıb gedir.

Ermənistan özünü dünyada gedən demokratikləşmə proseslərindən nə qədər təcrid etməyə çalışsa da, qlobal miqyasda yaşanan siyasi və iqtisadi olaylar, yeniliklər və dəyişikliklər istənilən halda bu ölkəyə də öz təsirini göstərəcəkdir. Prezident seçkilərindən sonrakı vəziyyət isə  ərəb ölkələrində gedən proseslərin Ermənistana  yaxınlaşdığını göstərir. Çünki Serj Sarkisyan hakimyyətinin prezident seçkilərini total saxtakarlıq şəraitində keçirməsi etirazları daha da artırıb. Yəni “zəngli saatlı bombaya” bənzəyən sosial partlayışın təsiri ilə burada inqilab baş verə bilər.

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında