Radikal müxalifət düşərgəsi ermənilərin və antiazərbaycan qüvvələrin əlaltısına çevrilmişdir

 

 

Dağıdıcı müxalifət düşərgəsinin ölkəmizə qənim kəsilən qüvvələrlə əməkdaşlığı artıq danılmaz faktdır. Hər birimiz indiyədək bununla bağlı onlarla hadisənin şahidi olmuşuq. Bəzən mətbuatda və ya siyasi kuluarlarda radikal müxalifət partiyalarının anti-milli dairələr tərəfindən maliyyələşdirilməsi ilə bağlı konkret məlumatlar yayılmış, bəzən isə onların fəaliyyəti cəmiyyətin bu qərara gəlməsinə birbaşa təsir göstərmişdir.

İstənilən halda, dağıdıcı qaragüruhun məhz ermənilərin diktəsi ilə hərəkət etməsi, xarici antimilli dairələrin maraqlarını qoruması, milli mənafeyimizdən üz çevirməsi artıq faktdır. Bu da faktdır ki, radikal antimilli ünsürlər “İctimai Palata” adlanan qurumda daha çox cəmləşib. Qondarma qurumun təsisçiləri olan partiyaların fəaliyyətinə nəzər yetirsək bir daha bunun şahidi olarıq.

Maraqlıdır ki, bütün bunlar radikal düşərgə rəhbərlərinin özlərinin də dilindən səslənib. Vaxtilə müxbirin Müsavat başqanı İsa Qəmbərə müraciətlə “deyilənə görə, siz ermənilərlə əməkdaşlıq edirsiniz” -sualına başqan belə cavab vermişdi: “Hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlıq etməyə hazırıq”. Bəli, ötən dövr, baş verən hadisələr bir daha İsa Qəmbərin sözünü təsdiq etdi. Məlum oldu ki, hakimiyyət hərisliyi Müsavat başqanın gözünü elə tutub ki, o, Vətənimizin düşməni olan qaniçən ermənilərlə də sıx əməkdaşlıq, tərəfdaşlıq əlaqələri yaradıb, Azərbaycanın əleyhinə olan bütün məsələlərdə onlarla işbirliyi qurub. O,  2010-cu ilin oktyabr ayında  Erməni Ümummilli Hərəkatı ilə Almaniyanın Potsdam şəhərində əməkdaşlıq barədə saziş imzalayıb. Həmin il ictimaiyyət tərəfindən lənətlənən “Potsdam prosesi” adlanan bu “əməkdaşlıq” təşəbbüsləri haqlı olaraq  etirazlarla qarşılandı, xalq düşmən qüvvələrin tərəfdaşına çevrilən radikal düşərgəni bir daha kəskin dillə qınadı. Hamı bunu milli maraqlarımıza xəyanət kimi dəyərləndirdi. Bu da səbəbsiz deyil, çünki Erməni Ümummilli Hərəkatı Azərbaycan torpaqlarının işğalını dəstəkləyən qüvvədir və bunu həmin qurumun sənədlərində, bəyanatlarında da açıq-aşkar görmək olar. Belə olan təqdirdə, torpaqlarımızın işğalını dəstəkləyən bir erməni təşkilatı ilə Potsdam bəyannaməsi imzalamaq, daha sonra görüşlər keçirib əməkdaşlıq etmək hansısa bir formada düşmən dəyirmanına su tökmək deməkdir. Bu, İsa Qəmbərin “Hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlıq etməyə hazırıq” bəyanatına “sədaqətli” qaldığını sübut edirdi.

Müsavat Partiyasının guya beynəlxalq aləmdə tanındığını və əlqələrinin olduğunu vurğulayan İ.Qəmbər ermənilərlə əməkdaşlığını rəsmiləşdirmişdi. Əslinə qalsa, bu əməkdaşlığı rəsmiləşdirilməyə  məcbur oldu. Çünki radikal müxalifətin hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək yolunda ermənilərlə əlaqəyə girmələri barədə hakimiyyət dairələrində kifayət qədər faktlar var idi. Hətta AXCP sədri Əli Kərimlinin nümayəndəsinin Tbilisidə ermənilərlə danışıqlar aparmasının, onlardan hakimiyyətə gəlmək üçün kömək istəməsinin, maddi yardım almasının üstü açılmışdı. İ.Qəmbər isə vəziyyətin bu həddə çatmaması üçün Aram Manukyanla qabaqcadan birgə əməkdaşlıq barədə müqavilə imzalamışdır. Bundan sonra Müsavat Partiyasının ən fəal üzvləri bir - birinin ardınca istefa verdilər. Onlar başqanın bütün antimilli hərəkətlərinə bu vaxta qədər birtəhər dözdüklərini etiraf etdilər, ancaq torpaqlarımızın 20 faizini işğal edən, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün halına salan düşmənlərimizlə əməkdaşlıq edilməsinə dözmədilər.

Bir çoxları belə düşünürdü ki, İsa Qəmbər nəhayət, cəmiyyətdən yüksələn etiraz səslərini nəzərə alacaq və ermənilərlə əməkdaşlığa son qoyacaq. Ancaq yenə belə olmadı. Ötən il Gürcüstana yollanan Müsavat başqanı Tbilisidə təkrar Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyanla görüşərək, ona ölkəmiz haqqında yeni “faktlar” verib. Təbii ki, düşmənimizin əli ilə “faktları” beynəlxalq təşkilatlara ötürmək üçün.  Düzdür, Müsavat finksionerləri iddia edirdilər ki, İ.Qəmbərin Gürcüstana səfərinin əsas məqsədi partiyanın qurultayını keçirmək üçün yer axtarmaq idi. Halbuki, bunun üçün Müsavat Partiyasına Bakının Bakıxanov qəsəbəsində böyük bir mədəniyyət sarayı təklif olunmuşdu. Müsavatçılar oranı bəyənməmiş, guya mərkəzdən uzaq olduğunu demişdilər. Bunu bəhanə edən İ. Qəmbər əvvəlcə Türkiyəyə getmiş, oradan qayıtdıqdan sonra Gürcüstana yollanmışdı. Sonda məlum olmuşdu ki, o, Tbilisidə qurultay keçirmək üçün yer axtarmağa deyil, Aram Manukyanla görüşərək müzakirələr aparmağa gedibmiş. Axı qarşıdan 2013-cü ilin prezident seçkiləri gəlir. Belə məqamda ermənilərin maliyyə dəstəyinə daha çox ehtiyac yaranır. Və bu dəfəki görüşdə də bu və digər məsələlər müzakirə olunub. Yəni hədəf yenə Azərbaycan dövlətçiliyinin əleyhinə fəaliyyət göstərməkdir.

Bundan əvvəl isə İsa Qəmbər və Əli Kərimli “Eurovision 2012" musiqi yarışması ərəfəsində erməni ağalarına çox “yüksək səviyyədə”  xidmət etmişdilər. Azərbaycan xalqının, dövlətinin uğurlarını qara  rəngdə görməyə öyrənmiş, ancaq, pafos üzərində köklənmiş çıxışlar etməkdən başqa peşəsi olmayan, uzun illərdir ki, işi-gücü yalnız beynəlxalq aləmdə ölkəmizin imicinə zərbə vurmaq olan radikal müxalifət düşərgəsi, gözlənilmədən ötən ilin aprel-may aylarında  fəallaşmışdı. Onlar dünyanın diqqətinin Azərbaycana yönəlməsindən istifadə edərək icazəsiz aksiyalar keçirməyə başladılar. Digər diqqətçəkən məqam ondan ibarət idi ki, musiqi yarışması sona çatanədək dağıdıcı müxalifət düşərgəsi bir dəfə də olsun torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasını, bunun nəticəsində bir milyon qaçqın və məcburi köçkünün kütləvi şəkildə öz ata-baba yurdlarından çıxarılması  faktını dilə gətirmədi, bu barədə beynəlxalq təşkilatları, dünya ictimaiyyətini məlumatlandıracaq heç bir addım atmadı. Ata da bilməzdilər. Çünki o zaman xaricdəki ağalarının “ənamlarından” məhrum olardılar. Buna paralel olaraq xaricdəki erməni lobbisinin də fəallaşması ermənilərlə bizim radikal müxalifətin sıx əməkdaşlığının bariz nümunəsi idi.

Ümumiyyətlə, qaragüruh həmişə ölkədaxili məsələləri yerli-yersiz beynəlxalq təşkilatlar səviyyəsinə qaldırmağa çalışır. Müxalifət partiyalarının bu əməlləri onların Azərbaycan daxilində sosial dayaqlarının zəifliyindən irəli gəlir. Ölkədə heç nəyə nail ola bilməyən radikallar istəyirlər ki, bu yolla Azərbaycanın milli maraqlarına zərbə vursunlar.  Ancaq məlumdur ki,  müxalifət nümayəndələrinin yerli-yersiz “şikayətləri”nin heç bir əsası olmur. Onlar uydurduqları yalan məlumatları müxtəlif xarici təşkilatlara göndərməklə, əslində düşmən Ermənistanın antiazərbaycan təbliğat maşınına yardım etmiş olurlar. Bu cür hərəkətləri heç bir vətənpərvər azərbaycanlı etməz. Görünür, radikal düşərgədə toplaşanlar bu hisslərdən məhrumdurlar.

Radikal müxalifət düşərgəsi Ermənistandakı və xaricdəki antiazərbaycan dairələrin köləsinə çevrilib. Düşərgə ermənilərin maliyyə dəstəyini itirməmək  üçün bütün tapşırıqları canla-başla yerinə yetirir. Müsavat partiyasının sədri İsa Qəmbər özü də etiraf etmişdi ki, dağıdıcı  müxalifət partiyaları bəzi QHT-lərin xarici təşkilatlardan qrant almaq prosesində və bu pulların “xərclənməsində” iştirak edir. Vurğulanmışdı ki, həmin donor xarici təşkilatların əsas görüş yeri Müsavat partiyasının və AXCP-nın  qərargahıdır. Bundan başqa, Müsavat başqanının AXCP-nin mətbəxinə daha yaxından “bələd” olduğunu nəzərə alaraq, həmin vaxt qeyd olunmuşdu ki, İ.Qəmbər həm də Ə.Kərimlinin xaricdən maliyyələşməsinə eyham edir.

Bu məqamda, Əkrəm Naibovun “Daş yuxular” əsəri bir daha yada düşür. Çünki deyilənə görə, ermənilər bu əsərin yazılmasına və dərc olunmasına xeyli maliyyə vəsaiti sərf ediblər. Hətta İctimai Palata, xüsusən İsa Qəmbər və Əli Kərimli, eyni zamanda Eldar Namazovun dəstəsi bu roman barədə hələ iki il bundan əvvəl məlumatlı imişlər. Ancaq həqiqətləri saxtalaşdıran, Azərbaycanın milli maraqlarına zərbə vuran, xalqımızı təhqir edən həmin əsərin Rusiya mətbuatına yol tapmasını məsləhət görüblər. 

Radikal düşərgə  “Daş yuxular”ın ermənilərin əlində Azərbaycan və Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunmasında maraqlı imiş. Belə olmasaydı, ən azından bu barədə ictimaiyyəti məlumatlandırardılar. Əsər dərc olunduqdan sonra radikal düşərgənin Əkrəm Naibovun müdafiəsinə qalxması isə bir daha göstərir ki, bu qüvvələrin hamısı xaricdəki erməni lobbisinin ölkəmizdəki əlaltılarına çevriliblər.

Ataların bir sözü var: axsaq atın kor nalbəndi olar. Əkrəm Naibovun müdafiəçiləri də  ermənilərin maraqlarına xidmət edən insanlardır. İctimai Palatanın və Eldar Namazovun dəstəsinin  son hadisələrin gedişində tutduğu mövqe onların özünü cəmiyyətdən tamamilə təcrid etdi. Burada cəmləşənlər bir tərəfdən insanların rəyini, bütövlükdə milli platformanı dəstəklədiklərini iddia etsələr də, hadisələrin gedişində onların seyrçilik mövqeyi nümayiş etdirmələri və söz azadlığı pərdəsi altında Əkrəm Naibovu müdafiə cəhdləri ictimaiyyət arasında bu insanları tamamilə nüfuzdan saldı. Maraqlıdır ki,  İctimai Palata uzun müddətdir parlamentin alternativi kimi çalışdığını iddia edirdi. Amma xalqın təsirləri, təzyiqləri fonunda ən azı bir əsərə münasibətlə ermənilərlə eyni mövqeni bölüşdülər. Bu, həmin insanların mənəvi mövqeləridir. Gözdən pərdə asmaq üçün bəyanat yaysalar da, xalqı aldada bilmədilər. Çünki ictimaiyyət də bilir ki, qeyd etdiyimiz kimi, Əkrəm Naibov əvvəldən öz yaxın çevrəsində bu əsərin oxunmasını təşkil etmiş və ilk təqdimatı onların iştirakıyla etmişdir. Odur ki, İctimai Palata və Eldar Namazovun dəstəsini  “Daş yuxular”ı ədəbi və bədii cəhətdən “bəyənmişlər” hesab etmək olar.  Buradan belə nəticə çıxır ki, biz  məhz onların xeyir-duası ilə “Daş yuxular”ın işıq üzü gördüyünü deyə bilərik.

Bu reallıqdır ki, dağıdıcı müxalifət  düşərgəsi Azərbaycanın imicinə mənfi zərbə vuran, müxtəlif uydurmalar, müxtəlif təxribatçı materiallar yaymaqda, o cümlədən, insan haqları, mətbuat, söz azadlığı sahəsindəki vəziyyəti təhrif edərək, Azərbaycanı dünyada qeyri-demokratik dövlət kimi təqdim etməkdə maraqlıdır. Bu mənada, “Daş yuxular” əsəri və onun cəmiyyətdə doğurduğu əks-səda onların əlinə yeni fürsət verdi. Bu binəvalar erməniləri təbliğ edən, erməni tarixini Azərbaycanın hesabına zənginləşdirən bir əsərlə bağlı mövqelərini söz azadlığı ilə bu gün də pərdələməyə çalışırlar. Onların bu addımı Ermənistan Yazıçılar Birliyinin mövqeyindən seçilmir. Təbii ki, dağıdıcı müxalifətin bu cəhdləri də heç bir nəticə verməyəcək və verə də bilməz.

Radikal düşərgənin nümayəndələri ermənilərlə əməkdaşlığı davam etdirdiyi müddət ərzində isə daim xalqın qınaq obyektinə çevriləcəklər. Unutmamalıdırlar ki, ictimaiyyət şeytanla “əməkdaşlıq” edənlərə həddini bildirəcək. 

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında